Tez sağal, şair!
Onunla
bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq.
Eyni oteldə qalırdıq. Olub keçənlərdən,
başına gələn hadisələrdən
danışır, sanki həmsöhbətinə özü
haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi,
illərin dərin cığırlar açdığı
siması, qalın səsi, danışarkən bədən
dili mənə uşaqlığımda gördüyüm
köhnə kişiləri xatırladırdı…
“O vaxt Ukraynada olarkən qatarda bir nəfəri soyub
döymüşdüm. Xarkov məhkəməsi mənə 2
il 6 ay iş verdi. Doğrudur, heç nəyi sübut edə
bilmədilər, amma qərar belə oldu. Mən ən
yaxşı şeirlərimin çoxunu Ukrayna türməsində
yazmışam. O vaxt mən “Qrono” yaradıcılıq
birliyinin üzvü idim. Tez-tez yanıma gəlirdilər. Orda
yaşayan azərbaycanlılar da məni yaxşı
tanıyırdılar. 1986-cı ilin sentyabrında həbsdən
çıxanda Xarkovdakı azərbaycanlılar məni təmtəraqla
yola saldılar. Onlardan biri də məşhur futbolçumuz Vəli
Qasımov idi. O vaxt Xarkovda, “Metallist”də oynayırdı.
Bakıda isə məni Nazim Hikmətdən də
yaxşı qarşıladılar. Gələn kimi “Ulduz”, “Azərbaycan”
jurnallarında çap olunmağa başladım. Mən
SSRİ Yazıçılar İttifaqına kitabsız qəbul
olunan iki-üç nəfərdən biriyəm.”- söyləyir.
İlk şeirini əsgərlikdə
yazıb. Sevdiyi qızın
nişanlandığını eşidəndən sonra, bu
hadisə ona çox pis təsir edib və ilk şeiri də
onda yaranıb. “Xoşqədəmli” adlı şeiri isə
ilk dəfə 1979-cu ildə “Azərbaycan gəncləri” qəzetində
çap olunub. Bildirir ki, şeir yazanda ekstaz vəziyyətində
olur. Düşünür ki, poeziya düşüncənin
üstünə ürək şəkli çəkməkdir.
Onu ütüləməkdir…
Deyir ki:- “Bir neçə il əvvəl
Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd
alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd
verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd
almağımdan heç kim şikayət eləməz.
İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə
sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə
salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik, amma
təqaüd verə bilmərik. Mənə yardım lazım
deyil, təqaüdə ehtiyacım var- söylədim…”
Haqqında söhbət açdığım
şair Əlisəmid Kür 8 fevral
1954-cü ildə Salyan şəhərində müəllim
ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər
3 saylı orta məktəbini fərqlənmə attestatı
ilə başa vurub. 1981-ci ildə Mirzəağa Əliyev
adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə
diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio
Verilişləri Komitəsində redaktor, Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan
Teatr Muzeyində müxtəlif vəzifələrdə
çalışıb. 1988-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə
AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif
Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan
Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin “Yol” ədəbiyyat qəzetində
şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat
qəzetinin baş redaktoru vəzifələrində
çalışıb. Bir sıra kitabların müəllifidir.
Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə
olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə
dərc olunub. 20 il ərzində dünyanın bir çox
şəhərlərində təşkil edilən şeir
toplantılarında Azərbaycanı təmsil edib…
…Xarizmatik
adamdır, öz sözü, mövqeyi olan şəxslərdəndir.
Heç bir təzyiq və şiddətlə onu
sındırmaq mümkün deyil. Necə deyərlər,
yalaq, miyanə adamlara nifrət edir və ömrünün
sonuna qədər azad yaşamaq üçün əlindən
gələni əsirgəmir. Başqasının həyatına
qarışmadığı kimi, öz həyatına da kiminsə
qarışmasını sevmir. Emosional tərəfi
güclüdür. Fəqət üzərində nəzarəti
itirmir. Anarxiyanı, xaosu xoşlamır, adət-ənənələrə,
qayda-qanumlara bağlı adamdır…
“Həyatda acığım
gələn 3 şey var: intihar, aclıq
aksiyası, mitinq. Nifrət edirəm üçünə də.
Sözün var, söz denən. Həyatın qədir-qiymətini
bilmək lazımdır. Gözümüzün
qabağında Ukrayna boyda ölkə dağılır.
Xocalıdan daha böyük faciənin şahidi oluruq. Mən
o ölkəni vaxtı ilə qarış-qarış gəzmişəm.
Ağır dərddir.”- söyləyir.
Təvazökar və çox çalışqandır. Yalanı sevmir,
alnının təri ilə yaşamağa üstünlük
verir. Kifayət qədər dürüst və həqiqətpərəsdir.
İnsanları başa düşə və onlarla
asanlıqla ünsiyyət qura bilir. İctimai həyata böyük
əhəmiyyət verir. Əylənmək və
yüngül həyat tərzi keçirmək onun işi
deyil. Həyatda ciddi və özünə qarşı tələbkardır.
