Qlobal güc balansında Avropanın yeni
sınaqları
Avropa İttifaqı son illər həm daxili siyasi
parçalanmalar, həm də qlobal güc balansında baş
verən dəyişikliklər fonunda ciddi sınaqlarla
üz-üzədir. Brexit prosesi ilə başlayan geosiyasi
ayrılmalar, ABŞ–Avropa münasibətlərində yaranan gərginliklər,
təhlükəsizlik və müdafiə sahəsində
artan qeyri-müəyyənlik Avropanın gələcək
strateji kursunu sual altına alıb.
Bir tərəfdən Avropanın özünü
müstəqil güc mərkəzi kimi formalaşdırmaq cəhdləri
müşahidə olunur, digər tərəfdən siyasi iradə
çatışmazlığı, liderlik boşluğu və
iqtisadi asılılıqlar bu prosesin qarşısında ciddi
maneələr yaradır. İqtisadi rəqabət qabiliyyətinin
zəifləməsi, enerji siyasətindəki səhvlər və
qlobal güclərin – xüsusilə ABŞ və Çinin –
təsirinin artması Avropanı strateji seçim
qarşısında qoyur: ya vahid siyasi iradə
formalaşdıraraq yeni mərhələyə keçmək,
ya da mövcud proseslərin diktə etdiyi reallıqlarla
barışmaq.
“Avropada siyasi iradə problemi”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə
açıqlamasında millət vəkili Hikmət
Babaoğlu söyləyib ki, əslində, avropalı siyasətçilər
Böyük Britaniyanın Avropa İttifaqından
çıxması – "Brexit" prosesi zamanı
Avro-Atlantika məkanında ciddi geosiyasi ayrılmanın
baş verəcəyini əvvəlcədən
proqnozlaşdırmalı idilər.
Deputatın sözlərinə görə, nəticə
etibarilə Avro-Atlantika məkanı avrosentristlər və
avroatlantikacılar olmaqla iki əsas cərəyana
bölünüb və hadisələrin bu cür
inkişafı gözlənilən idi: “Lakin həmin dövrdə
Avropada uzaqgörən siyasi liderlərin olmaması səbəbindən
Avropa ölkələri ABŞ-nin təhlükəsizlik
çətiri altından çıxmaq üçün nə
siyasi iradə, nə də cəsarət nümayiş etdirdilər.
Onlar bir növ iqtisadi rifahlarının bir hissəsindən
imtina etməyə məcbur oldular.
Hadisələrin sonrakı inkişafı Anqlo-Sakson
İttifaqının strateji düşüncə tərzinin
digər Avropa ölkələrindən köklü şəkildə
fərqləndiyini ortaya qoydu.
Bu strategiya daha çox uzunmüddətli perspektivə
hesablanıb və gəldiyimiz nöqtədə biz avrosentrist
cərəyanın əsas liderlərindən biri olan
Almaniyanın federal kanslerinin səsləndirdiyi reallıqlarla
üz-üzə qalmışıq. Avrosentrist xəttin digər
aparıcı lideri isə Fransadır. Hazırda Avropa yeni təhlükəsizlik
arxitekturasını məhz avrosentrist məntiq üzərində
formalaşdırmağa çalışır.
Bu gün səsləndirilən konseptual və fəlsəfi
açıqlamalar da onu göstərir ki, Avropa artıq
özünü ayrıca bir güc mərkəzi kimi
dünyaya təqdim etməyə hazırlaşır”.
Deputatın fikrincə, Avropanın bu məqsədlərə
çatması realdır və bu, hətta orta müddətli
perspektivdə mümkün görünür: “Yetər ki,
Avropada Avropanı ayrıca güc mərkəzi kimi təqdim
edəcək siyasi iradə formalaşsın. Avropanın
iqtisadi imkanları və sənayeləşmə səviyyəsi
buna tam əsas verir. Əgər ümumi təhlükəsizlik
üçün ÜDM-in 5 faizi yox, hətta 8 faizi xərcləmək
cəsarəti göstərilsə, yaxın 10 ildə tamamilə
fərqli bir Avropa mənzərəsi ilə
qarşılaşa bilərik.
Hazırda Avropada müşahidə olunan lidersizlik
fonunda əsas sual məhz bu siyasi qətiyyətin
olub-olmamasıdır.Mən hesab edirəm ki, bu istiqamətdə
artıq müəyyən addımlar atılır. Lakin
Avropanın qəti qərar verməsi üçün təxminən
3 ilə ehtiyac var. Üç ildən sonra ABŞ-nin Avropaya
münasibətlərində kəskin dönüş baş
verərsə, tamamilə fərqli bir mənzərənin
şahidi ola bilərik. Əks halda isə indiki proseslər
yeni və fərqli bir reallıq formalaşdıracaq”.
"Güc mərkəzi statusunu itirir”
Millət vəkili Azər Badamov diqqətə
çatdırıb ki, Almaniya kansleri Fridrix Merzin “Avropa birləşsə,
dünyanı dəyişdirəcək” fikri mövcud geosiyasi
və iqtisadi reallıqlar fonunda daha çox utopik xarakter
daşıyır.
Deputatın sözlərinə görə, Avropa
Birliyi uzun illərdir öz milli və institusional maraqlarına
uyğun müstəqil siyasət yürütməkdə
çətinlik çəkir və nəticədə
mövcud imkanlarını kənar güclərin təsiri
altına verib: “Hazırda dünyada iqtisadi, müdafiə və
texnoloji sahələrdə ciddi güc balansı dəyişiklikləri
baş verir. Qlobal proseslərdə əgər bir tərəf
öz üstün mövqeyindən düzgün istifadə
etmirsə, digər oyunçular bu boşluğu sürətlə
doldurur. Bu gün Avropa İttifaqında da məhz belə bir
proses müşahidə olunur. İqtisadi güc mərkəzi
tədricən Avropadan ABŞ-yə və Çinə
doğru dəyişir. Avropa Birliyinin Rusiyadan alınan ucuz
xammal və enerji resurslarından imtina etməsi birlik daxilində
istehsal sahələrinin zəifləməsinə, bəzi
hallarda isə tam dayanmasına səbəb olub. Bu qərarlar
mal və xidmətlərin qiymətlərinin artmasına,
Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin
azalmasına gətirib çıxardı. Nəticədə
daha ucuz və çevik texnoloji imkanlara malik Çin qlobal
bazarlarda üstün mövqe qazandı.
Xüsusilə Çin avtomobil və yüksək
texnologiyalar sənayesinin sürətli inkişafı Avropa
İttifaqının gələcək perspektivləri
üçün ciddi risklər yaradır. Digər tərəfdən,
ABŞ müdafiə və təhlükəsizlik məsələlərində
Avropanı NATO çərçivəsində
ayırdığı vəsaiti ÜDM-in 5 faizinə qədər
artırmağa məcbur edib. Avropa Birliyi müdafiə xərclərini
artırsa da, hələ də dayanıqlı və müstəqil
təhlükəsizlik sistemini formalaşdıra bilmir”.
Millət vəkilinin fikrincə, Avropa Birliyinin illərdir
apardığı yanlış və asılı siyasət
onun üzərində ABŞ-ın siyasi və hərbi təsirini
daha da gücləndirib: “Bu reallıqlar fonunda Avropanın
‘dünyanı dəyişmək’ iddiası daha çox siyasi
şüar təsiri bağışlayır”.
Günel Elxan
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.11.