Sahibkarlar Qarabağda biznes qurmaq istəyir
İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair Dövlət Proqramına
uyğun olaraq, bölgədə biznesə başlamaq və sahibkarlıq
fəaliyyətini genişləndirmək istəyən biznes
subyektlərinə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) tərəfindən
informasiya və məsləhət xidmətinin göstərilməsi,
biznes planların hazırlanmasına dəstək davam etdiriləcək.
Ehtiyacı olan şəxslər agentliyin ödənişsiz
biznes təlimlərinə cəlb olunacaqlar. Bu barədə
KOBİA-dan AZƏRTAC-a bildirilib.
Qeyd edilib ki, hazırda bölgədə yaşayan və
qayıdacaq vətəndaşların, xüsusilə də gənclərin,
qadınların və əlilliyi olan şəxslərin
sahibkarlıq fəaliyyətinə cəlb olunması
üçün sahəvi və maarifləndirmə
görüşləri davam etdiriləcək, ehtiyacları və
təklifləri aidiyyəti qurumlara çatdırılacaq.
2023-cü ildən KOBİA və tərəfdaşların
birgə icra etdiyi “Qarabağ KOB-ları” layihəsinin davam
etdirilməsi də nəzərdə tutulur. Məlumat
üçün qeyd edək ki, indiyədək Bakı,
Abşeron, Sumqayıt, Şamaxı, İsmayıllı, Mingəçevir,
Zaqatala, Gəncə, Bərdə, Goranboy ilə yanaşı,
Şuşa, Xocalı, Füzuli, Laçın, Zəngilan
rayonlarından ümumilikdə 220 nəfər bu layihəyə
cəlb olunub. Artıq onların bir qismi biznes təlimlərini
uğurla başa vuraraq, seçdikləri fəaliyyət sahəsi
üzrə Dövlət Məşğulluq Agentliyi tərəfində
lazımi avadanlıqlarla təmin ediliblər. Layihənin məqsədi
şəhid ailələri, müharibə
iştirakçıları və onların ailə üzvlərinin
sosial rifahının yaxşılaşdırılması və
məşğulluğunun təmin olunmasına dəstək
göstərməkdir. Ümumilikdə KOBİA işğaldan
azad edilmiş ərazilərdə biznes qurmaq, sahibkarlıq fəaliyyətini
genişləndirmək və bölgəyə investisiya
yatırmaq istəyən yerli və xarici biznes subyektlərinə
aşağıdakı istiqamətlərdə dəstək
göstərir: bölgənin iqtisadi və investisiya
potensialına dair məlumat dəstəyi, peşəkar məsləhət
xidməti,müvafiq dövlət qurumları ilə əlaqələndirmə,
yerli tərəfdaşların tapılmasına dəstək.
Bu dəstək agentliyin Zəngilan rayonunun
Ağalı kəndində, Laçın və Kəlbəcər
rayonlarında fəaliyyət göstərən KOB dostu ofisləri,
Şuşa şəhərində Dövlət Xidmətləri
Mərkəzində yerləşən KOB evi vasitəsilə
təmin olunur. 2025-ci ilin oktyabr ayına qədər
KOBİA-ya işğaldan azad edilmiş ərazilərdə
biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlar tərəfindən
4 mindən çox müraciət daxil olub ki, onlardan 3500-dən
çoxu yerli sahibkarların və bölgədə biznes
qurmaq istəyən şəxslərin müraciətləridir.
İşğaldan azad edilmiş ərazilərdə
iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə
investisiya qoyuluşlarının sürətlənməsinə
dəstək diqqət mərkəzində saxlanılır.
Belə ki, bu il “İşğaldan azad edilmiş ərazilərdə
fəaliyyət göstərən sahibkarlara dəstək”
mexanizmi çərçivəsində bu ərazilərdə
investisiya layihəsi həyata keçirən sahibkarların
bank və bank olmayan kredit təşkilatlarından əldə
etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət
zəmanətinin verilməsinə başlanılıb. Bununla
yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin
10% bəndi 36 aya qədər müddətdə dövlət
tərəfindən subsidiyalaşdırılır və
kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya
qədər güzəşt müddəti tətbiq edilir.
2024-cü ildə bu ərazilərdə sahibkarların zəmanət-subsidiya
mexanizminə müraciətləri əsasında 12 layihə
üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət
zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə
6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib.
Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən
layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı
sahələrini əhatə edib. Sözügedən layihələr
Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və
Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata
töhfə verirlər.
Bununla yanaşı, sözügedən mexanizmə
müraciətlərin operativ qəbul edilməsi məqsədilə
"Elektron kredit və zəmanət” informasiya sistemi
sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir
kredit təşkilatına getmədən elektron informasiya
sistemi vasitəsilə müraciətlərini ünvanlamaq
imkanına sahibdirlər.
İşğaldan azad edilmiş ərazilərdə
sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
istiqamətində zəmanət-subsidiya mexanizmi ilə
yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək
tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə
icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1
milyon manat güzəştli kredit əldə edilib.
Hazırda Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma
ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri
görülür, biznesin canlanması məqsədilə
sağlam bünövrə yaradılır. Məsələn,
aşağı həddə icarə haqqı tətbiq edilir,
dövlət vəsaiti hesabına kommunikasiya və logistik
infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli
və texniki su, sürətli internet, həmçinin daxili və
tranzit yük daşımalarını həyata keçirməyə
imkan verən avtomobil və dəmir yolu, eləcə də
anbarlardan ibarətdir.
