Teatrda heç kimlə
ikili
oyun oynamıram
Mədəniyyət
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
yanındakı çay evinə çatar-çatmaz, ən
küncdə əyləşən adam məndə qəribə
bir təəssürat yaratdı. Sanki o, bilərəkdən kənarda
oturub müşahidə edirdi. Kənarda dayanıb, səhnədə
böyük işlər yaradan biri kimi.
Əməkdar
artist, aktyor, rejissor Nicat Kazımovun APA-ya müsahibəsi
- Salam,
Nicat müəllim. Tıxacın əlindən şəhərdə
addım atmaq olmur.
-
(Gülür) hələ sentyabrın 15-i gəlsin...
(müsahibə sentyabrın 9-u götürülüb - red.)
-
Gör indi məktəblər başlayandan sonra nə olacaq.
2-3 saat əvvəl yola çıxmalı olacağıq ki,
vaxtında çataq. İş yerinə yaxın yaşayanlar
da işə maşınla gedirlər.
- Mən əvvəl
Kubinkada qalırdım, iş yerimə piyada da rahat gedə
bilirdim, məsafə yaxın idi. Amma elə olurdu ki, işə
çatanda birdən hardansa çağırırdılar və
ora getmək üçün məcbur maşından istifadə
etməli olurdum.
Oxuyan tələbə
zəif müəllimlə də oxuyur, güclü müəllimlə
də
- Həm
də siz 3 yerdə dərs deyirsiniz, maşın mütləq
lazım olur sizə.
- Mütləq.
- Bu qədər
işin arasında vaxtı necə bölürsünüz?
- Mən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dərslərini teatrda keçirəm. Tələbələr
də buraya gəlirlər. Əslində, bu, onlar
üçün daha yaxşıdır – birbaşa prosesin
içində olurlar. Məsələn, dərsimi deyib
qurtarıram, aşağıda məşqim olur, onlar da
düşüb məşqi izləyirlər. Bakı Musiqi
Akademiyasında isə mənim dərsim cədvəl üzrə
deyil. Əsas dərsdir, amma bütün dərslər bitəndən
sonra mən dərs keçirəm. Bakı Xoreoqrafiya
Akademiyasında isə dərsim olanda, günüm səhərdən
axşama qədər orada keçir.
- Dərslərinizə
tələbələrin marağı var?
- İncəsənətdə
belədir ki, maraq çox vaxt müəllimdən
asılıdır. Konservatoriyada tələbələrin əksəriyyəti
mənim dərsimə maraq göstərir, çünki
onların əsas fənlərindən biridir. Xoreoqrafiyada isə
bir az ikinci dərəcəli kimi yanaşırlar. Orada, məsələn,
magistraturada təhsil alanların içində Xalq artistləri,
əməkdar artistlər də var. Bilirsiniz, oxuyan tələbə
zəif müəllimlə də oxuyur, güclü müəllimlə
də. Mənim müəllimim rəhmətlik Əlabbas Qədirov
olub. Amma mən Bəxtiyar Xanızadədən də çox
şey öyrənmişəm. Dəhlizdə gəzəndə
görürdüm, Şahmar Ələkbərov dayanıb – qulaq
asırdım, görüm nə danışır. Həsən
Əbluc, Şəfiqə Məmmədova… Hər müəllimdən
bir şey öyrənmək olur. Bir də bizim peşədə
aydın məsələdir ki, praktika çox vacibdir.
Bu gün
əruz vəznində şeiri qiraət edə bilən
aktyorların sayı bir əlin barmaqlarını keçmir
-
Praktika olmaması natamamlıq yaradır.
- Elədir.
Məsələn, mənə şeir deməyi öyrədən
Şəfiqə Məmmədova olub, baxmayaraq ki, Şəfiqə
xanım özü şeir deməyi o qədər də
bacarmır. Birinci kursda oxuyanda bir gün universitetdə pilləkənləri
qalxırdım. O vaxt Şəfiqə xanım Musiqili teatr
kafedrasının müdiri idi, mən isə Dram və kino
fakültəsində oxuyurdum. Qarşıma çıxıb
dedi: “Gir otağa”. Otaqda isə birdən dedi: “Şeir de”. Təsəvvür
edin, birinci kurs tələbəsindən Şəfiqə Məmmədova
şeir istəyir. Təbii ki, həyəcanlandım.
Başladım Ramiz Rövşənin “Yenə bu şəhərdə
üz-üzə gəldik” şeirini deməyə.
