Tramp Xamenei ilə dil tapa biləcək?
ABŞ administrasiyası İranla
danışıqların Omanda keçirilməsinə
razılıq verib. "Axios" portalının məlumatına
görə, danışıqların fevralın 6-da baş
tutacağı gözlənilir.
Danışıqların gözlənildiyi bir zamanda
“Röyters” məlumat yayıb ki, ABŞ hərbçiləri
Ərəbistan dənizində ABŞ Hərbi Dəniz
Qüvvələrinə məxsus aviadaşıyıcıya
yaxınlaşan İran pilotsuz uçuş aparatını
vurub. Bildirilib ki, İranın "Şahid-139" PUA-sı
“Abraam Linkoln” aviadaşıyıcısına
yaxınlaşırmış.
“Voll Strit Jurnal”ın isə məlumatına görə,
İran katerləri Hörmüz boğazında Amerika tankerini
tutmağa cəhd edib.
Bildirilib ki, fevralın 3-ü səhər İran
qayıqları Hörmüz boğazında ABŞ neft tankerinə
yaxınlaşaraq dayanmağı əmr edib. Hadisə
Vaşinqtonun bölgədə artan hərbi iştirakı
fonunda baş verib.
Dəniz təhlükəsizliyi şirkəti olan
“Vanguard Tech”in informasiyasına görə, 50 kalibrli
pulemyotlarla silahlanmış altı İran qayığı
strateji əhəmiyyətli su yoluna girərkən tankerə
yaxınlaşaraq ekipajdan mühərrikləri söndürməyi
tələb edib.
Lakin gəmi sürətlənib və tezliklə
Amerika hərbi gəmisi tərəfindən müşayiət
olunub.
ABŞ rəsmiləri məlumatı təsdiqləyiblər.
“Tasnim” xəbər agentliyi isə mənbəyə
istinadən məlumat yayıb ki, İran İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz
uçuş aparatı (PUA) bütün
tapşırıqlarını uğurla yerinə yetirib və
əlaqə kəsilməzdən əvvəl lazımi məlumatları
ötürüb.
Bildirilib ki, İran hakimiyyəti hazırda PUA ilə əlaqənin
kəsilməsinin səbəbini müəyyən edə
bilmir və araşdırma aparılır. Mənbə qeyd
edib ki, “Şahed-129” dronu normal və qanuni missiyasının
bir hissəsi olaraq açıq sularda kəşfiyyat və
fotoçəkilişlər aparırmış.
Amma hələ də ABŞ-ın İrana hücumu
planı Trampın masası üzərindədəir.
Mövzu ilə bağlı qəzetimizə
danışan güney azərbaycanlı hüquq müdafiəçisi,
tədqiqatçı Maşallah Rəzmi deyib ki, ABŞ-la
İran arasında münasibət o qədər kəskinləşib
ki, yaxın günlərdə ABŞ-nin hücumu reallaşa
bilər: “Əgər İran geri çəkilərsə,
razılaşma əldə olunar və müharibə baş
verməz. Bəs İran ABŞ-nin şərtlərini qəbul
edərsə və müharibə baş verməzsə proseslər
necə cərəyan edəcək? ABŞ istəyir ki,
İran nüvə silahına sahiblənmək iddiasından
geri çəkilsin, 440 kq zənginləşdirilmiş
uranı təhvil versin, uzaqmənzilli-ballistik raket
proqramının dayandırsın və (Hizbullah, HƏMAS,
Hislər və s.) terror təşkilatlarına dəstəyini
kəssin: “İran danışıqlara hazır olduğunu
deyir, amma ABŞ-nin istəkləri, şərtlərini qəbul
edib geri çəkilməyə hazır deyil. ABŞ bilir ki,
İran həmişə müzakirələrdən vaxt
qazanmaq üçün istifadə edib. Tramp İranla
danışıqlar aparıb bir nəticə əldə etməyə
hazır deyil. Mənim fikrimcə, İran ABŞ-ın istəklərini,
şərtlərini qəbul etməyəcək, yox əgər
qəbul edərsə, İran hökuməti onsuz da süqut
edəcək. Əgər İran yalnız xarici düşmənlə
üzləşsəydi vəziyyətdən çıxa bilərdi,
amma indi həm xarici, həm daxildən təzyiqlə üzləşib.
Millətlə hökumət arasına qan düşüb.
Yanvarın 8-9-da millət etiraza qalxdı, on minlərlə
insan öldürüldü, bu zaman hökumət necə
dayana bilər. Artıq hökumət ölkəni idarə edə
bilmədiyini anlayıb, bütün sahələrdə geriləmə
var, millət sosial problemlər içində boğulur.
Dövlətin ancaq adı var, bütün səlahiyyət
Xameneinin əlində cəmləşib. Əgər müharibə
olmazsa rejim millətə qan uddurmaqda davam edəcək. Bu
rejimi ya xarici müdaxilə ilə, ya da daxildən millətin
ayağa qalxması ilə dəyişmək mümkün
olacaq”.
M.Rəzmi onu da vurğulayıb ki, əgər İran
ABŞ-nin şərtlərini qəbul etməsə, o zaman
müharibə başlayacaq, Vaşinqton Tehrana hücum edəcək.
Qonşu ölkələr tərəflər arasında vasitəçilik
edirlər ki, bu müharibə başlamasın: “Hətta
deyilir ki, Səudiyyə Ərəbistanının müdafiə
naziri şahzadə Xalid bin Salman Vaşinqtona gedib və deyib
ki, İrana hücum edilməsin. Əgər ABŞ İrana
hücum edərsə o zaman İran da ABŞ-nin müəyyən
ölkələrdə yerləşdirdiyi hərbi
bazalarını vuracaq. Amma nazir onu da deyib ki, əgər
ABŞ İrana hücum etmək qərarına gələrsə,
birdəfəlik etsin, yəni rejim çöksün. O da
deyilir ki, ABŞ öncə İranın rəhbəri və ətrafını
aradan götürsün. Digər bir ehtimal da odur ki, ABŞ
SEPAH-ın nöqtələrini susdursun, İranın hərbi
strateji obyektləri, zavodlarını bombalasın. ABŞ istəmir
ki, müharibə uzun çəksin. Trampın da fikri odur ki,
hücumu sürətlə və tez bir zamanda həyata
keçirsin. Amma ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi
əməliyyatı İranda edə bilməz. ABŞ ancaq
yuxarıda qeyd etdiyim hərbi nöqtələri vura bilər.
O da deyilir ki, ABŞ-nin əlində elə güclü
silahlar var ki, dünyanın heç bir ölkəsində
yoxdur. Çalışır ki, həmin silahlardan istifadə
edib İranı durdursun, yeni bir modern müharibəni
nümayiş etdirsin. Onu da deyim ki, İranda güc
strukturlarının elə bölmələri var ki, 47 ildir
millətə zülm edirlər, onlar yenə də öz
işlərini davam etdirəcəklər. Belə bir vəziyyət
yaranarsa, Xəzər dənizindən İran körfəzinə
qədər təlatüm yaşanacaq. İranın 15
qonşusu var, 7-si quru, 8-i su ilə sərhəd qonşusudur.
Onların heç biri bu hadisələrdən təsirlənməyə
bilməz, o cümlədən Güney Azərbaycanda da milli hərəkatın
yeni bir forması yarana bilər”.
Cavid
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.6.