Əkin mövsümü bitir: real vəziyyət
problem və perspektivlər nədən ibarətdir?
Bu gün dünyada ərzaq təhlükəsizliyi ən
aktual məsələ hesab olunur. Geosiyasi böhran bu sahəyə
daha ciddi diqqət yetirilməsinin vacibliyini önə
çıxarır. Xüsusilə taxıl istehsalı
çox önəmlidir və idxaldan
asılılığın azaldılması zəruridir.
Artıq Azərbacanda əkin mövsümü
başa çatır. Real vəziyyət nədən ibarətdir?
“Xalq Cəbhəsi” mövzunu mütəxəssislərlə
araşdırıb.
“Yeni məhsul dalğası”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Tahir Rzayev “Xalq Cəbhəsi”nə açıqlaması
zamanı deyib ki, Azərbaycanda hər il təxminən 1 milyon
hektara yaxın sahədə dənli və paxlalı bitkilər
əkilir.
Onun sözlərinə görə, bu il dövlətə
3 milyon tondan artıq taxıl təhvil verilib: “Bu, əvvəlki
illərlə müqayisədə daha yüksək göstəricidir.
Məhsuldarlıq orta hesabla 21–31,2 sentner olub. Hazırda
payız səpini üçün torpaqlar hazırlanır və
yaxın günlərdə səpin işlərinə
başlanılacaq. Yenə də ötən ilki miqdarda səpin
gözlənilir”.
T.Rzayevin fikrincə, Azərbaycan ərzaqlıq
buğda ehtiyacının 60–65 faizini özü təmin edir:
“Biz hazırda təxminən 1 milyon ton, bəzən bir qədər
artıq taxılı idxal edirik. Ancaq məhsuldarlığı
artırmaqla gələcəkdə daxili bazarımızı
tam təmin edə, xaricdən taxıl idxalına ehtiyacı
aradan qaldıra bilərik. Bunun üçün əsas vəzifə
— taxılçılıqda müasir texnologiyaların tətbiqidir.
Suvarma sistemlərində yeni üsulların istifadəsi,
keyfiyyətli toxum sortlarının əldə olunması
vacibdir. Əgər bu tədbirlər səmərəli həyata
keçirilərsə, Azərbaycanda məhsuldarlığı
40–45 sentnerə çatdırmaq mümkündür. Məhsuldarlığın
artımı həm insan əməyindən, həm də hava
şəraitindən birbaşa asılıdır. Havaların
əlverişsiz keçməsi bəzən istehsala təsir
göstərsə də, ölkəmizdə ildən-ilə
bu sahədə yeni təcrübələr öyrənilir, məhsuldar
toxum sortlarının həm yetişdirilməsinə, həm
də idxalına xüsusi diqqət artırılıb.
Çörək ən qiymətli qida məhsuludur, ona görə
də taxılçılığın inkişafına hər
zaman dövlət səviyyəsində diqqət yetirilməlidir.”
“Yeni mövsüm, yeni rekordlar”
Milli məclisin Aqrar siyasət komitəsinin
üzvü millət vəkili Aydın Hüseynov bildirib ki, Azərbaycanın
kənd təsərrüfatı sektorunda müşahidə
olunan yüksəliş bu il əkin mövsümünün əvvəlkilərdən
daha dinamik başlamasında özünü göstərir:
“Ölkənin müxtəlif bölgələrində
aparılan genişmiqyaslı səpin prosesi həm əlverişli
hava şəraitinin, həm də dövlət dəstəyinin
gücləndirilməsinin məntiqi nəticəsidir.
Artıq təxminən 1 milyon hektara yaxın sahədə
taxıl əkini həyata keçirilib və proses sürətlə
davam edir. Bu rəqəmlər təsadüfi deyil və
aparılan islahatların real nəticəsidir. Son illərdə
kənd təsərrüfatında struktur dəyişiklikləri,
texnika və texnologiyaların yenilənməsi, yerli toxum
sortlarına marağın artması sektorda ciddi
dönüş yaradıb. Bu gün taxıl sahələrinin
təxminən 60 faizində yerli sortların əkilməsi məhsuldarlığın
yüksəlməsi və idxaldan asılılığın
azalması baxımından mühüm addımdır. Bu, Azərbaycanın
ərzaq təhlükəsizliyi strategiyasının vacib hissəsidir.
İnnovativ suvarma sistemlərinin və müasir torpaq emalı
texnikasının tətbiqi məhsuldarlığa birbaşa təsir
göstərir. Bu sahələrdə 1 hektara 58 sentnerə qədər
məhsul götürülməsi ölkədə yeni
texnoloji dövrün başlandığını
nümayiş etdirir”.