Özümü öldürürəm, qaş-göz
oynadır, yüz hoqqadan çıxıram. Qulaq asdı,
asdı, birdən ortada dayandırıb soruşdu:
“Özünü niyə göstərirsən?” Tutuldum
qaldım ki, bu, mənə nə deyir? Sonra anladım ki, əgər
mən şeiri başa düşmürəmsə, nəyi
ifadə etdiyini anlamıramsa, sadəcə özümü
göstərməyə çalışacağam. Bəziləri
şeir deyir, aydın görünür ki, oynayır. Halbuki
oynamamaq da bizim peşənin əsas şərtlərindəndir.
Təəssüf ki, bu gün əruz vəznində şeiri qiraət
edə bilən aktyorların sayı bir əlin
barmaqlarını keçmir. Qiraətdə səsdən
düzgün istifadə etməyin öz qaydaları var. Hər
şeirə uyğun intonasiya seçməlisən, şeiri
özün analiz etməlisən. Necə ki, obraz üzərində
işləyəndə xırdalayaraq yanaşırsan, eyni
şey qiraətdə də edilməlidir.
- Bir
neçə ay əvvəl “Şah Abbas Namə”
tamaşası ilə bağlı tənqidlər səsləndi.
Deyilirdi ki, tarixdə hadisələr belə olmayıb, əsərdə
çox dəyişikliklər edilib. Tamaşa hazırlanarkən
bu cür ittihamların ola biləcəyini əvvəlcədən
təxmin edirdiniz?
-
İttihamı bir adam elədi, mən tanımıram, deyəsən
gənc blogerdi.
- Həmin
blogerin fikrini dəstəkləyənlər var idi.
- Vallah,
tamaşanı dəstəkləyənlərin çoxu hələ
onu izləməmişdi. Sosial şəbəkələrdə
isə hamı fikir bildirir: çəkməçi elə
sanır aktyorluğu bilir, bənna rejissorluğu, aşpaz isə
yazıçılığı və dramaturgiyanı
bildiyini düşünür. Ümumiyyətlə, bəzi
insanlar kiminsə haqqında pis nəsə yazanda sanki təskinlik
tapırlar. Təəssüf ki, bir qrup insan
qızılgülün gözəlliyini yox, yalnız
tikanlarını axtarır. İlqar Fəhminin
yazdığı sözügedən pyes sırf tarix deyil,
özü də bunu dəfələrlə vurğulayıb.
Bu, bədii əsərdir və biz proqramda da bilərəkdən
qeyd etmişik ki, “bu, tarixi hadisələrə bədii
baxışdır”. Əgər mən birbaşa tarixi səhnəyə
gətirsəydim, bu maraqsız olardı. Amma tamaşa
haqqında teatr ictimaiyyəti yekdilliklə müsbət rəy
bildirdi. Hətta gözləmədiyim uğur qazandıq.
Açığı, mən də ehtiyat edirdim,
çünki quruluş baxımından bu, bizim
tamaşaçının öyrəşdiyi formadan fərqlənirdi.
İctimai baxışa qədər İlqar Fəhmi
özü də tərəddüd edirdi: “Bu səhnədə
hər şeyi niyə şahmat üzərində qurub?” Amma
sonra gördü ki, doğru qərardır. Çünki
siyasət elə şahmatdır və əsərin qəhrəmanı
ömrü boyu dolayısı ilə şahmat oynayıb.
Üstəlik, müəllifin yazdığı yalnız bir
pyes deyil, dörd pyesdir, onlardan birinin adı da məhz “Şətrənc”dir.
Sabah başqa bir rejissor həmin əsəri götürüb
tamamilə fərqli quruluşda hazırlaya bilər – bu, onun
haqqıdır. Mənə qədər də “Şətrənc”i
Lənkəran Dövlət Dram Teatrı, “Vəliəhd”i isə
M Teatrı səhnələşdirmişdi. Mən isə
mövzunu bu cür görüb, bu cür də
hazırladım – bu da mənim haqqımdır.
- Sizin
rejissorluq etdiyiniz tamaşalarda əsasən yeni baxış
hiss olunur. Ola bilərmi ki, bu səbəbdən klassik
üsluba öyrəşmiş tamaşaçılar sizi qəbul
etməkdə çətinlik çəkirlər?
