Səyavuş Aslan-90
Portret
...Nağıl
danışmaq istəyirəm, elə bir nağıl ki, sizə
onu xatırladacaq. Amma nağılın sonunda göydən
üç alma düşməyəcək. Hə,
nağıllar necə başlayırdı? “Biri var idi, biri
yox”-la. Bəli, bu dünyada Səyavuş Aslan adında bir
aktyor var idi...
Deyirdi
ki:- “Mən teatr aləminin ən xoşbəxt aktyoru
olmuşam. Gülüş ustası Lütfəli Abdullayevi həmişə
özümə müəllim bilmişəm. Doğrudur, o, mənə
heç zaman dərs keçməyib, amma mənəvi
ustadım olub. Bu yaşıma kimi çox sayda rol
oynamışam. Artıq qocaldığımı etiraf edirəm.
Bu yaşdan sonra özümə ancaq can sağlığı
arzulayıram. Amma görürəm ki, Türkiyəlilər
qocaman sənət adamlarının sənətlərini də
yüksək qiymətləndirir, onlara müəyyən rollar
verirlər. Bizdə isə aktyoru çərlədib
yorğan-döşəyə salırlar.”
Bir az
müdrik, bir az çılğın, bir az da əhlikeyf idi.
Onun teatr və kino sənətimizin ayaqda qalmasında xidmətləri,
tamaşa və bədii filmlərə verdiyi öz töhfələri olub. Yaratdığı obrazlarla
diqqət mərkəzində olan unudulmaz sənətkar
dövrünün eybəcərliklərini ustalıqla
ifşa edərək, tamaşaçının
yaddaşına həkk etdirə bilib...
Bir vaxtlar
onunla eyni kollektivdə çalışan Əməkdar incəsənət
xadimi, rejissor Bəhram Osmanov deyirdi: “Səyavuş Aslanla
münasibətlərimiz çox gözəl olub, mən onu
kifayət qədər çox istəyirdim. Səyavuş
müəllim çox yaxın adamım olub. Sadəcə
olaraq, son bir-iki ildə aramızda anlaşılmazlıq oldu.
Mən həmişə onun nazı ilə oynamışam.
Gördüm ki, onun nazı ilə həddindən artıq
çox oynamağım artıq digər aktyorlara pis təsir
edir. O da bundan çox ərköyünlük edir. Məcbur
olub, Səyavuş Aslanı “Arılar arasında”
tamaşasından çıxartdım. Bildiyimə görə,
ondan sonra kifayət qədər çıxıb mənim
haqqımda danışdı. Bu, onun öz fikirləridir. Səyavuş
Aslan Azərbaycan teatrının çox mötəbər
aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...”
Səyavuş
Aslan insan kimi kəskin təzadlı xarakterə malik olub. O,
özü qədər sevdiyi qadın üçün göz
yaşları tökməyi də, onu dəlixanaya
saldırmağı da bacarırdı. Hətta bəzi brend
mağazalardan bir kostyum istəməkdən belə
utanmırdı, həm də cəsarət göstərib
ölkə rəhbərindən özü üçün
deyil, gənc aktyorlar üçün təqaüd xahiş edə
də bilirdi. Şan-şöhrət, uğur, ailə xoşbəxtliyi
eyni vaxtda gəldiyi kimi, bir-bir əldən çıxa da bilərmiş.
Və bir gün Səyavuş Aslanın da başına bu
olaylar gəldi. O, heç bir qadının fitnəsinə uymazdı,
Ofeliya Aslan onun üçün bütün başqa
qadınlardan üstün idi. Amma onun şöhrətinə
heyran olan qadınlar vardı ki, ona rahatlıq vermirdilər. Bəlkə
də onun xoşbəxtliyinə elə haqqında yayılan
şayiələr son qoydu. Bu şayiələrdən usanan həyat
yoldaşında psixoloji problemlər baş qaldırdı. Elədir,
o da ailəsini sevirdi, amma qayğı göstərmək, bu
sevgini onlara yaşatmağı bacarmırdı...
Bəli,
biri var idi, biri yox. Bu dünyada Səyavuş Aslan adında bir
aktyor var idi. Taleyinə yazılan ömrü son saniyəsinədək
yaşayıb sonda Bərzəxə köçdü. Bu
dünyada çox mükafatlar almışdı- Azərbaycanın
xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
idi. Sinəsini "Şöhrət" və "Şərəf"
ordenləri bəzəyirdi. Amma Allahın ona o dünyada
mükafatı olacaqmı, deyə bilmərəm. Köməçkçisi
olan Sədaqət xanım aktyorun ömrünün
finalını bir vaxtlar belə təsvir edirdi: “İnanın,
5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan
Siyavuş Aslanın evində çalışıram.
Otaqları yığıram, yeməyini hazırlayıram,
yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini
vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət
ərzində bircə dəfə də görmədim ki, hər
hansı bir aktyor zəng vurub və ya gəlib Siyavuş
müəllimin səhhəti ilə maraqlansın. Sənətkara
qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin
gözləri həmişə qapıda olur. Mən bilirəm
ki, o bu saat diqqət istəyir. Adam görəndə çox
sevinir. Bütün günü evdə qalır,
darıxır. Heç kəs nə zəng vurub halını
soruşur, nə də əllərində 1 kilo alma tutub
qapısını açıb onu yoluxmağa gəlir.
Heç nə lazım deyil, elə maraqlanmaqları Siyavuş
müəllim üçün böyük şeydir.
Oğlu
Çingiz Siyavuş müəllimə demişdi ki, yanına
jurnalist gələcək, səninlə bağlı yazı
hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki,
üzümü taraş elə. Mənə də dedi ki,
saçımı dara. O, xəstə anında da insanların
gözünə xəstə kimi görünmək istəmir.
İstəmir ki, kiminsə ona yazığı gəlsin.
Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki
kimi, yenidən teatra üz tutacaq, inanın, teatr
üçün çox darıxır. Əyləşib
televizor qarşısında tamaşalara baxmaq istəyir...”
Sentyabrın
5-də 90 illik yubileyi sükut içində keçdi.
…Hə,
bir daha təkrar edirəm, gözləməyinə dəyməz,
axı demişdim ki, bu dəfə göydən alma
düşməyəcək...
Elman
Eldaroğlu
Xalq cəbhəsi.-
2025.- 11 sentyabr, ¹33.- S.15.