Qızıl
bazarında qiymət artımları
Nyu-Yorkun COMEX əmtəə birjasında
qızılın bir troya unsiyasının qiyməti 45,5 dollar
artaraq 5 076,5 dollar təşkil edib. Gümüş isə
1,58 dollar artaraq 81,96 dollara bərabər olub. Bu artımlar Azərbaycanın
da qızıl bazaraında qiymətlərin
formalaşmasına təsir edir.
Azərbaycanın qızıl bazarı həm zinət
əşyaları (zərgərlik), həm də investisiya
aktivləri (qızıl külçələr, sikkələr)
baxımından formalaşır və son vaxtlar bir neçə
mühüm tendensiya ilə yadda qalır. Qızılın
qiymətləri son illərdə yüksək artıb.
Dünya bazarında qızılın qiymətlərinin fəal
şəkildə yüksəlməsi Azərbaycandakı qiymətlərə
də təsir göstərir, qiymətlər ciddi şəkildə
bahalaşıb və müəyyən müddət ərzində
artım davam edir. Məsələn, bu ilin müəyyən
dövrlərində 999 əyarlı saf qızılın qiyməti
135-140 USD/qram səviyyəsinə yaxınlaşıb, bu da
yerli qızıl məmulatlarının qiymətlərinə
təsir edir. Xüsusilə qızılın birjaya əsaslanan
dünya qiymətlərindəki artım nəticəsində
585 və 750 əyarlı zərgərlik məmulatlarının
qiymətləri də yüksəlir.
Azərbaycan bazarında qızıl daha çox zərgərlik
məhsulu kimi ticarət olunur – yəni alıcılar daha
çox üzük, bilərzik və başqa zinət əşyası
alırlar. Toylar, nişanlar və bayram mövsümləri
satışlarda artıma səbəb olur, amma yüksək
qiymətlər alıcılığa müəyyən təsir
edir. Ölkəmizdə bu bazarın əsas problemi yerli zərgərlik
sənayesinin inkişaf etməməsidir. Ölkədə
qızıl istehsal olunsa da xammal şəklində ixrac olunur,
iri sənayeləşmə şəklində zərgərlik
məmulatları istehsal edilmir. Yerli bazar idxalın hesabına
(əsasən Türkiyə və Birləşmiş Ərəb
Əmirliklərindən) təmin edilir. Zərgərlik
bazarının həcmi bəzi dövrlərdə yüz
milyon manatlarla ölçülür (məsələn,
2023-cü il üçün 220-250 milyon manat məbləğində
satılma proqnozu verilmişdi. Lakin çox güman ki,
bazarın həcmi bundan 2-3 dəfə daha böyükdür.
Bazarda qızıl alışı və satışı
arasındakı fərq yüksəkdir, bu da investisiya məqsədli
alqı-satqını çətinləşdirir. Xarici
bazarlarda fərq çox aşağı (0.1–0.5 %), amma Azərbaycanda
bəzi hallarda daha böyük olur, bu isə investisiya
qızılı kimi ticarətin inkişafını məhdudlaşdırır.
Mütəxəssislər bazarın qızıl investisiya
bazarı kimi inkişaf etdirilməsini və “qızıl
exchange” mexanizmlərinin yaradılmasını təklif edirlər
ki, bu da alıcı-satıcı arasındakı fərqi
kiçildə bilər, habelə bazarı bir qədər
şəffaflaşdırardı. Assosiasiya rəhbərləri
və iqtisadçılar bildirirlər ki, qızıl
bazarındakı qiymətlərin formalaşması üzrə
əsas faktor xarici birjalardakı dəyişikliklər və
qlobal iqtisadi proseslərdir. Ümumiyyətlə, qızıl
uzunmüddətli perspektivdə “təhlükəsiz liman”
aktiv sayıldığından investorların bu sektora
marağı da artmaqdadır.
Azərbaycanda “AzerGold” qızıl istehsalı ilə
məşğul olan iri şirkətdir. O yerli bazarda
külçələr, sikkələr də təklif edir.
