Gənclər Kitabxanasında
“Dünyaşöhrətli alim Lütfi Zadə -105” adlı
elektron məlumat bazası hazırlanıb
Bu gün dünyaşöhrətli azərbaycanlı
alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,
Kaliforniya Berkli Universitetinin fəxri professoru Lütfi Zadənin
anadan olmasının 105 illiyi tamam olur. Cəfər Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə
alimin zəngin elmi fəaliyyətindən və mənalı
ömür yolundan bəhs olunan “Dünyaşöhrətli
alim Lütfi Zadə -105” adlı elektron məlumat bazası
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat
bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Hazırlanan materialda Lütfi Zadənin həyat və fəaliyyətinin
əsas tarixləri, bir sıra görkəmli şəxslərinin
onun haqqında söylədikləri dəyərli fikirlər,
rəsmi sənədlərlə yanaşı, “Qeyri-səlis məntiq
nəzəriyyəsinin banisi”, “Dünyanı bütün
çalarları ilə qavrayan azərbaycanlı dahi” və
“Lütfi Zadə - xəyalla həqiqət arasındakı səddi
aradan qaldıran şəxsiyyət” məqalələrinin tam
mətni yer alır.
Elektron bazada alimin müəllifi, redaktoru olduğu nəşrlərin,
məqalələrin, eləcə də onun haqqında qələmə
alınan kitab və dövri mətbuat nümunələrinin
siyahıları təqdim edilir. Kitabxana əməkdaşları
tərəfindən hazırlanan bazada görkəmli alimin
sevimli kəlamları, xatirəsinin əbədiləşdirilməsi,
adına təsis edilən təqaüdlər haqqında məlumatlar
da yer alır.
Elektron bazada “Lütfi Zadə haqqında bilmədiklərimiz”,
“Dissertasiya və avtoreferatlar”, “Filmoqrafiya”, “Virtual sərgi”,
“Foto və videoqalereya” bölmələri də istifadəçilərə
təqdim olunur.
Elektron məlumat bazasında “Uzaq və yaxın sərvətimiz
– Lütfi Zadə” adlı videomaterial da yer alır. Materialda
Lütfi Zadəyə dünya şöhrəti qazandıran və
istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya
elmində inqilab sayılan qeyri-səlis məntiq nəzəriyyəsi,
“Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”,
“Sözlə işləyən kompüter nəzəriyyəsi”,
“Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya
elminin inkişafında, onun yeni əsaslar üzərində
qurulmasında mühüm rol oynayan elmi kəşfləri
haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən
hazırlanan materialda Lütfi Zadə haqqında xatirələr
səsləndirilir, həyat və elmi fəaliyyətini əks
etdirən, müxtəlif konfrans və görüşlərdə
lentə alınan foto və videogörüntüləri təqdim
edilir.
“Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə”
adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.
Xalq Cəbhəsi .- 2026.-5 fevral (¹5).- S.16.