YPG-nin aqibəti: hökumətlə əməkdaşlığa
doğru
Suriya şimal-şərqində baş verən son
döyüşlərdən sonra YPG və Suriya hökumət
qüvvələri arasında əməkdaşlıq
perspektivi gündəmə gəlib. Həsəkə və
Qamışlı istiqamətlərində formalaşan cəbhə
xətti və tərəflər arasında aparılan
danışıqlar regionda atəşkəsin möhkəmlənməsi
və uzunmüddətli sabitliyin təmin olunmasına
hesablanmış strateji addım kimi qiymətləndirilir.
ABŞ və İsraildən gözlənilən hərbi-siyasi
dəstəyin azalması YPG-nin alternativlərini məhdudlaşdırıb
və qruplaşmaları hökumətlə əməkdaşlığa
meylləndirib. Bu proses hökumətin nəzarət etdiyi ərazilərdə
təhlükəsizliyin gücləndirilməsinə,
silahlı qarşıdurmaların azalmasına və idarəetmədə
koordinasiyanın təmin olunmasına imkan yaradır.
Razılaşma YPG-nin yerli idarəetmə
strukturlarının hökumət sisteminə mərhələli
inteqrasiyasını nəzərdə tutur ki, bu da
şimal-şərq bölgələrində dövlət nəzarətini
möhkəmləndirir və uzunmüddətli stabillik
üçün zəmin yaradır.
“Atəşkəs və stabillik mərhələsi”
Hərbi ekspert Səxavət Məmmədov “Xalq Cəbhəsi”nə
açıqlamasında deyib ki, Suriya hökumət qüvvələri
ilə YPG arasında baş verən son döyüşlər
əsasən Həsəkə və Qamışlı istiqamətlərində
cəmləşmişdi.
Onun sözlərinə görə, tərəflər
arasında əldə olunan razılaşmaya əsasən, nə
Həsəkənin, nə də Qamışlının mərkəzinə
doğru hökumət qüvvələrinin irəliləməsi
nəzərdə tutulmurdu: “Faktiki olaraq tərəflər
arasında cəbhə xətti
formalaşdırılmışdı. Kürd silahlı qruplaşmaları
da ehtimal edilən yeni toqquşmaları nəzərə alaraq
həmin xətt boyunca müəyyən qüvvələr
yerləşdirmişdilər. Paralel şəkildə tərəflər
arasında danışıqlar prosesi gedirdi və bu prosesin
gedişinə xarici faktorlar ciddi təsir göstərib.YPG
ABŞ-dan və xüsusilə İsraildən gözlədiyi
hərbi-siyasi dəstəyi ala bilmədi. ABŞ tərəfindən
açıq mesajlar verildi ki, Suriyadakı kürd məsələsi
artıq prioritet deyil və bu problemin tərəflərin
öz daxilində həll olunması tələb olunur. Eyni
zamanda silah-sursat və maliyyə yardımları da faktiki
olaraq dayandırılıb. Yaranmış vəziyyət
kürd qruplaşmalarını hökumətlə
razılaşmaya məcbur edir.Hazırkı mərhələdə
YPG üçün alternativlər xeyli məhdudlaşıb.
Ona görə də bu qruplaşmalar məcburən Suriya
hökumət qüvvələri ilə əməkdaşlığa
getməyə razılaşa bilərlər. Bu isə ən
azı hökumətin nəzarət etdiyi ərazilərdə
daxili təhlükəsizliyin təmin olunmasına imkan yarada
bilər”.
Hərbi ekspert əlavə edib ki, gələcək mərhələdə
Suriya dövləti ordunun gücləndirilməsi və nizami
ordu modelinin formalaşdırılması üçün YPG
üzvlərinin bir hissəsini də silahlı qüvvələrə
inteqrasiya edə bilər: “Bu, real və mümkün
variantdır. Çünki YPG üzvlərinin bir qismi əvvəllər
də Suriya ordusunun və digər dövlətə
bağlı silahlı strukturların tərkibində
döyüşüb. Düşünürəm ki, danışıqlar
davam edəcək və yaxın zamanda bir sıra silahlı
qruplaşmaların dövlətlə əməkdaşlığa
getdiyini görəcəyik”.
“Suriya–YPG razılaşması sabitliyə xidmət
edir”
Politoloq Rəşad Bayramov qeyd edib ki, Suriya hökuməti
ilə YPG arasında əldə olunan atəşkəs razılaşması
həm hərbi, həm də inzibati baxımdan Suriya
üçün strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu razılaşma
təkcə mövcud qarşıdurmanın
dayandırılmasına deyil, eyni zamanda regionda uzunmüddətli
sabitliyin təmin olunmasına və hökumətin nəzarətinin
bərpasına xidmət edir :“Razılaşmanın əsas hərbi
komponentlərindən biri cəbhə xəttindən qüvvələrin
çıxarılmasıdır ki, bu da bölgədə gərginliyin
azalması və atəşkəs rejiminin möhkəmlənməsi
baxımından mühüm addımdır. YPG
döyüşçülərinin Suriya ordusunun strukturuna tədricən
inteqrasiya olunması hökumətin hərbi nəzarət
imkanlarını genişləndirir və paralel silahlı
strukturların mövcudluğunu aradan qaldırmağa yönəlib.Daxili
İşlər Nazirliyinin təhlükəsizlik qüvvələrinin
Hasekə və Qamışlı şəhərlərinə
yerləşdirilməsi inzibati baxımdan da əhəmiyyətlidir.
Bu addım hüquq-mühafizə funksiyalarının mərkəzləşdirilməsinə,
qanunsuz silahlı qrupların fəaliyyətinin məhdudlaşdırılmasına
və bölgədə dövlət institutlarının
möhkəmləndirilməsinə şərait yaradır”.
Rəşad Bayramov əlavə edib ki, razılaşma
inzibati idarəetmə sahəsində də dəyişiklikləri
nəzərdə tutur: “Belə ki, YPG-nin nəzarətində
olan yerli idarəetmə strukturlarının mərhələli
şəkildə Suriya hökumətinin sisteminə
inteqrasiyası paralel idarəetmə problemini aradan qaldıra və
koordinasiyalı fəaliyyətin təmin olunmasına imkan verə
bilər.
Bu razılaşmanın strateji nəticələri
kifayət qədər genişdir. Suriya hökuməti
üçün bu proses şimal-şərq bölgələrində
nəzarətin gücləndirilməsi və milli birliyin
qorunması baxımından vacibdir. YPG üçün isə
bu inteqrasiya silahlı qarşıdurmadan kənar fəaliyyət
imkanı yaradır. Ümumilikdə isə razılaşma
regionda gərginliyin azalması və uzunmüddətli
stabillik üçün mühüm zəmin
formalaşdırır”.
Günel Elxan
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.11.