Xəzər dənizində
səviyyə dəyişməsi: təhlükə, yoxsa təbii
proses?
Xəzər dənizinin səviyyəsində son illər
müşahidə olunan dəyişikliklər ictimai
müzakirələrin əsas mövzularından birinə
çevrilib. Sahil xəttinin geri çəkilməsi bir tərəfdən
narahatlıq doğursa da, mütəxəssislər bu prosesin
təsadüfi deyil, uzunmüddətli və təkrarlanan təbii
qanunauyğunluqlar çərçivəsində baş
verdiyini vurğulayırlar. Tarixi müşahidələr
göstərir ki, Xəzər dənizi müxtəlif
dövrlərdə qalxıb-düşüb və bu dəyişikliklər
sahilboyu ərazilərin ekoloji strukturuna birbaşa təsir
edib.
Ekoloqların fikrincə, hazırkı mərhələdə
dəniz səviyyəsinin azalması bəzi bölgələrdə,
xüsusilə Astara sahillərində təbii bərpa proseslərini
sürətləndirir. Sahildən çəkilən
suların yerində yeni bitki örtüyünün
formalaşması, ağacların və kolluqların
inkişafı müşahidə olunur ki, bu da ekosistemin yenidən
canlanmasına şərait yaradır. Mütəxəssislər
hesab edirlər ki, insan müdaxiləsi minimum səviyyədə
saxlanılarsa və sahil əraziləri qorunarsa, bu təbii
proseslər gələcəkdə həm ekoloji
tarazlığın möhkəmlənməsinə, həm də
yerli flora və faunanın zənginləşməsinə xidmət
edə bilər.
“Xəzərdə böyük çöküş
ehtimalı yoxdur”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə
açıqlamasında Bakı Dövlət universitetinin
İqtisadi və sosial kafedrasının müdiri, professor,
Çingiz İsmayılov bildirib ki, Xəzərin səviyyəsinin
azalması və sahil xəttinin dənizə tərəf
çəkilməsi ərazilərdə həm quruda, həm
də suda biotərkibin dəyişməsinə səbəb
olur.
Onun fikrincə, Şimal bölgələrdən kənar
mikroorqanizmlər köçür və təbii mühit
uzunmüddətli perspektivdə tədricən dəyişir:
“Son 200 ilin müşahidələrinə əsasən, Xəzərin
səviyyəsi qalxıb-düşür. Bəzi xarici alimlərin
50 ilə 8-20 metr çöküş ehtimalı ilə
bağlı proqnozları indiyə qədərki
qanunauyğunluqlara uyğun deyil. Realist yanaşma ilə səviyyə
yalnız 3-4 metr qədər dəyişə bilər.Xəzərin
səviyyəsindəki dəyişikliklərin əsas səbəbi
qlobal iqlim prosesləri və istiləşmədir. İnsan fəaliyyəti
burada həlledici rol oynamır. Gözlənilən dəyişikliklər
təbii qanunauyğunluqlar çərçivəsində
baş verir”.
Ekoloq həmçinin Astarada vəziyyətin
Abşerondan fərqli olduğunu qeyd edib: “Astara sahilində
çirklənmə daha azdır, bu isə yeni bitki ərazilərinin
və ekoloji təmiz sahələrin yaranmasına imkan verir.
Belə sahələr köçəri quşlar
üçün əlverişlidir və turistlər
üçün cəlbedici olur. Amma bunun üçün
sahil ərazilərinin idarə olunması və mühafizə
proqramlarının hazırlanması vacibdir. Əks halda
torpaqların mənimsənməsi və tikinti ilə təbii
zonalar dağıla bilər.Yalnız dövlət və yerli
icmaların iştirakı ilə kompleks idarəetmə tədbirləri
tətbiq olunarsa, Xəzər sahillərində müsbət
ekoloji dəyişikliklər müşahidə oluna bilər”.
“Xəzər dənizi təbii proseslə sahilləri
bərpa edir”
Ekoloq İlqar Xəlilov söyləyib ki, Xəzər
dənizinin səviyyəsindəki dəyişikliklər uzun
müddət ərzində təkrarlanan təbii bir prosesdir.
Tarixən də dənizin səviyyəsi indiki vəziyyətindən
geri çəkilmiş olub. Bu dövrlərdə Astara sahilləri
sıx meşəliklərlə örtülü olub və səviyyə
qalxdıqda həmin meşəlik suyun altında qalaraq məhv
olub.
Onun sözlərinə görə, tarixi səviyyə
dəyişmələri indi də təkrarlanır və bu səbəbdən
sahildəki ağaclar və bitki örtüyü yenidən
inkişaf etməyə başlayıb: “Əgər dəniz səviyyəsindəki
çəkilmə davam etsə və insan fəaliyyəti nəticəsində
ciddi müdaxilələr baş verməsə, bu ağaclar
daha intensiv inkişaf edərək gələcəkdə
düzən meşələrə çevriləcək. Bu,
Astara sahillərinin ekoloji vəziyyətinin
yaxşılaşmasına, həmçinin yerli flora və
faunanın zənginləşməsinə imkan verəcək.
