Rəqəmsal iqtisadiyyata keçid
2026-2029-cu ilə üzrə Azərbaycanda Rəqəmsal
iqtisadiyyatın inkişafı üzrə Strategiyada 50-dən
çox təşəbbüs nəzərdə tutulub. Bu sənəd
3 ana məqsəd üzrə 9 prioritet istiqaməti əhatə
etməklə biznes sahəsi üzrə 26, cəmiyyəti əhatə
edən 15, dövləti əhatə edən 9 təşəbbüsdən
ibarətdir (Trend). İqtisadiyyat Nazirliyinin tabeliyində
Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru
Fariz Cəfərov təmsil etdiyi qurumun 2025-ci ilin fəaliyyətinin
yekunları ilə bağlı hesabat xarakterli mətbuat
konfransında deyib ki, "biznes üzrə Azərbaycanda rəqəmsal
transformasiyanın sürətləndirilməsi və bu istiqamətdə
dayanıqlı iqtisadiyyatın inkişafına dəstək
olmaqdır. İqtisadiyyatın rəqəmsallaşması ilə
bu prosesdə əmək bazarının texnoloji tələblərə
uyğunlaşdırılmasına
çalışırıq.
Növbəti bir neçə ildə 2026-2029-cu ilə
üzrə Azərbaycanda Rəqəmsal iqtisadiyyatın
inkişafı üzrə Strategiya çərçivəsində
8 əsas təşəbbüsümüz olacaq. Bunlardan biri Rəqəmsal
İqtisadiyyatın İnkişafına Dəstək
proqramıdır. Biz özəl təşkilatların,
xüsusilə də sənaye və istehsal subyektlərinin
texnoloji və yaşıl inkişafına dəstək
veririk. Bundan başqa, Yeni Nəsil Texnologiyalar Mərkəzi
yaradılacaq. Digər planlarımız yeni bizneslərin
yaradılması və gücləndirilməsi, Rəqəmsal
Həllər və Xidmətlər Platformasının
yaradılması, Məşğulluq üçün
kadrların təkmilləşdirilməsi proqamı,
İqtisadi Məlumatların Analitikası Platforması, "Rəqəmsal
Əkiz" Təşəbbüsü, Azərbaycan dili
bazasında süni intellekt modelinin hazırlanmasından ibarədir".
Bu təşəbbüslər reallaşdıqdan sonra
2029-cu ildə rəqəmsal transformasiya proqramlarında
iştirak edən müəssisələrin sayı 300-ə
çatacaq. Bu transformasiya nəticəsində özəl
şirkətlər ölkə iqtisadiyyatına 58 milyon manat əlavə
dəyər qatacaqlar. Həmçinim 250 yeni sahəvi startaplar
yaradılacaq. Rəqəmsal bazarlara çıxış əldə
etmiş KOB sayları 200-ə çatdırılacaq. Eyni
zamanda ümumi məşğulluqda yüksək ixtisaslı
İKT mütəxəssislərinin payı 1,87% olacaq. Yekunda,
iqtisadiyyatımıza əlavə olaraq yaradıcı süni
intellekt vasitəsilə 70 milyon manatdan çox dəyər
yaradılacaq.
Bəs rəqəmsal iqtisadiyyat nədir və
hansı perspektivləri, üstünlükləri var? Öncə
onu qeyd edək ki, rəqəmsal iqtisadiyyat – iqtisadi fəaliyyətlərin
(istehsal, xidmət, ticarət və s.) əsasən rəqəmsal
texnologiyalar, internet və məlumatlar üzərindən həyata
keçirildiyi iqtisadi modeldir. Bu modeldə məlumat (data) əsas
resurslardan birinə çevrilir. Əsas xüsusiyyətləri
İnternet əsaslı bizneslər (onlayn mağazalar,
platformalar), elektron ödəniş sistemləri və rəqəmsal
bankçılıq, bulud texnologiyaları və böyük
verilənlər (Big Data), süni intellekt və
avtomatlaşdırma, Platforma iqtisadiyyatıdır (məsələn,
Uber, Amazon).
