“Regional əməkdaşlıq
üçün yeni nəqliyyat imkanları formalaşır”
Regionda formalaşan yeni siyasi reallıqlar fonunda
kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin
bərpası məsələsi xüsusi aktuallıq
qazanıb. Xüsusilə Azərbaycan, Türkiyə və Ermənistan
arasında münasibətlərdə müşahidə olunan
müsbət dinamika sərhədlərin açılması,
nəqliyyat və gömrük keçidlərinin fəaliyyətə
başlaması ilə bağlı müzakirələri
ön plana çıxarır. Rəsmi açıqlamalar və
ekspert rəyləri göstərir ki, bu proseslər yaxın
dövrdə konkret addımlarla müşayiət oluna bilər.
Mütəxəssislərin fikrincə, regional
kommunikasiyaların bərpası təkcə siyasi dialoqun
güclənməsi deyil, eyni zamanda iqtisadi əməkdaşlığın
genişlənməsi baxımından da mühüm əhəmiyyət
daşıyır. Yeni nəqliyyat marşrutlarının
açılması, tranzit imkanlarının artması və
ticarət əlaqələrinin formalaşması region ölkələri
üçün əlavə iqtisadi dividendlər vəd edir.
Bu kontekstdə Azərbaycan üzərindən keçən
marşrutların əhəmiyyəti artır, Zəngəzur
dəhlizi isə regional və beynəlxalq
yükdaşımaların əsas halqalarından biri kimi qiymətləndirilir.
Regional kommunikasiyalar genişlənir
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə
danışan deputat Vüqar Bayramov bildirib ki, Türkiyə ilə
Ermənistan arasında sərhədlərin
açılması və kommunikasiyaların bərpası
hazırda müzakirə edilən əsas məsələlərdəndir.
Onun sözlərinə görə, hər iki tərəfin
verdiyi açıqlamalardan bu istiqamətdə yaxın
dövrdə addımların atılmasının
mümkün olduğu görünür: “Türkiyə və
Azərbaycan regionda əməkdaşlıqda maraqlı olan
ölkələrdir. Eyni zamanda, Ermənistan və Azərbaycan
arasında artıq ticarət əlaqələrinin
formalaşmağa başladığını müşahidə
edirik. Azərbaycan benzininin Ermənistana ixracı həyata
keçirilib, Azərbaycan üzərindən Ermənistana
daşınan yüklərlə bağlı qadağalar aradan
qaldırılıb. Bu, iqtisadi əlaqələrin bərpası
baxımından mühüm əhəmiyyət
daşıyır”.
Deputat qeyd edib ki, Ermənistan–Türkiyə sərhədinin
açılması region üzərindən daşınan
yüklərin həcminə ciddi təsir göstərə
bilər: “Xüsusilə Zəngəzur dəhlizi istifadəyə
verildikdən sonra bu proses daha da aktuallaşacaq. Çünki
Zəngəzur dəhlizi Şərq–Qərb və Şimal–Cənub
nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Nəticədə
Azərbaycan üzərindən Ermənistan–Türkiyə
marşrutu ilə, daha sonra isə Avropaya yüklərin
daşınması mümkün olacaq. Ermənistan və
Türkiyə arasında sərhədlərin açılması
Azərbaycan üçün hər hansı risk yaratmır.
Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edib. Yeni regional reallıqlar fonunda
ölkəmiz sülh və əməkdaşlıqda
maraqlıdır”.
“Gömrük keçidi yaxın aylarda açıla
bilər”
İqtisadçı ekspert Rəşad Həsənov
qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən
sülh prosesi çərçivəsində gömrük
keçid məntəqəsinin açılması məsələsi
əsasən növbəti danışıqların nəticəsindən
asılı olacaq.
Rəşad Həsənov vurğulayıb ki, yaxın
aylarda məntəqənin açılması ehtimalı
yüksəkdir: “Hazırda Azərbaycan birbaşa olaraq Ermənistanla
ticarət əlaqələrini qurmağa başlayıb. Azərbaycan
ərazisindən Ermənistana yüklər daşınır
və hər iki ölkənin hökumət rəsmilərinin
açıqlamaları göstərir ki, yekun sülh
sazişinin qısamüddətli dövrdə imzalanması
mümkündür.
Bu proses xüsusilə Ermənistan üçün
iqtisadi faydalar yaradacaq: “Ermənistan kiçik bir ölkədir
və quru sərhədi ilə böyük bazara
çıxış əldə edir. Bu, sərhəd bölgələrinin
inkişafı, məhsulların daha əlverişli qiymətlə
bazara çıxarılması və idxal imkanlarının
genişlənməsi baxımından əlverişlidir. Eyni
zamanda tranzit potensialı da artır. Hazırda kommunikasiya
kanalları əsasən Gürcüstan üzərindən
qurulub. Lakin Azərbaycan və Türkiyə arasında Ermənistan
üzərindən tranzit imkanları standartlara uyğun
struktur formalaşdırıldıqda və
qarşılıqlı inam gücləndikdə, bu istiqamətdə
daşıma xərcləri optimallaşdırıla və
yük daşımalarının intensivliyi təmin oluna bilər.
Nəticədə sahibkarlar üçün daha minimal xərclə
məhsulların idxal və ixracı imkanları yaranacaq və
rəqabət qabiliyyətinə müsbət təsir göstəriləcək”.
Günel Elxan
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.5.