Azərbaycan-Serbiya
münasibətləri: Bakının Balkanlarda artan təsir
imkanları
Azərbaycana dost olan ölkələrdən biri də
Serbiyadır. İki ölkə arasında əlaqələr
zaman keçdikcə genişlənir. Prezident İlham
Əliyevin Serbiya səfəri iki ölkə münasibətlərinin
daha da irəliyə aparılmasında mühüm addım
oldu.
“Xalq Cəbhəsi” Prezidentin Serbiya səfəri, Azərbaycan-Serbiya
münasibətlərinin əhəmiyyəti barədə millət
vəkilləri və politoloqlarla müzakirə aparıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə
söyləyib ki, müstəqillik qazandıqdan sonra Azərbaycanın
dost siyahısına Serbiya da əlavə olundu: “Hər iki tərəf
mehriban qonşuluğa, müttəfiqliyə maraq göstərdiklərini
bildirdilər. Beynəlxalq birlikdə bir çox məsələlərdə
bizim mövqeyimiz eynidir, milli maraqlarımızın ortaq
nöqtələrini tapa bilirik”.
Əlaqələrin daha da genişlənməsi
üçün yaxşı imkan
Deputat vurğulayıb ki, bu səfər iki ölkə
arasında əlaqələrin daha da genişlənməsi
üçün imkan yaradır: “Cənab Prezidentin orada
“hökumət üzvlərinin yarısı buradadır, mən
onlara tapşırıq verirəm qaldırılan məsələlərin
həlli ilə bağlı daha ciddi məşğul olsunlar”
deməsi o deməkdir ki, Azərbaycan öz öhdəliyinə
həmişə sadiqdir və Serbiya Azərbaycan, Azərbaycan
Serbiya münasibətlərinin möhkəmlənməsində
həmişə öz üzərinə düşən vəzifəni
yerinə yetirmək üçün çalışır.
Serbiya rəhbərinin cənab Prezidentə verdiyi yüksək
qiymət isə onu göstərir ki, dünya Azərbaycanı,
onun liderinin fəaliyyətini tək Azərbaycan
üçün deyil, dünya üçün nə qədər
səmərəli olduğunu bir daha vurğulayır”.
Qarşılıqlı hörmət prinsipi
Milli Məclisin deputatı Müşfiq Cəfərov
qeyd edib ki, Azərbaycan-Serbiya münasibətləri daima tərəfdaşlıq,
dostluq və qarşılıqlı hörmət prinsiplərinə
əsaslanır: “Hazırda iki ölkə arasında əlaqələr
dövrünün ən yüksək səviyyəsinə
yüksəlib. Bugünkü uğurlu əməkdaşlıqda
liderlərin siyasi iradəsi, qarşılıqlı
etimadı və müntəzəm təmasları
mühüm rol oynayır. Prezident İlham Əliyevin Serbiyaya
rəsmi səfəri də iki dövlət arasındakı əməkdaşlıq
və tərəfdaşlığın davamlı və
yüksələn xətt üzrə inkişaf etdiyinin bir
daha təsdiqidir”.
M.Cəfərov diqqətə çatdırıb ki,
Strateji Tərəfdaşlıq Şurasının ilk
iclasının baş tutması ikitərəfli əlaqələrin
daha da gücləndirilməsi, prioritet istiqamətlərin
müəyyənləşdirilməsi və konkret layihələr
üzrə əməkdaşlığın dərinləşdirilməsi
baxımından mühüm əhəmiyyət
daşıyırdı: “Tədbirdə Prezident Aleksandar
Vuçiçin dövlətimiz və cənab Prezident
İlham Əliyevin haqqında dedikləri, həm dövlətimiz,
həm də dövlət başçımızın artan
beynəlxalq nüfuzunun və qlobal liderliyinin təsdiqi idi. Azərbaycan
ilə Serbiya arasında əməkdaşlıq
üçün geniş perspektivlər mövcuddur. Bir
çox yeni istiqamətlər üzrə əməkdaşlıqların
genişlənməsi Azərbaycanın Avropa məkanında
mövqelərini daha da möhkəmləndirə, ixrac
imkanlarını artıra və iqtisadi şaxələndirməyə
əlavə töhfə verə bilər”.
