Ölməzliyə
qovuşan qəhrəman
Bütün Azərbaycanın fəxr etdiyi, qürur
duyduğu igid Mübariz Ağakərim oğlu İbrahimov
artıq ulduzlu dünyasında ömrünün 39 ilinə qədəm
qoyub. Qəhrəman Vətən sevdalısının
ömür yolu çox qısa oldu, yəni bu
işıqlı dünyaya gəlib-getməsi cəmi 22-il
çəkdi. Qaldı ki, canını doğma Azərbaycana
fəda etməyi bacardı. Və bununla da gələcək nəsillər
üçün örnək olacaq bir tarix yazıb qoydu.
Mübariz Ağakərim oğlu İbrahimov anadan Vətənin
azadlığı, xalqının xoşbəxtliyi
üçün doğulmuşdu. Biləsuvar rayonunun
Əliabad kəndində boya-başa çatan, damarlarında
igid qanı axan, elini, yurdunu canından artıq sevən bu
oğlan 2005-ci ildə doğma kənd orta məktəbini
yaxşı qiymətlərlə başa vurur. Həmin il həqiqi
hərbi xidmətə çağırılır. Daxili
Qoşunların "N" saylı hərbi hissəsinin
Xüsusi Təyinatlı Bölüyündə müqəddəs
əsgəri borcunu şərəflə yerinə yetirir. Təmiz
ürəkli, vicdanlı, olduqca qeyrətli əsgər 2007-ci
ildə üzüağ, alnıaçıq çavuş
rütbəsində evinə dönür. Bir müddət
mülki işlərdə çalışsa da, canına
yağı dadanmış Vətənin ağır
günündə öz yerini cəbhə bölgəsində
görür. 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində
öz arzusuna əsasən cəbhə bölgəsindəki hərbi
hissələrin birində xidmətini davam etdirir. Məqamı
çatanda məkrli düşmənlə sona qədər
döyüşərək qisasını alacağına and
içir.
Artıq günü-gündən azğınlaşan
dığaların hərəkətlərinə dözməyən
Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən
gecə Tərtərin Çaylı istiqamətində gedən
qeyri-bərabər döyüşdə sözün əsl mənasında
onların kabusuna çevrilir. Atıldığı
döyüş meydanında düşmənin xeyli canlı
qüvvəsini məhv edir, bir neçəsini isə
yaralayır. Biləsuvarın qartal balası daha sonra bir
kilometrlik minalanmış sahəni keçərək Ermənistan
Silahlı Qüvvələrinin çox sayda əsgər və
zabitini gözlənilmədən birinci həmlədə o
dünyaya göndərir. Buna görə çaş-baş
düşən yağı tam özünü itirir.
Mübariz bundan düzgün halda istifadə edir, elə
düşmənin öz silahlarını özünə
qarşı çevirir, 5 saat onlarla təkbətək
vuruşur. Nəticədə erməni
dığalarını ağır itkilərə məruz
qoyur, onların zəif cinahlarını üzə
çıxarır. Azərbaycan
döyüşçüsü səhər saatlarında
qeyri-bərabər haqq savaşında son nəfəsinədək
mübarizə aparır. Vuruşa-vuruşa şərəfli
şəhidlik zirvəsinə ucalır.
Dığaların daha bir iyrənc, məkrli əməli
özünü göstərir. Belə ki, hərbçimizin
meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət
boyun qaçırır və onu 141 gün saxlayır. Azərbaycan,
Ermənistan və Rusiya prezidentlərinin Həştərxan
görüşündən sonra Ermənistan noyabrın 6-da
gizir Mübariz İbrahimovun, həmçinin şəhid
baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana
təhvil verir. 2010-cu ilin noyabrın 7-də Müdafiə
Nazirliyinin Təlim-Tədris Mərkəzində ölməzliyə
qovuşan qəhrəmanımızla vida mərasimi olur, II Fəxri
xiyabanda torpağa tapşırılır.
Mübariz Ağakərim oğlu İbrahimovun göstərdiyi
misilsiz igidliyinə dövlətimizin başçısı,
Ali Baş Komandan İlham Əliyev tərəfindən
yüksək qiymət verir. Onu Azərbaycan
Respublikasının müstəqilliyinin və ərazi
bütövlüyünün müdafiəsində müstəsna
xidmətinə, göstərdiyi rəşadətə görə
ölümündən sora "Azərbaycanın Milli Qəhrəmanı"
adına layiq görür. Eləcə də qəhrəman Vətən
sevdalısının adını yaşadan yadigarlar
çoxdur.
Bəli, Mübariz kimi qəhrəmanlar cismən
aramızda olmasalar da, mənən qəlblərdə
yaşayır, hər an böyük ehtiramla
xatırlanırlar.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Xalq Cəbhəsi .- 2026.-26 fevral (№8).- S.15.