Gənclər siyasətinə xüsusi önəm
verililir
Hər bir dövlətin, cəmiyyətin gələcəyini
indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada
gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi
inkişafı, savadlı vətəndaş kimi böyüməsi
və digər vacib amillər onların gələcəkdə
cəmiyyətə inteqrasiyasında önəmli rol
oynayır. Müstəqillik qazandığı ilk gündən
dövlətimiz bu sahəyə xüsusi diqqət və
qayğı göstərir. Son illər bu diqqət və
qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və
təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və
olimpiya komplekslərinin inşası və s. buna sübutdur.
Azərbaycan öz müstəqilliyini bərpa etdiyi
dövrdən bu vaxta qədər gənclər siyasətinə
xüsusi önəm verililir. Qeyd edək ki, bu, heç də
təsadüfi deyil. “Gənclər bizim gələcəyimizdir”,
kəlamı ilə Ümummilli lider Heydər Əliyev məhz
gənclər siyasətinin ön planda olduğunu tam
zamanında diqqətə çatdırıb. Elə
Ümummilli Liderin bu kəlamını rəhbər tutaraq, Azərbaycan
öz müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən
ölkəmizdə gənclər siyasətinə xüsusi
diqqət göstərilməyə
başlanıldığını yaxşı
xatırlayırıq. Məhz müstəqilliyimizin bərpasından
sonra Ümummilli lider uşaq və gənclərin fiziki və
mənəvi inkişafına nə dərəcədə həssas
yanaşıb, nə dərəcədə xüsusi diqqət
ayırıb. Artıq biz həmin o həssas yanaşmanın,
həmin o diqqətin məntiqi nəticəsini görməkdəyik
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat
İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü
Akademik İbrahim Cəfərov deyib ki, Ulu Öndərin müəyyən
etdiyi gənclər siyasəti bu gün Prezident İlham
Əliyev tərəfindən müasir
çağırışlara uyğun şəkildə
ardıcıl və məqsədyönlü şəkildə
davam etdirilir. Prezident İlham Əliyev gənclər siyasətini
dövlətin strateji prioriteti kimi müəyyən edərək,
onların təhsilinə, məşğulluğuna, innovativ
düşüncə tərzinə və liderlik keyfiyyətlərinin
formalaşmasına xüsusi önəm verir. Dövlət
başçısının rəhbərliyi ilə həyata
keçirilən proqramlar Azərbaycan gəncliyinin intellektual
və peşəkar potensialının yüksəlməsinə
xidmət edir.
Bu siyasətin ən parlaq və tarixi nəticələrindən
biri Azərbaycan gəncliyinin Vətən müharibəsində
göstərdiyi misilsiz qəhrəmanlıq oldu. Məhz gənclərimizin
şücaəti, vətənpərvərliyi və Ali
Baş Komandan İlham Əliyevin ətrafında dəmir
yumruq kimi birləşməsi nəticəsində
torpaqlarımız işğaldan azad edildi. Qarabağda və
Şərqi Zəngəzurda dalğalanan üçrəngli
bayrağımız gənclərin Vətənə sədaqətinin,
Ulu Öndərin illər öncə
formalaşdırdığı milli ruhun və Prezident
İlham Əliyevin qətiyyətli siyasətinin təcəssümüdür:
“Bu gün Azərbaycan gəncliyi təkcə döyüş
meydanında deyil, həm də quruculuq prosesində fəallıq
göstərir. Azad edilmiş ərazilərin bərpasında,
sosial-iqtisadi inkişaf layihələrində,
könüllülük hərəkatlarında və dövlət
proqramlarının icrasında gənclərin fəal
iştirakı onların ölkənin gələcəyinə
verdiyi töhfənin göstəricisidir. Bu, gənclərə
göstərilən dövlət qayğısının
qarşılıqlı etimad və məsuliyyət üzərində
qurulduğunu nümayiş etdirir. Uzun illər Azərbaycan
Dövlət Aqrar Universitetində rektor kimi
çalışdığım dövrdə gənclərlə
daim ünsiyyətdə olmuşam və onların
potensialına yaxından bələdəm. Azərbaycan gəncliyi
savadlı, vətənpərvər və dövlətinə
bağlı gənclikdir. Məhz bu gənclər həm
torpaqlarımızı işğaldan azad etdi, həm də bu
gün ölkəmizin inkişafında fəal iştirak edir.
