Milli-mənəvi dəyərlər
Azərbaycan xalqı hər zaman milli dəyərlərə
sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə
yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə
ölkəmizdə milli dəyərlərimizin qorunması və
onun gələcək nəsillərə
çatdırılması aktual olub. Elə
günümüzdə də bu müsbət tendensiya
özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin
Azərbaycan xalqının formalaşmasına təsiri
böyük olduğu kimi, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində də xüsusi rolu
vardır. Dəyərlərin olması hələ səninki
demək deyil. Dəyərlər onda səninki olar ki, ona sahib
durasan, qayğı göstərəsən. Təbliq edib
yaymadığın, tanıtmadığın dəyərin
elə sahibsiz kimidir. Sahibsiz olan nəsnə isə elə
hamının deməkdir. Zaman-zaman sahib durmadıqların səndən
uzaqlaşır, yadlaşır, son olaraq isə
başqasının hesabına keçir.
Azərbaycan mədəniyyəti dünyada ən qədim
köklərə malik mədəniyyətlərdəndir.
Çünki Azərbaycan Dünyanın ilk insanın
formalaşdığı az qisim ərazilərdən biridir.
Belə ki, Füzuli rayonu ərazisində yerləşən
Azıx tapıntısı yaşının qədimliyinə
görə Dünyada dördüncü tapıntıdır.
Məlum olmuşdur ki, Azıxantroplar bu ərazidə hələ
350-400 min il bundan əvvəl yaşamışlar. Sonrakı əsrlərdə
də ekspansiyalara baxmayaraq mədəniyyətimiz inkişaf
edib, yetkinləşib. Üç yüz il Sasani (Fars),
üç yüz il ərəb, iki yüz ilə yaxın rus
imperiyalarının əsarəti altında qalsa da mədəniyyətimiz
ölmədi. Hər üç imperiya etnik dayaq yaratmaq, eləcə
də türkdilli etnosları bu ərazidən
sıxışdırıb çıxarmaq istəsələr
də son olaraq özləri qaynayıb-qarışıb,
türkləşiblər.
Yazıda heç də məqsədim mədəniyyətimizi
mədh etmək deyil. Çünki bu kulturoloqların
işidir. Əlbəttə, haşiyə çıxım, mədəniyyəti
araşdırmaq, nəzəri əsasları haqqında fikir
yürütmək onların, amma qorumaq, yaymaq, sahib
çıxmaq isə biz ümumun işidir. Yeri gəlmişkən:
zaman-zaman formalaşan mədəni irsimizə sahib
çıxmadıqca, yiyə durmadıqca, mədəni
irsimizə arxa çevirdikcə ona özgələri sahib
çıxır, yiyə durur, özünküləşdirirlər.
Məclislər yaraşığı kamançamızı
özəlləşdirdilər, abırımıza
qısıldıq. Xoxol dostlarımdan biri profilində
lavaş (fətir) haqqında məlumat verir, özüdə
bilirsiniz hansı başlıqda, “armyanskaya kuxnya”. Başa
salıram, deyir bilmədim, erməni dostu elə deyibmiş.
Üzr istəyir. Allah Akif İslamzadəni qorusun,
"Sarı gəlin"i elə ifa edib ki, hətta İngilis
də bilir ki, mahnı bizimdir. Onu da özlərinə
çıxdı ermənilər. Beynəlmiləlçiliyimizə
qısıldıq. Bu gün isə qara zurnamıza sahib
çıxıblar. Daha qaradan başqa rəng olmaz deyir
atalar. Görəsən daha nələr var növbədə?
Xalqın mədəni irsi birdən-birə
formalaşmır. Bunun üçün əsrlərin, zamanın
sərt sınağı lazımdır. Ulularımıza rəhmət
, bu hala gəlməyimizdən ötrü kim bilir nələrdən
keçiblər.
Günümüzdə, Azərbaycan müasirləşən,
Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu
tutan bir ölkədir. Düzdür, müstəqillik
qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə
qloballaşma tendensiyası müşahidə etmək
olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə
təsiri cəmiyyətə daha çox yad dəyərləri
qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç
şübhəsiz ki, müasir dünyada sürətlə
davam edən qloballaşma prosesləri bizim də ölkədən
yan keçməyib. Müsbət hal isə ondan ibarətdir
ki, artıq cəmiyyətin özündə ona qarşı əks
reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq
qloballaşma adı altında öz milli dəyərlərimizi
unutmamalı və bu dəyərlərə sadiq
olmalıyıq. Hər bir ölkə və xalq
üçün onun milli dəyərləri hər şeydən
üstün tutulmalı və digər xalqların dəyərləri
ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan
biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı,
xoş münasibətləri, səmimi dostluğu nəzərdə
tuturuq. Biz hər zaman qloballaşma adı altında digər
xalqların adət-ənənələrinə zidd olan, milli
mentalitetə xas olmayan dəyərlərə qarşı
mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə
milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.
Deməli, milli mənəvi dəyərlərimiz
yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər
dəyişdikdə isə artıq qarşımızda fərqli
milli kimliyi görəcəyik. Ona görə də gənclər
arasında milli-mənəvi dəyərlərin qorunması
istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik
və vətəndaşlıq hissləri gücləndirilməlidir.
Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini
artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr
işləyib hazırlanmalı, normativ-hüquqi bazanın
yaradılmasına nail olunmalıdır. Müsbət dəyərləndirilməli
məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində
milli kimliyin əsasını təşkil edən milli və
mənəvi dəyərləri qorunması və
yaşadılması istiqamətində daha məqsədyönlü
fəaliyyəti görə bilirik.
İtirə-itirə gedirik. Haçanacan? Sahib duraq mədəni
irsimizə, dəyərlərimizə. Zaman-zaman formalaşan, əlimizdə-özümüzdə
olan mədəni dəyərlərlə güclü, qüvvətliyik!
Malik Balaşov, publisist
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.15.