-
Əslində hər bir tamaşa özlüyündə bir
eksperimentdir. Ümumiyyətlə, “klassik hazırla” deyimi mənə
çatmır. 30 il əvvəl belə hazırlanıbsa, mən
də götürüb eyni şəkildə hazırlayım
– budurmu klassika? Müasir teatrın öz ənənələri
var. Rejissorluğun təhsilini aldın deyə, oxumaqla rejissor
olmaq olmur. Rəssamlıq məktəbini ildə nə qədər
tələbə bitirir, onların hamısı Səttar Bəhlulzadə
ola bilmir. Burada Allahdan gələn bir vəhy olmalıdır.
Mən həmişə bəstəkarları misal gətirirəm.
Bax, 7 not var – həmin 7 notdan Fikrət Əmirov “Sevil”
operasını necə yazardı, əgər Allahdan vəhy gəlməsəydi?
Tamaşa da belədir. Vaxtilə “Pəri Cadu”
tamaşasını mənim rəhmətlik müəllimim
Tofiq Kazımov hazırlamışdı. Mənim yaşım
çatmır onu görməyə, amma əsəri oxuyanda
tamam başqa şey gördüm. Demirsən ki, “Tamaşa belə
olmalı idi, get evdə oxu, necə istəyirsən elə
gör”. Sən oxuyanda belə, müəllif
yazdığı kimi görməyəcəksən. Sənin əxlaqın,
düşüncən, dünyagörüşün necə qəbul
edirsə, elə görəcəksən. Teatra gələndə
tamaşaçı rejissorun müəllif olduğu işə
baxır, mən belə görürəm. Mən o vaxt “Leyli və
Məcnun” tamaşasını hazırlayanda deyirdilər ki,
Leyliyə qarşı çox zorakılıq var, o
döyür, bu döyür. Mən isə belə
görürəm: Məhəmməd Füzulidən
çıxış edirəm, Füzuli belə yazıb və
mən görürəm ki, bu sözün əməli bu
olacaq.
- “Leyli
və Məcnun” tamaşasından söz
düşmüşkən, yaxın günlərdə həmin
tamaşanı yenidən sizin quruluşunuzda izləyəcəyik.
Bu dəfə hansı dəyişikliklər var?
- Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun”
tamaşasını hazırlamaq üçün Yusif müəllim
çox sağ olsun, məni dəvət etdi. Əslində bu
dəvət 2-3 il əvvəl edilmişdi, amma müəyyən
səbəblərdən gecikdi. Dəyişikliklərə gəldikdə
isə, mən yalnız quruluşda dəyişiklik edə bilərəm.
Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun musiqisinə
müdaxilə etmək mümkün deyil. Mən
çalışmışam ki, ifaçılar səhnədə
daha çox ünsiyyətdə olsunlar, dekor minimal olsun və
tamaşada antrakt öyrəşdiyimiz kimi 4-5 dəfə yox,
yalnız 1 dəfə keçiriləcək. Bundan əlavə,
səhnədə yalnız 1 Leyli və 1 Məcnun olmayacaq;
Leylilər və Məcnunlar olacaq. Məsələn: uşaq
Leyli, uşaq Məcnun, xanəndə Leyli, xanəndə Məcnun,
aktrisa Leyli, aktyor Məcnun və balerina Leyli, balerin Məcnun.
- Deyirsiniz
ki, aktyorluğun bütün sirlərini bilməyən insandan
rejissor olmaz. Bu fikrə rejissor kimi fəaliyyətə
başlayandan sonra gəldiniz?
- Bəli,
rejissorluğa başlayandan sonra bu fikrə gəldim.
Çünki gördüm ki, aktyorlar məni aldada bilmirlər.
Mən də aktyor olmuşam və o yolları keçmişəm.
“Aktyor deyəndə bu alınmır” demək mümkün
deyil – mən həmin anda göstərirəm ki,
mümkündür. Səndən yaşlıyam, təcrübəliyəm,
əgər mən bunu elədimsə, sən də artıq
bunu etməlisən. Bilirsiniz, əsəri oxuyanda artıq hiss
edirəm ki, hansı rolu hansı aktyor oynamalıdır.
- Olub
ki, əsəri oxuyub görəsiniz ki, bu rolda belə bir
xarakteristikaya malik aktyor olmalıdır, amma teatrda həmin aktyor
və ya aktrisa mövcud olmayıb?
- Olub.
Onda ya əsərdən imtina eləyirsən, ya da aktyor dəvət
edirsən.
- Bir
obraza görə əsərdən imtina etmək olar?
