Orta Dəhliz layihəsi:
Ermənistanın məsuliyyəti və Rusiya faktoru
Cənubi Qafqazda kommunikasiya və nəqliyyat xətləri
regionun iqtisadi inkişafı, tranzit imkanlarının
genişləndirilməsi və strateji əlaqələrin
gücləndirilməsi baxımından mühüm rol
oynayır. Azərbaycan bu sahədə bütün tərəfdaşlarla
əməkdaşlığı inkişaf etdirməyə,
Naxçıvanla əlaqələri normallaşdırmağa
və Türkiyə–Azərbaycan kommunikasiya xəttinin fasiləsiz
işləməsinə xüsusi önəm verir. Lakin Ermənistanın
dəmir yollarının uzun müddət Rusiyanın nəzarətində
qalması və regiondakı geosiyasi gərginliklər bu
proseslərin qarşısında əsas maneələrdən
biri olaraq qalır.
Ekspertlər bildirirlər ki, dəmir yollarının
idarəçiliyinin Rusiyanın nəzarətindən
çıxarılıb Qərb şirkətlərinə
verilməsi yalnız Azərbaycanın maraqlarına uyğun
deyil, həm də Orta Dəhliz – Çindən Avropaya uzanan
beynəlxalq logistika xəttinin işləməsini təmin edə
bilər. Bu proses həm regional əməkdaşlığı
genişləndirir, həm də Ermənistanın
icraçı məsuliyyətini artıraraq mövcud problemlərin
aradan qaldırılmasına imkan yaradır.
Beləliklə, Cənubi Qafqazda Orta Dəhlizin
açılması, Ermənistanın icra mərhələsinə
keçməsi və Rusiya faktorunun təsirinin azalması
region üçün strateji əhəmiyyət kəsb edən
məsələlərdən biridir. Politoloqlar və ekspertlər
bu mövzuda həm iqtisadi, həm də geosiyasi aspektləri ətraflı
şərh edirlər.
Orta Dəhliz üçün əsas maneə
Politoloq Əli Mustafa “Xalq Cəbhəsi”nə
açıqlaması zamanı bildirib ki, Azərbaycan Cənubi
Qafqazda kommunikasiyaların tam və davamlı şəkildə
işlək olmasında maraqlıdır.
Onun sözlərinə görə, xüsusilə Ermənistan
dəmir yollarının fəaliyyətə başlaması
Azərbaycan ilə Naxçıvan arasında əlaqələrin
normallaşmasına, eyni zamanda Türkiyə–Azərbaycan
kommunikasiya xəttinin işləməsinə xidmət edər:
“2008-ci ildə Ermənistan dəmir yollarının 2038-ci ilə
qədər Rusiya şirkətlərinin idarəçiliyinə
verilməsi bu sahədə əsas maneələrdən
biridir. Hazırkı Ermənistan–Rusiya münasibətlərindəki
gərginlik fonunda Moskva nə Zəngəzur dəhlizinin
açılmasında, nə də Ermənistan–Azərbaycan
iqtisadi əlaqələrinin bərpasında maraqlıdır.
Dəmir yollarının Rusiyanın nəzarətindən
çıxarılaraq Qərb şirkətlərinə verilməsi
Azərbaycanın maraqlarına daha uyğundur. Çünki Qərb
şirkətləri infrastrukturun müasir standartlara uyğun bərpasına
və şəffaf idarəçiliyə üstünlük
verirlər. Bu isə Ermənistan üzərindən keçən
Orta Dəhlizin – Orta Dəhliz – Çindən Avropaya uzanan
logistika xəttinin normal fəaliyyətinə imkan yarada bilər.
Rusiya uzun müddətdir bu kommunikasiya xətlərini
Azərbaycan üçün təzyiq aləti kimi istifadə
edir və gələcəkdə də bundan yararlanmağa cəhd
göstərə bilər. Bu baxımdan Rusiyanın
regiondakı təsirinin azalması Azərbaycanın strateji
maraqlarına tam uyğundur. Əsas məqsəd Ermənistanla
aramızda heç bir problemin qalmaması və regional nəqliyyat
xətlərinin maneəsiz işləməsidir”.
Yeni reallıqlar
Politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan uzun illər
Ermənistanla qarşıdurma şəraitində yaşasa
da, müharibədən sonrakı dövrdə sülhün bərqərar
olması üçün üzərinə düşən
bütün öhdəlikləri ardıcıl və
işgüzar şəkildə yerinə yetirib.
Onun sözlərinə görə, artıq 5 ildən
çoxdur ki, bölgədə yeni reallıqlar mövcuddur:
“Danışıqlar aparılıb, razılaşmalar əldə
olunub, komissiyalar yaradılıb və Azərbaycan bu proseslərin
hamısına yüksək məsuliyyətlə
yanaşıb. Təəssüf ki, Ermənistan eyni mövqeni
sərgiləməyib, bir çox hallarda öhdəlikləri
qulaqardına vurub və prosesləri sabotaj edib.
