QHT-lərin Əməkdaşlıq Forumu: Vətəndaş
cəmiyyətinin Qarabağa qayıdışının rəmzi
2025-ci il oktyabrın 20-də Xankəndidə
“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan
Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq
Forumu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Elçin Yusubov, Prezident
Administrasiyasının QHT-lərlə iş və kommunikasiya
şöbəsinin QHT-lərlə iş sektorunun müdiri
Tural Aliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin icraçı direktoru Aygun Aliyeva və
300-ə yaxın QHT təmsilçisi tədbirdə
iştirak edib.
Tədbirlə bağlı bir neçə QHT rəhbərinin
mövqelərini təqdim edirik.
“Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyinin sədri Vüqar Tofiqli deyib ki,
Adminstrasiyanın sektor müdiri Tural Əliyevin, o cümlədən
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
icraçı direktoru Aygun Əliyevanın
çıxışlarında ölkədə QHT- lərin
strateji inkişaf istiqamətlərinə yer verilməsi, bir
sıra rəqəmlərin ürəklə çəkilməsi,
etiraf edim ki, vətəndaş cəmiyyətinin bir nümayəndəsi
olaraq bizim də üzərimizə məsuliyyət
yükü qoyurdu: “Az müddət ərzində bu sektorda
aparılan islahatlar göstərir ki, biz artıq daha geniş
müstəvidə sözümüzü deməli,
sözçülükdən real fəaliyyətə
keçib ortalığa daha ciddi layihələr
qoymalıyıq. Hər halda etiraf etməliyik ki, az müddət
ərzində çox iş görülüb. Ancaq
görüləsi işlərdə hələ çoxdur. Hər
kəs bu forumda səslənən fikirlərdən
özünə aid olanını götürdü.
Adminstrasiyanın sektor müdiri Tural Əliyev
çıxışında bəzi neqativə, buraxılan səhflərə
ötəri də olsa toxunsa da, “suvenrenliyimizin bərpasından
sonra ölkəmizin daha geniş şəkildə
tanıdılmasında QHT sektoru da öz sözünü deməlidir”,
fikri ciddi siqnal idi. Səslənən fikirlər həmdə
QHT-lərin strateji inkişaf proqramının əsas qayəsi
idi.
Beləliklə, forumun təşkilatçılarına
təşəkkür etməyi özümə borc bilirəm.
Ən xirda detalı belə nəzərə alan təşkilatçılar
tənqidə “yer qoymamışdılar”.
Agentlik, azsaylı kollektivi ilə, həqiqətən
çox böyük iş görmüşdü. Sadəcə
əhsən deyirəm.
Və sonda inanmaq istəyriəm ki, biz -QHT təmsilçiləri
Forumda qaldırılan məsələlərə diqqətlə
yanaşıb, üzərimizə düşən məsuliyyəti
hiss edərək, bu sektorunun inkişafına öz töhfəmizi
verəcəyik”.
“Pragma” İctimai Birliyinin sədri Taleh
Şahsuvarlının fikrincə, tədbirdəki
çıxışlar bu baxımdan diqqətə layiq idi, həm
Şuşada, həm də Xankəndidəki tədbirlərdə
vətəndaş cəmiyyətinin özünəinamına
və yenidənqurma enerjisinə xitab edən nitqlər
söyləndi.
Düşünürəm ki, bir zəfər toplumu
olaraq qarşımızda yeni vəzifələr durur:
• Qələbənin mənəvi enerjisini institusional
dayanıqlığa çevirmək;
• QHT-ləri “qrantyeyənlər” imicindən xilas edib,
milli həmrəyliyin ictimai sütununa çevirmək;
• “Vətəndaş diplomatiyası” vasitəsilə
Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmək;
• Və ən əsası- suverenliyin sosial təməlini
gücləndirmək.