Şübhəsiz ki, tənhalığı xoşlamır.
O, səxavətli, açıqürəklidir və insanlarla
səmimidir. Kiməsə yardım edəndə
özünü həqiqətən də xoşbəxt hiss
edir. Analitik təfəkkürü var. Qərarlarında
yaradıcıdır və hər kəsə kömək etməyə
hazırdır…
Deyir ki:- “İndi elə bir
dövrdür ki, Qənimət Zahidin vaxtı ilə
Mirşahinin vaxtı qarışıb. Millət də
qalıb ortada. Biz şeirimizi 15 il qabaq yazmışıq. Biz
nəyisə vəsf eləmək üçün
yaşamırıq axı. Mənim gözümün
qarşısında Xocalı faciəsindən daha
böyük Mariupol faciəsi yaşanır. Bu faciəni
göstərmək lazımdır. Xarı bülbüldən
dünyada yüz yerdədir. Polad Bülbüloğlu bantik də
vurub cır səslə mahnı oxuyur. Onu efirə
çıxarıb Qarabağ səsini unutdurmaq istəyirlər.
O vaxt Şuşada bir uşaq olub, deyiblər,
çıxırıq, gəl, tez elə. Deyib ki, mən evimi
qoruyuram da, niyə çıxım? Bax o uşağa heykəl
qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində,
şəhərlərində belə heykəllər var.
Adsız uşaq heykəli…”
…Gərginlik keçirmədən
yaşamağı xoşlayır.
Qaynardır, oturaq həyatı xoşlamır.
Qarşılıqlı anlaşma olmayan yerdə özünə
qapanır. Bir sözlə, zahirən soyuq görünsə də
əslində nəcib, emosional və canlıdır.
İnsanları sevəndə həqiqətən ürəkdən
sevir. O, müstəqil və azaddır. Çoxlu
tanışları olmasına baxmayaraq, əsl dostu çox
azdır…
“Dövrü mətbuatı
izləyirəm. İldə
iki-üç roman yazan yazıçılar peyda olub.
Onların heç birini oxumuram. Onların iyini bilirəm
çünki. Ümumiyyətlə, mən müsahibə verəndə
diqqətlə oxuyurlar, deyirlər, görək, Əlisəmid
kimin adını çəkəcək. Keçən dəfə
bir neçə nəfərin adını çəkmişdim,
sonra hiss elədim ki, adını çəkmədiklərim
inciyir bir azca. Həm də kiminsə adını çəkirsən,
kimsə yadından çıxır. Sonra özün narahat
olursan ki, niyə mən o cür istedadlı adamın
adını unutdum, çəkmədim. Yadımdan
çıxan uşaqlar bağışlasınlar məni. Mən
ad çəkməkdən daha çox kitablara ön söz
yazmaqla, özlərinə xoş söz deməklə dəstək
oluram gənclərə, şairlərə,
yazıçılara…”- söyləyir.
…Onunla bir neçə
il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə
tanış olmuşuq. Eyni oteldə qalırdıq. Olub
keçənlərdən, başına gələn hadisələrdən
danışır, sanki həmsöhbətinə özü
haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi,
illərin dərin cığırlar açdığı
siması, qalın səsi, danışarkən bədən
dili mənə uşaqlığımda gördüyüm
köhnə kişiləri xatırladırdı. Bu günlərdə
eşitdim ki, sağlamlığında ciddi problemlər
yaranıb. Ona Allahdan şəfa arzulayaraq “Qan-tər
içində” şeiri ilə söhbətimi başa vurmaq
istəyirəm:
“Əqrəbləri
itmiş saat kimiyəm,
Vaxt
ölür, çökür içimdə.
Cin
çapmış at kimiyəm,
Qan-tər
içindəyəm, anam,
Qan-tər
içində.
Zaman
dolaşıq nər qovğasında
Şeytan-mələk
davasında
Ürəyim
əlimdən gedir,
Çırpınır
qollarım qoynumda,
Gecəm
qan-tər içində, anam,
Günüm
qan-tər içində.
Bu əlim,
bu da lal dilim,
Sözü
xəmir kimi yoğuran dilim,
Cadar-cadar,
dilim-dilim
Söz əkib-becərən
dilim,
Sözüm
qan-tər içində, anam,
Dilim qan-tər
içində.
Alnımın
qırış yerindən
Taleyin
çaparı keçir.
Bu yurdun
süyər yerindən
Bir
ölüm qatarı keçir,
Elim qan-tər
içində, anam,
Obam qan-tər
içində.
Toxdayıb,
səbrimdən asıldım,
Buğlanıb,
ruhumdan asıldım,
Can
hanı, qəbrimə qısıldım,
Söndüm
qan-tər içində, anam,
Öldüm
qan-tər içində…”
Elman Eldaroğlu
Xalq
cəbhəsi.- 2025.- 25 sentyabr, ¹35.- S.15.