Daş dələr ahım oxu....
(Yazıçı Meyxoş Abdullahın “Əsir
qadın” əsərinin dəhşət doğuran faciəsi)
“Əsir qadın” romanının ilk səhifələrini
oxuyanda faciənin dəhşətinin hələ
qarşıda olduğunu hiss etdim. Əsərin qəhrəmani
Səidənin bənzərsiz faciəsinin bənzərinin
olmayacağını öncədən duydum.
Qırğız yazıçısı Çingiz Aytmatovun
“Gün var əsrə bərabər” və atam əvəzi
böyük qardaşım Fərzalının “Yüz il
firavan yaşa, bir gün zəlalət çəksən bəs
edər” fikirləri, ruhumu silkələdi. Ancaq başqa səhifələrə
keçəndə Səidənin ərşə bülənd
olan ahına nə ad qoyum, sualı qarşısında aciz
qaldım.
Dünya ədəbiyyatının faciə əsərlərini
yaddaşımdan keçirəndə, böyük
Füzulinin “Daş dələr ahım oxu” fikri, Səidənin
faciəsinin, yazıçı Meyxoş Abdullahın qələmində
anatomiyasının və fəlsəfəsinin dərinliyini əks
etdirən, elə daş dələn ifadəsiylə eyniləşdirdim!
“Əsir qadın!..” Yüz minlərin bir ailənin
timsalında faciə dramı. XX əsrin doxsanıncı illərin
əvvələrində erməni faşizminin Azərbaycan
xalqının taleyində yaratdığı növbəti vəhşətin
canlı faciəsi. Əsərdən qandondiran parçalar:
... “Elə bu vaxt güclü partlayış
dalğası komanı kibrit qutusu kimi götürüb kənara
tulladı. Düşmənlər komanı mühasirəy
alırlar. Gözlərimi açanda həyat yoldaşım
Əlini qan içində çabalayan gördüm. Onun
sağ qolu dirsəkdən yuxarı, özündən
beş-altı metr aralıda düşüb
qalmışdı. O, sol əlini yarasının üstünə
basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi.
Onun yaralı qolunu sarımağa çalışdım. Axan
qanı saxlamaq olmurdu, üzülmüş damarlardan qan
fışqırırdı.
Ərim isə susurdu. O bizi qorxutmamaq üçün
canını dişinə tutub birtəhər
dözürdü. Əlinin başını dizimin
üstünə qoyub hönkürdüm.
Küləşin üstünə düşüb
qalmış südəmər uşaq da, dayanmadan
qışqırırdı. Onun səsini sanki eşitmirdim.
Komaya onbeş nəfərə yaxın erməni
faşisti daxil oldu. Onlardan biri çəkməsinin dabanı
ilə Əlinin yaralı qolunun üstünə qoyub təpiklədi.
Əli güclə eşidiləcək səslə
ufuldadı.”
“Ali...Ali... – deyə ermənilərdən birisi onu
tanıyaraq üzünə baxıb qışqırdı.
Dəstənin komandiri kəmərindən
bıçağı çıxarıb, başına
yüksək məbləğdə pul qoyulan Azərbaycan
zabitinin, Əlinin başını soyuqqanlıqla kəsdi.
Əlinin başı bədənindən üzüləndən
sonra, onun başsız bədəni yerdə çabalamağa
başladı. Qucağımdakı uşaq, elə bil
bunları “duyurmuş kimi” qışqıraraq fəryad
qoparırdı”.
Bir az bundan öncə “görəsən bundan da
artıq vəhşət varmı?”,-sualımın cavabı,
islam dünyasının matəm saxladığı Kərbəlada
baş verən İmam Hüseyn müsibəti, Qarabağ
torpağında, Vətənini qoruyan Əlinin taleyində təkrar
olunurdu. Səidənin isə qucağında körpəsi əsir
aparılır.
