SÖZÜN DƏ, ŞAİRİN
DƏ YAŞI OLMUR
Tapdıq Əlibəyli – 65
Şair ömrü illərlə misralara hopmuş
duyğuların, poetik yaddaşın izləri ilə
yazılır. Bu fikir müstəvisində, şair-publisist
Tapdıq Əlibəylinin 65 illik yubileyinin ərəfəsində
onun sənətinə və həyatına bir daha nəzər
salmaq fürsəti yaranır.
Düşünürəm ki, tale ilə üz-üzə
gəlmiş şair ünvanlı bir qəlbin
hesabatıdır bu yubiley. Amma bu altmış beş il sadəcə
zaman ölçüsü deyil - arxada qalan
ağrılı-acılı yolların, sevinc və kədərin
qoşa addımladığı bir ömür salnaməsinin,
vətəndaş mövqeyinin və poeziyanın zəngin xəritəsidir.
Çünki elə insanlar var ki, yaşlarını illərlə
yox, yazdıqları sözlərlə ölçürlər.
Tapdıq Əlibəyli məhz belə sənətkarlardandır.
Onun da tale payına “söz” məsuliyyəti düşdü.
Yazıb-yaratdıqları ilə o, uca sözə sədaqəti,
poeziyaya mənəvi məsuliyyəti sayəsində ədəbi
mühitdə özünə məxsus, artıq təsdiqlənmiş
və tanınan bir ünvana çevrildi.
Yaradıcılıqda özünə meyar olaraq Xalq şairi
Zəlimxan Yaqubun poetik ucalığını qəbul edir və
bu ucalığı belə dəyərləndirir:
Zəlimxan ilhamı bir dünya qurdu,
Zamanın fövqündə sözü təzə-tər.
Nə qədər şeir var diri-durudu,
O səs, o nəfəsdən durular bəşər.
Tapdıq Əlibəylinin poeziyası da məhz bu diri
sözlərdəndir. Onun misralarında səs var, nəfəs
var, ruh var. Bu sözlər oxucunu təkcə
düşündürmür - onu saflaşdırır,
duruldur, iç dünyasına işıq salır. Bu poeziya
süni deyil; yaşanmış hissin, halın, taleyin və
vicdanın səmimi ifadəsidir.
Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır...
Şairliyin yaşı olmur!
Bu dördlük Tapdıq Əlibəylinin yaradıcılıq
taleyinin poetik açarıdır. O, gah dərviş kimi
könül qapılarını döyür, gah şaman kimi
yaddaşın dərin qatlarına enir. Onun şeiri bəzən
səhər işığı kimi ümid gətirir, bəzən
axşam sükutu kimi insanı özü ilə üz-üzə
qoyur. Bu yol Yunus Əmrələrin, haqq aşiqlərinin,
söz fədailərinin yoludur. Söz onda həm dua, həm
çağırış, həm də məsuliyyətdir.
Vətən mövzusu Tapdıq Əlibəylinin
poeziyasında sadəcə mövzu deyil - taledir. Xüsusilə
44 günlük Vətən müharibəsi onun şeirində
xalqın qəhrəmanlıq səlnaməsinə
çevrilir. Hər misrada savaşın nəfəsi duyulur,
şəhid ruhu dolaşır, Xudayar təsnifinin sədası
eşidilir… Bir də gözləri yollardan çəkilməyən
analar, yarımçıq qalan arzular, nisgilli nişanlı
qızların səssiz göz yaşları…
Qırx dörd günlük savaş səsi –
Qəhrəmanlıq səlnaməsi.
Sönbaharın yaz çöhrəsi
Şəhidlərin gül üzündə
Gülümsəyir göy üzündə…
Bu misralarda ağrı ilə qürur
çiyin-çiyinə addımlayır. Şair şəhidlərin
gül üzündə yazı görə biləcək qədər
saf, uca və mərhəmətli baxmağı bacarır.
Tapdıq Əlibəyli üçün torpaq sadəcə
məkan deyil - qüdsiyyətdir, kimlikdir, alın
yazısıdır. O, torpağı türk taleyi, türk
yazısı kimi dərk edir. Onun üsyanı da, sevgisi də
buradan doğur. “Tarix türkə, türk tarixə
yaraşır” deyərək sözünü dünyaya deyir və
türk olmağın şərəfini poeziyanın dili ilə
əbədiləşdirir:
Türk soraqlı qüdsiyyətim - bu torpaq,
Qanımdakı heysiyyətim - bu torpaq,
Qayəmdəki hüsniyyətim - bu torpaq,
Azərbaycan - Tanrı yazan ünvanım!
Üçrəngli Bayraq isə onun poeziyasında
sönməyən əqidə çırağıdır -
yol göstərən, ruh oyadan, Vətəni Günəş
kimi isidən bir işıqdır:
Üçrəngli Bayrağım -
Hürriyyət sorağım!
İstiqlal yolunda
Əqidə çırağım!
Tapdıq Əlibəyli 65 yaşında bir daha
sübut edir ki, o, yaşa söz qatmayıb - sözə
ömür qatıb. Onun ömrü misralarındakı təravətlə
birgə axır, gündən-günə daha da şirinləşir
və zaman-zaman mənəviyyatımızı zənginləşdirərək
dünyamızı işıqlandıracaq. Məhz bu mənəvi-estetik
keyfiyyətlər Tapdıq Əlibəylinin sözünə
digər yazarların münasibətində də aydın
görünür. Tanınmış şair İladi Öməroğlu
Tapdıq Əlibəylini gözəlliyə meyil salan,
sözü bülbülün nəğməsi, gülün ətri
qədər saf və təbii olan şair kimi dəyərləndirir:
“Gözəlliyə meyil salar,
Bülbüldən, həm güldən yazar!”
O, həmçinin Tapdıq Əlibəylinin
poeziyasında insafın, dinin, elm və irfanın, zəhmətkeş
insanın - “qabarlı əlin” müqəddəsliyinin sözə
çevrildiyini görür və bu mənəvi
yaxınlığı söz qardaşlığı kimi qəbul
edir:
“İnsaf-dindən, elm-irfandan,
O qabarlı əldən yazar!”
Tapdıq Əlibəylinin qələmindən
çıxan hər bir əsər insana yaşamağı,
yaratmağı, Vətəni, insanı və Uca
Tanrını sevməyi öyrədir. Onun poeziyası ədəbiyyatımız
üçün dayaqdır, arxadır, örnəkdir. Bu əsərlər
həyat fəlsəfəsi, gənclik eşqi və sabaha
inamla dolu olduğu üçün gəncləri gələcəyə
aparan yorulmaz qanadlara çevrilir.
Dəyərli şairimiz, dəyərli Vətənoğlu,
arzumuz budur ki, sözünüz həmişə diri
qalsın, ilhamınız Uca Tanrının xeyir-duası ilə
qurumayan bulaq kimi daim çağlasın. Qələm yolunuz
işıqlı olsun, misralarınız Vətənə,
insana və həqiqətə xidmət etsin. Sizə möhkəm
can sağlığı, uzun ömür, ruh genişliyi və
yeni-yeni poetik zirvələr arzulayırıq.
Çünki dəyişməyən bir həqiqət
var: sözün də, şairin də yaşı olmur.
Vidadi Orucov,
Lənkaran Dövlət Universitetinin
Fizika, kimya və biologiya kafedrasının müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.15.