Azərbaycan-Türkiyə-Pakistan
qardaşlığı: Qlobal güc mərkəzi
Noyabrın 8-də Bakının Azadlıq
meydanında Vətən müharibəsində Qələbənin
beşinci ildönümünə həsr olunan Hərbi paradda
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan, Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd Şahbaz Şərifin iştirak etməsi
və Azərbaycanın, Türkiyənin və Pakistanın
Dövlət himnlərinin səsləndirilməsi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevdən sonra
Türkiyə Prezidenti Ərdoğan və Pakistanın Baş
naziri Şahbaz Şərifin çıxış etmələri
üç ölkənin sarsılmaz
qardaşlığının bir daha təcəssümüdür.
Elə Pakistan, Türkiyə və Azərbaycan siyasiləri
də qəzetimizə bu qardaşlıqdan bəhs ediblər.
Pakistanın tanınmış jurnalisti, “Pakistan
dünya mediasında” saytının rəhbəri Tazeen Akhtar
deyib ki, artıq bütün sahələrdə nümunəvi
əlaqələri və əməkdaşlığı olan
Pakistan hər zaman Azərbaycanın yanındadır. Pakistan
dövləti və xalqı Azərbaycanın hər bir milli
gününün - istər Müstəqillik günü, istər
Bayraq günü, istər Qələbə gününün
sevincinə şərikdir: “Baş nazir Şahbaz Şərif
Prezident İlham Əliyevin şəxsi dostudur və onlar əməkdaşlığın
təşviqi ilə bağlı daim əlaqə saxlayır,
inkişaf və müdafiə təcrübələrini
bölüşürlər, çünki hər ikisi öz
regionlarında dövlətlərinin müdafiəsi ilə
bağlı demək olar ki, eyni tarixə və dinamikaya
malikdirlər.
Üstəlik, baş nazir Şahbaz Şərif
1990-93, 97-99, 2013-2017-ci illərdə baş nazir olduğu
müddətdə Azərbaycanla sıx əlaqələr
qurmağın əsl pioneri olan keçmiş baş nazir
Navaz Şərifin kiçik qardaşıdır. Və nəhayət,
Pakistan nəinki bütün dünyada müstəmləkə
dövlətlərinin müstəqilliyini dəstəkləyib,
həm də onların dövlətçiliyini ilk tanıyan
ölkə olub. Azərbaycan qonşu Ermənistanın təcavüzünün
qarşısını almaqla kifayətlənməyib, son 3
onillikdə Ermənistanın qeyri-qanuni işğalı
altında olan Qarabağdakı torpaqlarını
işğaldan azad edib, BMT isə bu ərazilərin Azərbaycana
məxsus olduğunu etiraf edib. Pakistan qeyri-qanuni işğal
olunmuş Cammu və Kəşmirdə qonşu Hindistandan eyni
vəziyyətlə üzləşir. Pakistan bu ilin may
ayında hiyləgərcəsinə müharibə elan etmədən
ölkəmizə hücum edən Hindistanı məğlub
edərək tarix yazdı.
Bu və bir çox digər oxşar və eyni məsələlər
və çağırışlar Pakistan və Azərbaycanı
daha da yaxınlaşdırır və öz vətəndaşlarının
təhlükəsizliyi, dövlətlərinin təhlükəsizliyi
və regionlarında sabitlik üçün müttəfiqlik
yaradır.
Baş nazir Şahbaz Şərif bütün ölkələrlə
tərəfdaşlıq şəraitində işləməyin
və əlaqələr qurmağın vacibliyini dərindən
dərk edir, Azərbaycan buna maksimum layiqdir, çünki
tariximiz, adət-ənənələrimiz, mədəniyyətimiz,
dinimiz eyni və ortaqdır.
Türkiyə qardaş üçbucağı yaradan
və G2G-dən P2P-yə qədər hər səviyyədə
milli birlik nümunəsi təqdim edən üçtərəfli
ittifaqımızın üçüncü
küncüdür. Hər üç ölkənin
xalqının ürəyi birlikdə döyünür.
Sevincimiz də, kədərimiz də ortaqdır. Məhz buna
görə də əvvəlki şüar, iki dövlət
bir millət, Pakistan və Türkiyə haqqında, indi
üç dövlət bir millət kimi yenidən təyin
oluna bilər”.