“Oradan uzaqlaşdıqca dönüb geri
baxırdım. Ərimin başsız bədəninin torpaq
üzərində get-gedə kiçildiyini
görürdüm”.
Bu anda Səidənin təsəllisi Kərbəla
müsibətini də qat-qat üstələyir:
“Böyürümcə yeriyən erməni əsgərinin əlində
ərimin qanlı başı yırğalanırdı. Mən
o kəsilmiş başa baxıb azacıq da olsa təsəlli
tapırdım. Düşünürdüm ki, Əli bizimlə
birlikdə gedir”.
Düşmənlərdən daha bir qandonduran vəhşilik:
- “Bu anda düşmənlərdən biri Əlinin
qanlı başını götürüb ağlayan körpənin
başının üstündə saxladı və gülə-gülə:
- “Ağlama it küçüyü... Bax, xoxan gəlib
səni yeyər”. Uşaq isə ağlamağına davam
edirdi. Erməni bu dəfə kəsilmiş başın
saçlarından yapışaraq, başdan süzülən
qanı uşağın geniş açılmış
ağzına axıtdı. Körpə bərk
acdığından ağzına tökülən
laxtalanmış qanı acgözlülüklə soraraq səsini
kəsdi”.
Romandakı bu sətirləri oxuduqca, Bermut
üçbucağının ölüm maqnitinə
düşmüş kimi dərya ilə səma arasında
qalmışdım. Vətənini qoruyan əsgərin,
Əlinin hünərinə, dözümünə heyran
qalmamaq mümkün deyil. Ərini və körpəsini qoruyan
Səidənin göylərə bülənd olan fəryadına
qan ağlayırdım. Üç aylıq körpənin
ata-anasının faciəsini hiss edib
qışqırığının görünməyən
tüstüsünün altında köz kimi yanırdım. Və
bu faciənin real mənzərəsini yaradan ustadın qələminə;
- heyran ey qələm!.. - deyirdim. Fikirləşirdim, görəsən,
bundan da artıq dəhşət varmı?!
Hiss-həyacan bir oxucu kimi məni boğur. Fikirləşirəm.
Allah eləməmiş, Səidənin başına bir iş
gəlsəydi, Azərbaycan ədəbi nəsrində
dünyaya məlum olmayan yeni erməni faşist işgəncələrini
bəşərə çatdıracaq əsər
yarımçıq qalmazdımı? Əgər belə
olsaydı, dünya ədəbiyyatında faciə janrında
yazılmış romanların zirvəsində duracaq “Əsir
qadın” kimi bir əsər, yəqin ki, yarımçıq
qalardı.
İstedadlı və zəkalı sənətkarlar
zamana və məkana sığmır. Romanın müəllifi
Meyxoş Abdullah da bu keyfiyyəti ilə tarixləşir. Hadisələrin
arxasında sənətkarlıqla drijorluq edən
yazıçının məharəti heyrət doğurur.
Əsərdə psixoloji fəlsəfənin dərinliyi
o həddə çatır ki, səbrli oxucu uzun müddət
bu dərinlikdən çıxa bilmir. Əsərdə
baş verən hadisələri yazıçı sadəcə
nəql eləmir. Real durumun ən gizli detallarını məharətlə
incələyir və təhlildən keçirir ki, bu da
böyük istedaddan xəbər verir. Əsərin sujet xətti
bir ailənin faciəsi üzərində qurulur və
bütün əsirlərin faciəsini ümumiləşdirir.
Romanı oxuduqca insanın qəzəbini alovlandırır,
onu; - qisas...qisas... - deyə intiqama səsləyir. Həm də,
bu yazıçının söz xatirinə çağrışı
deyil, faciə səhnələrinin təqdimatıdır.