“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür. 11
fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə
“AzerGold” QSC-nin təsis edilməsi ölkəmizin dağ-mədən
sənayesində yeni inkişaf mərhələsinin əsasını
qoyub. Bu qərar filiz yataqlarının kəşfi və tədqiqi,
qiymətli metalların hasilatı, emalı və
satışının vahid dəyər zənciri üzrə
təşkili, eləcə də Azərbaycan mədənçiliyinin
institusional, texnoloji və idarəetmə baxımından
müasirləşdirilməsi istiqamətində mühüm
nəticələr verib. Dövlət
başçısının təşəbbüsü ilə
biznes mühitinin təkmilləşdirilməsi,
ixracyönlü sahələrin stimullaşdırılması
və yerli istehsalın təşviqi məqsədilə həyata
keçirilən ardıcıl islahatlar “AzerGold” QSC-nin fəaliyyətinin
davamlı şəkildə genişlənməsi
üçün əlverişli zəmin yaradıb.
5 iyul 2016-cı il tarixində dövlət
qeydiyyatına alınaraq, fəaliyyətə başlayan
“AzerGold” QSC bir sıra mühüm istehsal və infrastruktur
layihələrini uğurla reallaşdıraraq ölkənin
qeyri-neft sektorunun inkişafına, ixrac potensialının
genişlənməsinə və regionlarda sosial-iqtisadi
canlanmaya əhəmiyyətli töhfələr verib. On illik fəaliyyət
dövründə 2 yeni qızıl yatağı kəşf
edən, 4 qızıl mədənini və 1 regional sənaye
kompleksini istismara verən Cəmiyyət qeyri-neft sektorunun
aparıcı dövlət şirkətlərindən biri kimi
yerli və beynəlxalq bazarlarda ümumilikdə 563 min unsiya
qızıl və 989 min unsiya gümüş
satışı həyata keçirərək ölkə
iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb
edib, 214 milyon manat həcmində vergi, 37 milyon manat həcmində
sosial ödəniş öhdəliyini həyata keçirib.
“AzerGold” QSC-nin fəaliyyəti yalnız birbaşa
iqtisadi gəlirlərin formalaşdırılması ilə məhdudlaşmayaraq
regionların inkişafına, yüksək ixtisaslı insan
kapitalının yetişdirilməsinə və məşğulluğun
artırılmasına da mühüm töhfələr verib.
Şirkətin fəaliyyəti nəticəsində
ümumilikdə 2494 nəfər daimi işlə təmin
olunub, xüsusilə ucqar kəndləri təmsil edən yerli
mədənçi kadrların hazırlanması istiqamətində
əhəmiyyətli nailiyyətlər əldə edilib. Yeni mədən
layihələrinin icrası ilə daimi iş yerlərinin
sayının bir neçə dəfə
artırılması, ixtisaslı kadrların
hazırlanması prosesinin daha da genişlənləndirilməsi
nəzərdə tutulur.
Hazırda dəmir filizi yataqlarının
istismarını həyata keçirən “Daşkəsən
Dəmir Filizi” Məhdud Məsuliyyətli Cəmiyyəti, onun
törəmə müəssisəsi olan “Azerbaijan Metal Company”
MMC, eləcə də ölkədə sənaye əhəmiyyətli
partlayıcı maddələrin istehsalı üzrə
ixtisaslaşmış yeganə şirkət olan “AzerBlast”
MMC-ni öz fəaliyyəti ətrafında birləşdirən
“AzerGold” QSC dağ-mədən sahəsində inteqrəolunmuş
fəaliyyət modelini uğurla tətbiq edir. “AzerGold” QSC
sosial məsuliyyət, icmalarla əməkdaşlıq və ətraf
mühitin mühafizəsi sahələrində həyata
keçirdiyi məqsədyönlü tədbirlərlə
dövlətin sosial-iqtisadi və ekoloji siyasətinin
icrasına mühüm töhfələr verir və bu istiqamətdə
fəaliyyətini ardıcıl şəkildə genişləndirir.
