“Bölünmüş Ukrayna” ssenarisi
addım-addım gerçəkliyə çevrilir
ABŞ prezidenti Donald Trumpın hal-hazırda Rusiya
Ukrayna müharibəsinin dayandırılması
üçün irəli sürdüyü sülh planı ətrafında
gedən müzakirələr fonunda ən çox belə bir
sual ortaya çıxır ki, niyə görə ABŞ
Ukraynanın qələbəsini istəmir?
Politoloq Vüqar Dadaşovun fikrincə, bir neçə
səbəb var, səbəblərdən biri də, Ukrayna
uğur qazanarsa, ABŞ-ın Avropa İttifaqına təsiri
azalacaq. Həmçinin, Ukraynanın elmi-texniki və insan
resurslarını potensialını nəzərə alsaq,
Ukraynanın yeni Avropanın yeni güc mərkəzinə
çevrilməsi gözləniləndir. ABŞ nəinki,
Ukraynanın, bütünlüklə Avropanın güclənməsində
qəti maraqlı deyil. Yəni, ABŞ Avropanı öz təsir
dairəsində saxlamaq üçün, zəif Avropa daimi
Rusiya təhlükəsini hiss etməlidir. Bu ABŞ - ın
qlobal güc statusunu, və iqtisadi gəlirlərini təmin
etməyə imkan verir.
Ötən gün Donald Tramp sosial şəbəkədə
Avropa liderlərini ayağının altına alan və
özünü imperator formasında yenidən bir
paylaşım etməsi həmin qənaətin bir subutu kimi təqdim
etmək olar. Rusiyanın məğlubiyyəti və Çin
faktoru da əsas şərtlərdəndir: “Əlbəttə
ki, Rusiyanın Ukrayna qarşıslnda məğlubiyyəti həm
də Çinin daha da güclənməsini sürətləndirəcək.
Çin həm ərazicə, həm də Rusiyanın təbii
ehtiyatları ilə öz gücünü əhəmiyyətli
dərəcədə artıra bilər. Məlumdur ki,
Çin artıq Rusiyanın daxilinə nüfuz edib, miqrasiya -
“sülh ekspansiyası” və iqtisadi ilə və Rusiyanın
məğlubiyyəti fonunda Çinin də bu savaşdan daha
xeyirli çıxacağı tam gözləniləndir. Məhz
bu səbəbdəndir ki, Çin Ukrayna müharibəsinin
davamında maraqlıdır və hər bir növ Rusiyaya
yardımını davam etdirir. Bu səbəbdən də rəqabətdə
olduğu real rəqibi Çinlə qlobal mübarizəsində
Çinə yeni şanslar vermək niyyətində deyil.
Donald Tramp niyə Ukraynanın, Zelenskinin qələbəsini
istəmir? Burada həm də şəxsi münasibətlər
təsirlidir. Artıq gizli deyil ki, Tramp Zelenskiyə Putin qədər
nifrət edir. Digər sual doğuran məqam isə Donald
Trampın Rusiya ilə şübhə yaradan keçmiş əlaqələri
də müzakirə edilir. Trampın sonuncu təklif etdiyi
sülh sazişi bütün tezisləri əvvəllər rəsmi
Moskvanın təklif etdiyi atəşkəs şərtləri
ilə eynilik təşkil edir. Təkcə bu fakt, Trampın
Ukraynanın məğlub edilməsinə
çalışmasının doğurduğu sualları
cavabsız saxlayır”.
Siyasi şərhçi Mürtəza Bünyadlı
isə deyib ki, Rusiya–Ukrayna müharibəsinin gedişində
sülh danışıqları istiqamətində hərəkətlənmə
müşahidə olunur. Tramp administrasiyasının təqdim
etdiyi sülh planı Ukraynanı və avropalı müttəfiqləri
tam razı salmadığından Kiyev və Vaşinqton Cenevrədə
sənəd üzərində işləyərək yenilənmiş
variant hazırlayıb. Hazırkı mərhələdə tərəflər
bu variantı daha məqbul hesab edirlər: “Kiyevin əsas tələbləri
iki istiqamətdə cəmlənir: Rusiya aqressiyasından
etibarlı təhlükəsizlik təminatları, ərazi
bütövlüyü ilə bağlı aydın mexanizmlər.
ABŞ dövlət katibi Mark Rubio bəyan edib ki, qalan məsələlər
noyabrın 27-dək razılaşdırıla bilər, lakin
prosesi uzadan fundamental məqamlar – təhlükəsizlik zəmanətləri
və ərazi məsələləridir. Vaşinqton eyni
zamanda Avropa İttifaqının (Aİ) mövqeyini də nəzərə
almağa çalışır”.