- Əsas
obrazdırsa, bəli. Məsələn, “Şah Namə
Abbas”da mən düşünmüşdüm ki, Şah
Abbasın gəncliyini Bəhram Əliheydər oynayacaq. Lakin Bəhramın
belində problem yarandı və oynaya bilmədi. Mən dərhal
düşündüm, “Başqa kim ola bilər?” və
Bakı Uşaq və Gənclər Teatrından Niyaz
Qasımovu tapdım. Niyaz sağ olsun, rolun öhdəsindən
gəldi. “Fiqaronun toyu”nda isə Günel Məmmədova
analıq məzuniyyətində olduğuna görə mən
Akademik Milli Dram Teatrından İlahə Səfərovanı dəvət
etdim.
- Kənardan
aktyor dəvəti məsələsinə görə, bir
neçə ay əvvəl Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında söz-söhbət
yaşanmışdı. Sizin teatrda belə və digər məsələlərdə
mübahisə və soyuqluq yarananda hansı reaksiyanı
verirsiniz?
-
Reaksiyalarım müxtəlif olur. Birinci növbədə
başa düşürəm ki, aktyorlar qısqanc ola bilər,
bu normaldır – mən də qısqancam, sadəcə onu necə
göstərdiyim önəmlidir. Əgər mənə elə
bir söz çatırsa, çalışıram o adama izah
edim: “Ay bala, mənə bu lazımdır, sən deyirsən
kimdən götürüm?” Deyir: “Filankəs”, mən
soruşuram: “Səncə filankəs bunu edə bilər?”,
deyir: “Xeyr.” Oğlum olsa belə, əgər rol ona uyğun
deyilsə, verməyəcəm. Ay, bu oğlumdur, gəlinimdir,
baldızımdır – mənim rol bölgümə onların
aidiyyəti yoxdur. Mən teatrda aldığım zövq
üçün işləyirəm, əgər zövq
almayıb yalnız oğlum üçün işləsəm,
onun üçün daha yaxşı olar ki, gedib bankda işləsin.
Mən açıq adamam, kimə nə münasibətim
varsa, hamı bilir. Teatrda heç kimlə ikili oyun
oynamıram. Əslində heç kimə pis münasibətim
yoxdur. Hər hansı incikliyimi içimdə saxlasam, sabah
böyüyüb üzə çıxacaq, ona görə də
həmin anda sözümü deyirəm. Bəzən məşq
vaxtı aktyor elə bir söz deyir ki, görürəm, bu mənim
ağlıma gəlməyib. Mən niyə onu qəbul etməyim?
Zərim tökülməyəcək ki. Biz ümumi iş
görürük və tamaşa bəyəniləndə
aktyor məndən çox təriflənir. Mən isə
qalıram kənarda, yada düşmürəm.
- Oğlunuzu
qeyd etdiniz, əvvəlcə təbrik edirəm,
nişanlanması münasibətilə. Gəlininiz də
aktrisadır. Bəzi aktyorlar və aktrisalar
övladlarının sənət adamı ilə ailə
qurmasına qarşı olduqlarını deyirlər. Siz də
əvvəllər belə bir fikirdə olmamısınız?
- Teatr
çox çətin peşədir, mən oğlumun aktyor
olmasını istəmirdim. Onlar bir-birlərini artıq 7 ildir
sevirlər, valideyn kimi öhdəmə düşən isə
övladımın xoşbəxtliyinə sevinməkdir.
Artıq Aygün də mənim qızım olacaq və arzu
edirəm ki, xoşbəxt olsunlar. Sadəcə bilirəm ki,
çox çətin peşəyə addım atıblar.
Ümid edirəm ki, onların həm şəxsi həyatı,
həm də səhnə həyatı uğurlu olacaq.
-
Televiziya, dublyaj işləri sizə əlavə imkanlar
yaradıb, yoxsa teatr fəaliyyətinizə maneə
yaradıb?
- Mən
eyni vaxtda 3-4 işi görə bilən adamam. Əksinə,
televiziyanın mənə köməyi olub. Birinci maddiyyat,
ikinci isə məşhurluq baxımından köməyi dəyib.
Bu gün məni tanıyırlarsa, televiziyadan
tanıyırlar, teatr tamaşalarına baxıb Nicat
Kazımov deyə tanımayıblar. Vaxt var idi, çox məşhur
olduğum dövrlərdə səhnəyə
çıxanda alqışlar olurdu, amma mən o
alqışları sənətimə verilən qiymət kimi
qəbul etmirdim. Tamaşanın sonunda məni
alqışlayanda qiymət hiss edirdim, o mənim
üçün əsl qiymət idi. Dublyaj işi isə
yalnız pul qazanmaq məqsədi daşıyırdı.
