Vensin Bakı səfəri:
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza
səfəri dünya mətbuatında müzakirə
mövzusudur. ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri
zamanı ABŞ-Azərbaycan münasibətlərinin
inkişaf istiqamətləri müzakirə edilib. Həmçinin
Prezident İlham Əliyev və Ceyms Devid Vens arasında “Azərbaycan
Respublikası Hökuməti ilə Amerika Birləşmiş
Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq
Xartiyası” imzalanıb.
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri
və politoloqlarla təhlil edib.
Milli Məclisin deputatı Beynəlxalq Münasibətlər
və Parlamentlərarası Əlaqələr Komitəsinin
üzvü Pərvanə Vəliyeva qeyd edib ki, ABŞ-nin
vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli
münasibətlərdə mühüm mərhələni
ifadə edir: “Bu səfər qarşılıqlı
faydalı strateji əlaqələrin genişləndirilməsi,
iki ölkə arasında iqtisadi və təhlükəsizlik
sahəsində əməkdaşlığın inkişaf
etdirilməsinə yönəlib. Səfər ötən il
Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş
razılaşmaların davamı kimi qiymətləndirilir və
aydın mesaj verir: Birləşmiş Ştatlar Cənubi
Qafqazda fəal iştirakını davam etdirir və regionu
özünün daha geniş xarici siyasət prioritetlərinin
bir hissəsi hesab edir. Münasibətlərin bu yeni mərhələsini
formalaşdıran əsas nəticələrdən biri
Bakıda ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq
Xartiyasının imzalanmasıdır. Xartiya ikitərəfli əməkdaşlığı
institusional çərçivəyə salır və
müxtəlif sahələr üzrə uzunmüddətli əməkdaşlıq
üçün əsas yaradır. Bu sənəd münasibətlərin
artan yetkinliyini əks etdirir və hər iki ölkənin daha
strukturlaşdırılmış və gələcəyə
yönəlmiş tərəfdaşlığa doğru irəlilədiyini
təsdiqləyir”.
ABŞ ilə strateji tərəfdaşlıq və
üç əsas istiqamət
Deputat deyib ki, son illərdə ABŞ–Azərbaycan
münasibətləri tarixi zirvəyə çatıb və
strateji tərəfdaşlığın yeni mərhələsinə
qədəm qoyub: “Prezident İlham Əliyevin Vaşinqtona səfəri
zamanı tərəflər əməkdaşlığın
institusional əsasda qurulması və ikitərəfli əlaqələrin
dərinləşdirilməsi məqsədilə Strateji
İşçi Qrupunun yaradılması barədə
razılığa gəliblər. ABŞ ilə strateji tərəfdaşlıq
üç əsas istiqaməti əhatə edəcək:
enerji və regional bağlantı (o cümlədən ticarət
və tranzit); iqtisadi investisiyalar, xüsusilə süni
intellekt və rəqəmsal infrastruktur sahəsində; həmçinin
təhlükəsizlik əməkdaşlığı, o
cümlədən kibercinayətkarlıq və müdafiə
sahəsində əməkdaşlıq və terrorizmlə
mübarizə. Strateji İşçi Qrupunun
yaradılması infrastrukturun inkişafını sürətləndirəcək,
enerji investisiyalarını genişləndirəcək və
regional iqtisadi inteqrasiyanı təşviq edəcək. Bu,
ABŞ texnologiyası və kapitalının Azərbaycanın
iqtisadi transformasiyasında rolunun artması deməkdir.
Ümumi məqsəd yalnız ikitərəfli inkişaf
deyil, eyni zamanda regional tərəfdaşlıqların və
sabitliyin möhkəmləndirilməsidir. Bağlantılar
üzrə mühüm xətt - TRIPP marşrutunun fəaliyyətə
başlamasıdır ki, bu da Şərq–Qərb istiqamətində
əsas bağlantı dəhlizlərindən birinə
çevrilməyə iddialıdır. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqaz artıq heç vaxt
qarşıdurma məkanı olmayacaq. Azərbaycanın
uzunmüddətli vizyonu regionu münaqişələrdən
inteqrasiya olunmuş əraziyə, infrastruktur, ticarət şəbəkələri,
boru kəmərləri və rəqəmsal bağlantı ilə
xarakterizə olunan bazara çevirməkdir”.
