Cenevrə
danışıqları: müsbət tendensiya varmı?
Rusiya-Ukrayna müharibəsinin sona çatması
yönündə danışıqlar davam edir. Növbəti danışıqlar
fevralın 17-18-də ABŞ, Rusiya və Ukrayna nümayəndə
heyətlərinin iştirakı ilə İsveçrənin
Cenevrə şəhərində keçirilib.
Tərəflər müsbət tendensiyanın
olduğunu bildirsələr də, ziddiyyətli məaqmlarla
bağlı irəliləyişin əldə
olunmadığı bəllidir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib
ki, bu görüşlər ilk dəfə deyil keçirilir:
“Əvvəl də görüşlər keçirilib, dəfələrlə
müzakirələr aparılıb. Proseslər onu göstərir
ki, Rusiya tərəfinin hələ ki, müharibəni
dayandırmaq fikri və niyyəti yoxdur. Rusiya
çalışır ki, Ukraynanın daha çox ərazilərini
işğal etsin. Ona görə də biz bu gün desək
ki, proses yaxın vaxtda bitəcək hesab edirəm ki,
düzgün olmaz. Danışıqların getməsi önəmlidir
və ümid edirik ki, nəticələr olacaq”.
Deputat bildirib ki, bir tərəfdən də
müşahidə olunan odur ki, hər iki tərəf
müharibədən yorulub, tükənib: “Müharibənin
aparılması böyük vəsait tələb edir.
Ümid edirik ki, danışıqlarla müharibənin bitməsinə
nail olunacaq. Amma proses çox ağırdır, mürəkkəbdir.
Çünki prosesin gedişatı onu göstərir ki,
xüsusilə Rusiya tərəfi buna hazır deyil və bu,
bir müddət hələ davam edəcək”.
“Real irəliləyiş mövcud deyil”
Politoloq Elçin Xalidbəyli qeyd edib ki, son dövrlərdə
ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar nisbətən
intensiv xarakter daşıyır: “Ancaq hələlik real irəliləyiş
mövcud deyil. Ona qədər də Ukrayna savaşının
dayandırılması üzrə sülh
danışıqlarında kifayət qədər ciddi cəhdlər
göstərilib. Eyni zamanda, dəfələrlə bu
savaşın sona çatma müddəti ilə bağlı
ehtimallar irəli sürülüb. Ancaq bütün bunların
heç biri real olaraq pozitiv nəticələnməyib.
Əvvəlki raundlarda görüşlər keçirilsə,
müzakirələr açılsa da, demək olar ki,
münaqişə tərəfləri masadan nəticəsiz
ayrılıblar”.
İrəliləyişlərin olma ehtimalı...
E.Xalidbəyli bildirib ki, hansısa irəliləyişlərin
olma ehtimalı o qədər də inandırıcı
görünmür: “Çünki burada əsas məsələlərdən
biri ondan ibarətdir ki, Avropa dövlətləri sülh
prosesinə qatılmaq niyyətində israrlı
görünürlər. Onların da əsas tələbləri
ondan ibarətdir ki, Rusiya sülh sazişi imzalandıqdan sonra
Ukraynaya heç vaxt hərbi müdaxilə etməyəcəyi
barədə zəmanət verməlidir. Avropada hesab edirlər
ki, belə bir zəmanət yalnız Ukraynanı deyil, Avropa
ölkələrinin də təhlükəsizliyi
üçün böyük önəm daşıyır. Yəni
Ukraynanı hələ də Avropa və Rusiya arasında təhlükəsizlik
buferi kimi görürlər”.
Kremldə anlayırlar ki…
Politoloqun sözlərinə görə, digər tərəfdən
Avropa Birliyi (AB) Ukraynanı 2027-ci ilə qədər qismən
üzvlüyə qəbul etmək niyyətini artıq bəyan
edib: “Rusiyada isə buna ciddi şəkildə etiraz edirlər.
Çünki Kremldə anlayırlar ki, əgər Ukrayna
AB-nin qismən də olsa üzvü olarsa, o zaman həm AB
dövlətlərinin, həm də AB dövlətləri
üzərindən NATO-nun hüquqi və siyasi cəhətdən
dəstəyini özü üçün təmin etmiş
olacaq. Çünki AB ölkələrinin böyük əksəriyyəti
NATO-nun üzvləridir. Ukrayna da AB-nin üzvü olduqdan sonra
Rusiyanın hər hansı müdaxiləsinə AB ölkələri
də reaksiya vermək məcburiyyətindədir və bu,
dolayısı ilə NATO çərçivəsinə qədər
gedib çıxa biləcək bir prosesdir”.
“Kreml prosesləri savaş müstəvisinə çəkir”
O həmçinin deyib ki, yaxın gələcəkdə
əgər Ukrayna Avropa İttifaqının qismən
üzvü olarsa, o zaman Rusiya və NATO arasında
qarşıdurmaya qədər gərginləşəcək
bir prosesin başlanma ehtimalı var: “Kreml belə bir təhlükənin
olduğunu nəzərə alaraq sülh
danışıqlarından daha çox hərbi gərginliyin
artırılmasına yönəlik addımlar atır. Son məlumatlara
görə Rusiya iyun ayına qədər Ukraynaya qarşı
daha dağıdıcı hərbi əməliyyatlar
keçirmək üçün qüvvə toplamağa
başlayıb. Bunun alternativi olaraq sülh variantının
ön plana keçməsi üçün Kreml Rusiya və
ABŞ arasında əldə olunmuş gizli anlaşmaların
icrasını tələb edir. İndiki mərhələdə
də bu, o qədər də real görünmür. Yəni
belə anlaşılır ki, Kreml prosesləri savaş
müstəvisinə çəkir və sülh masasında əlini
möhkəmlətmək niyyəti güdür. Bu baxımdan
hesab etmək olar ki, danışıqlar aparılmış
olsa belə yaxın vaxtlarda Ukrayna savaşının
dayandırılma ehtimalı o qədər də
inandırıcı deyil”.
“Danışıqların baş tutması pozitiv hadisədir”
Politoloq Turan Rzayevin bildirdiyinə görə,
danışıqlar olsa da həll məsələsi o qədər
də asan deyil: “Çünki Rusiyanın maksimalist mövqeyi,
Ukraynanın isə Avropa İttifaqından aldığı dəstəklə
müharibəyə davam etmək istəməsi kimi məsələlər
prosesin həllini çətinləşdirir və ortaq məxrəcə
gəlmək imkanlarını minimuma endirir. Təbii ki, burada
vasitəçi ABŞ-dir. ABŞ Rusiyaya da, Ukraynaya da təzyiq
edir. Digər tərəfdən isə tərəfləri
uzlaşdırmaq üçün əlindən gələni
edir. Bu məsələlərin həlli bir raundluq deyil, ən
azından dörd-beş görüşdə və
mümkün dərəcədə konstruktiv və güzəşt
xarakterli danışıqlar olmalıdır. Yəni hər
iki tərəf faktiki olaraq kompromisə getməlidirlər.
Əks təqdirdə, danışıqlar uzanacaq”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.7.