Rusiya-Ukrayna müharibəsi yaya qədər bitəcək?
Rusiya-Ukrayna müharibəsi eyni gərginlikdə davam
edir. Keçirilən müxtəlif görüşlər,
baş tutan müzakirələr müharibənin bitməsi
yolunda müsbət bir nəticə vermir.
Son günlər o da qeyd edilir ki, ABŞ Ukrayna və
Rusiyaya müharibəni yaya qədər bitirmək
üçün təzyiq edir.
Bəs həqiqətən də qeyd edilən vaxtadək
müharibənin bitmək ehtimalı varmı?
“Xalq Cəbhəsi” sual ətrafında politoloqlarla
müzakirə aparıb.
Politoloq Sultan Zahidov söyləyib ki, iyun ayına qədər
Rusiya-Ukrayna müharibəsinin bitəcəyini
düşünmürəm: “Sadəcə ABŞ başa
düşür ki, bu müharibənin qısa zamanda bitmə
ehtimalı yoxdur, tərəflər arasında ciddi mövqe fərqləri
var, xüsusilə də 3 məsələdə. Zaporojye Atom
Elektrik Stansiyasının idarəçiliyini ABŞ
özü etmək istəyir, Rusiya ona qarşıdır.
İkincisi, Donbasdan Ukrayna ordusunun çıxarılması məsələsinə
heç bir halda Zelenski razılıq verən deyil. Nəhayət,
üçüncü məsələ təhlükəsizlik
təminatı məsələsidir ki, ABŞ bildirib ki,
Konqresdən ratifikasiya etməyə hazırdır, lakin
ABŞ ordusu orada olmayacaq, sadəcə dronlar və digər
yollarla Ukraynanın təhlükəsizliyinin təminində
iştirak edə bilər”.
“Rusiya heç bir halda buna razılıq verməyəcək”
S.Zahidov əlavə edib ki, Ukraynada Avropa
qoşunları iştirak edə bilər: “İngiltərə,
Fransa artıq buna razılıq verib. Bu da Rusiyanın istədiyi
bir ssenari deyil. Çünki Rusiyanın 2022-ci ildə Ukraynaya
hücum səbəblərindən biri də o idi ki, Ukrayna
NATO-ya üzv ola, Ukraynada NATO qoşunları yerləşdirilə
bilər. İndiki halda da İngiltərə, Fransa və
koalisiya qüvvələrinin burada yerləşdirilməsi
Rusiya üçün qırmızı xəttdir və Rusiya
heç bir halda buna razılıq verməyəcək”.
“Ukraynanın güzəştə getməsi real
görünmür”
Politoloq qeyd edib ki, Əbu-Dabi
danışıqlarından da bir nəticə
çıxmadı, sadəcə əsir mübadiləsi oldu,
ona görə də danışıqların bir nəticə
vermədiyi üçün ABŞ tərəfi belə bir
kompromis irəli sürdü ki, sizə iyuna qədər vaxt
verirəm və bu vaxta qədər bu fundamental məsələlərin
həllində razılaşma əldə edilsin: “Həmin
vaxta qədər Rusiya hücumları daha da intensivləşdirəcək,
çalışacaq ki, Donbası tam ələ keçirsin.
Amma bunun baş verəcəyinə inanmıram. Digər məsələlərdə
Ukraynanın hər hansı bir güzəştə getməsi
real görünmür. Söhbət burada Ukraynanın
suverenliyindən, ərazi bütövlüyündən gedir
ki, 4 ildir Ukrayna qoşunları bunun üçün
mübarizə aparırlar, canlarından olurlar. Ölkə rəhbərinin
işğalçıya torpaq verməsi indiki halda heç bir
ölkənin, o cümlədən Ukraynanın da milli
maraqlarına xidmət etmir”.
“ABŞ-nin daha ciddi hədəfləri var”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin
rəhbəri politoloq Xəyal Bəşirov qeyd edib ki, Tramp
administrasiyası həm Rusiyaya, həm də Ukraynaya
ayrı-ayrı istiqamətlərdə təzyiqlər edir ki,
Rusiya-Ukrayna müharibəsini bitirsin: “Çünki ABŞ-nin
daha ciddi hədəfləri var. ABŞ-nin Çinin enerji
damarlarını kəsmək üçün kifayət qədər
ciddi planları var və o planların həyata keçirilməsi
üçün Trampın Rusiya-Ukrayna arasında baş verən
münaqişəyə sərf etməyə vaxtı yoxdur.
