Boşanmalar
artır: dəyərlər sistemi təhdid altında
Gün keçdikcə Azərbaycanda
boşanmaların sayı artır. Boşanmaların 50 faizə
çatması ciddi siqnaldır.
Bəs təhlükənin aradan qaldırılması
üçün hansı addımlar atılmalıdır?
“Xalq Cəbhəsi” mövzunu mütəxəssislərlə
araşdırıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin üzvü Günay Ağamalı söyləyib
ki, boşanmaların sayının artması cəmiyyət
üçün ciddi siqnaldır: “Ailə iki insanın birliyi
ilə yanaşı, millətin mənəvi dayağı,
uşaqların sağlam psixoloji mühitdə
formalaşmasının əsas təminatıdır. Ailədə
baş verən hər sarsıntı əslində gələcək
nəsillərin taleyinə toxunur. Boşanmaların 50 faizə
yaxınlaşması bizi ciddi şəkildə
düşündürməlidir. Mövcud mənfi
tendensiyanın kökündə bir sıra səbəblər
dayanır. Bura ailədaxili ünsiyyətin zəifləməsi,
məsuliyyət hissinin azalması, sosial şəbəkələrin
ailə münasibətlərinə mənfi təsiri, həmçinin
ailə institutuna baxışın dəyişməsi prosesə
təsir göstərən əsas amillərdəndir. Təəssüf
ki, günümüzdə bəzən ailə dəyərləri
səbir, anlayış və fədakarlıq üzərində
deyil, rahatlıq və fərdi maraqlar üzərində
qurulur. Hesab edirəm ki, ilk növbədə ailəyə
hazırlıq məsələsinə ciddi
yanaşmalıyıq. Gənclər evliliyə psixoloji
baxımdan hazır olmalıdırlar. Məktəblərdə
və ali təhsil müəssisələrində ailə dəyərləri,
ailə məsuliyyəti, valideynlik mədəniyyəti ilə
bağlı maarifləndirici proqramlar gücləndirilməlidir”.
“Fərqli mexanizmlərdə işlənilməlidir”
G.Ağamalı bildirib ki, gənclər ailə dəyərlərinin
bizim genetik kodlarımızdakı yerinin fərqində
olmalıdır: “Bu zamana qədər məhz ailə institunun
möhkəmləndirilməsi üçün vacib işlər
görülüb. Erkən nikahların
qarşısının alınması, qohum evliliklərinə
tətbiq edilən qadağa məhz sağlam ailə
mühitinin formalaşmasına hesablanıb. Eyni zamanda,
müxtəlif dövlət proqramları çərçivəsində
gənclərin sosial müdafiəsini gücləndirən
layihələrin işlənilməsi məhz sağlam gələcəyə
doğru atılan strateji qərarlardır. Lakin
görünür daha fərqli mexanizmlərdə işlənilməlidir
ki, gənclər ailə institutunun mahiyyətini dərindən
dərk etsin”.
“Sağlam ailə obrazı cəmiyyətdə
geniş yer almalı”
O həmçinin əlavə edib ki, ikinci
mühüm addım ailədaxili problemlərin erkən mərhələdə
həllinə yönələn mexanizmlərin genişləndirilməsidir:
“Psixoloji dəstək mərkəzlərində ailə məsləhət
xidmətləri genişləndirilməlidir. Bəzən
düzgün yönləndirmə və dialoq ailəni
dağılmaqdan xilas edə bilər. Eyni zamanda, media və
ictimai mühit ailə modelini nümunəvi şəkildə
təbliğ etməlidir. Sağlam ailə obrazı cəmiyyətdə
geniş yer almalı, ailəni qorumaq güc göstəricisi
kimi təqdim edilməlidir. Ailə dəyərlərini qorumaq
milli kimliyimizi, mənəvi bütövlüyümüzü
qorumaq deməkdir. Bu məsələ ətrafında
köklü və davamlı müzakirələr hər zaman
ön planda olmalıdır”.
