Sülh Şurasının ilk iclası Qəzza
üçün nə vəd edir?
Fevralın 19-da Sülh Şurasının ilk
iclası keçiriləcək. ABŞ Prezidenti Donald Tramp
bildirib ki, Sülh Şurasına üzv ölkələr
iclasda Qəzza sektorunun bərpası üçün 5 milyard
dollardan çox vəsait ayıracaqlarını
açıqlayacaqlar.
Ayrılacaq maliyyə dəstəyinin icra mexanizmi necə
tənzimlənəcək və bu Qəzzadakı vəziyyətə
müsbət təsir göstərəcəkmi?
“Xalq Cəbhəsi” məsələni siyasi şərhçilərlə
müzakirə edib.
Siyasi şərhçi Şəhla Cəlilzadə
qeyd edib ki, müasir beynəlxalq hüququn, o cümlədən
BMT çərçivəsində edilən
çağırışların bir çox məsələnin,
ələlxüsus, 77 ildən çoxdur ki, mövcud Fələstin
məsələsinin həllində həlledici
olmadığını görürük: “Fələstin
münaqişəsinin BMT-nin yaşı qədər
tarixçəsi var. Beynəlxalq hüquq sisteminin işlək
olmaması münaqişələrin həllinə dair ənənəvi
olmayan, yeni mexanizmlərin ortaya çıxmasına səbəb
olub. Bu baxımdan yaradılan Sülh Şurası dünya
siyasəti üçün tamamilə yeni bir fenomendir.
Sülh Şurası Qəzzada fəaliyyət göstərəcək
Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF)
fəaliyyətini, o cümlədən burada sülhün, təhlükəsizliyin
bərpası və yenidən qurma işlərini koordinasiya
etmək məqsədilə ABŞ Prezidenti Donald Trampın rəhbərliyi
altında təsis olunub”.
Beynəlxalq sülhyaradıcı missiyaya
Ş.Cəlilzadə deyib ki, Qəzzada beynəlxalq
sülhyaradıcı missiyaya həqiqətən də ehtiyac
var idi, çünki 2023-cü ildən etibarən davam edən
qırğınları və insanlıq böhranını
sona çatdırmaq, bölgədə həyatı bərpa
etmək artıq dünyanın məsuliyyətindədir: “Bu
istiqamətdə çoxsaylı
çağırışlar, o cümlədən ərəb-islam
dünyasından da edilirdi. 2024-cü ilin mayında Ərəb
Liqası, 2025-ci ilin martında İslam Əməkdaşlıq
Təşkilatı Fələstində beynəlxalq sülhməramlıların
yerləşdirilməsinə çağırış
etmişdi. Sülh Şurası həm də bu
çağırışlara bir cavab olaraq formalaşıb və
bölgədə mühüm və dünya tarixi
üçün yeni bir missiya ilə fəaliyyətinə
başlayır. 19 fevralda Sülh Şurasının ilk
iclası keçiriləcək və müəyyən vəsaitlər
ayrılacaq. Həmçinin ISF qüvvələrinin də
qarşıdakı yaxın dövrdə bölgəyə
yerləşdirilməsi müzakirə olunur. Bu missiyanın nə
dərəcədə uğurlu olacağı, ayrılacaq vəsaitlərin
və sülhməramlı kontingentin quruculuq və sülh məqsədlərinə
nə dərəcədə xidmət edib-etməyəcəyi
qarşıdakı tarixi dövrdə məlum olacaq”.
Azərbaycanın Sülh Şurasında təmsil
olunması…
O, Azərbaycanın daima beynəlxalq sülhə və
təhlükəsizliyə töhfə verən dövlətlərdən
olduğunu vurğulayaraq əlavə edib ki, ölkəmiz NATO
ilə birgə Əfqanıstan, Kosovoda sabitliyin bərpası
əməliyyatlarında, Türkiyə ilə birgə Suriyada
quruculuq əməliyyatlarında iştirak edib və geniş
təcrübə qazanıb: “Həmçinin imzalanmış
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq
Xartiyasında Azərbaycanın beynəlxalq sülhməramlı
səylərə dəstəyi və bu sahədə ABŞ
ilə əməkdaşlığı vurğulanır. 13
oktyabr 2025-ci il tarixində Şarm əl-Şeyx şəhərində
keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət
olunan 30-a yaxın dövlətdən birinin Azərbaycan
olması və cənab Prezident İlham Əliyevin bu sammitdə
iştirakı ölkəmizin Yaxın Şərqdə
sülhməramlı fəaliyyətə dəstək
olacağına ilkin işarə idi. Davos Forumunda Donald
Trampın sadəcə iki dövlət
başçısı, o cümlədən cənab Prezident
İlham Əliyevlə ikitərəfli görüşü
oldu. Bu, ölkəmizə və onun rəhbərinə verilən
dəyərin göstəricisi olmaqla yanaşı, həm də
Azərbaycanın qarşıdakı dövrdə beynəlxalq
sülhməramlı missiyaya qoşulacağının xəbərçisi
idi. Məhz bu Forumda Azərbaycanın Sülh Şurasında
iştirakı təsdiqləndi. ISF qüvvələrində
Azərbaycanlı hərbçilərin iştirakı ilə
bağlı yekun qərar hələ ki, yoxdur. Bununla
yanaşı həm ərəb-islam dünyasına mənəvi
yaxınlığı, həm də ABŞ və İsraillə
praqmatik əməkdaşlığı olan Azərbaycanın
Sülh Şurasında təmsil olunması, Qəzzada bərpa-quruculuq
işlərinə dəstəyi ölkəmizin beynəlxalq
sülhyaradıcı və sülhqoruyucu statusunu daha da
gücləndirəcək”.