Gənclər Diplomatiya Forumunun prezidenti (Pakistan) Musavar
Hameed Tanoli: “Noyabrın 8-də Pakistan və Türkiyə prezidentlərinin
Bakıda Azərbaycanın Qələbə Günü
paradında iştirak etmələri regional münasibətlərdə
mənalı məqamdır. Bu, təkcə ortaq
diplomatiyanı deyil, həm də üç xalqı tarix, mədəniyyət
və iman vasitəsilə birləşdirən davamlı
qardaşlıq ruhunu əks etdirir. Onların Bakıda
olması güclü birlik, hörmət, sülh və
firavanlıq üçün kollektiv baxış mesajı
verir.Bu illər ərzində Pakistan, Türkiyə və Azərbaycan
zəfər və sınaq anlarında bir-birinin yanında
olublar. Ortaq dəyərlərə söykənən həmrəylik
kimi başlayan proses indi müdafiə, ticarət, təhsil və
texnologiyanı əhatə edən tərəfdaşlığa
çevrilib. Bu artan əməkdaşlıq regional sabitliyi
gücləndirmək və müsəlman
dünyasının daha geniş tərəqqisinə töhfə
vermək üçün qarşılıqlı istəyi
simvollaşdırır. Xalqların gəncləri
üçün bu ittifaqın xüsusi əhəmiyyəti
var. Gənclər innovasiyaları, sahibkarlığı və
mədəni mübadilələri idarə edən bu yeni
dövrün memarlarına çevrilirlər. İstər tələbə
mübadilə proqramları, istər rəqəmsal əməkdaşlıq,
istərsə də gənclər forumları vasitəsilə
gələcək nəsil diplomatik xoşməramlı real
dünya təsirinə çevirir. Pakistan, Türkiyə və
Azərbaycan dostluğu artıq rəsmi görüşlər
və ya mərasimlərlə məhdudlaşmır. O, gənc
zehinlər, yaradıcı ideyalar və daha bağlı və
dinc gələcəyə ümumi ümidlə dəstəklənən
canlı bağa çevrilir. Bu ölkələrin gəncləri
liderliyi ələ aldıqca, onlar nəinki dostluq irsinə
hörmətlə yanaşırlar, həm də inam, əməkdaşlıq
və kollektiv ambisiyaya əsaslanan müasir ittifaqı
formalaşdırırlar".
Türkiyənin Azərbaycandakı keçmiş hərbi
attaşesi, ehtiyatda olan general Yücel Karauzun fikrincə,
Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı
tarixi köklərə dayanır. Bu dostluq və
qardaşlıq Azərbaycan müstəqil olduqdan sonra mərhələ-mərhələ
daha da möhkəmlənib. Pakistan və Türkiyə
bütün beynəlxalq təşkilatların tribunalarda Azərbaycanın
haqq işini müdafiə edib, Ermənistanın
işğalçılıq siyasətinə qarşı birgə
səsini ucaldıb.
"2020-ci ildə 44 günlük müharibədə
Azərbaycana mənəvi, siyasi dəstək verən ölkələrin
başında Türkiyə və Pakistan dayanıb.
Savaşdan sonra əməkdaşlıq digər mərhələyə
keçib, iqtisadi, siyasi, regional təhlükəsizlik məsələlərdə
birgə addımlar atılıb. Türkiyə, Azərbaycan və
Pakistan üçtərəfli görüşü ötən
il Astanada gerçəkləşib. Bu görüşdə hərbi,
iqtisadi, siyasi, müdafiə məsələləri ilə
bağlı bir yol xəritəsi hazırlanıb. Bu
toplantılar sırasında növbəti görüş bu
il mayın 28-də Laçında gerçəkləşib.
Ötən ildən bu ilə qarşıya qoyulan fəaliyyətlərin
həyata keçirilməsi gözdən keçirilib" -
general deyib.
O, qeyd edib ki, Pakistan mövcud müdafiə sənayesi
anlamında dünyanın öndə olanlardan biri və
müsəlman dünyasında tək nüvə silahına
malik ölkədir. Pakistan yerləşdiyi coğrafiyada hərbi,
müdafiə sahəsində böyük təcrübəyə
malikdir. Azərbaycan Pakistanda müasir qırıcı təyyarələr
alıb ki, dünən keçirilən paradda onlar
nümayiş olunub. Bu Azərbaycan ordusunu uzun müdət hava
hücumundan qoruyacaq çox əhəmiyyətli
addımdır. Eyni zaman da bu, dostluq və qardaşlıq
örnəyidir: "Bu üç ölkə arasında
yaxşı və pis gündə bir olmaq, bir-birinə dəstək
olmaq mühüm əhəmiyyət kəsb edən amildir. Zəfərin
5-ci ilində Bakıda üç ölkə liderinin bir araya
gəlməsi keçmişi dəyərləndirərək
gələcəyə baxış çox önəmlidir.
Çünki risklərin yarandığı,
çoxaldığı bu dünyada Tütküstan
coğrafiyasına yaxın Asiyanın gücü olan Pakistan
ordusu, Qafqazın regional gücü və ən güclü
ordusu Azərbaycan ordusu, həm Avropaya, həm Asiya, həm də
Orta Doğuda NATO-nun ikinci böyük Ordusuna malik Türkiyənin
əməkdaşlıq etməsi önəmli hadisədir. Bu
qardaşlığın gələcəkdə müxtəlif
sahələrdə daha da güclənəcəyi regional təhlükəsizliyin
təminatında böyük rol oynayacaq və regionda təhlükəsizliyi
pozmaq istəyən qüvvələr üç qardaş
ölkənin gücü qarşısında aciz
qalacaqlar".
