Yaxşı
adamları uzaqdan da tanımaq olur…
Onunla Şamaxıda keçirilən tədbirlərin
birində görüşmüşük. Orada dostların
çevrəsində o da var idi. Bacardığım qədər
müşahidə edib, onu dinləməyə və tanımağa
çalışdım.
Təbiətcə analitikdir. İnsanı diqqətlə
nəzərdən keçirib haqqında söz deməyi
bacarır. Qürurlu adamdır, amma cansıxıcı, quru
deyil. Liderlik keyfiyyətləri var. O, həmişə yenilik
axtarır, macəra həvəskarıdır. Risk etməyi, fərqliliyi
xoşlayır. Fikri ilə razılaşmayan insanlarla
mübahisə etməkdən çəkinmir.
Çılğın xarakteri var, insanlara sevgisini necə
göstərəcəyini dəqiq bilmir. Nə qədər
optimist olsa da, azadlığı uğrunda mübarizə
aparmağı bacarır. Onun emosiyalarını hər adam
duya bilməz. Bu emosiyaları başa düşmək çətindir.
Şən, mehriban xasiyyətinə görə ətrafdakılar
tərəfindən sevilir...
Qəşəm Nəcəfzadə onu belə
xarakterizə edir: “Mənə elə gəlir ki, o bəzi
şeirlərində yerini tez nişan verir, gizləndiyi yerdən
tez çıxır, bir az üstünü ay
işığı ilə, bir az yağışla, bir az
payızla örtməlidir ki, onu axtarsınlar, gəzsinlər
və qəflətən, uzun bir dəqiqədən sonra
çıxıb desin ki, “mən burdayam”. Azərbaycan
poeziyasında onu çox axtardım, bəzən tez
tapıldı, bəzən gec. Mən gec tapılan,
axtarılan, şeirdə obrazını gizlədən
şairləri çox sevirəm və o da orijinal, maraqlı
bir şair kimi bu sıradadır. Onun uşaqlıq və gənclik
dostu kimi, onu tanıyan, bilən adam kimi deyə blərəm
ki, məhz şeirlərində onun obrazı aydın
görünür. Mən onun ağlamağını
görmüşəm və bilirəm ki, ağlamaq qədər
insanı ifadə edən heç bir üslub ola bilməz.
Bacısı, ekiztayı rəhmətə getmişdi, mənə
xəbər verdi və doyunca ağladı, o
hönkürtünü heç vaxt unuda bilmirəm...”.
O, həyatı heç vaxt zarafat kimi qəbul etmir.
Hadisələri ağılla qiymətləndirməyi
bacarır. Heç kimin ağlına gəlməyən hadisələri
yaşadığına görə, özü ilə ətrafdakılar
arasında görünməz bir pərdə yaradır. O, həyata
praktiki baxır. Ətrafdakıların heyran
qaldığı və hörmət etdiyi insandır.
İşləri yaxşı gedəndə hər şeyə
nəzarət edə bilir və münaqişə yaradan
insanlara məhəl qoymur. Bəzən hədləriasanlıqla
aşmağa cəsarəti ona kömək edir. Bu da müxtəlif
problemlərə səbəb olur...
Qəşəm Nəcəfzadə daha sonra söyləyir:
“O, unudulmayan adamlardandır. İncikliyimiz də olub,
küsülülüyümz də. Amma bir gün keçəndən
sonra qarşılaşan kimi, ikimizi də gülmək tutub,
heç özümüz də bilməmişik ki, niyə
güldük, niyə küsmüşdük və niyə
barışdıq? Onun şeirlərini həmişə
sevmişəm, yaxşı cəhətlərindən hər
yerdə ağız dolusu danışmışam,
çünki onda yarımçıqlıq yoxdur, ürək
dolusu adamdır, sevgisi də bütövdür, şeiri də,
hətta sərbəst şeiri sevməməyi də. Bu da təbiidir.
Çünki, o heca şeirinin tanınmış nümayəndəsidir.
Hərdən mənim sərbəst şeirlərim haqqında
belə deməyi də var: “Axşam sənin o
nağıllarından bir-ikisini oxudum”. Bu cümlədə o
işarə əvəzliyi onu ifadə edir ki, yəni xoşum
gəlməyən nağıllarından...”.
Qavrama qabiliyyəti çox yüksəkdir. Sərt
görünüşə sahib olsa da, həzz və
rahatlıq aşiqidir. Ehtiyatlı, sabit və hətta
şübhəli olması uğurlarının ən
böyük amilidir. Hadisələrdə detallara böyük əhəmiyyət
verir. Bəzən onda qəribə bir tənhalıq hissi
yaranır və buna dözməyə çalışır.
Onun haqqında bilməli olduğunuz xüsusiyyətlərdən-
məntiqli və məzmunlu olmasını hökmən qeyd
etməliyəm və intellektual insan olduğunu deməyə
bilmərəm...
Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas
Qurban Bayramov yazır: “Onun adı gələndə
gözümün qabağında bu
çağımızın ziyalılar mühitində
cümləqayğı obrazı canlanır… Özü də,
möhtəşəm, boya-boy bir obraz! Onu AYB-nin
“qaraşuxası” da, “haqqa dayanan, haqqa söykənən,
könlünü şerə verən şair” də,
adlandırırlar və elə də var. Bütün bunlar
onun torpaq-Vətən oğlu olmağından irəli gəlir.İmişlidə
dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi
İmişlinin Ağamallar kəninin bol-bəhrəli,
yovşan ətirli çöllərində keçib,
aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb,
çiling-ağac oynayıb, tərəkəmə həyatı
yaşayıb. Elə onun səmimiliyi,
istiqanlılığı, şeirin vətəndaşlıq ətri
bu kənd-kəsəkdən gəlir, illər boyu şəhərdə
yaşasa da, evi-eşiyi şəhərdə olsa da,
çoxumuz kimi şəhər onu şəhərli edə
bilməyib. Bu xaotik şəhər mühitində bir kəndçi
balası qədərincə səmimiyyətini qoruyub
saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət
kimi onun poetik yaradıcılığına yansıyıb,
hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür,
özününküdür…”.
Liberal xarakterli insandır. Azadlığına
böyük əhəmiyyət verdiyi üçün
qaydaları, sosial normaları, qısqanclığı, şəxsiyyətinə
müdaxiləni qətiyyən sevmir. O, nə istəyirsə
hökmən olmalıdır. Bu xüsusiyyətinə görə
münasibətlərdə bəzən çətinlik
çəksə də, sağlam düşüncəsi və
ictimai quruluşu ona uğur gətirir...
Dayandur Sevgin 1959-cu ildə İmişli rayonunun Ağamalılar
kəndində dünyaya gəlib. 1976-cı ildə Zərdab
rayonunun Şəftəxal kənd orta məktəbini, 1982-ci
ildə Sumqayıt Politexnik Texnikumunu, 2008-ci ildə isə
Bakı Slavyan Universitetinin bədii yaradıcılıq
fakültəsinin bitirib. 2000-ci ildən 2021-ci ilədək “Kaspi”
qəzetində çalışıb. Hazırda AYB-nin “Ulduz”
jurnalında poeziya və nəsr şöbəsinin
müdiridir. Fevralın 5-i onun növbəti ad
günüdür. Bu dəfə 67 yaşı tamam olur. Təbrik
edirəm!
Bəli, yaxşı adamları uzaqdan da tanımaq
olur...
Elman Eldaroğlu
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.15.