Prezidentin Birləşmiş Ərəb Əmirlikləri
səfəri: Azərbaycanın uğurlu strategiyası
Fevralın 2-də Prezident İlham Əliyev Birləşmiş
Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər
edib. Səfər çərçivəsində bir çox
görüşlər keçirilib, müqavilə
imzalanıb.
Millət vəkilləri “Xalq Cəbhəsi”nə
Prezidentin BƏƏ-yə səfərinin Azərbaycan
üçün əhəmiyyətindən, həmçinin
Azərbaycan-BƏƏ əlaqələrinin inkişafına
təsirindən danışıblar.
Milli Məclis Sədrinin müavini Musa Qasımlı
bildirib ki, Prezident Cənab İlham Əliyevin Birləşmiş
Ərəb Əmirliklərinə səfəri zamanı
Əbu-Dabidə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla
görüşü, müzakirə edilən məsələlər
və onların iştirakı ilə imzalanan sənədlər
ölkələrimizin arasında münasibətlərin dərinləşdiyini
göstərir.
Onun fikrincə, ilk növbədə, münasibətlərin
dərinləşməsində dövlət
başçılarının qarşılıqlı səfərləri
və dostluq münasibətləri özünəməxsus
rol oynayır: “Bu səfər dövlətlərarası
münasibətlərdə şəxsiyyət amilinin
mühüm yer tutduğunu bir daha sübut edir. İkincisi, iki
ölkə arasında münasibətlərin müqavilə-hüquq
bazası yaradılıb. Strateji tərəfdaşlığa
əsaslanan münasibətlərin siyasi, iqtisadi, enerji, o
cümlədən bərpaolunan enerji, mədəniyyət,
humanitar və digər istiqamətlərdə inkişafı
qarşılıqlı fayda verir. Birləçmiş Ərəb
Əmirlikləri bərpaolunan enerji sahəsində ölkəmizdə
böyük işlər görür”.
“İki ölkə münasibətlərinin müqavilə-hüquq
bazası yaradılıb”
O əlavə edib ki, üçüncüsü, Azərbaycan
və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub
Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus
qeyri-nəzarət payının müəyyən hissəsinin
Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG
şirkətinə satışına dair alqı-satqı
müqaviləsinin, Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin
Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı
razılaşması barədə niyyət məktubunun
imzalanması əməkdaşlığın perspektivlərindən
xəbər verir, münasibətlərimizin maddi təməllərini
möhkəmləndirilir: “Dördüncüsü, Bakı ilə
Əbu-Dabi arasında qardaşlaşmış şəhərlər
münasibətlərinin qurulmasına dair məsələlərin
müzakirə edilməsi, nəzərdə tutulanların
yaxın vaxtlarda gerçəkləşdirilməsi ictimaiyyətin
əlaqələrinin və turizmin daha da genişləndirilməsinə
imkan verəcəkdir. Nəhayət, Əbu-Dabidə Azərbaycan
Respublikası və BƏƏ Silahlı qüvvələri
arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki
təlimi münasibətlərin müdafiə və təhlükəsizlik
sahələrində də dərinləşdirildiyini göstərir”.
“Münasibətlər yüksək səviyyədədir”
Milli Məclisin deputatı Tural Gəncəliyev deyib
ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin
BƏƏ-yə səfəri ərzində həm bu ölkənin
Prezidenti, həm də orada digər şəxslər, şirkətlər
arasında keçirilən görüşlərdə Azərbaycan
və BƏƏ arasında artıq mövcud olan münasibətlərin
daha da irəli aparılması imkanları gündəmdədir:
“Azərbaycan üçün BƏƏ çox mühüm
bir ölkədir. Bizim son zamanlar münasibətlərimiz
yüksək statusda qurulub. BƏƏ Fars körfəzinə
çıxışı olan və dünyanın əsas
ticarət arteriyası olan Hörmüz boğazının
düz yaxınlığında çox strateji bir
coğrafiyada yerləşir. Azərbaycan BƏƏ vasitəsilə
bir növ dünya ticarət arteriyasına
çıxış əldə edir. Eyni zamanda, böyük
maliyyə kapitalı, iqtisadi potensialı olan BƏƏ
çox mühüm strateji dost kimi Azəbaycanın
dünyada mövqeyini gücləndirir, cənab Prezidentin
liderliyini bir daha bütün dünyaya bəyan edir.