Səidə çox ağır və təhlükəli
məqamlarla (bütün əsirlik dövründə)
ölümlə üz-üzə qalır. Fikirimcə Allah Səidəni
ona görə saxlayır ki, ermənilərdən çəkdiyi
əzabları zəmanəyə danışıb
yaddaşları oyatsın. Yazıçı Səidəni Azərbaycan-Şərq
Dünya ədəbiyyatında yeni faciə obrazı kimi təqdim
edir. Bu müstəvidə, yazıçı, həm də,
ermənilərin dünyaya hələ məlum olmayan işgəncə
üsullarını təqdim edir. Ermənistan, - daşı
da, torpağı da, adama qənim kəsilən bir yer. Göz
qırpımında onlarla Səidə kimiləri və əsirləri
uf demədən didib parçalayan mühit. Erməni zabiti
olan “Ohan” obrazı tipikləşdirilmiş erməni xislətinin
əzazil ünsürüdür.
Əsərin dili ayrıca təqdimata layiqdir. Sadəliyi,
oxucunun qəlbini ehtizasa gətirməsi, ayrı-ayrı parçaların
poetik təsiri və yaddaşa höpmasına heyran
qalırsan.
...Səidənin körpəsi ölür. O dərin
iztirab keçirir: - “O gecə səhərə qədər
oğlumu qucağımdan yerə qoymayaraq, ana-bala
baş-başa verərək dərdləşdik...Ona
arzularımı, istəklərimi danışdım. Məni
bu qərib yerdə, düşmənlərin arasında tək
qoyduğuna görə, onu qınadım. – Biz belə
danışmamışdıq, - dedim, oğul. Sən ananı
beləcə tərk edib gedirsən? Bu boyda dünyada bircə
ümid yerim, bircə təsəllim sən idin, ay oğul. Sən
də anana beləmi dönük çıxdın?!- deyib, hönkür-hönkür
ağladım. “Daş dələn ah...”. Bu aha başqa nə
ad vermək olar? Söz acizdir.
Dünya nəsrinin şah əsəri L. Tolstoyun “Hərb
və Sülh”, F. Dostoyevskinin “Alçaldılmış və
təhqir edlimişlər” əsərlərində,
V.Şekspirin faciə dramlarında fiziki ölümlər, mənəvi
işgəncələr hakimdirsə, yazıçı
Meyxoş Abdullahın “Əsir qadın” əsəri, həm mənəvi,
həm fiziki, həm də, ağıla gələn və gəlməyən
işgəncələrlə müşaiyət olunur. Səidə
hər üç işgəncənin dəhşətini
“yaşayır”. Müəllif də bu dəhşətləri
Səidə ilə birlikdə çəkir.
Meyxoş Abdullah dünya ədəbiyyatında faciə
janrında bənzəri olmayan bir əsər ortalığa
qoymuşdur. Əsərin təsiri o qədər
güclüdür ki, oxucu qəti əmin olur ki, qiyamt qopsa belə,
“Əsir qadın” romanının baş əzabkeşinin faciəsini
yer üzündən silməyə gücü çatmayacaq.
Həyat büsbütün məhv olsa da, dünya yenidən
yaransa da, mələkləri belə ağladan Səidə kədəri
insanlıq tarixinin əbədi acısı olaraq qalacaqdır.
Füzuli dədə “Leyli Məcnun” poemasını
yazanda, özündən dörd əsr əvvəl
yaşamış ustadı Nizami Gəncəvinin
qarşısında imtahana çıxdı. Yazdı və
nöqtəni qoyanda “İnşallah ki, qalibəm mən!..” -
dedi. Ədəbiyyatda qəzəl kimi çətin janrın əlçatmaz
pramidasını yaradan dahi, bizim günlərdə yaşayan
yazıçı Meyxoş Abdullahın “Əsir
qadın”ını oxusaydı, faciəvi əsərlərin
zirvəsində duran bu romanın müəllifinə
“inşallah ki, qalibsən sən!..”,- deyərdi.
