Komediyamızın "Everest" zirvəsi...
Azərbaycanda aktyorluq peşəsinin ən uca zirvəsinə
yüksələ bilən sənətkarlar çox olub.
Düşünürəm ki, kino və teatr sənətinin
komediya janrında onun fəth etdiyi zirvəyə hələ də
heç kim yüksələ bilməyib. Necə deyərlər,
o, bu sənətin “Everest”i idi...
Bir başqa aləm idi Yaşar Nuri. Bəzən
uşaq kimi kövrəlir, bəzən də sərt olurdu. Hətta
adamdan inciyib küsməyi də vardı. Heç vaxt
heç kimin haqqına girməzdi və belə insanlara nifrət
edirdi. Hikmətli sözləri çox idi. Həmişə
aktyorlara deyirdi ki, 50 yaşına qədər adınıza
işləyin, 50-dən sonra adınız sizə işləyəcək.
Çox siqaret çəkirdi. Tərgitmək istəsə də,
özüylə bacarmırdı. Hobbisi də, əyləncəsi
də, həyatı da sənəti idi. Obrazları o qədər
cani-dildən oynayırdı ki, köynəyini sıxanda su
tökülürdü. Səliqəli geyinməyi xoşlayırdı
və həmişə də “brend” paltarlar alırdı. Məclislərdə
ürəyi açılırdı və özünü
rahat hiss edirdi...
Həyatda da baməzə insan idi. O vaxtlar
"Kinoklub" adlı veriliş vardı. Bir gün çəkilişə
gedərkən, yolda həmkarı Firəngiz Mütəllimova
ilə rastlaşır. Haraya getdiyini soruşur. Öyrənir
ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə
var e, orda, nəyə gedirsən?”- deyə sual verir. Firəngiz
xanım cavabında- “Niyə də getməyim, 80 manat pul
verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm,
getmə.” Razılaşırlar. Firəngiz xanım 100
manatı götürüb, evə qayıdır. Sən demə,
onu yola salandan sonra özü həmin çəkilişə
gedib, iştirak edir. Bunu bilən Firəngiz xanım ondan
soruşur ki, niyə özün getdin, məni qoymadın?
“Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən
ki?..”
Yaşar Nuri həm də böyük bir məktəb
idi, obrazla yaşamağı bacarırdı. "Səni
axtarıram" tamaşasının çəkilişi
zamanı tərəf müqabili ağlamalıydı. Orada bir
yer var, Elçin (Yaşar Nuri) Gülnarın (Firəngiz
Mütəllimova) saçını oxşayıb deyir: "Sən
yaxşı qıszan, Gülnar". Rejissor nə illah eləyirsə,
Gülnar ona baxıb ağlaya bilmir. Bir də onda
görürlər ki, Yaşarın gözlərindən
yaş axır. Gülnarın əvəzinə Elçin
ağlayır...
Möhtəşəm aktyorluq istedadıyla bərabər,
onun gözəl, şıdrığı rəqs etmək
qabiliyyəti də var idi. Ən çox “Qoçəli” rəqsini
oynayardı. Bütün toylarda xüsusi olaraq onun
üçün ifa edib, onu rəqsə dəvət edərdilər…
Yaşar Nuri yalnız sənəti ilə deyil,
savadı ilə də fərqlənirdi. Peşəkar
jurnalistlər ondan müsahibə götürəndə
çalışırdılar ki, istədikləri
cavabları alsınlar, çətin suallar verirdilər ki, bəlkə
çaşıb nəyisə deyər. Amma o, sualları elə
ustalıqla cavablandırırdı ki, heyran qalmamaq
mümkün deyildi. Çox güclü yaddaşı var idi,
sanki canlı arxiv idi...
Ömür-gün yoldaşı Rəhimə xanım
deyir ki,- “Uzun sürən xəstəliyinə baxmayaraq,
fikri-zikri səhnədəydi. Ömrünün son günlərində
çox böyük bir arzusunu dilə gətirdi. Dedi ki, “Rəhimə,
elə istəyirəm ki, səhnədə tək
çıxış edim, monoloq söyləyim. Amma bilmirəm
əlil arabasında səhnəyə çıxmağım
düzgün olarmı?””
Yaşasaydı sentyabrın 3-də 74 yaşı tamam
olacaqdı. Heyif ki, milli komediyamızın “Everest”i bu gün
aramızda yoxdur. Amma nə qəm, nə qədər ki, Azərbaycan
var, Yaşar Nurinin əziz xatirəsi ehtiramla yad olunacaq...
Ruhu şad olsun!
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 4 sentyabr(¹32).-S.15.