Uşaqların hüquqlarının qorunması
onların rifahı və normal inkişafı
üçün mühüm amildir
Bu gün Ümumdünya Uşaq Hüququları
günüdür. 1954-cü ildə BMT Baş Məclisi
bütün dünyada uşaqların rifahının
yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə
həsr edilən bu günü bütün dünya ölkələrinə
qeyd etməyi məsləhət görüb. 1959-cu il
noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini,
1989-cu ilin həmin günündə isə Uşaq
hüquqları haqqında Konvensiyanı qəbul edib.
Bu münasibətlə hər il noyabrın 20-si
Uşaq Hüquqları Günü kimi qeyd edilir və hər
il olduğu kimi bu il də Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi bu
günü xüsusi tədbirlə qeyd edir.
Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən
qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir
yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən
edilmiş hüquqları təmin edir. Konvensiya
uşaqların yaşaması və inkişafı
üçün zəruri olan minimum standartları müəyyən
edir.
Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin
hər birində ayrı-ayrı hüquqlardan
danışılır. Burada inkişaf hüquqları,
müdafiə hüquqları, iştirak hüquqları,
yaşamaq hüquqları əhatə olunur.
İnkişaf hüquqları dedikdə,
uşaqların təhsil almaq, oynamaq və istirahət etmək,
məlumat almaq və dini hüquqları nəzərdə
tutulur. Müdafiə hüquqları isə uşaqları
müxtəlif zorakılıq, müharibələr və
uşaq əməyinin istismarından, narkotik maddələrin
istifadəsindən qoruyur. Bunlardan əlavə Konvensiyanın
azad fikir söyləmək, cəmiyyətdə fəal
iştirak etmək, yaşamaq və bunun üçün
lazımi tələbatları təmin etmək
hüquqları da təmin edir.
Son 30 ildə uşaq hüquqları sahəsində
ölkəmizdə həyata keçirilən tədbirlər
bu sahədə irəliləyişlərin və nailiyyətlərin
əldə olunmasına səbəb olub. Azərbaycan 1992-ci il
13 avqustda BMT-nin “Uşaq Hüquqları haqqında”
Konvensiyasını ratifikasiya edib, 1998-ci ildə Uşaq
hüquqları haqqında Azərbaycan Respublikasının
Qanunu qəbul edilib, 2006-cı ildə Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi təsis edilib. Qanunvericilik
bazasının yaradılması, institusional inkişaf,
uşaqlarla bağlı dövlət proqramlarının həyata
keçirilməsi insan hüquqlarının bu sahəsinə
diqqətin artdığını göstərir. Ölkədə
aparılan sosial-iqtisadi islahatlar əhalimizin 1/3-ni təşkil
edən uşaqların öz hüquqlarından daha geniş
istifadə imkanlarına şərait yaradır.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə
İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, uşaq
hüquqları dünyada insan hüquqları sahəsində ən
aktual mövzulardan biridir. Hər kəsə məlumdur ki,
uşaqların hüquq və azadlıqlarının təmin
olunması onların rifahı və normal inkişafı
üçün mühüm amildir. Yalnız ailədə və
cəmiyyətdə hərtərəfli müdafiə və
qayğı ilə əhatə olunan uşaq gələcəyin
layiqli və vətəninə sadiq vətəndaş kimi
yetişə bilər.