- Gənclər
teatrda maddiyyatın azlığından gileylənirlər. Deyəsən,
gənc olanda bütün aktyorlar teatrdan, verilən qiymətdən
gileylənir?
- Şəxsən
mən heç vaxt gileylənməmişəm. Məndən
xahiş edən olmamışdı ki, “Gəl, aktyor, rejissor ol”.
Valideynlərim də istəmirdi ki, bu sahəyə gəlim. Gəlmişəmsə,
özü yıxılan ağlamaz. Çətin olub və bu
gün də çətindir, yəni hər şey yağ,
bal içində deyil. Mənim problemlərim teatrın, sənətin
problemi deyil. İndi oğlumu evləndirirəm deyə teatr
restoranın xərcini boynuna götürməlidir? Lazım gələndə
dövlət kömək göstərir, tanınmış
adamlar xəstələndikdə və ya başqa vəziyyətlərdə
yardım edir. Bu, hamımızın gözü
qabağındadır. Bu gün mənim problemim varsa, dövlət
mənə kömək edə bilər də, etməyə də
– mən bunu tələb edə bilmərəm. Birinci növbədə
lazımlı olmaq lazımdır. Biz hamıdan nəsə
umuruq, düzdür, sənət adamlarının
sığala ehtiyacı var, amma heç kimi
günahlandırmaq olmaz.
- Aktyor
kimi Pantomima teatrında püxtələşmisiniz. Bəs bu
gün həmin teatrda, sizin vaxtınızdakı kimi peşəkar
mühit hələ də mövcuddur?
- Gəlin
müqayisə etməyək, çünki müqayisə etsək,
atalar və oğullar məsələsi yaranacaq. Pantomima
Teatrının təməli bizimlə qoyulub, bizdə olan həvəs
isə ayrı idi. 1990-cı illər aclıq vaxtı idi,
günlərlə çörək yemədiyim vaxtlar olub,
amma səhər tezdən universitetə gəlirdim, günorta
çıxıb teatra gedirdim, gecə saat 3-ə qədər
məşqə davam edirdik. Sonra evə gedirdim, evdə də
tamaşanın paltarlarını tikirdim. Nəyi müqayisə
edək? İndi hansı gənc bunu edir, ya da edə bilər?
- Bəzi
teatrlarda qalmaqallar oldu, bəzilərində hələ də
var. Nicat Kazımov bunun səbəbini nədə
görür?
-
Teatrın kökündə sevgi dayanır: bir-birini sevib
hörmət etmək lazımdır. Ən əsası, rejissor
aktyoruna, aktyor isə rejissoruna inanmalıdır. Çünki
inam olmayanda bütün o söz-söhbətlər ortaya
çıxır. Dədə-babadan belə olub: insanlar indiki
kimi tanış olub evlənməyiblər. Qız bilirdi ki,
onu bu oğlana veriblərsə, demək, ən layiqlisi budur və
ona inanıb həyatının bir parçasına
çevrilə bilirdi. O qadın ki, atılıb-düşəcək,
orada söz-söhbət də olacaq, ailə də
dağılacaq. Mənim də ətrafımda söz-söhbət
olur, mən də əsəbiləşib özümdən
çıxıram, çünki biz hisslərlə işləyirik.
Sondakı nəticə əsasdır.
- Siz həm
də seyyid nəslisindənsiniz. Həyatınızda cəddinizin
təsirini hiss etmisiniz?
- Dəfələrlə
görmüşəm. Mənim babam Mircəfər ağa,
atam Mirəziz Siyəzən zonasında hamı tərəfindən
tanınırdı. Bizim nəslimiz əslində
Maştağa seyyidlərindəndir. Mən uşaq olanda ocaq olaraq
həyətimizə gəlirdilər. Bəzən özün
də istəmədən sənə qarşı böyük
səhv edən adamın başına hansısa iş gəlir,
amma sən özün bunun belə olmağını istəməmisən.
Mən dəfələrlə bunu görmüşəm. Mənim
yanıma gələnlər də olub niyyət
üçün, amma mən elə şeyə birtəhər
baxıram.
- Niyə
bəs adınız Mirnicat kimi yox, Nicat kimi gedir?
- Axı
Sovet vaxtı elə yazdırmağa qoymurdular. Ən
kiçik qardaşıma amma babamın adını
yazdırmışıq.
Xalq Cəbhəsi.-
2025.- 18 sentyabr, ¹34.-S.15.