Onlara göstərilən dövlət qayğısı Azərbaycanın
güclü gələcəyinə ən böyük sərmayədir.
Əminliklə demək olar ki, Ulu Öndər Heydər
Əliyevin əsasını qoyduğu və Prezident İlham
Əliyevin prioritetə çevirdiyi gənclər siyasəti
Azərbaycanın güclü, müstəqil və qalib
dövlət kimi gələcək inkişafının ən
möhkəm təməlidir. Azərbaycan gəncliyi bu siyasi
kursun etibarlı davamçısı olaraq ölkəmizin
sabahını daha da güclü edəcək”.
Milli Məclisin deputatı Azər Allahverənovun
fikrincə, Azərbaycan cəmiyyətinin inkişafında gənclərin
rolu həmişə mühüm olub. Tarixin bütün
dövrlərində gənclər xalqın düşüncə
və iradə gücünün təcəssümü kimi
çıxış etmiş, yeniliklərə açıq
baxışı, enerjisi və vətən sevgisi ilə
mühüm proseslərin önündə dayanmışlar.
Müstəqil Azərbaycanın dövlətçilik modelində
də gənclərin fəaliyyəti xüsusi strateji əhəmiyyət
daşıyır: “Məhz bu forumdan sonra Heydər Əliyev
1997-ci il fevralın 2-də imzaladığı sərəncamla
2 Fevral Azərbaycan Gəncləri Gününü təsis
etdi. Beləliklə, Azərbaycan postsovet məkanında gənclər
gününü dövlət səviyyəsində qeyd edən
ilk ölkə oldu. Bu addım gənclərin dövlət
quruculuğunda roluna verilən strateji dəyərin, onlara
göstərilən etimadın rəsmi ifadəsi idi.
Heydər Əliyevin gənclərlə bağlı
siyasəti sadəcə təbliğat xarakteri
daşımırdı. O, gənclərin potensialını
dövlətin gələcək inkişafı
üçün intellektual və mənəvi kapital kimi qiymətləndirirdi.
1990-cı illərin sonlarından başlayaraq bu istiqamətdə
ardıcıl tədbirlər həyata keçirildi. Gənclər
və İdman Nazirliyi yaradıldı, gənclərin xaricdə
təhsil alması üçün dövlət proqramları
hazırlandı, eləcə də ictimai həyatda onların
fəallığının artırılmasına yönəlmiş
müxtəlif təşəbbüslər gerçəkləşdirildi.
Bu siyasətin mahiyyəti sadə, lakin dərin idi: gəncləri
dövlətə bağlı, müasir düşüncəli,
vətənpərvər və bilikli vətəndaş kimi
formalaşdırmaq.
2003-cü ildən sonra Prezident İlham Əliyev bu
siyasəti yeni mərhələyə yüksəltdi. Gənclərin
müasir çağırışlara uyğun
inkişafı dövlət strategiyasının tərkib hissəsinə
çevrildi. Bu dövrdə qəbul olunan “Azərbaycan Gəncliyi
2005–2009-cu illərdə” Dövlət Proqramı, “Gənclər
ili” elan olunması, Gənclər Fondunun yaradılması, gənclərin
innovativ layihələrinin dəstəklənməsi bu istiqamətdə
atılmış mühüm addımlar idi. Yeni dövrdə
gənclər artıq idarəetmədə, sosial
innovasiyalarda, elm və texnologiya sahəsində öz
sözünü deyən aparıcı qüvvəyə
çevrildilər.
Xüsusilə 2020-ci il Vətən müharibəsində
gənc əsgərlərin, zabitlərin və
könüllülərin göstərdiyi qəhrəmanlıq,
bu günün mənəvi yükünü daha da dərinləşdirdi.
