“Büdcə zərfində bəzi sahələrdə
məlumatlılıq səviyyəsi azalıb”
Qüdrət Həsənquliyev: “İqtisadiyyatın əsas
sahələri dövlətin nəzarətindən
çıxarılmalıdır”
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
Milli Məclisin plenar iclasında “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi
haqqında” qanun layihəsinin müzakirəsi zamanı öz
fikirlərini bölüşüb.
Millət vəkili bildirib: “Öncə işğaldan
azad olunmuş ərazilərdə aparılan böyük bərpa
və quruculuq işlərinə, ictimai asayişin və təhlükəsizliyin
yüksək səviyyədə təmin olunmasına görə,
hökumət üzvlərinə öz minnətdarlığımı
bildirmək istəyirəm.
Komitə iclaslarında biz, iqtisadiyyatımızın
neftdən asılılığından, ixracın
azalması, idxalın artmasından, dövlət müəssisələrinin
az vergi ödəməsindən, onlara münasibətdə tətbiq
olunan güzəştlərdən geniş
danışdıq, narahatlıqlarımızı ifadə
etdik. Hörmətli sədr, komitələrdə geniş
müzakirələrə imkan yaratdığınız
üçün sizə və komitə sədrlərinə
minnətdarlığımı bildirirəm.
Büdcə zərfi ilə əlaqədar
görülən müsbət işləri qiymtələndirməklə
yanaşı, onu da qeyd etmək istəyirəm ki, bu ilin 9
ayının iqtisadi göstəricilərinə əsasən ərzaq
və sənaye məhsullarının, xidmətlərin qiymətlərinin
artmasına baxmayaraq, neft və qaz sektorunda hasilatın
azalması və qiymətlərinin aşağı
düşməsi səbəbindən ümumidaxili məhsulun
real ifadədə cəmi 1,3 faiz artması hamımızı
naharat etməlidir. Bu, regionda ən aşağı göstəricidir.
Büdcə zərfi ilə əlaqədar Hesablama
Palatasının rəyində göstərildiyi kimi, büdcə
zərfində bəzi sahələrdə məlumatlılıq
səviyyəsi azalıb. Bilmirik, qeyri-neft sektorundan büdcə
daxilolmalarının artımının neçə faizi yeni
açılmış istehsal və emal müəssisələri
hesabınadır. Burada hörmətli nazirlər tərəfindən
gündə 200 yeni iş yerinin açılması qeyd olundu,
çox yaxşı. Amma bilmirik gündə nə qədər
insan iş yerini itirir.
Açılan iş yerlərinin hansı hissəsi
istehsal və emal müəssisələrinin yaradılması
hesabınadır? Banklarda vətəndaşların əmanətlərinin
artırılması qeyd olunsa da, nə qədər insanın
bank kreditlərinin, yəni istehlak və ipoteka kreditlərinin
olması barədə məlumat verilmədi. Mətbuatda
oxuduğumuz rəqəmlərdən qeyd edə bilərəm
ki, 3 milyondan artıq Azərbaycan Respublikasının vətəndaşının
12 milyard 690 milyon manat borcundan söhbət gedir”.
Millət vəkili əlavə edib: “2026-cı ildə
mənzil və kommunal xərcləri üçün büdcədən
334,5 milyon manat vəsait ayrılması nəzərdə
tutulur: “Təmsil etdiyim Xətai rayonunda çoxsaylı
yaşayış binalarında zirzəmilər kanalizasiya
suları ilə dolub. Həmin ərazilərdəki torpaq
sürüşmələrinin əsas səbəbi bəlkə
də budur. Həyətlər
işıqlandırılmır, uşaqların əylənməsi
üçün yerlər yoxdur, yaxud bərbad vəziyyətdədir.
Həyətlərin yolları dağılıb, binların
damları bərpa olunmur, küçə itlərinin sayı
artıq təhlükəli həddə çatıb. Bu
problemlərin həlli üçün ayrılan vəsait bir
neçə dəfə artırılmalıdır. Yalnız
tikinti sektorunda investisiya mühiti üçün əlverişli
biznes şəraiti yaratmaqla büdcə zərfində göstərilən
kimi bu sektordan büdcəyə daxil olan vəsaitin həcmini
9,5 faiz yox, ən azı 295 faiz artırmaq olar və həmin vəsaitlər
hesabına da qeyd etdiyim xərcləri qarşılamaq
mümkündür”.
Qüdrət Həsənquliyev həmçinin diqqətə
çatdırıb ki, qeyri-neft-qaz sektoru üzrə büdcə
daxilolmalarında özəl sektorun payı 77 faiz olub: “Bu rəqəm
bir daha göstərir ki, iqtisadiyyatın əsas sahələri
dövlətin nəzarətindən
çıxarılmalı və özəlləşdirilməlidir.
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına
üzv olmalı, dövlət sərhədləri, nəhayət
ki, açılmalıdır.
Hörmətli həmkarlar, hökumət üzvləri,
xaricdən əmək miqrantlarının yaxınlarına
göndərdikləri vəsaitin azalması səbəbindən
insanların sosial durumu, xüsusilə kənd rayonlarında
xeyli ağırlaşıb. Bir faktı qeyd edim ki, vaxtilə
bu rəqəm 3-4 milyard dollar idi. Amma keçən il ölkəyə
bu istiqamətdə 844 milyon manat vəsait daxil olmuşdusa, bu
ilin birinci rübündə 85,5 milyon manat daxil olub. Azalma 44,9
faizdir. Bu da bir daha onu göstərir ki, ünvanlı sosial
yardımların verilməsi üçün ayrılan 465
milyon manatlıq vəsait bir neçə dəfə
artırılmalıdır. Kənd yerlərində insanlar təsərrüfatla
dolana bilmirlər.
Sonda onu da qeyd etmək istəyirəm ki, hərbçilər
bizim başımızı uca ediblər, dövlətimizin
beynəlxalq aləmdə nüfuzunu artırıblar,
onların mənzil şəraitinin
yaxşılaşdırılması üçün cəmi
35 milyon manat vəsait ayrılır. Hesab edirəm ki, bu vəsait
də bir neçə dəfə artırılmalıdır.
Və sonda ümid edirəm ki, bizim
qaldırdığımız məsələlər, Hesablama
Palatasının tövsiyələri hökumət tərəfindən
nəzərə alınacaq və 2026-cı il ölkəmizdə
böyük islahatlar ili olacaq”.
Xalq Cəbhəsi .- 2025.- 20 noyabr (¹43).- S.5.