Rəqəmsal iqtisadiyyata aid nümunələr kimi
onlayn alış-verişi (məsələn, Alibaba Group), rəqəmsal
ödənişləri (məsələn, Asanpay),
kriptovalyutaları və s göstərmək olar.
Üstünlükləri daha sürətli və ucuz əməliyyatların
mümkün olmasıdır. Habelə qlobal bazara
çıxış imkanları, yeni iş və biznes modelləri,
şəffaflıq və izlənə bilən olması diqqət
çəkir. Çətinlikləri də var. Belə ki,
kibertəhlükəsizlik riskləri, məlumatların
qorunması, rəqəmsal bərabərsizlik (internetə
çıxış problemi) var. Qısaca desək, rəqəmsal
iqtisadiyyat – texnologiyanın iqtisadiyyatın mərkəzinə
yerləşdiyi yeni inkişaf mərhələsidir.
Hazırda Azərbaycanda rəqəmsal biznesin
inkişafı arzu olunan səviyyədə deyil. Rəqəmsal
biznes müasir dövrdə texnologiya və internet üzərində
qurulan biznes modelidir. Bu modeldə məhsul və ya xidmətlərin
yaradılması, tanıdılması, satışı və
müştəriyə çatdırılması əsasən
rəqəmsal platformalar vasitəsilə həyata
keçirilir. Ənənəvi biznesdən fərqli olaraq, rəqəmsal
biznes fiziki məkandan asılı olmur və fəaliyyətini
onlayn mühitdə davam etdirə bilir. Rəqəmsal biznesdə
internet əsas rol oynayır. Şirkətlər sosial media,
veb-saytlar və mobil tətbiqlər vasitəsilə
müştərilərlə əlaqə yaradır,
sifariş qəbul edir və ödənişləri elektron
formada həyata keçirirlər. Məsələn, Amazon
onlayn satış platforması kimi fəaliyyət göstərir,
Uber mobil tətbiq üzərindən nəqliyyat xidməti təqdim
edir, PayPal isə rəqəmsal ödəniş sistemidir. Bu
nümunələr rəqəmsal biznesin müxtəlif sahələrdə
necə tətbiq olunduğunu göstərir.
Rəqəmsal biznesin əsas üstünlükləri
geniş bazara çıxış, daha aşağı əməliyyat
xərcləri və 24 saat fasiləsiz fəaliyyət
imkanıdır. Bununla yanaşı, bu sahədə rəqabət
yüksəkdir və kibertəhlükəsizlik məsələləri
mühüm əhəmiyyət daşıyır. Şirkətlər
daim yenilikləri izləməli və texnologiyaya
uyğunlaşmalıdırlar. Nəticə olaraq, rəqəmsal
biznes müasir iqtisadiyyatın vacib tərkib hissəsidir və
gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir.
Bu trendlərin ölkəmizdə də formalaşması və
inkişafı arzu olunandır.
Bu sahədə startapların yaranması və
inkişafı mümhüm amildir. Azərbaycanda
müşahidə olunan müsbət meyillər ondan ibarətdir
ki, startaplar əsasən rəqəmsallaşma ilə bu və
ya digər formada bağlıdır. Belə ki, son məlumatlara
görə, “Startap” şəhadətnaməsi almaq
üçün KOB subyektlərindən Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9
müraciət daxil olub. Müraciətlərə Ekspertlər
Şurasının iclasında baxılıb və onlardan 8-nə
“Startap” şəhadətnaməsinin verilməsi barədə
qərar qəbul edilib. “Startap” şəhadətnamələri
fiziki şəxslər Rəşad İbrahimlinin əyləncə
janrında video oyun (“Steam PC” platforması), Sərxan Abbaszadənin
“85 Games Studio” brendi altında video oyunların istehsalı,
İlkin Süleymanovun “İnframed Life” – klinikalar
üçün onlayn idarəetmə sistemi, Yahya
İsmayılovun “Jupiter” co-op macəra video oyunu, Həsən
Həsənovun “Meetra” görüş otaqlarının onlayn
idarə edilməsi platforması, İlkin Əliyevin “Special Meat”
simulyasiya və idarəetmə janrını birləşdirən
kompüter oyunu, "Proveb" MMC-nin “Qrgate” QR kod əsaslı
işə davamiyyətə nəzarət və
giriş-çıxış platforması və
"Profmart" MMC-nin "Profmart" peşəkarlar
üçün onlayn xidmət platforması layihələri
üçün verilib.