Bu mənada Şuşada və Xankəndidə
keçirilən tədbirlər “postmüharibə
dövrünün vətəndaş cəmiyyəti”
konsepsiyasının inkişafı baxımından xüsusi
önəm daşıyırdı. Bu önəmin içində
bir xüsusi nüans da var ki, onu mütləq
vurğulamalıyam: Qarabağ hərbi münaqişə
zonasından inzibati məkana çevrildi, bu gün isə
ictimai dirçəliş, sosial tərəqqi
zonasıdır. QHT-lərin məhz Şuşada və Xankəndidə
toplanması Azərbaycanın vətəndaş cəmiyyətinin
bərpa və reinteqrasiya prosesinə töhfə vermək
niyyətinin ifadəsidir: “Başqa sözlə bu o deməkdir
ki, Qarabağda təkcə genişmiqyaslı inşaat işləri
görülmür, eyni zamanda ictimai institutlaşma prosesi də
gedir.
Dövlət infrastrukturu, QHT-lər dəyərləri
bərpa edir.
Bu mənada həm respublika, həm də regional səviyyəli
QHT-lərin üzərində böyük bir məsuliyyət
var- azad Qarabağ vətəndaş cəmiyyətinin
intellektual mərkəzinə, təşəbbüs
laboratoriyasına çevrmək!”.
"İslahatçı Gənclər" İctimai
Birliyinin sədri Fərid Şahbazlı: “Xankəndidə
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan
QHT-lərinin Əməkdaşlıq Forumunun keçirilməsi
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin
nümunəsində milli həmrəyliyin və suverenliyin
gücünün növbəti dəfə parlaq
nümayişi idi.
Tədbirin miqyası, iştirakçıların
sayı və ab-havası hər şeyi öz dili ilə
danışırdı. 300-ə yaxın QHT təmsilçisinin
bir araya gəlməsi, müzakirələrin
canlılığı, fikir mübadiləsinin səmimiliyi,
verilən mesajların konkretliyi— bütün bunlar bu gün Azərbaycanın
vətəndaş cəmiyyətinin artıq
formalaşmış, məqsədli və milli maraqlara xidmət
edən qüvvə olduğunu göstərirdi.
Forumun təşkilatçılığı isə
xüsusi qeyd olunmağa layiqdir. İştirakçılarla
münasibətdən tutmuş qonaqlama mədəniyyətinə,
səhnə dizaynından texniki təminata qədər hər
şey ən yüksək səviyyədə idi. Bu, sadəcə
tədbir deyildi - planlı düşüncənin, dövlət
dəstəyinin və ictimai həmrəyliyin ahəngli bir
tabloya çevrildiyi nümunə idi.
Forumda Prezident Administrasiyasının rəsmisi Tural
Əliyevin, QHT Agentliyinin icraçı direktoru Aygün
Əliyevanın və Prezidentin Xankəndi üzrə
xüsusi nümayəndəsi Elçin Yusubovun
çıxışları bu həmrəyliyin siyasi və
ideoloji əsaslarını daha da möhkəmləndirdi.
Onların nitqlərində verdikləri mesajlardan
çıxan nəticə aydın idi: Azərbaycan dövləti
vətəndaş cəmiyyətini yalnız müşahidəçi
deyil, inkişaf prosesinin əsas tərəfdaşı kimi
görür. Dövlətimiz hesab edir ki, güclü və
sabit gələcək həm də ictimai fəallığın,
düşünən və məsuliyyətli vətəndaşların
iştirakı ilə mümkündür.
Müzakirə olunan mövzular - “Türkman irsi: tarixi
köklərə sədaqət”, “WUF13-ə doğru: QHT-lər
üçün yeni imkanlar”, “Rəqəmsal QHT
konsepsiyası” və digərləri - həm tarixi yaddaşa
sadiqliyi, həm də müasir çağırışlara
açıq baxışı əks etdirirdi. Bu,
keçmişlə gələcəyin, ənənə ilə
innovasiyanın harmoniyası idi.
