Kişi kimi...
Milli inanc sistemimizdə, sosial münasibətlərdə
"Kişi kimi" anlayışı var. Anlayış bir
vaxtlar çox böyük əhəmiyyət kəsb etsə
də, son dövrlər deyəsən yavaş-yavaş, sezilmədən
leksikondan çıxmadadır. Köhnə kişilər bu
sözə görə başını da verməyə
hazır idilər.
"Axırıncı aşırım"ın həqiqi
Kərbəlayı İsmayılı 1930-cu ildə
bolşeviklərin təqibi ilə Arazın o tayına
keçəndə, hamilə gəlinini, qan düşməni
və düşmənçilik apardığı
Usuboğlunun evinə gətirir: “Gəlinim sənə əmanət,
onu o tərəfə keçirə bilmirəm”,- deyir.
Usuboğlu, Kərbəlayının yanındaca öz arvadını
çağırıb deyir: “bu, Kərbəlayının gəlinidir.
Düşmənçiliyimiz öz yerində, amma gəlini sənə
tapşırıram, onun başından bir tük əskik
olsa, başını kəsərəm. Usuboğlu öz
oğlunu da girov kimi Kərbəlayıya verir. Deyir ki,
qayıdanda oğlumu gətirib, gəlinini sağ-salamat apara
bilərsən. Ən əsası, Kərbəlayı geri
dönəndə İrandan Arazı keçərkən
ruslarla gülləbarana düşür və qan düşməninin
oğlu, hәmin atışmada ölür. Kərbəlayı
meyidi götürüb, kəfəni də geyərək gəlir
qan düşməninin qapısına ki, buyur öldür məni,
sənin oğlun şəhid düşdü və mən sənin
əmanətini saxlaya bilmədim.
Qan düşməni Usuboğlu cavabında deyir:
"Gəlinin oğul dünyaya gətirdi. Əmanətini al
götür, amma bir şərtim var ki, nəvənə mənim
ölmüş oğlumun adını qoyarsan”. Bәli, Azərbaycanda
bu cür kişi kimi düşmənçilik aparan ərənlər
olub.
Yusif Vəzir Çəmənzəminli, Cəlil Məmmədquluzadəyə
məktubunda Azərbaycan xalqını niyə bu qədər
aşağılayırsan, deyə irad tutur və bunları
yazır: "Elimizin ərən kişiləri, atla hansısa
bir kəndə girən kimi atdan düşər, atın cilovundan
tutub aramla kəndi keçərmiş ki, at üstündə
kənd camaatına yuxarıdan aşağı baxmasın. Hər
kəsə hörmətlə salam verib keçərmişlər”.
Bax belə. Deyəsən axı biz gözə gəlmişik.
Malik Balaşov, publisist
Xalq Cəbhəsi .- 2025.- 20 noyabr (¹43).- S.15.