Azərbaycan və ABŞ əməkdaşlığının
iqtisadi və regional təsiri
Azərbaycan və Amerika Birləşmiş
Ştatları arasındakı münasibətlər tarixi
baxımdan müəyyən mərhələlərdən keçib.
Əvvəlki illərdə iki ölkə arasında əlaqələr
məhdud və daha çox formal xarakter
daşıyırdı. Diplomatik əlaqələr mövcud
olsa da, strateji əməkdaşlıq və iqtisadi layihələr
hələ geniş inkişaf etməmişdi. Bununla belə,
regional sülh və təhlükəsizlik məsələləri,
enerji resurslarının idarə olunması və ticarət
imkanlarının optimallaşdırılması
üçün qarşılıqlı maraqlar mövcud idi.
2025-ci ilin avqust ayında ABŞ vasitəçiliyi ilə
Azərbaycan və Ermənistan arasında imzalanan sülh
müqaviləsi bu münasibətlərin dərinləşməsində
dönüş nöqtəsi oldu. Bu müqavilə yalnız
regional təhlükəsizliyi gücləndirməklə kifayətlənmədi,
həm də Azərbaycan-ABŞ dialoqunu yeni səviyyəyə
qaldırdı. Müqavilənin imzalanması tərəflər
arasında iqtisadi, enerji və nəqliyyat layihələrinin həyata
keçirilməsi üçün daha əlverişli şərait
yaratdı. Bu, həmçinin Azərbaycanın beynəlxalq
arenada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi
və regionda sülh təşəbbüslərinin dəstəklənməsinə
zəmin formalaşdı.
2026-cı ilin fevralında imzalanan Strateji Tərəfdaşlıq
Xartiyası isə bu inkişafın daha konkret və
strukturlaşdırılmış formasıdır. Sənəd
enerji, nəqliyyat, logistika və rəqəmsal inkişaf sahələrində
əməkdaşlığı əhatə edir və iqtisadi
inkişafın artırılmasına xidmət edir. Enerji
sektoru bu əməkdaşlığın əsas və ayrılmaz
elementlərindən biridir. Azərbaycan uzun illərdir ki,
regionun enerji təhlükəsizliyində aparıcı rol
oynayır və ABŞ ilə əməkdaşlıq enerji
layihələrinin beynəlxalq standartlara uyğun həyata
keçirilməsini təmin edir.
Strateji tərəfdaşlıq həm də iqtisadiyyatın
diversifikasiyasına xidmət edir. ABŞ ilə əməkdaşlıq
yalnız enerji sahəsini əhatə etmir, həmçinin rəqəmsal
infrastruktur və innovasiya ekosisteminin inkişafını da təmin
edir. Ölkə iqtisadiyyatının xarici təsirlərə
qarşı dayanıqlılığı artır və
ölkə uzunmüddətli dövrdə rəqabət
qabiliyyəti inkişaf edəcək. Əməkdaşlıq
Azərbaycanın həm beynəlxalq, həm də regional səviyyədə
balanslı xarici siyasət strategiyasını gücləndirə
bilər. Orta Dəhliz və digər nəqliyyat-logistika layihələri
Azərbaycanın regional ticarət və nəqliyyat mərkəzinə
çevrilməsinə imkan yaradır. Bu əlaqələr də
həmçinin diplomatik manevr imkanlarını artıracaq,
qonşu ölkələrlə münasibətlərin tənzimlənməsinə
və regional təhlükəsizliyin təmin olunmasına dəstək
verəcək. Bununla da Azərbaycanın yalnız iqtisadi
baxımdan deyil, həm də diplomatik və geosiyasi
baxımdan möhkəmlənməsinə xidmət edir.
Regional təhlükəsizliyin qorunması və güclənməsi
regiona xarici investorların marağının artmasına səbəb
ola bilər, bu da həm Azərbaycanın, həm də digər
region ölkələrinin iqtisadi inkişaflarına töhfə
verəcək.
Burada əsas məsələ gözləntilərlə
reallığın balanslaşdırılmasıdır.
Ümumilikdə isə 2025-ci ilin avqust ayında imzalanan
sülh müqaviləsi və 2026-cı ilin Strateji Tərəfdaşlıq
Xartiyası aydın şəkildə göstərir ki, əlaqələr
yalnız rəsmi sənədlər deyil, həm də praktiki
əməkdaşlıq və iqtisadi perspektivlərin
genişləndirilməsi üçün əsas vasitədir.
Beləliklə, Azərbaycan - ABŞ münasibətləri
ölkənin iqtisadi və regional inkişafına əhəmiyyətli
töhfələr verir və gələcəkdə daha
geniş və dayanıqlı tərəfdaşlıq
modelinin formalaşmasına zəmin hazırlayır.
Əli Səlimov, iqtisadçı
Xalq Cəbhəsi .- 2026.-19 fevral (№7).- S.4.