Qarabağda törədilən
cinayətlər: ədalətli hökm
Bakı Hərbi Məhkəməsində Ermənistan
vətəndaşları barəsində yekunlaşan məhkəmə
prosesi Qarabağ münaqişəsi ilə bağlı illərdir
səsləndirilən iddiaların hüquqi əsaslarla təsdiqləndiyi
mühüm mərhələ kimi qiymətləndirilir.
Açıq məhkəmə iclaslarında
araşdırılan sübutlar, şahid ifadələri və
təqsirləndirilən şəxslərin verdiyi etiraflar
göstərib ki, Qarabağda baş vermiş hərbi əməliyyatlar
təsadüfi silahlı qrupların fəaliyyəti deyil, Ermənistan
Respublikasının birbaşa nəzarəti və
iştirakı ilə həyata keçirilmiş sistemli
işğal siyasətinin tərkib hissəsi olub.
Məhkəmə prosesində səslənən
faktlar Ermənistanın işğalçı dövlət
kimi rolunu hüquqi müstəvidə ortaya qoymaqla
yanaşı, Xocalı soyqırımı da daxil olmaqla Azərbaycan
xalqına qarşı törədilmiş müharibə və
insanlıq əleyhinə cinayətlərin cəzasız
qalmadığını nümayiş etdirir. Ekspertlər bu
prosesi təkcə fərdi məsuliyyətin müəyyənləşdirilməsi
deyil, beynəlxalq humanitar hüququn, Cenevrə
konvensiyalarının və beynəlxalq məhkəmə
presedentlərinin milli hüquq müstəvisində tətbiq
olunduğu tarixi hadisə kimi dəyərləndirirlər.
Hərbi planlar
Deputat Fazil Mustafanın diqqətə
çatdırıb ki, məhkəmə prosesi bir çox məsələləri
artıq aşkara çıxarıb və birbaşa Ermənistanı
işğalcı dövlət kimi ortaya qoyub.
O vurğulayıb ki, separatçıların digər
ölkələrlə birbaşa əlaqəsi mümkün
olmadığı üçün bütün təchizat və
yardımlar Ermənistan vasitəsilə həyata
keçirilib: “Bir çox hallarda Ermənistandan gələn
şəxslərin aparıcı rol oynaması bu faktı bir
daha təsdiqləyir. Kəlbəcərlə bağlı
çıxarılan qətnamədə də açıq
şəkildə göstərilib ki, Ermənistan Silahlı
Qüvvələrinin müəyyən qolları işğal
olunmuş ərazilərdən
çıxarılmalıdır. Qarabağ
özünümüdafiə qurumu kimi təqdim etsə də,
əslində bu qüvvələr Ermənistan ordusunun tərkibində
olub. Hərbi planlar Ermənistan Müdafiə Nazirliyində
hazırlanıb və müəyyən hallarda maaşlar belə
Ermənistan dövləti tərəfindən ödənilib.
Bu məhkəmə prosesi Ermənistanın dövlət
olaraq rolunu beynəlxalq səviyyədə üzə
çıxarmağa imkan verir və Azərbaycan istənilən
vaxt beynəlxalq hüquq çərçivəsində Ermənistanın
Azərbaycana vurduğu zərərin ödənilməsini tələb
edə bilər".
“Xocalıya ədalət bərpa edildi”
Millət vəkili Azay Quliyev qeyd edib ki, Ermənistan vətəndaşları
barəsində yekunlaşan məhkəmə prosesi və
çıxarılan hökm təkcə ayrı-ayrı cinayətkarların
cəzalandırılması deyil, tarix, hüquq və beynəlxalq
ədalət baxımından əsl dönüş nöqtəsidir.
Onun fikrincə, uzun illər ərzində Ermənistanın
hərbi təcavüzü nəticəsində Azərbaycan
xalqına qarşı törədilmiş
soyqırımı, müharibə cinayətləri, sülh və
insanlıq əleyhinə cinayətlər, eləcə də
terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi
kimi ağır əməllər beynəlxalq müstəvidə
ya görməzdən gəlinib, ya da siyasi ikili standartların
qurbanına çevrilib: “Azərbaycan dövləti bu məhkəmə
prosesi ilə göstərdi ki, ədalət gecikə bilər,
amma heç vaxt itmir. Bu məhkəmə prosesi nə
revanşizm, nə də qisas xarakteri daşıyır. Bu,
hüququn aliliyinin bərpasıdır. Bu, beynəlxalq
humanitar hüququn, Cenevrə konvensiyalarının və
Nürnberq prinsiplərinin milli hüquq müstəvisində
tətbiqinin real nümunəsidir.
Çıxarılan hökm onilliklərdir
“Xocalıya ədalət” deyə dünyaya səslənən
Azərbaycan xalqının səsinin nəhayət
eşidildiyi tarixi məqamdır.
Bu qərar Xocalı soyqırımı ilə
bağlı insanlığın vicdanındakı qara ləkənin
silinməsi baxımından son dərəcə önəmlidir.