Səfərin praktik əhəmiyyəti
O bildirib ki, Vensin səfərindən əvvəl
fevralın 9-da Prezident İlham Əliyev Bakıda ABŞ Ticarət
Palatasının nümayəndələri ilə
görüşüb: “Enerji, nəqliyyat, texnologiya və ərzaq
sektorlarını təmsil edən onlarla şirkətin
nümayəndəsindən ibarət nümayəndə heyəti
Amerika biznesinin Azərbaycana artan marağını əks
etdirirdi. Bu səfər də ilklərdən biri idi. ABŞ
şirkətləri ilə əməkdaşlıq, xüsusilə
enerji sektorunda, Azərbaycanın qlobal enerji bazarlarına
inteqrasiyasının əsasını qoymuş “Əsrin
müqaviləsi”nə qədər uzanan uzunmüddətli tərəfdaşlığa
əsaslanır. Vitse-prezident Vensin regional səfəri həm
də, mühüm siyasi mesajlar verdi. Onun Ermənistanda etdiyi
çıxış: sülhün keçmiş narrativlərə
qapılmaqdan deyil, gələcəyə yönəlmiş baxışdan
asılı olduğunu vurğulaması konstruktiv əməkdaşlığın
əhəmiyyətini önə çəkir. Prezident
İlham Əliyevin təşəbbüsü ilə 44
günlük Vətən müharibəsindən sonra
başlanan Azərbaycan–Ermənistan sülh gündəliyi
uzunmüddətli regional sabitliyə doğru
atılmış mühüm addım idi. Əhəmiyyətli
çətinliklərə baxmayaraq proses göstərir ki,
davamlı sülh siyasi iradə, diplomatiya və iqtisadi
inteqrasiya yolu ilə mümkündür”.
P.Vəliyevanın sözlərinə görə,
ABŞ-nin vitse-prezidentinin səfəri yalnız simvolik deyil, həm
də praktik əhəmiyyət daşıyır. Bu səfər
daha güclü iqtisadi əlaqələrə, daha dərin
siyasi dialoqa və TRIPP üzrə işlərin sürətləndirilməsinə
doğru istiqaməti möhkəmləndirir. O həmçinin
vurğulayıb ki, bu marşrut Cənubi Qafqazı Avropa ilə
Asiyanı birləşdirən əsas dəhlizə çevirə
və davamlı sülhə, regional sabitliyə və ortaq
rifaha töhfə verə bilər.
“Münasibətlərdə yeni mərhələ
başlayır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Qarayeva qeyd edib ki, Bakıdakı
görüş ABŞ-Azərbaycan münasibətlərində
məzmun baxımından yeni mərhələnin
başladığını göstərir: “Strateji Tərəfdaşlıq
haqqında Xartiyanın imzalanması sadəcə diplomatik sənəd
deyil, tərəflərin bir-birini regional proseslərdə
etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul
etdiyinin açıq mesajıdır. Prezident İlham
Əliyevin çıxışında sülhün artıq
kağız üzərində deyil, real həyatda
yaşandığına dair vurğular Azərbaycanın
postmünaqişə dövründə təşəbbüskar
mövqedə olduğunu nümayiş etdirir. ABŞ-nin bu
prosesi açıq şəkildə dəstəkləməsi
isə Vaşinqtonun Cənubi Qafqazda sabitliyi kənardan diktə
etmək yox, mövcud regional reallıqlar üzərindən
qurmaq niyyətindən xəbər verir”.