Belə təbii proseslərin qorunması və ekoloji
balansın təmin edilməsi üçün sahil ərazilərinin
mühafizəsi vacibdir. Astara sahillərində təbii şəkildə
yaranan meşəliklər həm ekosistemin
sağlamlığı, həm də turizm və istirahət
üçün böyük potensiala malikdir. Dövlət və
yerli icmaların iştirakı ilə sahil idarəçiliyi
və mühafizə proqramları tətbiq olunduqda, bu proses həm
insan fəaliyyətindən, həm də tikinti və mənimsəmə
təzyiqlərindən qorunmuş olacaq”.
İlqar Xəlilov əlavə edib ki, Xəzərin səviyyəsindəki
dəyişikliklər uzunmüddətli və dövri
prosesdir və təbii qanunauyğunluqlar çərçivəsində
baş verir: “Tarix boyunca Xəzər dəfələrlə
qalxıb-düşüb. İnsan fəaliyyəti burada həlledici
rol oynamır. Əsas amil qlobal iqlim prosesləri və təbii
su dövranıdır. Bu səbəbdən sahil ekosistemlərinin
qorunması və davamlı inkişafı yalnız məqsədyönlü
idarəetmə və mühafizə tədbirləri ilə
mümkündür”.
“Xəzər geri çəkilir, ekosistem dəyişir”
Ekoloq Sadiq Qarayev bildirib ki, Xəzər dənizinin səviyyəsinin
geri çəkilməsi uzun müddətdir müşahidə
olunan təbii prosesdir və müxtəlif səbəblərlə
bağlıdır: “Xəzəri qidalandıran
çayların səviyyəsi, tektonik hərəkətlər,
yağıntılar və buxarlanma nisbətlərinin
pozulması dənizin geri çəkilməsini sürətləndirə
bilər. Tarixi mənbələr göstərir ki, Xəzər
əvvəllər də müxtəlif dövrlərdə səviyyəsini
dəyişib və bu təbii bir prosesdir”.
O, ekosistemdə baş verən dəyişikliklərə
də diqqət çəkib: “Xəzərin geri çəkilməsi
faunanın-quşların, məməlilərin, həşəratların
və floranın-ot, kol və ağac bitkilərinin yeni
ekosistemə uyğun formalaşmasına səbəb olur.
Astara sahillərində yeni flora və fauna növlərinin
yaranması buna nümunədir. Bu proses həmçinin ətraf
rayonlarda ekoloji tarazlığın pozulmasına və
canlı aləmin adaptasiyasına təsir göstərir. Xəzər
dənizində baş verən hər hansı dəyişiklik
yalnız suyun səviyyəsi ilə bağlı deyil, həm
də regionun ekoloji balansı və bioloji müxtəlifliyinə
birbaşa təsir göstərir.
“Təbiətdə yeni dövr”
Ekoloq Ənvər Əliyev qeyd edib ki, Xəzər dənizinin
geri çəkilməsi sahil zonalarında ekosistemin
formalaşması üçün normal və təbii bir
prosesdir: Dənizin bəzi sahələrində səviyyənin
azalması nəticəsində əvvəllər
toxumlanmış, lakin böyüməmiş ağaclar
artmağa başlayır, ot örtüyü və xırda
kolluqlar yaranır. Bu dəyişikliklər sahildəki flora və
faunanın formalaşması üçün mühüm əhəmiyyət
kəsb edir. Xəzərin suyu əsasən şor
olduğundan (təxminən 14-15 promille duzluluq), yeni yaranan
torpaq örtüyü əvvəlki klassik quru sahələrdən
fərqlənir və bitkilər üçün əlverişli
mühit yaradır. Əgər quraqlıq davam edərsə,
sahildəki meşələr yavaş-yavaş böyüyəcək
və öz formasını qoruyacaq. Tarix boyu belə proseslər
baş verib və bu baxımdan qorxulu və riskli bir hal yoxdur.
Ekoloq həmçinin qeyd edib ki, ehtimal olunur ki, müəyyən
illərdən sonra Xəzər dənizinin səviyyəsi
yenidən sahilə doğru arta bilər və ekosistem buna
uyğun tənzimlənəcək.
“Xəzərin dəyişən sahilləri”
Ekoloq Rövşən Abbasov diqqətə
çatdırıb ki, Xəzərin geri çəkilməsi
Astara sahillərində həm ekoloji risklər, həm də
yeni təbii imkanlar yaradıb: “Dəniz səviyyəsinin
azalması iqlim dəyişiklikləri və su balansı ilə
bağlı ciddi siqnaldır, lakin quruyan sahələrdə
sürətli təbii bərpa prosesi müşahidə olunur.
Yeni bitki örtüyü formalaşır, ağaclar
inkişaf edir və ərazi köçəri quşlar
üçün mühüm dayanacaq məkanına
çevrilir. Bu, ekoloji ardıcıllığın canlı
nümunəsidir. Prosesin uzunmüddətli təsirləri diqqətlə
izlənməli, yeni yaranan ekosistemlərin qorunması və
davamlı idarə olunması təmin edilməlidir”.
Günel Elxan
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.9.