Uşaq hüquqlarının müdafiəsi sahəsində
ən vacib sənədlərdən biri olan BMT-nin “Uşaq
hüquqları haqqında” Konvensiyasinda (1989-cu il)
uşağın şəxsiyyətinin tam və ahəngdar
inkişafı üçün onun ailə mühitində,
qayğı, sevgi və anlaşma şəraitində
böyüməsinin vacibliyi vurğulanır. Konvensiyanın əsas
tələblərindən biri budur ki, uşaqlar barəsində
həyata keçirilən bütün tədbirlərdə əsas
diqqət uşaq mənafelərinin daha yaxşı təmin
edilməsinə yönəldilməlidir: ““Azərbaycan
Respublikasının Konstitusiyası, “Uşaq hüquqları
haqqında” Qanun (19 may 1998-ci il), “Ailə Məcəlləsi”,
“Yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası haqqında” Qanun və digər
normativ aktlar bu sahədə möhkəm hüquqi baza
formalaşdırıb. Dövlət siyasətinin yerli səviyyədə
həyata keçirilməsi məqsədilə bütün
rayon və şəhər icra hakimiyyətəri yanında
uşaq hüquqlarının müdafiəsi üzrə
komissiyalar yaradılıb. Bu komissiyalar uşaq
hüquqlarının təminatında, profilaktik tədbirlərin
görülməsində və maarifləndirmə işlərində
birbaşa mühüm rol oynayır. Son illərdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata
keçirilən sosial siyasət uşaqların
hüquqlarının daha etibarlı qorunmasına, onların
inkişafı üçün bərabər imkanların
yaradılmasına yönəlib. Uşaqların
hüquqlarının qorunması hər bir cəmiyyətin mənəvi
və sosial inkişaf səviyyəsini müəyyən edən
əsas göstəricilərdən biridir. Hər bir uşaq
doğulduğu andan etibarən yaşamaq, inkişaf etmək,
təhsil almaq, sevgi və qayğı ilə əhatə edilmək,
zorakılıq və istismardan müdafiə olunmaq hüququna
malikdir. Uşaqların həyatına, inkişaf və
müdafiəsinə cavabdeh olan hər bir şəxs,
xüsusilə də valideynlər uşaqları şəxsiyyətinə,
fikir və baxışlarına hörmət ruhunda tərbiyə
etməli, hər kəsdən öncə özləri
uşaq hüquqlarına hörmətlə
yanaşmalıdırlar. Uşaqların hüquqları
qorunduqda, onların hərtərəfli inkişafına təkan
verəcək əlverişli şərait yaranır. Hər
bir uşağın doğulduğu andan valideyn
qayğısı ilə əhatə olunmaq hüququ
vardır. Uşaqların hərtərəfli qayğı ilə
əhatə olunmaları, onların inkişafı
üçün zəruri şəraitin yaradılması,
böyüməkdə olan nəslin layiqli vətəndaş
kimi formalaşmasına zəmin yaradır”.
Politoloq Çingiz Şahbazi deyib ki, 20 Noyabr
Ümumdünya Uşaq Hüquqları Günü olaraq
dünyanın hər yerində qeyd edilməkdədir. 1989-cu
ildə BMT Uşaq Hüquqları ilə bağlı konvensiya
qəbul edir və konvensiyaya demək olar ki, dünya ölkələrinin
əksəriyyəti qoşulur. Konvensiyanın mahiyyəti və
əsas prinsipləri, dünyanın istənilən ölkəsində
yaşayan bütün uşaqların 18 yaşına qədər
universal hüquqlar çərçivəsində təspit
edilməsi və haqlarının qorunması məqsədi
daşıyır. Hər bir uşaq dinindən, irqindən,
dilindən, cinsindən , sosial mənşəyindən və
digər xüsusiyyətlərindən asılı olmayaraq bərabər
hüquqlara malikdirlər. Konvensiyanın mahiyyəti həmçinin
uşaqların bütün qəbul edilmiş qərarlarda-məhkəmədə,
məktəbdə, dövlət orqanlarında
uşağın mənafeyi birinci yerdə duraraq,
hüquqları qorunmalıdır. Dünyanın hər yerində
konvensiyanın tələblərinə uyğun olaraq,
uşaqların yaxşı yaşamaq və normal inkişaf
etmək hüququ vardır. Həmçinin sağlamlıq, təhsil,
sosial müdafiə, təhlükəsizlik şəraitində
böyümək və digər dövlət xidmətlərindən
yararlanmaq hüquqları vardır və hər bir dövlət,
uşaqlar qarşısında bu kimi fundamental hüquqları
uşaqlara verməkdə öhdəlik götürü:
“Bura, fikirini ifadə etmək, eşidilmək (əlbəttə
ki, yaşına və yetkinliyinə uyğun olaraq)
hüquqlarını da daxil etmək olar. Azərbaycan 1992-ci
ildə konvensiyanı ratifikasiya edib. “Uşaq Hüquqları
haqqında” milli qanun qəbul edib. Həmçinin BMT-yə bu
istiqamətdə milli hesabatlar təqdim olunur. Azərbaycan da
digər ölkələrdə olduğu kimi, konvensiya çərçivəsində
uşaq hüquqlarının müdafiəsi üzrə
normativ bazanı, sosial xidmətləri və maarifləndirməni
inkişaf etdirməyi öhdəsinə götürüb.