Qarşıdakı mərhələdə “AzerGold” QSC
innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi,
beynəlxalq əməkdaşlığın genişləndirilməsi
yolu ilə milli mədən sənayesinin rəqabət qabiliyyətinin
artırılmasını, ölkəmizin perspektivli
mineral-xammal potensialının müəyyənləşdirilməsi,
həmçinin qısa və orta müddətli dövrdə
bir neçə əlvan metal filizi mədəninin istismara
verilməsi ilə ölkə iqtisadiyyatının
dayanıqlı inkişafına daha böyük töhfələr
verməyi hədəfləyir.
“AzerGold” QSC cari ilin yanvar ayında 2026-cı il üzrə
ilk ixrac əməliyyatını uğurla həyata
keçirib. Şirkət tərəfindən ixrac edilən
ilk partiya qızıl və gümüşün beynəlxalq
bazarlarda satışı nəticəsində ölkə
iqtisadiyyatına 32,9 milyon manat həcmində vəsait cəlb
edilib. 2025-ci ildə dövlət şirkəti beynəlxalq və
yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və
93,2 min unsiya gümüşün satışını həyata
keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir
439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə
(2024-cü il) müqayisədə 43 faiz çoxdur.
Dünya bazarında qızıl və misə təlabat
artmaqdadır. 2025-ci ildə qlobal qızıla tələbat 5
002 tonu keçərək tarixdə ən yüksək səviyyəyə
çatdı ki, bu da bazar həcmi baxımından rekorddur. Tələb
artımı əsasən investisiya məqsədi ilə
qızıl almaqdan, külçə və sikkələrə
yönəlmiş alımlardan qaynaqlanır. İnvestisiya tələbatı
84% artaraq 2 175 ton səviyyəsinə yüksəllib.
Maraqlıdır ki, qiymətlərin kəskin artımı zərgərlik
məhsullarına tələbatı zəiflədib - təxminən
18% azalıb. Texnoloji və sənaye tələbatı isə
sabit və ya azca azalan səviyyədə qalıb. Ümumi
qlobal qızıl təklifi 1% artaraq 5002 ton olub, əsas hissə
isə mədən istehsalıdır. Tarixi qiymət maksimumu
qeydə alınıb. Qızılın bir unsiyası $5000+ səviyyələrinə
qədər yüksəlib və 2026-cı ilin əvvəlində
də yüksək volatillik yaşanır.
Volatillik amilləri investorların ETF-lərə
böyük axını və təhlükəsiz liman
axtarışı qısa müddətli dalğalanma
yaradır. ETF (Exchange Traded Fund) - yəni birjada
alınıb-satılan fond, səhmlər kimi birjada ticarət
olunan, amma daxilində bir neçə aktiv (məsələn,
səhmlər, istiqrazlar, qızıl və s.) saxlayan
investisiya fondudur. Qızıl ETF – fond fiziki qızıl və
ya qızıl fyuçerslərinə yatırım edir.
S&P 500 ETF – ABŞ-ın 500 böyük şirkətinin səhmlərini
əhatə edir. Neft ETF isə neft qiymətlərinə
bağlıdır. Sən ETF aldıqda bir şirkətin yox,
bütöv bir bazarın və ya sektorun payını
almış olursan. ETF-in üstünlükləri odur ki,
diversifikasiya imkanları var (risk
bölüşdürülür), birjada istənilən vaxt
alınıb-satılır, əksər hallarda idarəetmə
xərci aşağıdır, kiçik məbləğlə
böyük bazara çıxış imkanı
qazanılır. Qızıl ETF - fiziki qızıl almadan
qızılın qiymət dəyişməsindən qazanc əldə
etməyə imkan verir. Dünyadakı geosiyasi gərginliklər,
ABŞ Federal Ehtiyatlar Sisteminin siyasəti, dolların dəyişkənliyi
qızıl bazarında qiymət dəyişmələrinə
təsir edən əsas amillərdir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.12.