Layihələri inkişaf mərhələsində
olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap”
şəhadətnaməsi üçün KOBİA-ya
müraciət edir. Təqdim edilmiş “Startap” şəhadətnamələri
KOB subyektlərini müvafiq innovativ layihələr üzrə
əldə etdikləri gəlirləri mənfəət və
ya gəlir vergisindən 3 il müddətinə azad edir.
İndiyədək 255 mikro və kiçik sahibkara KOBİA tərəfindən
“Startap” şəhadətnaməsi verilib.
Azərbaycanda dövlət sektorunda rəqəmsallaşma
daha sürətli gedir. Hətta dövlət xidmətləri
ilə yanaşı dövlət şirkətlərini də əhatə
etməyə başlayıb. Davos Forumu çərçivəsində
4SİM və SOCAR tərəfindən “Texnoloji transformasiya
vasitəsilə enerji keçidinin sürətləndirilməsi:
Süni intellekt əsaslı sənaye” mövzusunda birgə
sessiya təşkil olunub, süni intellekt, sənaye 4.0 transformasiyası
və enerji səmərəliliyi ilə bağlı
müzakirələr aparılıb. 2026-cı ildə 4SİM
rəqəmsal texnologiyaların iqtisadiyyatda tətbiqinin
genişləndirilməsi, özəl sektorun rəqəmsal
transformasiyasına dəstək və insan kapitalının
gücləndirilməsi istiqamətində fəaliyyətini
genişləndirəcək. 4SİM davamlı inkişaf
istiqamətində həyata keçirilən fəaliyyətlər
çərçivəsində süni intellekt
texnologiyalarının enerji səmərəliliyində tətbiqi
istiqamətində yerli tərəfdaşlarla birgə 40
praktik həll formalaşdırıb. Bu həllər Dünya
İqtisadi Forumunun 2025-ci ildə dərc etdiyi “Süni
intellektin enerji paradoksu” adlı hesabatda əksini tapıb.
Azərbaycanda innovasiya və texnoloji inkişaf istiqamətində
həyata keçirilən fəaliyyətlər çərçivəsində
çoxsaylı tədbir və təcrübə
proqramları təşkil olunub. Bu təşəbbüslər
müxtəlif sahələri və aktual mövzuları əhatə
edib. Fariz Cəfərovun sözlərinə görə,
ümumilikdə 30-dan artıq ictimai müzakirə təşkil
olunub. Keçirilən tədbirlərə universitet tələbələri,
professor-müəllim heyəti, özəl setor nümayəndələri
və dövlət qurumlarınn təmsilçiləri cəlb
olunublar. Xüsusilə süni intellekt, dördüncü sənaye
inqilabı texnologiyaları, kompüter təfəkkürü
və innovasiya sahələrində geniş müzakirələr
aparılıb, gələcək inkişaf prioritetləri
müəyyənləşdirilib.
Azərbaycanın enerji sektoru üzrə süni
intellekt əsaslı ilk sistemli konsepti hazırlanıb. “Enerjidə
süni intellekt həlləri” adlı sənəddə
ölkənin enerji sektorunda mövcud vəziyyət və əsas
çağırışlar təhlil olunub, 40 qlobal həll
konsepti əsasında mümkün tətbiq istiqamətləri
müəyyənləşdirilib. Sənəd enerji
istehsalı, ötürülməsi və idarə
olunmasında səmərəliliyin artırılması, itkilərin
azaldılması, həmçinin qərarvermə proseslərinin
optimallaşdırılması baxımından süni
intellekt alətlərinin potensialını qiymətləndirir.
Təşəbbüs beynəlxalq təcrübə əsasında
hazırlanıb və Azərbaycanın enerji sektorunda rəqəmsal
transformasiyanın daha da dərinləşdirilməsinə
xidmət edəcək.
M.Həmzəoğlu
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.12.