Yeniyetmələrə sosial şəbəkə
qadağası: zərurət nədən yaranır?
Yeniyetmələrin sosial şəbəkələrdən
istifadəsinə qadağa qoyan ölkələrin sayı
getdikcə artır. Ötən həftə də Fransa Milli
Assambleyası 15 yaşına qədər olan uşaqların
sosial şəbəkələrdən istifadəsinin
qadağan edilməsi haqqında qanun layihəsini qəbul edib.
Bəs bunun Azərbaycanda da tətbiq edilməsi
mümkündürmü?
“Xalq Cəbhəsi” məsələni sosioloqlarla
müzakirə edib.
Araşdırmaçı ekspert Məhbubə Mehdiyeva
söyləyib ki, Fransa Milli Assambleyasının 15
yaşınadək uşaqların sosial şəbəkələrdən
istifadəsinin məhdudlaşdırılmasına dair qanun
layihəsini qəbul etməsi müasir rəqəmsal
mühitin uşaqların psixoloji, sosial və davranış
inkişafına təsiri ilə bağlı beynəlxalq elmi
yanaşmalarla uyğunluq təşkil edir: “Tədqiqatlar
göstərir ki, sosial şəbəkələr yeniyetmələr
üçün bir tərəfdən informasiya əldə
etmək və ünsiyyət imkanları yaratsa da, digər tərəfdən
zorakılıq, kibertəzyiq, zərərli vərdişlərin
təbliği və riskli davranışlarla
qarşılaşma ehtimalını artırır. Qlobal
statistik göstəricilər bu təsirin miqyasını
açıq şəkildə ortaya qoyur. Dünya üzrə
sosial şəbəkə istifadəçilərinin sayı
təxminən 5 milyarda yaxınlaşır və onların
mühüm hissəsini azyaşlılar və yeniyetmələr
təşkil edir. Beynəlxalq hesabatlara əsasən, 13–15
yaş qrupunda olan uşaqlar gündə orta hesabla bir neçə
saatını sosial platformalarda keçirir. Bu da bir sıra
hallarda emosional gərginlik, diqqət
dağınıqlığı və davranış
pozuntuları ilə əlaqələndirilir”.
Sosial şəbəkələrin düzgün
strategiya əsasında istifadə…
M.Mehdiyeva bildirib ki, eyni zamanda, sosial şəbəkələrin
düzgün strategiya əsasında istifadə edildikdə
ciddi maarifləndirici və preventiv potensiala malik olduğu da
elmi araşdırmalarla təsdiqlənir: “Sorğular göstərir
ki, gənclərin əhəmiyyətli bir hissəsi sağlam
həyat tərzi, psixoloji dəstək imkanları və zərərli
vərdişlərin fəsadları ilə bağlı ilkin məlumatları
məhz sosial platformalar vasitəsilə əldə edir. Bu
baxımdan “Talk to Frank” kimi beynəlxalq təşəbbüslər
sosial medianın narkomaniya və digər zərərli vərdişlərlə
mübarizədə effektiv kommunikasiya vasitəsi kimi rolunu
aydın şəkildə nümayiş etdirir”.
Görülən işlər
Ekspert vurğulayıb ki, Azərbaycan kontekstində də
rəqəmsal mühitin uşaqlar və gənclər
üçün yaratdığı risklərə
qarşı institusional mexanizmlər
formalaşdırılıb: “Sosial şəbəkələrdə
zorakılıq, psixoloji təzyiq və ya riskli
davranışlarla üzləşən uşaqlar
üçün “860 – Uşaq Qaynar Xətti” fəaliyyət
göstərir və bu xətt vasitəsilə operativ psixoloji
və sosial dəstək göstərilir. Bununla yanaşı,
narkotik vasitələrin yayılması və istifadəsi ilə
bağlı hallarda, həmçinin profilaktik məlumat almaq və
müraciət etmək məqsədilə “802 – Narkmaniya ilə
Mübarizə Qaynar Xətti” vətəndaşlar
üçün mühüm dəstək mexanizmi rolunu
oynayır. Təcili təhlükə hallarında isə
hüquq-mühafizə orqanlarının 102 xidməti
uşaqların və gənclərin təhlükəsizliyinin
təmin edilməsində əsas müdaxilə vasitəsidir.