“Şəhidə məktub” videoçarxının
nümayişi və Dövlət Himninin səsləndirilməsi
zalda elə bir ruh yaratdı ki, hər kəs bir anlıq
özündə Azərbaycanın
bütövlüyünü, şəhidlərin ruhunu və
azad Xankəndinin qürurunu hiss etdi.
Xankəndidə keçirilən bu forum bir daha
göstərdi ki, Azərbaycan artıq təkcə regionun
deyil, ideyaların da lideridir. Bu, həm dövlət siyasətinin,
həm də vətəndaş cəmiyyətinin vəhdətindən
doğan gücdür. Və bu güc — təşkilatçılıqda,
ideyalarda, ruhda, birliyimizdə idi”.
“Təhsilə dəstək və maarifləndirmə”
İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli isə
deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti sektoru
yeni mərhələyə qədəm qoyub. Son on illərə
qədər passiv, yalnız xarici donorlardan asılı vəziyyətdə
olan, Azərbaycan cəmiyyətindən daha çox donor təşkilat
və dövlətlərin maraqlarına xidmət edən
qeyri-hökumət təşkilatları artıq bu
asılılıqdan qurtulub. Dövlətin vətəndaş
cəmiyyətinə göstərdiyi diqqət və
qayğı, onun inkişafına yönəlik
addımları bu sahənin inkişafına öz müsbət
təsirini göstərib.
İndi artıq Azərbaycanın qeyri-hökumət təşkilatları
yerli deyil, beynəlxalq səviyyədə də fəaldır,
aktivdir, eyni zamanda təşəbbüskardır. Ən
yaxın tariximizdə şahidi olduğumuz COP29 təcrübəsi
buna əyani sübutdur: “Qeyd etdiyimiz kimi bu müsbət
tendensiyanın baş verməsində QHT sektoruna yönəlik
addımlar, bu sahənin inkişafına xidmət edən amillər
rol oynayır. Müntəzəm olaraq QHT-lərin təcrübə
mübadiləsi, onların peşəkarlığı və
aktivliyinin artırılması məqsədilə keçirilən
görüşlər, mübadilə proqramları, forum və
konfranslar bu sahədə mühüm rol oynayır. Bu mənada
sayca üçüncü dəfə keçirilən QHT-lərin
Əməkdaşlıq Forumu da olduqca əhəmiyyətlidir.
Yaxın tarixə nəzər salaraq deyə bilərik
ki, Azərbaycan uzun illər ərzində ərazi
bütövlüyünü bərpa etmək uğrunda
apardığı mübarizəni 2020-ci il Vətən
müharibəsi və 2023-cü ilin antiterror tədbirləri
ilə başa çatdırdı. Artıq ölkənin
bütün əraziləri üzərində tam suverenlik bərpa
olunub. Bu mərhələdən sonra əsas vəzifə
Qarabağ bölgəsinin sosial, iqtisadi və ictimai-siyasi həyatla
inteqrasiyasıdır. Bu inteqrasiya prosesi təkcə dövlət
qurumlarının deyil, həm də ictimai təşkilatların
– xüsusilə qeyri-hökumət təşkilatlarının
(QHT) fəal iştirakı ilə mümkündür. Belə
bir şəraitdə Xankəndidə QHT-lərin Əməkdaşlıq
Forumunun keçirilməsi mühüm ictimai-siyasi hadisə
kimi qiymətləndirilməlidir. Bu forum həm Azərbaycan cəmiyyətində,
həm də beynəlxalq müstəvidə bir sıra ciddi
mesajlar daşıyır. Ən başlıcası isə, vətəndaş
cəmiyyətinin Qarabağa qayıdışının rəmzi
kimi çıxış edir.
Azərbaycanın bölgədə bərpa və
reinteqrasiya işlərini aparıcı ictimai institutlar vasitəsilə
həyata keçirməsi, xaricdə bəzi dairələrin
irəli sürdüyü təbliğata cavab rolunu da
oynayır.
