Zəngəzur dəhlizi: "Azərbaycanın
geosiyasi mövqeyi daha da möhkəmlənəcək"
Cənubi Qafqazda formalaşmaqda olan yeni nəqliyyat və
logistika reallıqları fonunda Zəngəzur dəhlizi Azərbaycan
üçün ən çox müzakirə olunan strateji
layihələrdən biri kimi ön plana çıxır. Dəhlizin
istifadəyə verilməsi ölkənin regional və beynəlxalq
tranzit imkanlarını genişləndirməklə
yanaşı, iqtisadi gəlirlərin artması
baxımından da mühüm perspektivlər vəd edir. Lakin
layihənin Azərbaycana konkret olaraq nə qədər maliyyə
qazancı gətirəcəyi məsələsi hələ də
ekspertlər arasında fərqli yanaşmalar doğurur.
Mövzu ətrafında həm rəsmi səviyyədə,
həm də müstəqil ekspert dairələrində səsləndirilən
fikirlər göstərir ki, Zəngəzur dəhlizi təkcə
iqtisadi layihə deyil, eyni zamanda geosiyasi və strateji əhəmiyyətə
malik təşəbbüsdür.
Azərbaycana nə vəd edir?
Deputat Vüqar Bayramov “Xalq Cəbhəsi”nə
açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin Azərbaycan
ərazisindən keçən hissəsində işlər
artıq tamamlanmaq üzrədir: “Dəhlizin Ermənistan ərazisindən
keçən hissəsinin cəmi 40 kilometr olması layihənin
işlər intensivləşdirildiyi halda daha qısa müddətdə
istifadəyə verilməsini mümkün edir. İllik 15 milyon
ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi
regionun iqtisadi inkişafına ciddi töhfə verəcək.
Yaxın gələcəkdə Orta Dəhlizin mühüm
seqmentinə çevriləcək bu layihə Azərbaycanın
geosiyasi mövqeyini daha da möhkəmləndirəcək və
region ölkələrinin gəlirlərinin artmasına şərait
yaradacaq.
Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyinin qiymətləndirmələrinə əsasən, Zəngəzur
dəhlizinin 2030-cu ilədək istifadəyə verilməsi nəzərdə
tutulur. Bu marşrut vasitəsilə Çindən
daşınan yüklərin Londona cəmi 18 günə
çatdırılması mümkün olacaq.
10 illik proqnozlara əsasən, dəhliz 50 milyard dollar
gəlir gətirəcək, hər il 60 mindən çox yeni
iş yerinin yaradılmasına töhfə verəcək və
qitələrarası ticarət dövriyyəsinin 200 milyard
dollar artmasına səbəb olacaq. Yüklərin 10–15 faizinin
Zəngəzur dəhlizi üzərindən
daşınacağı təqdirdə isə Azərbaycan
yaxın illərdə illik təxminən 3 milyard dollar tranzit
gəliri əldə edə bilər”.
Real qazanc
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Zəngəzur
dəhlizinin Azərbaycan iqtisadiyyatına gətirəcəyi
konkret maliyyə gəlirlərini indiki mərhələdə
dəqiq rəqəmlərlə ifadə etmək
mümkün deyil: “Bu məsələ ilə bağlı hələ
dövlət qurumlarının da yekun və təsdiqlənmiş
hesablamaları mövcud deyil. Səbəb isə Zəngəzur
dəhlizinin təkcə bir nəqliyyat layihəsi yox,
çoxşaxəli və uzunmüddətli iqtisadi-strateji təşəbbüs
olmasıdır. Sözügedən dəhliz yalnız dəmir
yolu xətti ilə məhdudlaşmayacaq. Layihə eyni zamanda
avtomobil nəqliyyatı ilə
yükdaşımalarını, logistika xidmətlərini və
gələcək mərhələdə enerji
daşıyıcılarının ötürülməsini
də əhatə edə bilər. Hazırda ictimaiyyətə
təqdim edilən əsas göstərici illik təxminən
15 milyon ton əlavə yükdaşıma potensialının
formalaşmasıdır. Lakin bu rəqəm bazarın real
davranışından, daşımaların iqtisadi cəlbediciliyindən
və regionda formalaşacaq ticarət axınlarından
asılı olaraq dəyişə bilər və yalnız
proqnoz xarakteri daşıyır.
İqtisadçı vurğulayıb ki, gəlirin həcmi
daşımaların tarif siyasətindən, marşrutun
alternativ dəhlizlərlə rəqabət imkanlarından, eləcə
də yük sahiblərinin hansı marşrutu seçəcəyindən
birbaşa asılı olacaq: “Ucuz və sürətli
daşımalar bazarı genişləndirir, ticarət
dövriyyəsini artırır və nəticə etibarilə
daha çox yük axınının formalaşmasına
şərait yaradır. Bu baxımdan Zəngəzur dəhlizinin
effektivliyi yalnız texniki imkanlarla deyil, həm də
düzgün iqtisadi idarəetmə ilə müəyyən
olunacaq. Bu qədər böyükmiqyaslı layihənin
konkret maliyyə nəticələrini əvvəlcədən
hesablamaq üçün çoxsaylı ssenarilər, risk
qiymətləndirmələri və kompleks iqtisadi modellər
tələb olunur. Bu gün Zəngəzur dəhlizi dəqiq
bu qədər gəlir gətirəcək demək elmi və
praktiki baxımdan mümkün deyil. Yalnız uzunmüddətli
proqnozlar və mərhələli analizlər əsasında
müəyyən nəticələr əldə etmək
olar”.
Ekspert əlavə edib ki, Zəngəzur dəhlizinin əsas
üstünlükləri birbaşa büdcə gəlirlərindən
daha çox strateji və sistemli iqtisadi faydalarla
bağlıdır: “Bu layihə Naxçıvan Muxtar
Respublikasının blokadadan çıxmasına, Türkiyə
ilə ticarət əlaqələrinin xərclərinin
azalmasına, Azərbaycanın regional və beynəlxalq
tranzit mərkəzinə çevrilməsinə güclü
təkan verəcək. Bununla yanaşı, dəhliz boyunca
yaradılacaq logistika mərkəzləri, anbar kompleksləri və
xidmət sahələri yeni iş yerlərinin
açılmasına, regionların iqtisadi aktivliyinin
artmasına və ümumi iqtisadi inkişafın daha sürətli
və dayanıqlı şəkildə davam etməsinə
imkan yaradacaq”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.4.