Buna rəğmən dünyanın hər yerində olduğu
kimi Azərbaycanda da bu istiqamətdə problemlər
yaşanır. Uşaqların zorakılığa məruz
qalması, onların istismar edilməsi dünyanın ən
ciddi problemlərindən biri olaraq qalır. Xüsusilə də
ailə və məişət zəminində uşaqların
zorakılığa məruz qalma halları hər il
artmaqdadır. Bu hal bizim ölkəmizdə də ən
çox rast gəlinən hallardan biridir. Bütün bunlara rəğmən
hökumət mövcud durumu dəyərləndirmək
iqtidarındadır və ölkəmizdə bu istiqamətdə
“Uşaq Qaynar Xətt”, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət komitəsi və digər təşkilatların
fəaliyyətini qeyd etmək olar. Bundan başqa, UNICEF-in Azərbaycan
ofisinin bu istiqamətdə rolu böyükdür. Həmçinin
Azərbaycanın hüquq bazasında, qanunvericilikdə,
“Uşaq Hüquqları haqqında” qanun mövcuddur. Bununla
yanaşı qəbul olunan bütün qanunlar uşaqların
mənafeyini nəzərə alınmaqla qəbul edilir. Azərbaycan
Ombudsmanının bu istiqamətdə apardığı
işləri qeyd etmək lazımdır və bu qurum
uşaqların hüquqlarını qoruyan monitorinq institutu
kimi də fəaliyyətini davam etdirir. Daxili İşlər
Nazirliyində uşaq hüquqları üzrə qaynar xətt
24/7 fəaliyyət göstərir. Konkret olaraq bu istiqamətdə
fəaliyyət göstərən qurumlar və həmçinin
reabilitasiya mərkəzlərinin adlarını sıralamaq
olar. Bütün bunları dövlətin qayğısı
olaraq qiymətləndirmək lazımdır və qeyd etmək
lazımdır ki, bütün bunlarla yanaşı həmçinin
icra məsələsində hələ də boşluqlar var.
Azərbaycan sosial dövlətdir və sosial xidmətdən
yararlanmaq hər bir uşağın konstitusion hüququdur.
Amma çox təəssüf ki, bütün uşaqlar
üçün bu məsələ prioritet olsa da, bərabərlik
balansı qorunmur. Azərbaycan dünyanın bütün beynəlxalq
platformalarında yüksək səviyyədə təmsil
olunur. Bu ölkəmizin qoşulduğu bütün beynəlxalq
konvensiyalar qarşısında hüquqi öhdəlik
yaradır və dövlətə uşaqların müdafiəsi
üzrə beynəlxalq standartların tətbiqinə əsas
verir. Hökumətin bu istiqamətdə
yürütdüyü siyasəti qənaətbəxş
hesab etmək olar. Paralel olaraq, görüləsi işlərin,
hələ də çox olduğunu qeyd etməmək
mümkün deyil”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 20 noyabr (¹43).- S.9.