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin
(KAFKASSAM) sədri, politoloq Hasan Oktay: “Türkiyə ilə Azərbaycan
arasındakı münasibətlər digər dövlətlərdən
fərqlidir; beynəlxalq əlaqələr tarixi
baxımından qiymətləndirildikdə ən əhəmiyyətliləri
arasında yer alır. 44 günlük müharibə və
ondan sonrakı dövrdə Türkiyənin Azərbaycana
verdiyi əhəmiyyətli dəstək və iki liderin
görüşmək üçün hər fürsətdən
istifadə etməyə davam etməsi münasibətlərin
hər keçən gün daha da inkişaf etməsinə
şərait yaradıb. Türkiyə Azərbaycanın qələbə
paradına sadiqliyini nümayiş etdirdi. Bundan başqa,
Pakistan Baş naziri Şahbaz Şərifin bu mərasimlərdə
iştirakı Türkiyə-Pakistan-Azərbaycan münasibətlərini
durmadan yaxşılaşdırır. Son zamanlar qlobal miqyasda
ciddi müharibə riskini nəzərə alaraq, İran və
Pakistan da daxil olmaqla Türk Dövlətləri Təşkilatı
regionda hərbi seçimlərdə daha geniş ittifaqı
ön plana çıxaracaq”.
Politoloq Bakir Bakir Həsənbəyli isə deyib ki, Zəfər
Paradı təkcə Vətən müharibəsində
qazanılmış Qələbənin beşinci
ildönümünün qeyd olunması deyil, həm də Azərbaycanın
gücünün, müstəqilliyinin, ordusunun qüdrətinin,
ən əsası isə Türkiyə və Pakistanla
birliyinin nümayişi idi.
"Mərasimdə Azərbaycan Prezidenti ilə
yanaşı Türkiyə Prezidenti və Pakistan Baş
nazirinin iştirakı bu qardaşlıq münasibətlərinin
ən parlaq təzahürlərindən biri kimi tarixə
düşdü. Bu hadisə sadəcə hərbi güc
nümayişi yox, həm də mənəvi birliyimizin, ortaq
tarixi və gələcəyə hesblanmış mesaj idi. Bir
neçə ay öncə Laçın şəhərində
üç qardaş və dost ölkənin liderləri tarixi
zirvə görüşü keçirdilər. O
görüşdə səslənən fikirlər və qəbul
edilən qərarlar paradda nümayiş olunan birgə
iştirakın əsas siyasi və strateji təməlini təşkil
etdi. Laçın Zirvəsi yeni geosiyasi reallığın
başlanğıcı, ortaq maraqlara əsaslanan əməkdaşlıq
platformasının ilk mərhələsi idi" - politoloq
deyib.
O, qeyd edib ki, görüşdə müzakirə
olunan məsələlər təhlükəsizlik, müdafiə
sənayesi, enerji və nəqliyyat dəhlizlərinin
inkişafı, eləcə də regional sabitliyin qorunması
idi: "Bu, qardaş ölkələrin gələcək
üçün müəyyənləşdirdiyi əsas
strateji xəttdir. Strateji tərəfdaşlıq təkcə
hərbi sferada deyil, diplomatik, iqtisadi və mədəni sahələrdə
də sürətlə dərinləşir. Türkiyə və
Pakistanın hərbi nümayəndə heyətləri tədbirdə
iştirak etdilər. Tribunadan üç ölkənin
bayraqları dalğalandı. Pakistan Silahlı Qüvvələrinin
hərbiçiləri Azərbaycan əsgərləri ilə
eyni sırada addımladılar. Türkiyə Hərbi Qüvvələrinin
nümayəndələri bir daha qardaş ölkənin
yanında olduqlarını dünyaya göstərdilər.
Prezident Türkiyə və Pakistanla qardaşlığın əbədi
və dönməz olduğunu qeyd etdi, bu birliyin gələcəkdə
böyük layihələrdə enerji, kommunikasiya və
müdafiə sahələrində davam etdiriləcəyini bəyan
etdi. Azərbaycan artıq tək deyil. Onun yanında hər
zaman Türkiyə və Pakistan kimi güclü, nüfuzlu,
prinsipial dövlətlər dayanır. Bu gün bir millət,
üç dövlət formulu regionda ədalətin, sabitliyin
və yeni əməkdaşlıq modelinin bünövrəsini
qoyur".
Cavid
Xalq Cəbhəsi .- 2025.- 8 noyabr (¹42).- S.8.