Füzuli dədənin zamanəsini yandıran “Daş
dələr ahım oxu” kədəri, dörd əsrdən
artıq yol gəlib Meyxoş Abdullahın qələmində əsrin
ən böyük faciəsini yaşamış Səidənin
taleyinə yazıldı, Füzuli kədərini Füzuli
qüdrətində.
Səidənin sözlə ifadə edilməsi
mümkün olmayan faciəsini, “Sözün qəlbində
gizlənmiş /bütün dahilərin eşqi, göyün
eşqi, yerin eşqi". (S. Vurgun), sözün tilisimi ilə
yaradandan vergili olan Meyxoş Abdullah qələminə heyrət
etməmək mümkün deyil. Pərvanə şam
üstündə necə yanırsa, yazıçı
“Əsir qadın” əsəri üstündə də beləcə
yanır.
Xatırlatma:
- Əziz oxucu “Əsir qadın” romanına (206 səhifədir)
elə özü həcimdə resenziya yazılmalıdır
ki, onu tam təqdim edəsən. Mən əsərin bir hissəsini
təhlilə gətirdim. Oxu, yadda saxla və gələcək
nəslə ötür. Onu da fikirləşirəm ki,
yazıçı Səidənin bu cəhənnəm əzabını
qələmə alanda necə dözüb? Belə qənaətə
gəldim ki, bu, yaradanın Meyxoş Abdullaha peyğəmbərlərə
göndərilən bir kitab timsalıdır. Seçilmiş bəndəsi
Meyxoşa, səhvən yaratdığı ermənini bəşərə
tanıtmaq fürsəti verib. Səidənin çəkdiyi əzabı,
söylədiyi faciə səhnələrini qələmə
alanda müəllifə dözüm verib. Deyib ki, yaz, yer
üzünün insanlarına xatırlat ki, onların
yanında adam cilidində erməni adlı bir iblis də var.
Onu da xatırlat ki, mənim yaratdığım iblis,
şeytan erməni vəhşiliklərinə mətəəl
qalır.
Səidənin faciəsini yazıçı
yaranışa üsyan məqamında heyrətedici sənətkarlıqla
təqdim edir. Sanki bu vəhşətin içindən Səidə
yox yazıçı özü keçib.
“Əsir qadın”əsərində
yazıçının idealı:
- Ayıq olun, insanlar, bu dünyada erməni adlı
kabus var.
Sənətkarlıq:
Yazıçının qəhrəmanı ilə
etik dialoqu, müsahib mədəniyyəti məktəb yaratmaq
nümunəsidir.
- Əsərin sujet xəttinin sadəliyindən dərin
fəlsəfi xətt keçir.
- Əsərin dili – nəsrin poeziyası kimi oxunur.
- Estetik hiss-həyacan. Vətən... Vətən... Vətən...
əhvallı hayqırımı. Düşüncə,
özünüdərk əsərdə bu
yazıçının idealıdır.
- Yazıçı Səidə obrazında Azərbaycan
qadınının vətənpərvərlik abidəsini
yaradır.
- Əsər, “Qarabağnamə” nin qızıl səhifəsi,
- yeni faciə fəlsəfəsidir.
- Əsərdə Meyxoş Abdullah “Yazıçı
əxlaqı”nın yeni institutunu yaradır.
Əsər azərbaycanlı ailənin erməni
faşizm tərəfindən məruz qaldığı bəşəri
faciəni dünyaya ünvanlayır.
- Füzuli kədərini, Füzuli qüdrətində
yaşadan sənətkar.
- Hər bir obrazın bitkin təqdimatı sənətkarlıqla
müşayət olunur.
- Əsərin konkret zamanı yoxdur bütün
zamanların yaddaşıdır.