O, qeyd edib ki, Avropa İttifaqı münaqişənin
həlli ilə bağlı 24 bəndlik alternativ sənəd hazırlayaraq
beynəlxalq ictimaiyyətə təqdim edib. Bu sənəd
Trampın planından ciddi şəkildə fərqlənmir,
ancaq Aİ Ukraynanın təhlükəsizliyinin NATO və ya
Avropa İttifaqına üzvlük yolu ilə təmin edilə
biləcəyini açıq şəkildə
vurğulayır. Sənəddə həmçinin Ukrayna
Silahlı Qüvvələrinə və müdafiə sənayesinə
məhdudiyyətsiz dəstək, ölkənin tam bərpası,
həmçinin Rusiya aktivlərinin dondurulması kimi maddələr
yer alır: “Dayanıqlı sülh əldə
olunacağı təqdirdə Moskvaya qarşı sanksiyalar mərhələli
şəkildə yumşaldıla, razılaşma pozularsa,
yenidən tətbiq oluna bilər.
Hər iki sənəd müharibənin tam və
dayanıqlı şəkildə bitməsi üçün
yetərli deyil. Ən böyük problemlər sülhü təmin
edən mexanizmlərin zəifliyi; Rusiyanın
razılaşmaya əməl edib-etməyəcəyi ilə
bağlı qeyri-müəyyənlik; müddət və icra
mexanizmlərinin qeyri-şəffaflığı ilə
bağlıdır”.
M.Bünyadlınin fikrincə, Ukrayna etibarlı təhlükəsizlik
təminatları əldə edəcəyi təqdirdə
“dondurulmuş münaqişə” fazasında sürətli bərpa
və yenidənqurma işlərinə başlaya, iqtisadi
sabitlik qazanaraq siyasi riskləri azalda, xarici investisiya və təhlükəsizlik
tərəfdaşlığı genişlənə bilər.
Bu da öz növbəsində Ukraynanın uzunmüddətli
perspektivdə mövqelərini gücləndirməklə digər
hədəflərinə də nail olmasına geniş imkanlar
yarada bilər. Bunun üçün İkinci Dünya
Müharibəsi dövründə SSRİ-Finlandiya,
SSRİ-Almaniya, SSRİ-Yaponiya təcrübəsinə nəzər
salmaq yetər.
Moskva İkinci Dünya Müharibəsinin yekununda qalib
olsa da, hədəflərinə nail ola bilmədi. 45 ildən
sonra parçalanmış Almaniya yenidən birləşdi.
Finlandiya və Yaponiya dünyanın ən inkişaf etmiş
ölkələri səviyyəsinə qalxdı. Uğursuz
daxili və xarici siyasəti nəticəsində SSRİ
1991-ci ildə rəsmi olaraq iflasa uğradı.
Özünü SSRİ-nin varisi elan edən Rusiya qlobal təhlükəsizlik
sisteminə təhdid yaratsa da, bugünkü reallıqlar nəticəsində
iqtisadi cəhətdən inkişaf edib insanlarının
sosial rifah halında yaşayacağı modern bir ölkəyə
çevrilməsi inandırıcı deyil. Çünki
Rusiyanın iqtisadi və institusional cəhətdən
dayanıqlı inkişaf modeli yoxdur: «Digər mühüm məqam
isə korrupsiya, rüşvət və idarəetmədəki
çatışmazlıqlar, eyni zamanda ölkəni idarə
edənlərin imperiya düşüncələrindən
xilas ola bilməməsi, Rusiyanın sivil və modern ölkəyə
çevrilməsinə ciddi maneə yaradır. Təbii ki, bu
amillər də Moskvaya uzunmüddətli və kompleks sülh
öhdəliklərini icra etməkdə çətinlik
yaradır. Kiyevi və Avropanı da narahat edən məsələ
budur. Amma indiki şəraitdə Ukraynanın Rusiya cəbhəsində
uğurlar əldə edərək hədəflərə nail
olması mümkünsüz görünür. Qərbin dəstəyinə
baxmayaraq Kiyev müharibə də hələ də ciddi dəyişiklik
əldə edə bilmir. Qərbdən aldığı dəstəklə
Ukrayna ordusu yalnız rus ordusunun sürətli əks-hücum əməliyyatının
qarşısını ala bilir. Rus ordusu zamanla işğal ərazisini
genişləndirir və Qərb də bunu görür. Cəbhədə
ciddi dönüşün olmaması, kollektiv Qərbin Ukrayna
məsələsində fərqli mövqeyi,
yanşamaları, maraqların toqquşması, yeni dünya
nizamının formalaşması uğrunda gedən qlobal,
regional geosiyasi mübarizələr Qərbi Moskva ilə məcburi
razılaşmalara vadar edir.