“Nikahların pozulma hallarında ciddi artım var”
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin baş məsləhətçisi
Rafiq Mahmudov boşanma probleminin bir çox ölkələrdə
olduğu kimi, Azərbaycanda da aktual sosial məsələlərdən
biri olduğunu deyərək əlavə edib ki, son illərin
statistik göstəriciləri göstərir ki, nikahların
pozulma hallarında ciddi artım müşahidə olunur: “Bəzi
illərdə bağlanan nikahların demək olar ki, təxminən
yarısı boşanma ilə nəticələnir. Bu da ailə
institutunun zəifləməsi baxımından təhlükəli
tendensiya hesab olunur. Boşanma təkcə iki insanın
ayrılması deyil, eyni zamanda bütün ailə üzvlərinin,
xüsusilə də uşaqların psixoloji və emosional vəziyyətinə
dərin təsir göstərən mürəkkəb bir
prosesdir. Boşanmış ailələrdə böyüyən
uşaqlarda stress, özünəinamın azalması, sosial
adaptasiya problemləri və emosional travmalar daha çox
müşahidə olunur. Statistik göstəricilərə
diqqət yetirdikdə məlum olur ki, boşanan şəxslərin
50 faizdən çoxu kişilər arasında 30–40 yaş, qadınlar
arasında isə 25–35 yaş intervalına düşür.
Boşanmaların əsas səbəbləri sırasında
xarakter uyğunsuzluğu, qarşılıqlı
anlaşmanın zəifliyi, ünsiyyət problemləri,
davamlı münaqişələr, pis vərdişlər,
maddi çətinliklər və məişət
zorakılığı boşanmaya aparan başlıca amillərdir.
Əksər hallarda tərəflər problemləri vaxtında
müzakirə etmək əvəzinə, onları
yığılıb qalmasına şərait yaradırlar ki,
bu da münasibətlərin dərin böhranla nəticələnməsinə
səbəb olur”.
“Gənclər evliliyə yalnız “toy günü” və
“bal ayı” prizmasından baxmamalıdır”
R.Mahmudov bildirib ki, bu gün bir çox cütlük
bir-birini kifayət qədər tanımadan, bəzən isə
valideynlərin təsiri nəticəsində ailə qurur: “Ailə
qurulduqdan sonra ortaya çıxan uyğunlaşma çətinlikləri,
gündəlik həyatın reallıqları və valideyn məsuliyyəti
əvvəlcədən qurulan romantik gözləntilərin
dağılmasına gətirib çıxarır. Emosional
uyğunluğun olmaması, empati
çatışmazlığı, hörmətin tədricən
azalması münasibətlərin əsasını
sarsıdır və nəticədə boşanma
qaçılmaz olur. Evlilik yalnız sevgi və hisslər
üzərində deyil, eyni zamanda məsuliyyət, səbir,
qarşılıqlı anlayış, əməkdaşlıq
və emosional dəstək üzərində
qurulmalıdır. Gənclər evliliyə yalnız “toy
günü” və “bal ayı” prizmasından
baxmamalıdırlar. Onlara ailə həyatının həm
gözəl, həm də çətin tərəfləri
real şəkildə izah edilməlidir. Bu baxımdan nikahdan əvvəl
tərəflərin bir-birini yaxından tanıması, ailə
və evlilik mövzusunda maarifləndirilməsi, eləcə də
peşəkar psixoloji məsləhət xidmətlərindən
istifadə olduqca faydalıdır. Gənclər əvvəlcə
öz daxili dünyalarını, gözləntilərini və
dəyərlərini tanımalı, daha sonra
qarşılarındakı insanın xarakterini və psixoloji
xüsusiyyətlərini dərk etməlidirlər”.
“Boşanma cəmiyyətin sosial və mənəvi
sağlamlığına təhlükə yaradır”
R.Mahmudov Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi tərəfindən
mütəmadi olaraq bütün bölgələrdə və
paytaxtda ailə və nikah institutunun qorunması, milli ailə
dəyərlərinin təbliği, gənclərin ailə həyatına
hazırlığı məqsədilə mütəxəssislərin
iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkil
olunduğunu, eyni zamanda, sosial çarxlar
hazırlandığını, ailə üzvlərinin birlikdə
zaman keçirməsi, valideyn məsuliyyətinin düzgün
təbliğ olunması üçün layihələr həyata
keçirildiyini diqqətə çatdırıb: “Nəzərə
alsaq ki, nikahın pozulması prosesində yalnız
cütlüklər deyil, uşaqlar da ciddi psixoloji və
emosional travmalar alır. Bu istiqamətdə uşaqlarla
aparılan iş xüsusi əhəmiyyət
daşıyır. Bu səbəbdən boşanma riski olan və
ya boşanma prosesindən keçən ailələrin
övladları ilə sistemli və məqsədyönlü fəaliyyətin
təşkili olduqca vacibdir. Bütün bu amillər nəzərə
alınaraq ailələrlə və uşaqlarla işləyən
mütəxəssislərin peşəkar bilik və
bacarıqlarının artırılması məqsədilə
Dövlət Komitəsi tərəfindən beynəlxalq
ekspertlərin iştirakı ilə mütəmadi təlimlər
təşkil edilir. Boşanmaların artması təkcə
ailə institutuna deyil, bütövlükdə cəmiyyətin
sosial və mənəvi sağlamlığına təhlükə
yaradır. Bu tendensiyanın qarşısını almaq
üçün fərdi məsuliyyətlə yanaşı,
cəmiyyətin bütün təbəqələrinin birgə
fəaliyyəti zəruridir. Sağlam ailə isə sağlam
cəmiyyətin əsas sütunudur”.
