ABŞ-İran gərginliyi: müharibə ehtimalı
varmı?
ABŞ-İran arasındakı gərginlik gün
keçdikcə daha da artır. Gərginliyin aradan
qaldırılması istiqamətində müzakirələr
gedir. Ekspertlərin bir çoxu hərbi qarşıdurma
ehtimalının yüksək olduğunu deyirlər. Oman
görüşü müsbət tendensiya kimi qiymətləndirilsə
də, amma əksər ekspertlər müharibə
ehtimalının yüksək olduğu qənaətindədirlər.
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri
və politoloqlarla müzakirə edib.
“ABŞ istəyinə nail olmaq üçün istənilən
addımları atmağa hazırdır”
Milli Məclisin deputatı Elşad Musayev bildirib ki,
ABŞ ilə İran arasında çox ciddi siyasi, hərbi,
ideoloji fərqlər var: “ABŞ dünyanın
supergücüdür . Venesuela hadisələri və digər
hadisələr də göstərdi ki, ABŞ istəyinə
nail olmaq üçün istənilən addımları atmağa
hazırdır. ABŞ və İran arasında müharibə
mümkündür, amma o müharibənin olmaması
üçün, ondan yayınmaq üçün
görünür, hələlik gizli danışıqlar
gedir, eyni zamanda, bölgə dövlətləri, xüsusən
Türkiyə, Rusiya o cümlədən ərəb ölkələri
bu müharibənin qarşısını almaq
üçün diplomatik danışıqları davam etdirirlər”.
“Bir sıra şərtlər var”
Deputat qeyd edib ki, ABŞ ilə İran arasında
münasibətləri düzəltmək üçün bir
sıra şərtlər var: “Tərəflər bu şərtlərin
həll olunmasını istəyirlər. ABŞ
üçün açıq göstərilir ki, nüvə
silahı vacib amildir. Əgər İran nüvə
silahına malik olarsa, onda həm İsrail üçün təhlükə
yaradar, həm bölgədə güc balansını dəyişər,
ümumiyyətlə, İran artıq şərt qoyan ölkələrdən
birinə çevrilər. ABŞ-nin əsas arqumentləri
budur və bunun üçün də açıq bildirir ki,
İran nüvə silahı əldə edə bilər,
Yaxın Şərqdə güc balansını dəyişər,
bu, İsrail üçün, region üçün təhlükədir,
həmçinin ABŞ-nin öz maraqları üçün
də təhlükədir”.
“Gərginlik müharibə nəticələnə bilər”
E.Musayevin sözlərinə görə, İran isə
bildirir ki, bu nüvə silahları sülh məqsədlidir,
enerji və təbii məqsədlər üçün
istifadə olunur və İran qeyd edir ki, onlara qarşı
sanksiyaların tətbiq olunması ədalətsizdir və s.
Amma ABŞ silah-sursatını böyük arma deyilən
İranın ətrafına yığıb. Ona görə də
bu danışıqların nəticəsi xeyli şeyləri
aydınlaşdıracaq. Əgər ümumi razılıq
olmayacaqsa, onda ABŞ və İsrailin İrana ilk növbədə
hava zərbələri vuracağını gözləmək
olar. Ondan sonra isə münasibətlər gərginləşəcək.
İran cavab atəş açacağını,
Hörmüz boğazını bağlayacağını
bildirir. Yəni gərginlik davam edir, istənilən an bu gərginlik
müharibə, münaqişə ilə nəticələnə
bilər”.
“Aktiv dialoq getməkdədir”
Politoloq Oqtay Qasımov söyləyib ki, İran və
ABŞ arasında hərbi qarşıdurma olma ehtimalı kifayət
qədər yüksəkdir: “Nəzərə alsaq ki, ABŞ
bölgəyə böyük bir donanma göndərir və
bu donanmaya əlavə qüvvələr də yoldadır.
Trampın özünün ifadə etdiyi kimi İrana göndərilən
qüvvələr Venesuelaya göndərilən qüvvələrdən
daha böyük və güclüdür. Bu da savaş və
gərginlik ehtimalını kifayət qədər
artırır”.
