Ermənistandakı
seçkilərə qədər Azərbaycanla sülh
sazişi imzalana bilər?
Xəbər verdiyimiz kimi, ABŞ-nin Vitse-prezidenti Ceyms
Di Vens fevralın 9-da Ermənistana, 1 gün sonra isə Azərbaycana
səfər etdi. Onun səfəri zamanı Azərbaycan-Ermənistan
arasında sülh müqaviləsinin imzalanması ilə
bağlı açıq şəkildə hər hansı bəyanat
verilmədi. Bununla belə, ehtimal etmək olar ki, bağlı
qapılar arxasında Prezident İlham Əliyev və
ABŞ-nin Vitse-prezidenti müəyyən müzakirələr
aparıb. Digər tərəfdən, Ermənistanda iyun
ayında parlament seçkilərinin keçiriləcəyi nəzərə
alınarsa, belə bir sual yaranır: seçkilər ərəfəsində
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin
imzalanması mümkündürmü?
Mövzu ilə bağlı Ədalət, Hüquq,
Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin
üzvü, siyasi şərhçi Əli
Zülfüqaroğlu Missiya.Az-a açıqlamasında
bildirib ki, Vensin bölgəyə səfəri kifayət qədər
ciddi hadisədir. Onun fikrincə, mövcud geosiyasi şərtlər
fonunda baş tutan səfər ABŞ ilə yanaşı, Azərbaycan
və Ermənistan üçün də ciddi əhəmiyyət
daşıyır: “Təbii ki, sülh prosesinin müzakirədən
kənarda qalması inandırıcı deyil. Nəzərə
almalıyıq ki, Azərbaycanla Ermənistan arasında ötən
ilin avqustunda Vaşinqtonda ilkin sülh sazişi imzalanıb. Azərbaycanla
yanaşı Ermənistanın da sülh istiqamətində
yürütdüyü siyasəti müsbət dəyərləndirmək
olar. Ermənistanın Baş naziri Nikol Paşinyan çox
yaxşı başa düşür ki, mövcud geosiyasi şərtlər
bütün dövlətlər üçün ciddi təhdidlər
formalaşdırıb və qeyri-adekvat siyasət Ermənistanı
məhvə sürükləyə bilər. Buna görə də,
onun “real Ermənistan” konsepsiyası çərçivəsində
fəaliyyət göstərməsi adekvat yanaşmadır və
Ermənistanın xilasına yönəlik strateji xətdir.
İlkin sülh sazişinin Vaşinqtonda
imzalandığını nəzərə alsaq, o zaman yekun
sülh sazişi istiqamətində də proseslərin
müsbət istiqamətdə davam etməsinin ABŞ
üçün ciddi əhəmiyyət
daşıdığını söyləmək olar”,-deyə
o qeyd edib.
Əli Zülfüqaroğlu əlavə edib ki, kilsə
və revanşistlərin, eyni zamanda erməni lobbisinin sülh
prosesini pozmağa yönəlik addımlar atması Ermənistanda
müəyyən gərginlik yaradır: “Hökumət üzərində
ciddi təzyiqlər var və bu proses sülhün əldə
olunmasını istəməyən müəyyən dövlətlərin
dəstəyi ilə formalaşdırılır. Ona görə
də hesab edirəm ki, Ermənistanda seçkiöncəsi
Paşinyanın mövqelərinin güclənməsi Azərbaycanın
maraqlarına tam cavab verir. Azərbaycanın Qazaxıstan və
Rusiyadan yüklərin Ermənistana daşınmasına icazə
verməsi, eyni zamanda Azərbaycan yanacağının İrəvana
daşınması taxılın və yanacağın qiymətində
ucuzlaşmaya səbəb olub. Bu da seçkiöncəsi
Paşinyanın mövqelərinin möhkəmlənməsi
baxımından əhəmiyyətlidir”.
Siyasi şərhçi əlavə edib ki, əgər,
seçkiyə qədər sülh sazişi imzalanarsa, bu,
Paşinyan hökumətinin lehinə işləyəcək:
“Ona görə də, Ermənistan konstitusiyasının dəyişdirilməsi
ilə bağlı Azərbaycanın irəli
sürdüyü şərt seçkidən sonraya
saxlanıla bilər. Təbii ki, Ermənistan hökumətinin
seçkidən sonra bu addımı atacağı ilə
bağlı üzərinə öhdəlik götürmək
şərtilə. Belə olan halda isə Ermənistanla
seçkiyə qədər sülh imzalana bilər ki, bu da
revanşistlərin ciddi zərbə alması deməkdir”,- deyə
Əli Zülfüqaroğlu əlavə edib.
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.6.