Hökm oxunan şəxslər yalnız fərdi cinayətlərə
görə deyil, təşkilatlanmış, planlı və
sistemli hərbi təcavüzün, beynəlxalq cinayətlərin
icraçıları və ideoloqları kimi məsuliyyətə
cəlb olunublar. Bu əməllər bir xalqın tarixinə,
mövcudluğuna və ləyaqətinə qarşı
yönəlmişdi”.
Azay Quliyev xüsusi olaraq qeyd edib ki, məhkəmə
prosesində etnik mənsubiyyətə və ya siyasi
baxışlara görə deyil, konkret əməllərə,
faktlara və sübutlara əsaslanan hökm
çıxarılıb: “Bu qərar beynəlxalq ictimaiyyətə
açıq mesajdır. Müharibə cinayətləri zaman tanımır,
siyasi himayə cinayət məsuliyyətindən azad etmir və
qurbanların haqqı sonsuzadək tapdalana bilməz.Ermənistan
vətəndaşlarının törətdikləri cinayətlərə
görə cavab verməsi nifrət və yeni qarşıdurma
yaratmır, əksinə, ədalət üzərində
qurulan davamlı sülhün mümkün olduğunu göstərir.
Davamlı sülh yalnız həqiqətin tanınması və
cinayətin cəzasız qalmaması ilə
mümkündür”.
Hüquqi faktlar
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri,
Əfv Komissiyasının üzvü Əliməmməd
Nuriyev bildirib ki, açıq məhkəmə prosesində
araşdırılan faktlar və təqsirləndirilən
şəxslərin verdiyi ifadələr Qarabağ ərazisində
baş vermiş hərbi əməliyyatlar və onların nəticələri
baxımından Ermənistan Respublikasının roluna dair
kifayət qədər aydın təsəvvür yaradır:
"Bu, əvvəlki siyasi bəyanatlardan fərqli olaraq, məhkəmədə
təsdiqlənmiş hüquqi faktlara əsaslanır".
O vurğulayıb ki, məhkəmədə səslənən
məlumatlar, şahid ifadələri və təqsirləndirilən
şəxslərin açıqlamaları göstərir ki,
söhbət yalnız dolayı təsirdən və siyasi dəstəkdən
getmir, konkret olaraq dövlət səviyyəsində həyata
keçirilmiş nəzarət və idarəetmədən
gedir: “Məhkəmə materialları sübut edir ki, qondarma
rejim və onun silahlı strukturları Ermənistan Silahlı
Qüvvələrinin ümumi hərbi sistemi çərçivəsində
təşkil olunub, kadr təyinatları İrəvanda
razılaşdırılıb, maddi-texniki təminat Ermənistan
ordusunun resursları hesabına həyata keçirilib və əməliyyatların
ümumi planlaşdırılması bu struktur üzərində
real və davamlı nəzarətin mövcudluğunu təsdiqləyir.
Ermənistan Hərbi Komissarlığı tərəfindən
əsgər çağrışa gəlmiş şəxslər
Qarabağda xidmətə göndərilib, məhkəmə
prosesində və Ermənistan kütləvi informasiya vasitələrində
yayılan məlumatlar da göstərir ki, birbaşa nəzarət
Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata
keçirilib. Bu sistem beynəlxalq məhkəmələrdə
əməllərin dövlətə aid edilməsi
üçün əsas meyar hesab olunur”.
O xatırladıb ki, Çıraqov qardaşları
ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarında da açıq göstərilib ki, Azərbaycan
Qarabağ ərazisi Ermənistanın nəzarəti
altında olub və bütün hərbi və silahlı
qüvvələr orada Ermənistanın nəzarəti
altında fəaliyyət göstərib: “Levon Mnatsakanyan tərəfindən
səsləndirilən açıqlamalar göstərir ki,
qondarma rejimin silahlı qüvvələri müstəqil hərbi
birlik kimi çıxış etməyib, faktiki olaraq Ermənistan
Silahlı Qüvvələrinin struktur elementi olub. Bu etiraflar
yerli müqavimət və ya özünün müdafiə
qüvvələri iddialarını tamamilə zəiflədir.
Məhkəmədə digər faktlar da göstərir ki,
Arayik Arutyunyanın Ermənistan ordusuna hərbi xidmət
keçməsi və Bako Saakyanın Şuşanın
işğalı zamanı iştirak etməsi sübut edir ki,
qondarma rejimin rəhbər şəxsləri müstəqil
siyasi fiqurlar deyil, Ermənistanın hərbi-siyasi qərarlarını
yerinə yetirən icraçı subyektlər kimi fəaliyyət
göstəriblər. Bu faktlar əvvəlki iddialara uyğun gəlmir.
Nəticə etibarilə, məhkəmə faktları
hüquqi qənaətə gətirir ki, Ermənistan
Respublikası Qarabağ ərazisində həyata
keçirilmiş işğal siyasətinə və baş
vermiş müharibə cinayətlərinə görə beynəlxalq
hüquq baxımından məsuliyyətdən kənarda qala
bilməz. Qondarma rejim isə müstəqil hüquqi subyekt
deyil, işğal siyasətinin çətiri rolunu oynayan
konstruksiyadır. Bu qiymətləndirmə siyasi ritorikadan yox,
məhkəmə araşdırması zamanı üzə
çıxan faktların hüquqi təhlilindən irəli gəlir”.
Günel Elxan
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.8.