Müharibə cinayətləri:
Azərbaycan məkirli oyunların üzərindən xətt
çəkdi
Azərbaycan torpaqları uzun işğal edilərkən,
eyni zamanda Azərbaycan xalqına qarşı ağır cinayətlər
törədilib. Təbii ki, hər bir Azərbaycan vətəndaşının
arzusu torpaqlarımızın işğaldan azad olunması və
xalqımıza qarşı törədilən müharibə
cinayətlərinin iştirakçılarının öz
layiqli cəzalarını almaları idi. Və bu artıq
reallığa çevrilib.
“Xalq Cəbhəsi” mövzunu ekspertlərlə
müzakirə edib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Şəbnəm Həsənova vurğulayıb ki, “Azərbaycanın
qələbəsi tarixi qələbədir!” deyərkən
biz bunu hər bir amillə, atılan hər bir addımla,
göstərdiyimiz hər bir fakt və dəlillə sübut
etməyi bacarmışıq: “Bu gün Azərbaycan
dünyada elə bir təcrübə ortaya qoyur ki, bu təcrübə
həm öz ərazi bütövlüyünü və tam
suverenliyini bərpa etməyə əsaslanırsa, həm də
Azərbaycan xalqına qarşı insanlıq əleyhinə və
müharibə cinayətləri törətməkdə ittiham
olunan şəxsləri ədalət mühakiməsi qarşısına
çıxarmaqla, ədaləti bərpa etməklə xaotik
dünya nizamında nizam yaratmağı bacarır, nümunəvi
təcrübə formalaşdırır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev illərlə
qəti iradə, prinsipiallıq göstərdi”.
“Gücümüz və qətiyyətimiz sayəsində
ədaləti təmin etmiş ölkəyik”
Ş.Həsənovanın sözlərinə görə,
dövlət başçımız söz vermişdi ki, biz
həm torpaqlarımızı işğaldan azad edəcəyik,
həm də xalqımıza qarşı cinayət törədən
cinayətkərləri Azərbaycan məhkəmələri
qarşısında sorğulayıb, ədalətin bərpasına
nail olacağıq: “Dövlət başçımız
çıxışlarında bildirirdi ki, biz o zaman təhlükəli
tendensiyanı duymaya başladıq ki, ədalət məfhumu
böyük güclər tərəfindən Azərbaycan cəmiyyətinə
fərqli şəkildə təlqin etdirilməyə
çalışılırdı. Zənnimcə, bax, bu məqam
qırılma nöqtəsi idi. Azərbaycanda gedən məhkəmə
prosesi ilə bağlı xaricdən bizə qarşı
arxasında böyük güclərin dayandığı əsassız
siyasi təzyiqlər var idi. Lakin bunların heç biri Cənab
Prezidentin mövqeyinə təsir etmədi. Məhz öz
gücümüz və qətiyyətimiz sayəsində azərbaycanlılara
münasibətdə ədaləti təmin etmiş ölkəyik.
Bu, məhz ədalətin təntənəsidir. Azərbaycan
münaqişə və müharibələrin ədalətli
həlli üçün model ortaya qoyub. Dünyada belə təcrübələr
var, lakin bu təcrübələrin bəziləri beynəlxalq
birliyin ümumi səylərinin nəticəsi olur”.
“Azərbaycan bütün məkirli oyunların üzərindən
xətt çəkdi”
Politoloq əlavə edib ki, lakin Azərbaycan buna öz
gücünə nail olunmuş ölkədir: “Ermənistan
hakimiyyəti Azərbaycan xalqına qarşı cinayətlər
törədib, bu işlərin birbaşa
iştirakçısı olub və məhkəmələr də
Ermənistan dövlətinin məsuliyyət
daşıdığını təsdiq edib. Arutyunyan, Saakyan
Şuşanın işğalında iştirak edib. Məhkəmə
proseslərində faktiki aydın oldu ki, Ermənistan
işğal siyasətini ört-basdır etməkdən
ötrü qondarma bir rejim yaradıb. Həmin bu rejimin rəhbər
şəxsləri Ermənistanın işğal siyasətini
Qarabağda icra edən kəslər idi. Azərbaycan
bütün məkirli oyunların üzərindən xətt
çəkdi və dövlət başçımız
söz verdiyi kimi xalqımızın qanını yerdə
qoymadı”.
Dövlətin verdiyi mühüm mesaj
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Qarayeva bildirib ki, bu proses Azərbaycanın
postmünaqişə mərhələsində yalnız ərazi
bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini,
eyni zamanda ədalət anlayışını real hüquqi
müstəviyə daşıdığını göstərir:
“Müharibə cinayətlərində ittiham olunan şəxslərin
açıq məhkəmə qarşısına
çıxarılması dövlətin həm daxili
auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə verdiyi
mühüm mesajdır: münaqişə yalnız hərbi qələbə
ilə bitmir, ədalət təmin olunmadan sülh tam
sayılmır. Bu addım Prezident İlham Əliyevin hələ
müharibədən əvvəl verdiyi siyasi və mənəvi
vədin ardıcıl icrası kimi də qiymətləndirilə
bilər. Xarici təzyiqlərə baxmayaraq məhkəmə
prosesinin davam etdirilməsi Azərbaycanın suveren qərarvermə
iradəsini və hüquqi məsuliyyəti öz üzərinə
götürmək bacarığını ortaya qoyur”.
“Azərbaycan dolğun və prinsipial model ortaya qoyur”
Politoloqun bildirdiyinə görə, məhkəmə
prosesində səslənən faktlar və etiraflar isə
işğal dövrünün mahiyyətini daha aydın şəkildə
üzə çıxarır: “Təqsirləndirilən şəxslərin
ifadələri qondarma rejimin müstəqil struktur
olmadığını, Ermənistan dövlətinin hərbi-siyasi
nəzarəti altında fəaliyyət göstərdiyini təsdiqləyir.
Bu, urbisid, ekosid və insanlıq əleyhinə cinayətlərin
fərdi yox, sistemli siyasətin nəticəsi olduğunu
sübut edən mühüm hüquqi bazadır. Tarixdə
İsrail və keçmiş Yuqoslaviya nümunələrində
olduğu kimi, müharibədən illər sonra da olsa cinayətkarların
mühakiməsi ədalətin geciksə də
qaçılmaz olduğunu göstərir. Azərbaycan bu
baxımdan münaqişələrin natamam həlli
praktikasından fərqli olaraq həm siyasi, həm də
hüquqi cəhətdən daha dolğun və prinsipial model
ortaya qoymuş olur”.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.5.