Onun bildirdiyinə görə, amma hazırda aktiv dialoq
getməkdədir: Tərəflər dolayısı yolla
danışıqlar aparırlar. Həm nəzərə alsaq
ki, Qətərin xarici işlər naziri İrana səfər
etdi və ABŞ-nin məktubunu İrana çatdırdı və
oradan cavabı geri götürdü. Bundan başqa
İranın xarici işlər naziri Ankaraya səfər etdi və
Türkiyə Prezidenti ilə xarici işlər naziri
arasında görüşlər keçirildi. Ankaranın təklifi
ilə ABŞ və İran nümayəndələrinin
Türkiyədə görüşünün keçirilməsi
ilə bağlı ilkin razılıq əldə olunub. Yəni
ilkin mərhələdə Tramp açıq şəkildə
bəyan etdi ki, bölgəyə hərbi qüvvələrin
göndərilməsi İranı danışıqlar
masasına oturtmağa və ABŞ-nin irəli
sürdüyü şərtləri qəbul etməyə hədəflənib”.
“Tərəflər danışıqlar masasına
oturmalıdır”
O.Qasımov deyib ki, əgər İran ABŞ-nin tələblərini
qəbul edəcəksə, o zaman savaş ehtimalı ortadan
qalxmış olacaq: “Yox, əgər ABŞ-nin irəli
sürdüyü 4 şərt qəbul olunmayacaqsa, o zaman hərbi
qarşıdurma ehtimalı kifayət qədər yüksək
olacaq və ola biləcək bu savaşın miqyası və
formasını indidən proqnozlaşdırmaq çətindir.
Çünki nəzərə alsaq ki, həm ABŞ bölgəyə
böyük yığınaq həyata keçirir və
İran da Rusiya və Çindən aldığı hərbi
vasitələrlə müqavimət göstərməyə
hazırlaşır. O baxımdan ABŞ Prezidenti maksimum şəkildə
çalışacaq ki, qısamüddətli güclü zərbələrlə
effektiv nəticələr alınsın. Amma bunun
mümkün olacağını indidən söyləmək
çətindir. Hazırkı şəraitə
baxdığımızda hərbi qarşıdurma ehtimalı
kifayət yüksək olaraq qalmaqdadır. Amma bunu aradan
qaldırmaq imkanı da var. Bunun üçün tərəflər
danışıqlar masasına oturmalı və
razılaşmalıdırlar”.
“ABŞ real olaraq savaşa qoşulmayacaq”
AĞ Partiya sədrinin müavini, siyasi şərhçi
Cavanşir Abbaslı deyib ki, tarix boyu bu iki dövlət –
ABŞ-İran heç vaxt üz-üzə gəlməyib:
“Bir-birilərinə qarşı hədə-qorxudan o tərəfə
getməyiblər. Amerika daha çox İsrail üzərindən
İranla bağlı planlarını ara-sıra gerçəkləşdirməyə
cəhd edib. Ona da görünən odur ki, hələ nail ola
bilməyib. Son olaraq İran xalqı vasitəsilə müəyyən
cəhdlər etdi, amma hazırkı situasiya onu deyir ki, molla
rejimi bu dəfə də “kəfəni yırtdı”.
Düşünürəm ki, proseslər hələ bir
müddət belə davam edəcək. Amma ABŞ real olaraq
savaşa qoşulmayacaq. Ola bilər ki, İsrail vasitəsilə
nəsə etməyə çalışsın, necə ki,
son olaraq 12 günlük savaşda bunun şahidi olduq. Bundan o tərəfə
gedən deyil. Unutmayaq ki, son proseslərin içərisində
qardaş Türkiyə də yer almaqdadır. Rəsmi Ankara
müharibənin tərəfdarı deyil. Son olaraq Məsud
Pezeşkianla Ərdoğan arasındakı telefon
danışığından, eləcə də xarici işlər
naziri Əraqçinin Türkiyəyə səfərindən
çıxış etsək, Türkiyənin mövqeyi
ortadadır”.
“Kreml İranın vurulmasına “yaşıl
işıq” yandırmaz”
O əlavə edib ki, ABŞ də bölgə dövlətlərinin
bu məsələdəki mövqelərini mütləq şəkildə
nəzərə alır və buna zatən məcburdur: “Bölgənin
əsas nəhəngi sayılan Rusiyanın da İranla
bağlı proseslərdə istəyi məlumdur. Heç bir
halda Kreml İranın vurulmasına “yaşıl işıq”
yandırmaz. Götürək elə regionun digər
kiçik dövlətlərini. Azərbaycan bunu istəyirmi?
Xeyr. Həmçinin Gürcüstan belə regionda
qarşılıq istəmir. Cırtdan Ermənistanın isə
Tehranla əlaqələri məlumdur. Yəni Amerika bu regionda
təklənər. Bir də unutmayaq ki, cənub qonşumuz
Venesuela deyil...”.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.10.