Aydın Hüseynov aqroparkların rolunu xüsusilə
vurğulayıb: “Hazırda ölkədə fəaliyyət
göstərən 51 aqroparkın əksəriyyəti
taxılçılıqla məşğuldur və
buradakı məhsuldarlıq orta göstəricilərdən
xeyli yüksəkdir. Aqroparklar innovasiyanın tətbiqi və
keyfiyyətli məhsul istehsalı baxımından strateji əhəmiyyət
daşıyır. Rəsmi hesablamalar 2026-cı ildə ölkənin
buğda istehsalının 2,1 milyon tonun üzərinə
qalxacağını göstərir. FAO-nun hesabatı müəyyən
idxal ehtiyacının hələlik mövcud olduğunu
göstərsə də, bu gün müşahidə edilən
artım templəri gələcəkdə
asılılığın əhəmiyyətli dərəcədə
azalacağını deməyə əsas verir”.
Millət vəkili əlavə edib ki, bütün bu
proseslər Azərbaycanın ərzaq təhlükəsizliyinə
hesablanan uzunmüddətli strategiyasının tərkib hissəsidir:
“Əkin sahələrinin genişləndirilməsi, suvarma
infrastrukturunun yenilənməsi, toxumçuluğun gücləndirilməsi
və fermerlərin maarifləndirilməsi gələcək
üçün möhkəm baza formalaşdırır. Yeni əkin
mövsümü bir daha göstərir: Azərbaycan kənd təsərrüfatında
dayanıqlı inkişaf xəttini seçib və bu xətt
həm rəqəmlərdə, həm sahələrdə, həm
də məhsuldarlıqda öz real nəticələrini ortaya
qoyur”.
“Məhsuldarlıq artır — yeni hədəflər
qarşıda”
Milli Məclisin Elm və təhsil komitəsinin sədri
Anar İsgəndərov əlavə edib ki, Prezident İlham Əliyevin
2018-ci ildən həyata keçirdiyi genişmiqyaslı
islahatlar paketi ölkənin bütün sahələrinə,
o cümlədən aqrar sektora ciddi təsir göstərib. Bu
istiqamətdə görülən tədbirlər nəticəsində
kənd təsərrüfatında məhsuldarlıq yüksəlib,
əkinçilikdə isə müsbət dinamika
müşahidə olunur: “Həyata keçirilən dövlət
siyasəti nəticəsində aqrar sahədə davamlı
artım müşahidə olunur və bu, islahatların
uğurlu nəticəsidir. Əgər 2025-ci ilin göstəricilərinə
nəzər salsaq, aydın görünür ki, ölkəmizdə
əkinçilik sahəsində müsbət meyillər var.
Bu ilin yanvar–may aylarında aqrar məhsulların istehsalı 3
milyard 706 milyon manata çatıb. Bu da ötən ilin eyni
dövrü ilə müqayisədə təxminən 1,5 faiz
artım deməkdir. Xüsusilə yazlıq bitkilər və
dənli-paxlalı bitkilərin əkin sahəsi ötən
illə müqayisədə 1 faizə yaxın artıb.
Dövlət tərəfindən bu sahəyə ayrılan
subsidiyalar, suvarma sistemləri və texniki dəstək
mexanizmləri kənd təsərrüfatında sabit
artımı təmin edir. Bu istiqamətdə
İsmayıllı rayonunda əkin sahələrinin suvarma təminatının
yaxşılaşdırılması ilə bağlı
imzalanan xüsusi sərəncam da mühüm
addımlardandır. O bildirib ki, hazırda innovativ və
texnoloji avadanlıqlar vasitəsilə suvarma işlərinin səmərəliliyi
artırılır və bu, məhsuldarlığa birbaşa
müsbət təsir göstərir”.
Bununla yanaşı, Anar İsgəndərov
bitkiçilik sahəsində bəzi problemlərin də
qaldığını diqqətə çatdırıb:
“Xüsusilə kartof və tərəvəz əkin sahələrində
azalma müşahidə olunur. Bu da ərzaq təhlükəsizliyi
baxımından diqqət tələb edən məsələdir.
Dövlət bu istiqamətdə xüsusi təşviq
proqramları həyata keçirir. Əsas məsələ
fermerlərin bu imkanlardan düzgün yararlanması və
maarifləndirmənin gücləndirilməsidir. Ölkədə
aqrar sektorla yanaşı, turizm də iqtisadi inkişafın əsas
istiqamətlərindən biridir. Bu iki sahə – aqrar sektor və
turizm – Azərbaycanın dayanıqlı inkişaf modelində
mühüm yer tutur. Dövlətin məqsədyönlü
proqramları nəticəsində kənd təsərrüfatında
böyük irəliləyişlər var, lakin qarşıya
qoyulan məqsədlərə tam nail olmaq üçün
torpaqdan səmərəli istifadə, innovativ üsulların
tətbiqi və suvarma sistemlərinin yenilənməsi istiqamətində
işlər davam etməlidir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2025.- 27 noyabr (¹44).- S.13.