ABŞ-İran
dialoqu: “Azərbaycan sabitliyin təmin olunmasında
maraqlıdır”
Azərbaycan regionda sabitliyin tərəfdarı olaraq
İran–ABŞ münasibətlərində dialoqun bərqərar
olmasına maraq göstərir. “Xalq Cəbhəsi”nə
açıqlama verən deputatlar bildirib ki, İran Azərbaycanın
cənub qonşusu və xarici siyasətində önəmli
ölkədir. Hazırda Tehran və Vaşinqton arasında
danışıqlar aparılır, amma hələ ciddi
razılıq əldə edilməyib və proses strateji
ehtiyatla davam edir.
Millət vəkili Arzu Nağıyev bildirib ki,
İranın danışıqlardakı mövqeyi hazırda
strateji və diqqətlə hesablanmış xarakter
daşıyır.
Deputat vurğulayıb ki, Tehran təzyiq altında
diplomatik addımlar atmamaq və öz mövqeyini güclü
göstərmək üçün danışıqları
şərti formatda saxlayır: “Əsas məqsəd Qərbə
bir siqnal verməkdir ki, real güzəşt olmadan
danışıqlar dayandırıla bilər.
Əraqçinin açıqlaması diplomatik ultimatum deyil,
sadəcə strateji xəbərdarlıqdır. İran rəhbərliyi
daxildə zəif görünmək istəmir, eyni zamanda bir
sıra körfəz ölkələrinə sərt
mövqeyini göstərir. Bu, sanksiyalar və hərbi təzyiqlərlə
bağlı ciddi mesajdır. İranın
danışıqları izləmə tərzi, təzyiq və
test dövrü kimi qiymətləndirilə bilər.
Prosesin nəticəsi 50%-ə yaxın müsbət
bir addım ola bilər. Bunun səbəbi odur ki, sanksiyalar tətbiq
olunur və saxlanır, amma danışıqlar davam edir.
ABŞ və Avropada isə İranla yumşaq siyasətin tərəfdarları
zəifləyir, sərt mövqedə olanlar isə öz xətlərini
qoruyurlar. İran bu kontekstdə diplomatiyanı ön planda
saxlayır, ancaq real razılaşmalar üçün konkret
addımlar tələb olunur. Dondurulmuş diplomatiya da ola bilər;
görüşlər texniki səviyyədə qalacaq, siyasi
razılaşma isə hələ mümkün
görünmür. Azərbaycan Prezidenti İlham Əliyevin
İran rəhbərliyi ilə apardığı telefon
danışığı Azərbaycanın sülhsevər
mövqeyini nümayiş etdirir. Bu addım həm də
sülhün bərqərar olması üçün
mühüm mesajdır. Azərbaycan bu baxımdan regionda
sabitliyi dəstəkləyən və dialoqa
üstünlük verən dövlət olduğunu bir daha
göstərir”.
Gərgin faza
Deputat Arzuxan Əlizadə diqqətə
çatdırıb ki, İran-Amerika münasibətləri
hazırda qərgin fazada davam etməkdədir: “Əslində,
danışıqlar baş tutmuş kimi görünür,
amma istənilən halda məsələ burasındadır ki,
hələ ciddi bir razılıq əldə edilməyib”.
Millət vəkili qeyd edib ki, əvvəlki dönəmlərdə
hətta danışıqların olub-olmayacağı ciddi
sual altında idi və İran daha çox “vurulacaq”
mövqeyində idi: “Lakin nəticə etibarı ilə
danışıqlara gedildi və Omanda baş tutan
görüşlərdən sonra müəyyən ümid
yaranıb ki, danışıqlarla nəyəsə nail olmaq
mümkün olacaq. İranın rəsmi şəxslərinin
açıqlamaları, xüsusilə də İran Xarici
İşlər Naziri Əraqçinin bəyanatları diqqət
çəkir. Əraqçi faktiki olaraq bəyan edib ki,
ABŞ-nin bir sıra şərtləri, xüsusilə balistik
raket proqramı və regional məsələlər,
müzakirə mövzusu olmayacaq. İranın sansiyalar
altında olduğunu və bu sansiyalardan geri çəkilmədiyi
müddətdə ABŞ ilə danışıqların
mümkün olacağını vurğulayıb.
Etimad mühiti formalaşarsa və İrana hörmətlə
yanaşılarsa, danışıqlar davam edəcək. Buna
baxmayaraq, hələ ki, Maskat və Oman görüşlərində
yalnız başlanğıc səviyyəsində irəliləyiş
əldə olunub və ciddi nəticə yoxdur. ABŞ
Prezidentinin ritorikasında əvvəlki dövrlərə nisbətən
müəyyən yumşalma olsa da, əgər
danışıqlar nəticə verməsə, bu, növbəti
ciddi eskalasiyanın, ötən ilin iyununda baş vermiş 12
günlük müharibə səviyyəsində gərginliyin
təkrarlanması ehtimalını istisna etmir”.
Azərbaycanın mövqeyi
Deputat Aydın Mirzəzadə isə qeyd edib ki,
İran Azərbaycanın cənub qonşusu və ölkəmizin
xarici siyasətində əsas istiqamətlərdən biridir:
“Bu baxımdan Azərbaycan İranda sabitliyin təmin
olunmasında və İran–Qərb
qarşıdurmasının tezliklə aradan qalxmasında
maraqlıdır”.
Onun fikrincə, hazırda İranla ABŞ arasında
müəyyən danışıqlar gedir və tərəflər
onları narahat edən məsələlər ətrafında
fikir mübadiləsi aparırlar: “Əlbəttə, bir və
ya bir neçə danışıqlar raundu ilə
bütün problemlərin həll olunacağını
gözləmək real deyil. Ancaq münasibətlərin
ölü nöqtədən tərpənməsi və
dialoqun başlaması müsbət haldır. Tərəflər
arasında fərqli mövqelərin olması təbiidir.
Müxtəlif yanaşmalar və rəylər olacaq, hər
kəs öz mövqeyində israr edəcək.
Diplomatiyanın gücü isə məhz bu mövqeləri
bir-birinə yaxınlaşdırmaq
bacarığındadır. Ümid edirik ki, aparılan
danışıqlar konkret nəticələr verəcək”.
Günel Elxan
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.6.