“Evliliyə hazırlıq institutu
yaradılmalıdır”
"Yeni Həyat" İctimai Birliyinin sədri Nailə
İsmayılova qeyd edib ki, boşanma təkcə iki nəfərin
ayrılması deyil, onun dalğası uşaqlara, ailə
institutuna və bütövlükdə cəmiyyətə
yayılır: “50 faizə yaxınlaşan göstərici
artıq “fərdi seçim” çərçivəsindən
çıxıb sosial risk səviyyəsinə qalxır. Məsələyə
səbəbləri zəiflədən, ailəni gücləndirən
sistemli addımlarla yanaşmaq lazımdır. Boşanmanın
köklü səbəbləri psixoloji
hazırlığın olmaması (evliliyə romantik gözləntilərlə
girmək), ünsiyyət bacarıqlarının zəifliyi,
maddi stress və rol qarışıqlığı, valideyn
ailəsindən mənfi modellər, sosial şəbəkələrin
münasibətlərə təsiridir. Problem ailədə yox,
ailəyə hazırlıq mərhələsində
başlayır. Evliliyə hazırlıq mərhələsi
üçün evliliyə hazırlıq institutu
yaradılmalıdır. Necə ki, sürücülük vəsiqəsi
üçün kurs keçirik, evlilik üçün də
minimum psixoloji–sosial hazırlıq olmalıdır. Belə ki,
nikahdan əvvəl qısa müddətli, pulsuz məsləhət
sessiyaları keçirilməlidir. Gənclər
üçün “Evlilik nədir, nə deyil?” mövzusunda real
maarifləndirmə işi apararkən diqqət yetirilməli məqamlar:
rol bölgüsü, konfliktin idarəsi, valideynlik
mövzuları”.
“Bu balans pozulanda ailə tez çatlayır”
N.İsmayılova deyib ki, ailədaxili ünsiyyət mədəniyyəti
mütləq şəkildə bərpa olunmalıdır: “Bu
gün insanlarımız dinləməyi deyil, qalib gəlməyi
seçirlər, problemi həll etməyi deyil, münasibəti
bitirməyi asan görürlər. Məktəblərdə və
mediada emosional savadlılıq, münaqişəsiz ünsiyyət,
empati bacarıqları tədris və təbliğ olunması
çox vacibdir. Uşaqlar ailənin “girovu”na çevrilməməli
və qurbanı da olmamalıdır. Bəzən boşanma
qaçılmazdır, amma uşağın psixoloji durumu
prioritet olmalı, valideynlər arası münaqişə
uşağın üzərindən aparılmamalı, birgə
valideynlik mədəniyyəti təşviq edilməlidir. Bu
zaman dövlət və ictimai qurumların psixoloji dəstək
mexanizmləri gücləndirilməlidir. Media və sosial
şəbəkələrin məsuliyyəti mütləq nəzərə
alınmaqla düzgün maarifləndirmə işi təbliğ
olunmalıdır. Bu gün ailə konfliktləri
normallaşdırılır, boşanma “azadlıq aktı”
kimi romantikləşdirilir, səbir və məsuliyyət
“köhnəlmiş dəyər” kimi təqdim olunur. Media ailəni
ideallaşdırmadan, həmçinin ucuzlaşdırmadan təqdim
etməlidir. Ata və ana rollarının balansı, xüsusilə
də ata rolunun zəifləməsi emosional boşluq, ailə
daxilində güc disbalansı yaradır. Sağlam ailə
üçün ata yalnız təminatçı yox, emosional
dayaq, ana isə yalnız fədakar yox, dəyəri tanınan
şəxs olmalıdır. Bu balans pozulanda ailə tez
çatlayır. Boşanma sayını azaltmaq
üçün qadağalar yox, təzyiq yox, utandırma yox,
maarifləndirmə, psixoloji hazırlıq, dəyərlərin
yenidən şərhi və real dəstək sistemi yaratmaq
lazımdır. Ailə zəif insanların birliyi deyil – öz
üzərində işləməyi bacaran insanların ittifaqıdır”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.13.