Şəhid leytenanta həsr
olunmuş kitab - “9-cu mərtəbə”
Azərbaycan Milli Kitabxanasında F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı
ilə yazıçı İlqar Kamilin “9-cu mərtəbə”
adlı sənədli romanının təqdimatı olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, roman 44-günlük
Vətən müharibəsi şəhidi tank komandiri, leytenant
Murad Nağıyevin qəlbindən süzülüb gələn
məktubları, yaranmış ağrıları və sonsuz
Vətən sevgisini sözə çevirən sənədli əsərdir.
Əsər şəhidin həyat və döyüş yolunu
əhatə edən bioqrafik məlumatları təqdim etməklə
yanaşı, onun daxili aləmini, xatirələrini və ədəbi
yaradıcılığını ətraflı əks
etdirir.
Tədbir Azərbaycan torpaqlarının
bütövlüyü uğrunda canlarını fəda
etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayıb, ardınca
Dövlət Himni səsləndirilib.
Daha sonra Murad Nağıyevin həyatı,
aldığı hərbi təhsil, döyüş yolu və
Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq
haqqında məlumat verilib.
Çıxışlarda Muradın həm cəsur
zabit, həm də həssas qəlbli, istedadlı şair
olduğu xüsusi vurğulanıb.
Xalq Cəbhəsi.- 2026.-12 fevral (№6).- S.15.