Ermənistanın bu davranışının
arxasında xarici təsirlər açıq şəkildə
hiss olunur. Xüsusilə Fransa, bəzi Avropa İttifaqı
ölkələri və ABŞ-nin demokrat
administrasiyasının istəyi ondan ibarətdir ki, Ermənistanı
öz təsir dairələrində saxlasınlar və Azərbaycan
üçün əlavə problemlər yaratsınlar. Təsadüfi
deyil ki, Azərbaycan bu destruktiv mövqeləri, o cümlədən
Emmanuel Makronun davranışını beynəlxalq ictimaiyyətə
açıq şəkildə çatdırıb”.
"İmitasiya dövrü başa
çatır"
Tofiq Abbasov vurğulayıb ki, Ermənistan kommunikasiya
xətlərinin açılmasını dəstəklədiyini
bəyan etsə də, bu açıqlamalar real addımlarla
müşayiət olunmayıb: “Bu bəyanatlar daha çox
söz fiqurları idi və erməni tərəfi onlardan
istifadə edərək prosesləri ləngitməyə
çalışırdı. Onlara verilən əsas
tapşırıq vaxt udmaq və heç nə etməmək
idi. Artıq imitasiya dövrü başa çatır və
Ermənistan icraçılıq məsuliyyətini dərk
etməlidi. Region tam şəkildə nəfəs
almalıdır. Azərbaycan artıq bu mərhələdən
keçib, Gürcüstanla uğurlu əməkdaşlıq
formatı qurub. Ermənistanın da bu proseslərə
qoşulması Cənubi Qafqazda yeni dövrün başlanmasına
şərait yarada bilər".
Həmsöhbətimiz əlavə edib ki, Ermənistan
dəmir yollarının idarəçiliyinin Rusiyadan Qərbə
keçməsi əlavə cavabdehlik mexanizmləri yaradacaq. Qərb
strukturları daha tələbkardır və məsuliyyəti
daha sərt şəkildə tələb edirlər. Bu, Ermənistan
üçün də problem olmayacaq. Azərbaycan
üçün isə heç bir təzyiq elementi deyil.
Əksinə, Ermənistanın
işgüzarlığının artması ümumi regional
qazancı yüksəldəcək”.
Politoloq hesab edir ki, bu proseslər nəticəsində
region həm keyfiyyət, həm də kəmiyyət
baxımından yeni mərhələyə qədəm qoya
bilər: “Ermənistan daxilində dəmir yollarının
idarəçiliyində dəyişikliklər baş verərsə
və Qərb şirkətləri bu proseslərə cəlb
olunarsa, bu, bütövlükdə region üçün
müsbət dəyişikliklər vəd edir”.
Rusiya faktoru
Politoloq Zeynal Əmrəli deyib ki, Ermənistan dəmir
yollarının kimə verilməsi bu ölkənin daxili
işidir. Onun sözlərinə görə, dəmiryolu xəttinin
uzun illər Rusiyanın nəzarətində olması Ermənistanın
suverenliyi baxımından ciddi problemlər yaradıb: “Dəmir
yolu bir dövlət üçün strateji nəqliyyat sahəsidir.
Buradan strateji yüklər daşınır və belə bir
sahənin xarici ölkənin nəzarətində olması
istər-istəməz təhlükəsizlik və suverenlik
riskləri yaradırdı. Ermənistanda da məhz bu səbəbdən
Rusiyaya qarşı ciddi narazılıqlar mövcud idi”.
Z.Əmrəli vurğulayıb ki, son dövrlərdə
Ermənistan Rusiyanın orbitindən çıxaraq Qərbə
inteqrasiya siyasəti aparır: “Nikol Paşinyan hakimiyyətinin
əsas xətti Qərb institutlarına
yaxınlaşmaqdır. Bu istiqamətdə Ermənistan həm
üçtərəfli layihələr çərçivəsində,
həm də fərdi qaydada ABŞ və Avropa İttifaqı
ilə münasibətləri dərinləşdirir.
Ermənistanın dəmir yolu infrastrukturu köhnəlib
və əsasən sovet dövründən qalma xətlərdən
ibarətdir.Cənubi Qafqazda beynəlxalq standartlara cavab verən
dəmir yolu infrastrukturu əsasən
Azərbaycandadır. Ermənistan və
Gürcüstanda isə ciddi yenilənməyə ehtiyac var. Bu
isə Ermənistan üçün böyük maliyyə
yükü deməkdir”.
Zeynal Əmrəlinin fikrincə, məhz bu səbəbdən
Ermənistan dəmir yolu sahəsinin bərpasını Qərb
şirkətləri vasitəsilə həyata keçirməkdə
maraqlıdır: “Bu addım həm
yükdaşımaların səmərəliliyini
artıracaq, həm də regional və beynəlxalq logistika
layihələri üçün mühüm əhəmiyyət
daşıyacaq”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.5.