Əbu-Dabi
görüşü: sülh prosesində növbəti mərhələ
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham
Əliyevin Ermənistan Baş naziri ilə
görüşü ölkələrimiz arasında sülh
prosesinə doğru atılmış mühüm və
strateji addım kimi qiymətləndirilir. Bu görüş
yalnız diplomatik əlaqələrin başlanğıcını
təmin etmir, eyni zamanda artıq paraflanmış sülh
müqaviləsinin imzalanmasına hazırlıq mərhələsi
kimi də xarakterizə edilir.
Artıq xarici işlər nazirləri və parlamentlər
səviyyəsində görüşlər baş tutub və
Əbu-Dabi görüşü bu prosesin növbəti mərhələsini
təşkil edir.
“Sülhə doğru addım…”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
sədri, millət vəkili Musa Quliyev “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, Əbu-Dabidə Azərbaycan
Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə
görüşünü böyük sülh müqaviləsinə
doğru atılmış növbəti addım kimi qiymətləndirmək
olar.
O qeyd edib ki, bu görüş ölkələrimiz
arasında münasibətlərin yumuşalması, diplomatik əlaqələr
və ortaq əməkdaşlıq üçün zəmin
yaradacaq: “Şübhəsiz ki, sülh müqaviləsinin mətni
artıq paraflanıb və şərtlər dəyişməz
olaraq qalır. İmzalanması isə Ermənistanın keçirəcəyi
Konstitusiya referendumundan sonra nəzərdə tutulur. Hesab edirəm
ki, bu ilin sonuna qədər sülh müqaviləsinin
imzalanmasını görə bilərik.
Müqavilənin imzalanması ilə yanaşı,
qonşuluq münasibətlərinin
normallaşdırılması və düşmənçiliyin
aradan qaldırılması üçün diplomatik və
iqtisadi sahədə də addımlar atılmalıdır. Bu
baxımdan artıq xarici işlər nazirləri və
parlamentlər səviyyəsində görüşlər
baş tutub və Prezident İlham Əliyevin Əbu-Dabi
görüşündən sonra hökumətlərarası və
parlamentlərarası münasibətlərdə daha bir istiləşmə
müşahidə oluna bilər.
Zamanla kommunikasiyaların açılması, Zəngəzur
dəhlizinin fəaliyyəti və digər strateji məsələlər
müzakirə ediləcək. Əbu-Dabi
görüşünü Azərbaycan diplomatiyasının və
Prezident İlham Əliyevin 44 günlük müharibədə
qazandığı hərbi qələbənin diplomatik
meydanda uğurlu davamı kimi qiymətləndirmək olar”.
“Sülh gündəliyi irəliləyir”
Deputat Əli Məsimli vurğulayıb ki, fevralın
4-də Birləşmiş Ərəb Əmirliklərinin Abu
Dabi şəhərində Azərbaycan Prezidenti İlham
Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan
arasında keçirilən görüş sülh gündəliyinə
və əməkdaşlığın genişlənməsinə
xidmət edən çox mühüm addımdır.
O qeyd edib ki, görüşdə sərhədlərin
delimitasiyası, Zəngəzur dəhlizinin
açılması və keçən ilin avqustunda Vaşinqtonda
paraflanmış sülh sazişinin icrası
üçün görüləcək işlər ətrafında
geniş müzakirələr aparılıb: “Abu-Dabi
görüşünü Vaşinqton
razılaşmasının dünyaya nümayişi və onun
sistemli şəkildə həyata keçirilməsi
baxımından da qiymətləndirmək olar. Bu
görüş həm diplomatik əməkdaşlığı,
həm də regionda dayanıqlı sülhün möhkəmlənməsini
təmin edən konstruktiv addımdır.
Hər iki tərəf görüşü uğurlu və
zəruri hesab edir. ABŞ vitse-prezidentinin regiona gözlənilən
səfərləri ərəfəsində baş tutması
isə görüşün strateji əhəmiyyətini daha
da artırır. Abu-Dabi görüşü, Azərbaycan və
Ermənistan arasında sülh müqaviləsinə doğru
növbəti mərhələ və dialoqun davamlı
olmasına xidmət edən vacib hadisə kimi qiymətləndirilə
bilər”.
Siyasi şərhçi Alim Nəsirov isə diqqətə
çatdırıb ki, Əbu-Dabidə keçirilən
görüş göstərir ki, Bakı ilə İrəvan
arasında dialoq artıq formal təmaslar mərhələsindən
çıxaraq konkret siyasi nəticələrə
hesablanmış müzakirələr müstəvisinə
keçməkdədir: "Sülh müqaviləsi layihəsinin
paraflanması tərəflərin üzərinə yeni məsuliyyət
qoyur və prosesi geri dönməz edir. Azərbaycan bu mərhələdə
mövqeyini dəyişmədən saxlayaraq
normallaşmanın əsas şərtlərini açıq
şəkildə ortaya qoyur və praktiki addımlarla sülh
niyyətini nümayiş etdirir. Bu addımlar regionda sabitliyin
yalnız bəyanatlarla deyil, real davranışlarla
formalaşdırılmalı olduğunu göstərir və
prosesin ağırlıq mərkəzini Ermənistanın
atacağı qərarlara yönəldir.
Görüşdə humanitar, ictimai və iqtisadi əlaqələrin
gündəmə gətirilməsi sülh prosesinin uzunmüddətli
xarakter daşıdığını göstərən
mühüm siqnaldır. Vətəndaş cəmiyyəti,
parlamentlər və iqtisadi strukturlar arasında əlaqələrin
qurulması qarşılıqlı etimadın institusional əsaslar
üzərində formalaşmasına xidmət edir. Lakin bu
istiqamətdə real irəliləyiş üçün
siyasi-hüquqi maneələrin aradan qaldırılması həlledici
olaraq qalır. Əgər normallaşma prosesi konkret hüquqi
dəyişikliklər və qarşılıqlı öhdəliklərlə
müşayiət olunarsa, Əbu-Dabi görüşü
regionda yeni mərhələnin başlanğıcı kimi
tarixə düşə bilər".
Günel Elxan
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.5.