“HƏMAS-ın tərk-silah edilməsi əsas şərtdir”
Siyasi şərhçi Taleh Əliyev söyləyib
ki, Qəzza Sülh Şurası elan edilərkən təkcə
Qəzza probleminin həll edilməsi ilə bağlı deyil,
eyni zamanda, digər beynəlxalq məsələlərin həlli
ilə, xüsusilə də münaqişə və
müharibə şəraitində olan problemlərin həllində
yaxından iştirak etmək məqsədilə
yaradılmış bir qurumdur: “Bu baxımdan fevralın 19-da
keçiriləcək tədbir də Sülh
Şurasının ilk tədbiri olaraq nəzərdə
tutulur. Bu ilk tədbirdə də qurum üçün 5
milyard dollar vəsaitin üzv ölkələrdən
ayrılması, əslində, məntiqə uyğun və
qanuna uyğun bir prosesdir. Bu vəsaitin birbaşa Qəzzaya sərf
olunacağına gəldikdə isə qənaətimə
görə, bu, hələlik tezdir. Çünki bu günlərdə
İsrail Baş naziri Netanyahunun açıqlamasına görə
Qəzzadakı sülh prosesinin ikinci mərhələsinə
keçid etməsi üçün ilk növbədə Qəzzada
yerləşən HƏMAS silahlı qruplaşmasının tərk-silah
edilməsi əsas şərtdir”.
T.Əliyev əlavə edib ki, bu, baş verməyənə
qədər yəqin ki, biz Qəzza bölgəsində
sülh quruculuğu prosesinin növbəti mərhələsinə
keçidinin şahidi olmayacağıq: “Amma bununla belə
yeni təsis olunan Sülh Şurasının ilk
toplantısı olduğuna görə qurumun
institusionallaşması və bütövlükdə Qəzza
münaqişəsi başqa olmaqla digər problemlərdə
aktiv iştirakı üçün qurumun fəaliyyətinin
maliyyələşməsi baxımından 5 milyard dollar vəsaitin
ayrılması real görünür və yəqin ki, bu
baş verəcək”.
“Vəsait necə xərclənəcək?”
Siyasi şərhçi Turab Rzayev qeyd edib ki, Qəzza
sektorunun bərpası ilə kifayət qədər məbləğ
toplana biləcək: “Çünki ən azından Tramp hər
ölkədən dəvət olunmaq üçün Sülh
Şurasına 1 milyard dollar vəsait ödəmək
lazım olduğunu bildirib. Buna qoşulan dövlətlər
var, hələ ki düşündüyünü deyən
dövlətlər var, tam olaraq qoşulmayan dövlətlər
var, gözləyən dövlətlər var.
Düşünürəm ki, qoşulan dövlətlərdən
bir neçə milyard vəsait yığmaq mümkün
olacaq”.
T.Rzayevin sözlərinə görə, burada vəsaitin
necə xərclənəcəyi işin maraqlı tərəfidir:
“Çünki bir tərəfdən Tramp, İsrail və
ABŞ rəsmiləri orada kazinoların qurulmasından, yeni
yaşayış məntəqələrindən, göydələnlərdən,
yeni bahalı yaşayış məskənlərinin tikilməsindən
danışırlar. Belə olan halda bu, necə başa
tutacaq? Bu layihə necə reallaşacaq? O vəsait həqiqətən
də əhaliyə çatacaqmı, yoxsa tikint və ya digər
istiqamətə xərclənəcək? Tikintiyə həsr
olunan hissəsi həqiqətən oradakı fələstinlilərə,
qəzzalılara təsir göstərəcəkmi? Mən tam
olaraq anlaya bilmirəm ki, burada söhbət qəzzalılardan
gedirsə, niyə onlara ucuz və sürətli tikilə bilən
hazır evlər tikmirlər, bunun əvəzinə göydələnlər
tikirlər, hansı ki, göydələnlərin 1 kvadrat metri
minlərlə dollarla ölçülür. Belə olan halda
qəzzalıları niyə ucuz evlə təmin etmirlər,
bahalı ev tikirlər?. Əgər bahalı evlər tikib bunu
yəhudilərə, amerikalılara, avropalılara satacaqlarsa,
o zaman bunun qəzzalılara hansı xeyiri olacaq tam olaraq bəlli
deyil”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.6.