Vensin diqqətçəkən ritorikası
Z.Qarayeva bildirib ki, vitse-prezident Vensin ritorikası da
diqqətçəkicidir: “O, Azərbaycanı yalnız enerji
və tranzit ölkəsi kimi deyil, təhlükəsizlik və
sülh proseslərinə töhfə verən siyasi aktor kimi təqdim
edir. TRIPP layihəsinə xüsusi diqqət yetirilməsi
göstərir ki, ABŞ regionda iqtisadi əlaqələrin
güclənməsini uzunmüddətli sülhün əsas
şərti hesab edir. Bu yanaşma müharibə risklərini
azaltmaqla yanaşı, Azərbaycanı Avrasiya məkanında
əsas bağlantı mərkəzlərindən birinə
çevirə bilər. Ümumilikdə, bu görüş
Bakı ilə Vaşinqton arasında münasibətlərin
daha praqmatik, nəticəyönümlü və
qarşılıqlı maraqlara əsaslanan mərhələyə
daxil olduğunu göstərir”.
Əməkdaşlığın birinci istiqaməti
Politoloq Vüqar Dadaşov bildirib ki, Azərbaycan-ABŞ
Strateji Tərəfdaşlıq Xartiyasına görə, əməkdaşlığın
birinci istiqaməti regional əlaqəlilik və enerji təhlükəsizliyi
müəyyən edilib: “Yeri gəmişkən, hələ
keçən il, 2025-ci il yanvarın 14-də ABŞ və Ermənistan
arasında Strateji Əməkdaşlıq Sazişi
imzalanıb. Xaraktercə "Xartiya" və
"Saziş" tamamilə fərqli hüquqi və diplomatik
anlayışdır. Xartiya - siyasi niyyət və çərçivə
sənədidir, tərəflərin əməkdaşlıq istiqamətlərini
və prinsiplərini göstərir, ancaq detallara girmir, həmçinin
hüquqi məcburetmə xarakterli deyil. Saziş isə
hüquqi və konkret öhdəlik yaradır, şərtlərin
pozuntusu beynəlxalq hüquq məsuliyyətinə səbəb
olur. Müddəalardan asılı olaraq bağlanmış sazişin
Parlamentdə ratifikasiyası da tələb oluna bilər”.
Azərbaycan qurucu aktor kimi
O əlavə edib ki, hər iki ölkəyə olan səfərin
və əldə olunmuş razılaşmaların
ağırlığı bütün mənzərəni,
prioriteti açıq təsvir edir: “ABŞ-nin Ermənistanla
2025-ci il və 09 fevral 2026-cı il sazişləri Ermənistanın
təhlükəsizlik arxitekturasında ABŞ-nin rolunun əhəmiyyətli
dərəcədə artdığını göstərir.
Əgər Rusiyanın Ermənistanda parlament seçkisinə
mümkün müdaxilələri nəticəsiz qalarsa və
Paşinyan yenidən baş nazir seçilərsə, Rusiya hərbi
bazalarının Ermənistandan çıxarılması
prosesi praktiki mərhələyə keçəcək. Azərbaycan
isə, qlobal siyasi axara uyğun maksimum balanslaşdırma, Qərb
və Türk dünyası ilə paralel region dövlətləri
ilə praqmatik əməkdaşlıq xətti üzrə
siyasətini qurur. Şübhə yox ki, rəsmi Bakı
heç bir xarici qüvvəyə güvənmədən
ölkənin təhlükəsizliyini müstəqil şəkildə
təmin etmək yolunu davam etdirir, real suverenlik prinsiplərini
qoruyur. Azərbaycan üçün əsas prioritet hərbi-siyasi
bloklara qoşulmaq deyil, qlobal geosiyasi rəqabət
reallığından milli maraqlar naminə yararlanmaqdır. Məhz
buna görə Azərbaycan birbaşa hərbi-siyasi
qarşıdurmalarda tərəf olmaqdan yayınaraq enerji, nəqliyyat
və müdafiə potensialını ölkənin təhlükəsizlik
arxitekturasının əsas dayaqlarına çevirməklə
qurucu aktor kimi mövqeyini möhkəmlətməyə
çalışır”.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.4.