Bu cür qaynar xətlərin mövcudluğu sosial şəbəkələrin
yaratdığı risklərin azaldılmasında yalnız
qadağalara deyil, vaxtında müdaxilə, məlumatlandırma
və psixoloji dəstəyə əsaslanan yanaşmanın
daha səmərəli olduğunu göstərir. Xüsusilə
zərərli vərdişlərin sosial şəbəkələr
üzərindən təbliği fonunda 802 qaynar xəttinin fəaliyyəti
preventiv mexanizm kimi mühüm əhəmiyyət kəsb
edir”.
“Sosial şəbəkələr nə tamamilə təhlükəli,
nə də faydalı vasitədir”
O əlavə edib ki, nəticə etibarilə, Fransada
qəbul edilən qanun layihəsi Azərbaycanda sosial şəbəkələrin
tənzimlənməsi ilə bağlı müzakirələr
üçün əhəmiyyətli analitik baza yaradır:
“Mövcud statistik göstəricilər və milli təcrübə
sübut edir ki, sosial şəbəkələr nə tamamilə
təhlükəli, nə də tamamilə faydalı vasitədir.
Onların cəmiyyətə təsiri birbaşa istifadə mədəniyyəti,
nəzarət mexanizmləri və mövcud dəstək
infrastrukturunun effektivliyindən asılıdır. Bu
baxımdan əsas məqsəd qadağalar deyil,
uşaqların və gənclərin təhlükəsizliyini
təmin edən, maarifləndirici və məsuliyyətli rəqəmsal
mühitin formalaşdırılması olmalıdır”.
“Qanunun qəbul olunması vacibdir”
Sosioloq Mail Yaqub qeyd edib ki, Azərbaycanda gənclərin,
yeniyetmələrin sosial şəbəkələrdən
istifadə etməsini qadağan edən qanunun qəbul
olunması vacibdir, zəruridir: “Çünki təəssüflər
olsun bəzi sosial şəbəkə istifadəçiləri
sanki konkret olaraq gənclərin, yeniyetmələrin qəsdinə
durublar. milli-mənəvi dəyərlərimizə zidd olan məzmunları
paylaşırlar, homoseksualizmi təbliğ edirlər: “Bu,
biabrçılıqdır. Bunun qarşısı mütləq
alınmalıdır. Həm o insanların qarşısı
alınmalıdır, həm də uşaqların, yeniyetmələrin
sosial şəbəkədən istifadəsinə qadağa
qoyulmalıdır. Əks halda, biz həmin uşaqları,
yeniyetmələri elə bu yaşdan itirəcəyik. Ona
görə ki, psixologiyası, mənəviyyatı pozulan
uşaq gələcəkdə faydalı insan ola bilməyəcək.
Biz buna inanmalıyıq”.
“Bu addım mütləq atılmalıdır”
Onun sözlərinə görə, prosedur necə,
hansı formatda olmalıdır bu artıq hüquqi məsələdir:
“Amma əsas olan odur ki, bu addım mütləq
atılmalıdır və hətta çoxdan atılmalı
idi. Avropanın beşiyində ən müasir ölkə olan
Fransa bu addımı atırsa, biz çoxdan atmalı idik.
Çünki biz müasirliyi Avropadan öyrənmişik.
Əgər onlar bu həyəcan təbilini çalırsa,
deməli, bu, çox ciddi məsələdir. Bu addım
mütləq atılmalıdır. Bunun hüquqi prosedurunu da
mütəxəssislər oturub fikirləşməlidirlər
ki, hansı formatda olsun”.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.14.