Böyük Avrasiya regionunda söz sahibi olan Azərbaycanla
dostluq isə BƏƏ üçün də bizim
coğrafiyaya çıxış deməkdir”.
Önəmli və əhəmiyyətli əməkdaşlıq
Deputat bildirib ki, xüsusilə də Orta Dəhliz və
dünyanın digər mühüm bir quru ticarət
arteriyası transport xəttinin keçdiyi Orta Dəhlizə
çıxış deməkdir: “Yəni Azərbaycan və
BƏƏ arasında həqiqətən də çox
yüksək səviyyədə olan münasibətlər, həmçinin
iki ənənəvi neft-qaz ixracatçısı ölkənin
digər sferalarda da - alternativ enerji mənbələri,
süni intellekt, kibertəhlükəsizlik və Yaxın
Şərqdə, ümumən, Cənubi Qafqaz-Xəzər
hövzəsi-Böyük Avrasiyada təhlükəsizlik məsələlərini
də müzakirə etməyə imkan verir. Yəni
coğrafiyasına və əhali sayına görə
böyük olmayan iki ölkənin, ancaq böyük siyasi
potensialı və öz siyasi proyeksiyası olan ölkələrin
əməkdaşlığı həqiqətən də
çox önəmli və əhəmiyyətli əməkdaşlıqdır”.
“Əlaqələr son onillikdə xüsusilə
intensivləşib”
Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib
ki, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfərləri
son illərdə iki ölkə arasında strateji tərəfdaşlığın
möhkəmlənməsində mühüm rol oynayır: “Bu
yüksəksəviyyəli görüşlər regionda artan
nüfuza malik olan bu iki dövlət arasında iqtisadi, siyasi və
mədəni əlaqələrin dərinləşməsinə
güclü təkan verir. Azərbaycan və BƏƏ
arasında əlaqələr son onillikdə xüsusilə
intensivləşib. Hər iki ölkə enerji sektorunda
aparıcı mövqelərə malik olmaqla yanaşı,
regional və beynəlxalq məsələlərdə
konstruktiv əməkdaşlığa üstünlük verir.
Prezident səfərləri çərçivəsində
imzalanan sazişlər və memorandumlar ikitərəfli
münasibətlərin hüquqi bazasını genişləndirir,
investisiya və ticarət əlaqələrinin inkişafı
üçün əlverişli şərait yaradır. Azərbaycan
Prezidenti İlham Əliyevə BƏƏ tərəfindən
sülhə verdiyi töhfəyə görə yüksək
mükafat təqdim edilib. Bu mükafat dövlət
başçısının regionda uzunmüddətli
sülhün və sabitliyin bərqərar edilməsi istiqamətində
göstərdiyi diplomatik səylərin, konstruktiv
yanaşmanın və sülhsevər siyasətin beynəlxalq
tanınmasıdır”.
Qarşılıqlı hörmət və etimad,
strateji tərəfdaşlığın simvolik ifadəsi
Onun sözlərinə görə, Prezident İlham
Əliyevin 44 günlük Vətən müharibəsində
Azərbaycanın ərazi bütövlüyünün bərpası,
işğal altında olan torpaqların azad edilməsi və
müharibə sonrası dövrdə regional sülhün təmin
edilməsi istiqamətində atdığı addımlar beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir:
“Mükafat xüsusilə Azərbaycanın Cənubi Qafqazda
davamlı sülhün, əməkdaşlığın və
regional inteqrasiyanın təşviqi sahəsindəki
çoxtərəfli səylərini əks etdirir. Müharibə
sonrası bərpa və yenidənqurma işləri, humanitar
yardım göstərilməsi, minalardan təmizləmə əməliyyatları,
insan hüquqlarının müdafiəsi və
qaçqın və məcburi köçkünlərin
öz doğma torpaqlarına qayıdışının təmin
edilməsi istiqamətində həyata keçirilən tədbirlər
də sülhə verdiyi töhfənin tərkib hissələridir.