O gənclər sübut etdilər ki, Heydər Əliyevin
formalaşdırdığı və İlham Əliyevin
inkişaf etdirdiyi nəsil dövlətinə, xalqına və
torpağına sədaqətlə xidmət edir. Onların fədakarlığı
Azərbaycan gəncliyinin əsl simasını cəsarətli,
vicdanlı, bilikli və vətənpərvər bir nəsil
obrazını göstərdi”.
İctimai fəal Əli Səlimovun fikrincə,
müasir Azərbaycan dövlətinin inkişaf fəlsəfəsində
gənclər xüsusi yer tutur. Bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
dövlət gənclər siyasəti həmin strateji xəttin
müasir dövrün çağırışlarına
uyğun davamıdır. Azərbaycan gəncliyi güclü
dövlətçilik ideyaları, milli maraqlara sədaqət
və müasir dünyagörüşü əsasında
formalaşır. Dövlətin əsas məqsədi gənclərin
bilikli, rəqabətqabiliyyətli və eyni zamanda milli-mənəvi
dəyərlərə bağlı vətəndaşlar kimi
yetişməsidir.
Günümüz dünyasında gənclər
müxtəlif ideoloji və informasiya təsirlərinə
açıqdır. Bu baxımdan gənclər siyasətinin
yalnız sosial layihələrlə məhdudlaşmaması,
ideoloji möhkəmlik və milli şüurun gücləndirilməsi
üzərində qurulması xüsusi əhəmiyyət
daşıyır. Azərbaycan modeli sübut edir ki,
müasirlik və milli kimlik bir-birinə zidd deyil, əksinə,
paralel şəkildə inkişaf edə bilər. Son illərdə
gənclər üçün yaradılan imkanlar bu siyasətin
praktik nəticələrini aydın şəkildə göstərir.
Gənclərin dövlət idarəçiliyinə cəlb
olunması və könüllülük hərəkatının
genişlənməsi gənclərin cəmiyyət həyatında
fəal rol almasına şərait yaradır. Bu, gənclərin
yalnız icraçı deyil, həm də təşəbbüskar
qüvvə kimi formalaşmasına xidmət edir: “Azərbaycan
gəncliyinin vətənpərvərlik ruhu xüsusilə 44
günlük Vətən müharibəsi zamanı
özünü açıq şəkildə göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında qazanılan tarixi Qələbədə gənclərin
rolu danılmazdır. Döyüş meydanında, arxa cəbhədə
və informasiya müharibəsində fəallıq göstərən
gənclər sübut etdilər ki, dövlətə sədaqət
və milli maraqlar uğrunda mübarizə onların həyat
mövqeyidir. Bu fakt gənclər siyasətinin real nəticə
verdiyini təsdiqləyən ən mühüm göstəricilərdən
biridir.
Qarşıdakı dövrdə gənclər siyasəti
daha çevik və nəticəyönümlü mexanizmlər
tələb edir. Gənclərin məşğulluğunun
artırılması, regionlarda yaşayan gənclər
üçün imkanların genişləndirilməsi,
intellektual potensialın iqtisadi inkişafa yönəldilməsi
əsas prioritetlər sırasında qalmalıdır. Dövlət
bu istiqamətdə ardıcıl addımlar atır və gənclər
bu siyasətin əsas tərəfdaşına çevrilir. Azərbaycanın
gələcəyi təsadüfi proseslərin nəticəsi
deyil, planlı və məqsədyönlü siyasətin məhsuludur.
Bu siyasətin mərkəzində isə milli maraqlara sadiq,
güclü dövlətçilik düşüncəsinə
malik gənclik dayanır.
Bu gün Azərbaycan gəncliyi dövlətin
etibarlı dayağı, sabahın isə qərarverici
qüvvəsidir. Onların inkişafı, möhkəmlənməsi
və ideoloji baxımdan sağlam yetişməsi Azərbaycanın
güclü və davamlı gələcəyinin əsas təminatıdır”.
Cavid
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.9.