İspaniyalı rəssam Nani Boronat: Qara Qarayevin
musiqisi təsviri sənətə işıq salır
2026-cı il fevralın 5-də Azərbaycan mədəniyyətinin
görkəmli nümayəndəsi, dahi bəstəkar,
akademik, tanınmış alim, pedaqoq və ictimai xadim,
SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ və Azərbaycan Dövlət mükafatları
laureatı Qara Qarayevin anadan olmasının 108-ci
ildönümü qeyd olunacaq.
Bu münasibətlə AZƏRTAC dünyanın
müxtəlif ölkələrindən olan musiqiçilər,
mədəniyyət və incəsənət xadimləri ilə
apardığı söhbətlər silsiləsini təqdim
edir.
Rəssam Nani Boronat (İspaniya) Qara Qarayevin
yaradıcılığı ilə bağlı təəssüratlarını
bölüşüb:
“Qara Qarayevin prelüdlərini eşitdiyim ilk anlarda
onun musiqisinin diqqətəlayiq bir keyfiyyətə malik
olduğunu anladım. Bu musiqi təsviri sənətə
işıq salır və mənə rəsm əsərlərini
daha dərindən görməyə kömək edir.
Xüsusilə, onun prelüdləri mənə həmyerlim Joan
Mironun yaradıcılığını, eləcə də
Vasili Kandinskinin əsərlərini xatırladır. Bir sənətkar
olaraq hesab edirəm ki, Qarayevin musiqisi dərindən ilhamverici
və son dərəcə cəlbedicidir. Bu musiqidə ölkəmin
folklor irsi olan flamenkonun müəyyən intonasiyaları ilə
qarışıq incə bir aromat hiss edirəm.
Gəncliyimdə böyük musiqi həvəskarı
olan atamın sayəsində Qarayevin əsərləri ilə
tanış oldum. Həmçinin mənə maraqlı bir mədəni
dünya açan Azərbaycan pianoçusu Ülviyyə
Abdullayeva ilə də işləyirəm. Ölkələrimiz
arasındakı coğrafi məsafəyə baxmayaraq,
xalqların mənəvi ənənələrində bir
çox ortaq tellər hiss edirəm: Əndəlüs
flamenkosunun dərin emosionallığı Azərbaycan
muğamı ilə sıx bağlılığa malikdir.
Bir rəssam kimi, Azərbaycan
xalçaçılıq sənətində təcəssüm
olunan simvolizm və həndəsi naxışlar məni daha
çox cəlb edir. Onlarda İspaniya Müdejar sənətinin
elementlərinin əks-sədasını tapıram. Bu
yaxınlıq Ülviyə ilə birgə layihəmizə -
köklərimizi musiqi və dekorativ sənət vasitəsilə
birləşdirdiyimiz “Əlhambradan Şirvanşaha” adlı sərgi
və konsertə səbəb oldu. Mədəniyyətlərin
dialoqunda Qara Qarayev obrazı mərkəzi yer tutur”.
Xalq Cəbhəsi .- 2026.-5 fevral (¹5).- S.16.