Çünki Tramp Rusiya-Ukrayna müharibəsindən əldə
edə biləcəyini edib. Zelenskiyə oradakı əlvan
metallarla bağlı sənədi imzalatdırıb və onun
Rusiya-Ukrayna müharibəsindən hər hansısa ciddi bir
gözləntisi yoxdur. Bu baxımdan düşünürəm
ki, həm İranla, həm Qrenlandiya məsələsində
Avropa ilə Venesuela məsələsini bitirmək
üçün və digər mövzularda problemləri həll
etmək üçün Trampa zaman lazımdır. Buna görə
də o, Rusiya-Ukrayna mövzusuna vaxt sərf etmək istəmir”.
Onun sözlərinə görə, amma Ukrayna məsələni
bitirmək niyyətində deyil: “Çünki Ukrayna məğlub
durumdadır, böyük ərazi itirib, digər
yaşayış məntəqələrinin əhəmiyyətli
bir hissəsi darmadağın olub. Rusiya da öz istəyinə
çatmaq üçün maksimum dərəcədə
müharibəni davam etdirmək niyyətindədir. Bu problemlər
Rusiya-Ukrayna mövzusunu uzadır. Düşünmürəm
ki, müharibə yaya qədər bitsin. Danışıqlar
aparıla bilər, hətta atəşkəs də əldə
edilə bilər, amma bunlar müvəqqəti olacaq.
Çünki Rusiya-Ukrayna mövzusu yaxın zamanlarda bitə
biləcək mövzuya oxşamır. Hər halda hadisələrin
gedişatı yenə də istənilən
reallığı ortaya qoya bilər. Ancaq indiki reallıqlar
bunu diqtə etmir”.
ABŞ-nin əsas hədəfi
Politoloq Aytən Qurbanova söyləyib ki, son zamanlarda
ABŞ-nin Ukrayna və Rusiya arasında dörd ilə
yaxındır davam edən müharibənin yaya qədər
dayandırılması istiqamətində diplomatik təzyiqləri
intensivləşdirməsi beynəlxalq gündəlikdə
müzakirə edilən əsas məsələrdən birinə
çevrilib: “Rəsmi Vaşinqtonun bu təşəbbüsü
münaqişənin yaxın perspektivdə bitməsi
ehtimalını yenidən müzakirə mövzusuna
çevirmiş oldu. ABŞ üçün müharibənin
uzanması həm maliyyə yükünün artması, həm
də daxili siyasi müzakirələrin dərinləşməsi
ilə müşayiət olunur. Eyni zamanda, Vaşinqtonun
strateji diqqətinin Asiya-Sakit okean regionuna yönəlməsi zərurəti
Ukrayna cəbhəsində nisbi sabitliyə olan marağı
gücləndirir. Məhz bu baxımdan yanaşdıqda
ABŞ-nin əsas hədəfi müharibənin tam həlli
deyil, gərginliyin idarəolunan səviyyəyə endirilməsi
kimi ifadə oluna bilər”.
“Kreml zamanın öz xeyrinə işlədiyini
düşünür”
A.Qurbanova diqqətə çatdırıb ki, Rusiya isə
öz növbəsində müharibəni yalnız Ukrayna ilə
qarşıdurma kimi deyil, Qərblə uzunmüddətli
geosiyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirir:
“Ona görə də, Rusiya üçün münaqişənin
yaya qədər bitməsi strateji baxımdan məqbul
sayılmır və rəsmi Kreml zaman faktorunun öz xeyrinə
işlədiyini düşünür. Bu yanaşma müharibənin
davamlılıq potensialını artıran əsas amillərdən
biridir. Ukrayna isə təhlükəsizlik zəmanətləri
və ərazi bütövlüyü məsələsində
prinsipial mövqe nümayiş etdirir. Rəsmi Kiyev
üçün münaqişənin sadəcə
dondurulması heç bir halda qəbuledilən deyil və bu
da sülh danışıqları üçün manevr
imkanlarını məhdudlaşdırır. Nəticə
etibarilə, mövcud siyasi və hərbi reallıqlar fonunda
yaya qədər müharibənin tam və dayanıqlı
sülh sazişi ilə başa çatması ehtimalı demək
olar ki, mümkün deyil. Daha real ssenari kimi münaqişənin
intensivliyinin azaldılması və ya müvəqqəti atəşkəs
sazişinin imzalanmasl ön plana çıxır. Bu isə
müharibənin bitməsi deyil, onun yeni mərhələyə
keçidi olaraq ifadə oluna bilər”.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.10.