Prezident İlham Əliyevin regionda çoxtərəfli
dialoqun, iqtisadi əməkdaşlığın və nəqliyyat-kommunikasiya
layihələrinin inkişafı yönündə irəli
sürdüyü təşəbbüslər də
mükafatın əsaslandırılmasında mühüm rol
oynayır. BƏƏ rəhbərliyi Azərbaycan Prezidentinin
beynəlxalq normalar və prinsiplər çərçivəsində
münaqişələrin sülh yolu ilə həlli, regional əməkdaşlığın
dərinləşdirilməsi və çoxtərəfliliyin
təşviqi sahəsindəki fəaliyyətini xüsusi
vurğulayır. Bu mükafat, eyni zamanda, iki ölkə
arasında mövcud olan qarşılıqlı hörmət
və etimadın, həmçinin ümumi dəyərlər əsasında
qurulmuş strateji tərəfdaşlığın simvolik
ifadəsidir”.
“Bunlar Azərbaycanın iqtisadi diversifikasiya məqsədlərinə
xidmət edir”
N.Həmzəyev bildirib ki, enerji sektoru ənənəvi
olaraq Azərbaycan-BƏƏ əlaqələrinin əsasını
təşkil edir: “BƏƏ şirkətləri Azərbaycanda
neft-qaz layihələrinə, eləcə də alternativ enerji
sahəsinə maraq göstərir. Azərbaycan isə
qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində
əmiratlı tərəfdaşların turizm, daşınmaz
əmlak, texnologiya və maliyyə sahələrində təcrübəsindən
yararlanmağa çalışır. Prezident səfərləri
zamanı müzakirə olunan investisiya layihələri Azərbaycanın
iqtisadi diversifikasiya məqsədlərinə xidmət edir.
BƏƏ-nin innovativ texnologiyalar və rəqəmsal
transformasiya sahəsindəki uğurları Azərbaycan
üçün mühüm təcrübə mənbəyidir.
İki ölkə arasında texnologiya transferi, birgə
innovasiya mərkəzlərinin yaradılması və kadr
hazırlığı istiqamətində əməkdaşlıq
perspektivləri geniş imkanlara malikdir. Təhsil sahəsində
tələbə mübadiləsi proqramları və birgə
tədqiqat layihələri də diqqət mərkəzindədir”.
Azərbaycanın çoxtərəfli xarici siyasət
strategiyasının uğurlu nümunəsi
O həmçinin əlavə edib ki, Azərbaycan və
BƏƏ arasında mədəni yaxınlıq ikitərəfli
münasibətlərin möhkəmlənməsində əlavə
üstünlük yaradır: “Turizm sektorunda əməkdaşlıq,
mədəni tədbirlərin keçirilməsi və xalqlar
arasında qarşılıqlı anlaşmanın dərinləşməsi
hər iki ölkənin maraqlarına cavab verir. Dubayda
yaşayan azərbaycanlı icma da əlaqələrin
inkişafında körpü rolu oynayır. Qafqaz və Xəzəryanı
regionda sabitliyin təmin edilməsi, tranzit və nəqliyyat dəhlizlərinin
inkişafı sahəsində Azərbaycan və BƏƏ
ümumi maraqlar daşıyır. BƏƏ-nin Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə dəstəyi
ikitərəfli münasibətlərin siyasi təməlini
möhkəmləndirir. Regional layihələrdə əməkdaşlıq
potensialı hər iki ölkəyə beynəlxalq arenada
mövqelərini gücləndirmək imkanı verir. Prezident
İlham Əliyevin BƏƏ-yə səfərləri Azərbaycanın
çoxtərəfli xarici siyasət strategiyasının
uğurlu nümunəsidir. Sülh mükafatının təqdimi
isə bu səfərlərin və ümumiyyətlə,
dövlət başçısının beynəlxalq fəaliyyətinin
əhəmiyyətini daha da artırır. Bu səfərlər
nəticəsində əldə edilən razılaşmalar
praktiki əməkdaşlığın genişlənməsinə,
investisiya axınının artmasına və iqtisadi
inteqrasiyanın dərinləşməsinə töhfə
verir. İki ölkə arasında münasibətlərin
dinamik inkişafı regional və qlobal proseslərdə
konstruktiv əməkdaşlıq üçün möhkəm
zəmin formalaşdırır və qarşılıqlı
faydalı tərəfdaşlığın gələcək
perspektivlərini açır”.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.4.