“Bu proses hər iki xalqın maraqlarına xidmət
edir”
Onun sözlərinə görə, həmçinin
Serbiya ilə münasibətlərin çoxtərəfli
inkişafı Balkan regionu ilə əlaqələrin
genişlənməsi baxımından da strateji əhəmiyyət
daşıyacaq: “Azərbaycan–Serbiya münasibətləri
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir
və bu proses hər iki xalqın maraqlarına xidmət edir.
Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də
onunla yadda qaldı ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın
dərinləşdirilməsi və milli
maraqlarımızın təmin olunması Azərbaycanın
xarici siyasətinin mühüm uğurudur”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Qarayeva bildirib ki, Prezident İlham
Əliyevin Serbiyaya rəsmi səfəri Bakının Avropa
siyasətində Balkanların rolunu artırmaq niyyətinin
açıq göstəricisidir: “Aleksandar Vuçiçlə
formalaşmış şəxsi siyasi dialoq iki ölkə
arasında münasibətləri klassik diplomatik çərçivədən
çıxararaq strateji səviyyəyə yüksəldib. Azərbaycan
Serbiyanı həm Avropa ilə əlaqələrdə
etibarlı tərəfdaş, həm də suverenlik məsələlərində
ortaq mövqeyə malik ölkə kimi qiymətləndirir. Bu
səfər göstərir ki, Bakı regiondaxili balansları
deyil, Avropa miqyasında mövqelərini gücləndirəcək
tərəfdaşlıqlara üstünlük verir”.
Balkanlarda iqtisadi təsir imkanları
Z.Qarayeva vurğulayıb ki, əməkdaşlığın
əsas yükü isə real iqtisadi və enerji layihələrinin
üzərinə düşür: “Azərbaycan qazının
Serbiyaya ixracının genişləndirilməsi, elektrik
enerjisi istehsalı üzrə birgə təşəbbüslər
və bərpaolunan enerji sahəsində mümkün layihələr
münasibətlərə yeni məzmun qazandırır. Eyni
zamanda, Azərbaycan sərmayələrinin Serbiyaya yönəlməsi
Balkanlarda Bakının iqtisadi təsir imkanlarını
artırır. Bu kontekstdə səfər təkcə ikitərəfli
münasibətlərin inkişafı deyil, Azərbaycanın
Avropanın enerji və iqtisadi təhlükəsizlik xəritəsində
mövqeyini möhkəmləndirən strateji addım kimi dəyərləndirilir”.
Balkan istiqamətində aktivləşmə
Siyasi şərhçi Alim Nəsirov söyləyib
ki, Azərbaycanın Serbiya ilə münasibətlərini
genişləndirməsi təkcə ikitərəfli əməkdaşlıq
çərçivəsində qiymətləndirilməməlidir:
“Bu proses Bakının son illərdə formalaşdırdığı
geoiqtisadi strategiyanın davamıdır. Azərbaycan artıq
enerji resurslarını sadəcə ixrac edən ölkə
deyil, həm də kapital və infrastruktur layihələri
vasitəsilə yeni bazarlarda möhkəmlənən aktora
çevrilib. Balkan istiqamətində aktivləşmə
göstərir ki, Bakı Avropa enerji təhlükəsizliyi
arxitekturasında rolunu genişləndirmək niyyətindədir
və bu istiqamətdə konkret addımlar atır”.
A.Nəsirov bildirib ki, Serbiya ilə əməkdaşlıq
Azərbaycanın artan iqtisadi gücünün və siyasi
manevr imkanlarının nəticəsidir: “Enerji
ixracının artırılması, birgə istehsal və
investisiya layihələrinin gündəmə gəlməsi
Bakının artıq regional təşəbbüskar kimi çıxış
etdiyini göstərir. Bu, həm də Azərbaycanın
postmüharibə dövründə möhkəmlənmiş
iqtisadi dayanıqlığının xarici siyasətdə
praktik nəticəyə çevrilməsidir. Balkanlarda
mövqe qazanmaq Azərbaycanın geosiyasi çəkisini
artırır və onu daha geniş Avrasiya məkanında təsir
imkanlarına malik aktora çevirir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.3.