Mövcud qlobal geosiyasi qarşıdurma fonunda tam və
dayanıqlı sülhün tezliklə əldə
olunacağı da real görünmür. Bununla belə, aktiv
döyüş fazasından çıxış və atəşkəsin
əldə olunması indiki şəraitdə ən optimal və
praktik variantdır. Atəşkəs Ukraynaya nəfəs
almaq, iqtisadi-siyasi sabitliyi bərpa etmək, Qərb ölkələrinə
isə daha funksional təhlükəsizlik arxitekturası qurmaq
imkanı verə bilər.
Sülh danışıqları müharibədən
daha yaxşı və məqsədəuyğundur. Bu proses
uzansa da, tərəfləri masaya gətirən hər bir
addım bölgənin gələcəyi üçün
strateji əhəmiyyət daşıyır”.
Politoloq Elxan Şükürlünün fikrincə, Qərb,
eləcə də Ukrayna mediası Trampın Zelenskiyə təqdim
etdiyi 28 maddəlik Sülh Planının mətnini yayıb və
ona 1 həftə vaxt verildiyini açıqlayıb.
Mətn və məlumat gerçəkdirsə, bu,
faktiki olaraq, Putinin müharibənin ilk vaxtlarındakı
şərtlərinin əksəriyyətinin qəbul edilməsi,
Ukraynanın bölüşdürülməsi və
işğalın rəsmiləşməsi deməkdir!
Plana görə, Ukrayna “yüksək təhlükəsizlik
zəmanətləri qarşılığında” təkcə
Krımdan yox, Donetsk və Luqanskdan da birdəfəlik əl
çəkməli olacaq, rus qoşunları isə Xerson və
Zaporojyedə tutduqları mövqelərdə qalacaqlar!
Ukraynanın suverenliyi də yalnız sənəd
üzərində qalacaq: praktik olaraq, o, tamamilə ABŞ,
Avropa İttifaqı və Rusiyadan asılı, gələcək
taleyi xarici güclərin əlində olan ərazi halına
düşəcək: “Beləliklə, Harvard Universitetinin
Araşdırmalar Mərkəzinin professoru, məşhur
sosioloq Samuel Hantinqtonun hələ 1996-cı ildə çap
olunan “Sivilizasiyaların toquşması və dünya
nizamının yenidən təşkili” kitabında göstərdiyi
“Bölünmüş Ukrayna” ssenarisi addım-addım
gerçəkliyə çevrilir.
Əslində, ABŞ-ın bütün dünya boyu
apardığı siyasətin mahiyyətini və Rusiyaya da
dünya nizamında hansı rolun ayrıldığını
bilən ağıllı başlar, ciddi analitiklər Ukrayna
savaşının məhz bu sonluqla
yekunlaşacağını öncədən
proqnozlaşdırır, deyirdilər.
Hətta başqa bir nüfuzlu amerikalı - Henri
Kissincer müharibə başlayan vaxt açıq şəkildə
demişdi ki, Ukraynda sülh üçün o, ərazilərinin
bir hissəsindən imtina etməli olacaq.
Ancaq təəssüf ki, bütün dünya boyu
aparılan təbliğat bu ağıllı başların
sözlərini özünü böyük bir yalana
inandırmış axmaqlar və boşboğazlar
sürüsünün, yalançı vətənpərvərlərin
əliylə möhkəmləndirilmiş kütlə
şüuru gurultusunda eşidilməz etmişdi!
Budur, son 4 ildə özünü Zelenskinin
“Ukraynanın azadlığı və bütövlüyü
uğrunda mübarizə aparan qəhrəman” olduğuna
inandıranlar indi onu hakimiyyətə gətirən biznes
şəriklərinin müharibənin qızğın
dövründə Ukrayna əsgəri üçün
ayrılan vəsaiti necə əclaflıqla mənimsədiklərini,
talayıb xaricə daşıdıqlarını heyrətamiz
təşvişlə izləyirlər. ABŞ-ın
Ukraynanı meydanda tək qoymayacağına inananlar isə
Tramp administrasiyasının bu cinayət faktlarını –
korrupsiya ilgəyini indi Zelenskinin xirtdəyinə necə
keçirdiyini və onu Putinlə razılaşma
üçün necə səylə
çalışdığını böyük məyusluq əhvalı,
peşimançılıq göz yaşları içərisində
seyr edirlər...”
Cavid
Xalq Cəbhəsi .- 2025.- 27 noyabr (¹44).- S.10.