İşğaldan azad edilmiş ərazilərin yenidən
qurulması, bərpası, dayanıqlı inkişafın və
əhalinin yüksək səviyyəli həyat səviyyəsinin
təmin olunması üçün zəruri infrastrukturun
yaradılması çərçivəsində şəhər
və kəndlərin, təhsil və səhiyyə obyektlərinin,
hava limanlarının bərpası və tikintisi istiqamətində
işlər davam etdirilir, eyni zamanda müxtəlif
yaşayış məntəqələri arasında, eləcə
də bu məntəqələri ölkənin digər şəhər
və rayonları ilə birləşdirən nəqliyyat
infrastrukturu formalaşdırılır.
Şuşa şəhəri, rayonun Daşaltı kəndinin,
Turşsu qəsəbəsinin, Xankəndi şəhərinin
Kərkicahan qəsəbəsi, Zəngilan şəhəri,
rayonun Alıbəyli, Zəngilan, Ağalı, Məmmədbəyli,
Cahangirbəyli kəndlərinin, Laçın şəhəri,
rayonun Sus, Zabux, Şalva, Qorçu, Güləbird, Bəylik kəndlərinin,
Ağdam şəhəri, rayonun Kəngərli,
Xıdırlı, Sarıcalı, Baş Qərvənd,
Salahlı Kəngərli, Qiyaslı, Eyvazxanbəyli,
Güllücə, Şotlanlı, Nəmirli, Tağıbəyli
kəndlərinin, Füzuli şəhəri, rayonun Pirəhmədli,
Dədəli, Qoçəhmədli, Qarğabazar, Cuvarlı,
Dövlətyarlı, Qaraxanbəyli, Mirzəcamallı kəndlərinin,
Cəbrayıl şəhəri, rayonun Xudafərin qəsəbəsi,
Soltanlı, Horovlu, Sarıcallı, Maşanlı,
Şükürbəyli kəndlərinin, Kəlbəcər
şəhəri, rayonun Zar, Zallar, Yanşaq kəndlərinin,
Ağdərə rayonunun Suqovuşan qəsəbəsi,
Talış, Umudlu kəndlərinin, Xocalı şəhəri,
rayonun Çanaqçı, Sığnaq, Malıbəyli kəndlərinin,
Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tuğ, Xocavənd
kəndlərinin, Qubadlı şəhəri, rayonun Mahruzlu,
Zilanlı, Xanlıq kəndlərinin tikintisi istiqamətində
işlər davam etdirilir. 2025-ci il 30 sentyabr tarixinə olan məlumata
əsasən yaradılmış infrastruktura uyğun olaraq
işğaldan azad olunmuş ərazilərə ümumilikdə
19000-dən çox əhali
köçürülmüşdür.
İşğaldan azad edilmiş ərazilərdə
hazırda ümumi uzunluğu 3300 km-dən çox avtomobil
yolu layihələri həyata keçirilir. 3 iyul 2025-ci il
tarixində ölkə başçısının
iştirakı ilə Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun açılışı olmuşdur. İşğaldan
azad edilmiş ərazilərdə Beynəlxalq Mülki Aviasiya
Təşkilatının (ICAO) bütün tələblərinə
uyğun olaraq inşa edilən Füzuli Beynəlxalq Hava
Limanı, Zəngilan Beynəlxalq Hava Limanı, Laçın
Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir.
Regionda nəqliyyat və logistik baxımından mühüm əhəmiyyət
daşıyan Bərdə – Ağdam dəmir yol xətti
istifadəyə verilmişdir. Horadiz – Ağbənd dəmir
yolu xətlərinin tikintisi, Ağdam – Xankəndi və
Ağbənd – Salamməlik dəmir yolu xətlərinin layihələndirilməsi
işləri həyata keçirilir.
Hökumət Qarabağın iqtisadiyyatında
sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi
göstərmək üçün müxtəlif
stimullaşdırıcı addımlar da atır. Belə ki,
Qarabağda sahibkarlar 2023-cü il yanvarın 1-dən 10 il
müddətinə vergi və rüsumlardan azad ediliblər.
Azad edilmiş ərazilərin bərpası üzrə
işlər dövlət-özəl tərəfdaşlığı
çərçivəsində aparılır.
İşğaldan azad edilmiş ərazilərdəki sənaye
parklarının rezidentləri üçün tətbiq edilən
güzəştlər bunlardır. Rezidentlər qeydiyyata
alındığı vaxtdan başlayaraq, 10 il müddətinə
mənfəət, əmlak, torpaq və sadələşdirilmiş
vergidən azaddırlar. Müvafiq iqtisadi fəaliyyət sahələri
üzrə texnika, texnoloji avadanlıq və qurğuların,
xammal və materialların idxalı ƏDV və gömrük
rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta
haqqı subsidiyalaşdırılır. Bölgədə
vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə
məşğul olan riskli vergi ödəyicisi olmayan
sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii
qaz, su təchizatı və tullantı sularının
axıdılması xidməti) istifadəyə görə
ödədikləri vəsaitin 20%-i məbləğində
maliyyə yardımı ödənilir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 8 noyabr (¹42).- S.12.