ASAN İmza və SİMA ilə
onlayn alış-verişdə yeni dövr
Onlayn alış-verişdə yeni identifikasiya sistemi tətbiq
edilir. Uzun müddət FİN kod və parol vasitəsilə
sistemə daxil olan istifadəçilər üçün
ASAN İmza, SİMA və ya myGov/QR-a keçid ilkin mərhələdə
əlavə vaxt və texniki uyğunlaşma tələb edir.
Ekspertlər bildirir ki, bu qısamüddətli çətinliklər
bazara təsirsiz ötüşmür, amma uzunmüddətli
perspektivdə elektron ticarətin təhlükəsizliyini və
şəffaflığını artıracaq.
Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə
açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin
sədri, iqtisadçı ekspert Akif Nəsirli Uzun müddət
FİN kod və parol vasitəsilə sistemə daxil olmağa
öyrəşmiş istifadəçilər
üçün ASAN İmza, SİMA və ya myGov/QR kimi
alternativ identifikasiya mexanizmlərinə keçid ilkin mərhələdə
əlavə vaxt və texniki uyğunlaşma tələb edir.
Onun sözlərinə görə, bu amil xüsusilə
nadir hallarda onlayn alış-veriş edən və ya rəqəmsal
texnologiyalara tam adaptasiya olmayan vətəndaşlarda müəyyən
narahatlıq yarada və müvəqqəti olaraq sifariş
sayının azalmasına səbəb ola bilər: Belə
texniki keçid dövrlərində qısamüddətli
geriləmələr normal haldır: “İstənilən yeni
sistem tətbiq edilərkən ilkin mərhələdə
istifadəçi davranışında ehtiyatlılıq
müşahidə olunur. Bu da bazara qısa müddətli təsirsiz
ötüşmür”.
Bununla yanaşı, Akif Nəsirli uzunmüddətli
perspektivdə qərarın müsbət nəticələr
verəcəyini bildirib. Onun fikrincə, yeni identifikasiya
üsulları elektron ticarət prosesində təhlükəsizliyi
artırmaqla yanaşı, şəffaflığın təmin
olunmasına və vahid nəzarət mexanizminin
formalaşmasına xidmət edir: “Bu dəyişikliklər həm
istehlakçıların hüquqlarının qorunması, həm
də sistemdən sui-istifadə hallarının
qarşısının alınması baxımından əhəmiyyətlidir.
İstifadəçilər zamanla yeni texnoloji tələblərə
uyğunlaşdıqca onlayn sifarişlərin həcmi tədricən
əvvəlki səviyyəsinə qayıdacaq. Hətta proses
tam oturuşduqdan sonra elektron ticarətə inamın
artması fonunda sifariş sayında yüksəliş də
müşahidə oluna bilər. Bu baxımdan qərarı
qısamüddətli çətinliklərə baxmayaraq,
uzunmüddətli iqtisadi və institusional faydalar vəd edən
addım kimi qiymətləndirmək olar”.
“Yeni qaydalar qanunidir, qiymət artımı
mümkündür”
İqtisadçı ekspert Günay Hüseynova isə
“Xalqcebhesi.az”-a açıqlamasında bildirib ki, vətəndaşlar
tərəfindən prosesin bir qədər
ağırlaşdığı düşünülsə də,
qəbul edilən yeni qərar tamamilə qanunvericiliyin tələblərinə
uyğundur.
Onun sözlərinə görə, əvvəlki
sistemdə bir çox sahibkarlar vergidən yayınmaq məqsədilə
qohum və tanış şəxslərin şəxsiyyət
vəsiqələrindən istifadə edərək müxtəlif
adlar altında məhsul sifariş edirdilər: “Bu isə
birbaşa vergi pozuntusu olmaqla yanaşı, qanunun tələblərinin
açıq şəkildə pozulması demək idi.
SİMA və ya ASAN İmza ilə təsdiq mexanizmi prosesdə
şəffaflığın artırılması
baxımından mühüm addımdır. Lakin yeni
qaydaların tətbiqi xaricdən sifariş edilən məhsulların
qiymətlərində müəyyən artımlara səbəb
olacaq. Prosesin tam şəffaf aparılması
üçün mövcud mexanizmlər kifayət deyil. Xarici
ticarət platformalarına bank kartları üzərindən
edilən ödənişlərə nəzarət gücləndirilə
bilər. Şəxsin rəsmi gəliri ilə
alış-veriş intensivliyi arasında uyğunsuzluq olduqda,
onun adından üçüncü şəxslər tərəfindən
satış məqsədli sifarişlərin edilməsi ehtimalı
yüksəlir. Yeni qərarın bazara və
istehlakçıya təsirinə toxunan iqtisadçı
bildirib ki, hər iki tərəf müəyyən itkilərlə
üzləşsə də, əsas yük daha çox
istehlakçının üzərinə düşür.
Qaydalar sərtləşdikcə məhsulun maya dəyəri
artır, bu isə satış qiymətlərinə
birbaşa təsir edir və nəticədə bazarda
alıcı qıtlığı yaranır. İdxal limitinin
vaxtilə 1000 dollar olması və sonradan azaldılması da
vergidən yayınma və sui-istifadə hallarının
geniş yayılması ilə bağlı idi”.
Günay Hüseynova həmçinin vətəndaşlara
və sahibkarlara qeyri-qanuni üsullardan çəkinməyi
tövsiyə edərək vurğulayıb ki, bu cür hallar əksər
hallarda daha sərt qərarların qəbuluna və yekunda zərərin
yenə onların üzərində qalmasına səbəb
olur.
Günel Elxan
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.13.