Xankəndidə keçirilən QHT-lərin Əməkdaşlıq
Forumu təkcə vətəndaş cəmiyyəti
üçün bir görüş yeri deyil, həm də Azərbaycanın
Qarabağda sülh, inkişaf və birgə
yaşayış prinsiplərinə əsaslanan gələcək
vizyonunun ifadəsidir. Bu cür tədbirlər bölgədə
davamlı sabitliyə və sosial-iqtisadi inkişafın
sürətlənməsinə xidmət edir.
Bildyimiz kimi, Qarabağda, o cümlədən Xankəndidə
sülh və sabitliyin bərqərar olunması, dövlətimizin
siyasi iradəsinin və xalqımızın birliyinin nəticəsidir.
Bu forum bir daha göstərir ki, artıq Qarabağda
münaqişə yox, inkişaf, bərpa və əməkdaşlıq
var.
Xankəndidə QHT-lərin toplaşması isə
bölgədə sülh quruculuğuna və reinteqrasiya
prosesinə vətəndaş cəmiyyətinin prosesə
verdiyi dəstəyi əyani şəkildə nümayiş
etdirir.
Eyni zamanda, bu tədbir Azərbaycanın dünyaya
ünvanladığı açıq bir mesajdır ki, biz
münaqişəni geridə qoymuşuq, indi isə bölgədə
birlik, rifah və inkişaf dövrü başlayıb. Vətəndaş
cəmiyyətinin bu prosesdə fəal iştirakı, bölgədə
sabit və sağlam ictimai münasibətlərin
qurulmasına böyük töhfə verəcəkdir.
Unutmayaq ki, vətəndaş cəmiyyəti olmadan
dayanıqlı inkişaf mümkün deyil. Qarabağda cəmiyyətin
bütün təbəqələrinin səsinə qulaq asmaq,
onların ehtiyac və təkliflərini dinləmək
vacibdir. Bu baxımdan, QHT-lərin iştirakı ilə
keçirilən forumlar, təkcə rəsmi siyasətin yox,
həm də xalqın iradəsinin ifadəsidir.
Qarabağ bölgəsi uzun illər ərzində
müharibə və gərginlik şəraitində
olduğundan, burada sosial-psixoloji bərpa işləri
mühüm rol oynayır. Məhz QHT-lərin bu sahədə
fəaliyyəti – sosial layihələr, təhsil təşəbbüsləri,
mədəni tədbirlər və insan hüquqları üzrə
maarifləndirmə işləri – əhalinin cəmiyyətə
adaptasiyasına kömək edə bilər.
Eyni zamanda, QHT-lər forum vasitəsilə yerli problemlərin
daha dərindən araşdırılması və həlli
üçün çevik və operativ vasitə rolunu oynaya
bilər. Onlar dövlət strukturlarının
çatmadığı yerlərdə boşluqları doldura,
yerli icmalarla birbaşa ünsiyyət quraraq real ehtiyaclara
uyğun fəaliyyət göstərə bilirlər.
Forumun “Əməkdaşlıq” adı da təsadüfi
seçilməyib. Bu, QHT-lər arasında şəbəkələşməni
gücləndirmək, resurs və təcrübə mübadiləsi
aparmaq, eyni zamanda regionda reinteqrasiyanı sürətləndirmək
üçün mühüm platformadır. Xankəndidə
keçirilən forum, regionun artıq yalnız münaqişə
məkanı deyil, həm də əməkdaşlıq və
birgə inkişaf sahəsi olduğunu göstərir.
QHT-lərin Xankəndidə keçirilən Əməkdaşlıq
Forumu Azərbaycan vətəndaş cəmiyyətinin tarixində
mühüm bir dönüş nöqtəsidir. Bu forum təkcə
bir tədbir deyil – o, Qarabağın yeni dövrünün
başlanğıcının, əməkdaşlıq və
birliyin rəmzidir”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 23 oktyabr (¹ 39).-S.9.