Yeni Dünya Nizamı: “dövlətlər geosiyasi
dağıntıdan sığortalanmaq üçün yollar
axtarır”
Yeni Dünya Nizamı anlayışı son illər
tez-tez müzakirə olunur. Bu kontekstdə "Köhnə
dünya nizamı"nın nə vaxt bitməsi sualı
yaranır. Qlobal güc balansındakı dəyişikliklər,
müharibələr, iqtisadi böhranlar və geosiyasi
qarşıdurmalar yeni dünya düzəninin
formalaşmasına necə təsir göstərir?
Bu suallara Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi
Əli Zülfüqaroğlu ilə cavab tapmağa
çalışdıq. Əli Zülfüqaroğlu
Demokrat.az-a şərhində bildirdi ki, İkinci Dünya
Müharibəsindən sonra qurulan dünya nizamının tam
çöküş prosesinə qədəm qoyduğunu və
artıq sona çatdığını söyləmək
olar.
Onun fikrincə, geosiyasi böhran, müharibələr,
iqtisadi təlatümlər də məhz bunun, yeni dünya
nizamına keçidin nəticəsidir: “Məsələni
anlamaq üçün tarixi proseslərə nəzər
salmaq zəruridir. İkinci Dünya Müharibəsindən
sonra dövlətlərin iqtisadiyyatı
çökmüşdü və dövlətlər beynəlxalq
banklardan asılı vəziyyətə
düşmüşdü. Bundan istifadə edən beynəlxalq
banklar öz şərtlərini diktə etdilər, mərkəzi
bankların statusunu müəyyənləşdirdilər və
sonrakı mərhələdə isə ABŞ dolları “funt
sterlinq”i sıxışdırdı və dünyanın
rezerv valyutasına çevrildi. Dövlətlər buna həm
də ona görə asanlıqla razı oldular ki,
çünki dollar qızıla indeksli, yəni güvənli
idi. Bu sistem tədricən ABŞ və Avropada güclənməyə
və siyasi hakimiyyətlərə yiyələnməyə
başladı. Xüsusilə 1971-ci ildə qızıla
indeksli dollar sistemi ləğv edildi, dolların rezerv valyuta
olaraq qalmasını şərtləndirən petro-dollar
sistemi quruldu. Yəni dolların dünya rezerv valyutası
olaraq qalmasını təmin etmək üçün ABŞ
neft və qazın dollarla satışına nail oldu. Bununla da
FED istədiyi həcmdə dollar çap etmə fürsəti
əldə etdi. Fransa başda olmaqla buna qarşı
çıxan ölkələr və liderlər susduruldu. Nəticədə
dünyada fərqli mənzərə formalaşdı və
beləliklə də qlobal maliyyə oliqarxiyası ABŞ və
Avropada siyasi idarəetməni təsir altına aldı. Bununla
da dünya nizamı bu sistemin şərtləri əsasında
şəkilləndirildi”.
Ekspert bu sistemin təbii olaraq
çökdüyünü qeyd edib: “Çünki
dünyanın real iqtisadiyyatı təqribən 110 trilyon, amma
xarici borcu 320 trilyon dollara qədərdir. Dünyada dollar
kütləsi dövlətlərin milli gəlirindən o qədər
çoxdur ki, sürətli inflyasiya və ya
hiperinflyasiyanın qarşısının alınması
mümkünsüzdür. Bu da o deməkdir ki, petro-dollar
sisteminin davam etməsi mümkün deyil, dünyada yeni rezerv
valyutaların yaranacağı qaçılmazdır. Bir
sıra ölkələrin mərkəzi banklarının
sürətlə qızıl alması dolların aqibəti
ilə bağlı real mənzərəni ortaya qoyur”.
Siyasi şərhçi bu prosesin ilk növbədə
ABŞ-nin taleyini müəyyənləşdirəcəyini
diqqətə çatdırıb: “Dollar rezerv valyuta olmadan
ABŞ heç bir zaman supergüc ola və dünyanın bir
nömrəli ordusuna sahib ola bilməz. Ona görə də
Tramp çalışır ki, ABŞ-da sənaye güclənsin,
Çindəki Amerika şirkətləri ABŞ-yə gəlsin.
Problem ondan ibarətdir ki, Trampa qarşı əsas maneə elə
FED-dir. Ona görə də Tramp istər dünyada, istərsə
də ABŞ daxilində güclənmək və yüksələn
Çinlə rəqabət aparmaq potensialını qorumaq
üçün digər güclü dövlətlərlə,
xüsusilə Rusiya və Türkiyə ilə
hesablaşmağa məcburdur. Amerika qitəsi, Körfəz
ölkələri və Avropa İttifaqı ABŞ
iqtisadiyyatı üçün vazkeçilməzdir. Ona
görə də bu gün Avropa İttifaqının müstəqil
geosiyasi aktor olmaq cəhdləri, Kanadanın ABŞ-nin
maraqlarına zidd siyasət yürütməsi və.s kimi
amillər ABŞ üçün ciddi təhdid hesab olunur və
Vaşinqton heç bir halda bununla barışmaq niyyətində
deyil. Bu isə ABŞ-Avropa İttifaqı və ABŞ-Kanada
münasibətlərində ziddiyyətləri dərinləşdirir.
Nəticədə Qərb bloku və NATO-nun dağılma
perspektivi güclənir. Bu isə dünyada fərqli proseslərin
əsasını qoyur.
Ekspertin fikrincə, dövlətlər geosiyasi
dağıntıdan sığortalanmaq və bundan az zərərlə
çıxmaq üçün yollar axtarır, müxtəlif
ittifaqlar, hərbi bloklar yaratmaq haqqında
düşünür: “Ona görə də dünya daha
ağır iqtisadi, siyasi böhranın, hərbi
qarşıdurmaların astanasındadır və dünya əhalisini
daha təhlükəli mərhələlər gözləyir.
Təbii8 ki, yeni dünya nizamı bu mərhələ
keçilmədən qurula bilməz, bu proseslər isə 3-5
ilə yekunlaşmayacaq”.
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.6.