Haşiyə:
“Xəyalım məni 3 il əvvələ
apardı... Yazıçı Meyxoş Abdullaha zəng vurub əsərdəki
xalça barədə ondan soruşuram. - “Səidənin
anasının cehizidir!.. - dedi. - Ohan Səidənin
ata-anasını öldürüb, evi yağmalayıb,
yandırdıqdan sonra, atasının tüfəngini,
anasının xalçasını öz evinə
aparmışdı. Səidə əsirlikdən qurtulduqdan
sonra, xalçanı Stavropola gələndə özü ilə
bərabər gətirmişdi”.
Susuram... Daha heç nə soruşmuram...
Xəyal məni ikinci dünya müharibəsi illərinə
aparır. “Atam 1943-cü ildə orduya
çağrılır. Anam köməksiz, maddi imkansız və
üç körpə uşaqla qalır. Evimiz “Təzəkənd”
adlı yerdə daş üstə güney və qüzeyə
açılan qapılar və hər iki tərəf balkonlu
dörd otaqlı ev.
Bu kənddə yeni ailə quran gənclərin də
sanballı evləri var. Kişilər hamısı müharibəyə
cəlb olunur. Hamısının da gənc arvadları və
körpə uşaqları başsız qalır. Təzəkənd
kişisiz qalır. Ailələri köhnə kəndə
qohumlarının yanına qayıdır. Biz də köhnə
kəndə qayıdıb, ana babam Nuruş kişinin əl
damına yığışırıq. Bir-iki həftə
keçir, Təzəkənddəki evimiz yanır. Anamın
cehizlik xalçası da içində, hər şey kül
olur. Anam üç il cəhənnəmi ayaqlayır.
Üç ildən sonra 1946-cı ildə atam müharibədən
qayıdır. Doqquz gündən sonra, anam elə Səidə
yaşında vəfat edir. Oxşar talelər. Bir cehiz
xalçası cəbhədən min kilometrlərlə uzaqda
alman faşizminin müharibə alovunda yandı, bir cehiz
xalçası isə erməni faşizminin qurbanı
olmuş ananın, əsir qızının cənazəsinə
büküldü.
- Faciəli xatirə məni dondurub. Bir müddət
susuram.
- Qənbər müəllim sizə nə oldu?
Meyxoşun səsindən ayılıram və bu da “Əsir
qadın” nın son faciəsi”.
“Vətəni sevmək imandandır” – deyib peyğəmbərimiz.
Azərbaycan Şərq və Dünya ədəbiyyatının
ən müqəddəs mövzusu Vətəndi. Bütün
sənətkarların, şairlərin,
yazıçıların, rəssamların, bəstəkarların,
heykəltaraşların ilhamının baş mövzusu Vətən
olub.
…Vətənpərvərlik.
Səidənin Vətən torpağına qovuşmaq
həsrəti dünya ədəbiyyatında bu mövzuda
yazılmış hər hansı bir tərənnüm təhlil,
təsvir təqdimatın fövqündədir.
Yazıçı qələmində, elə
yazıçıya ünvanlanmış kiçicik bir məktubun
məzmunu bir epopeya əsərə bərabərdir.
Hər hansı insan əhvalına təsir edən
sözləri seçsəm belə, yazıçının
Səidənin məktubunu oxuyandan sonar keçirtdiyi əhvalı
təsvir edə bilməyəcəyim üçün,
söz ustadının öz sözlərinə söykəndim:
- “Məktubu oxuyandan sonar gözyaşlarımı saxlaya bilməyib
hönkür-hönkür ağladım. Mən ömrüm
boyu belə bir ağrıyla rastlaşmamışdım. Bu
ağrı yox, sadəcə olaraq bir cəhənnəm əzabi
idi”...
Bu da əsərin kulminasiya nöqtəsi…
“Təyyarə Vətənin hava sərhədini
keçəndə təyyarənin yük yerindən salona
doğru bənovşəyi rəngdə bir parça bulud
axını gəldi… Həmin bənövşəyi rəngli
bulud axınının təyyarənin salonunda görünməsiylə,
gözdən itməsi ildırımsürətindən də
ani oldu. Salondakıların hamısı heyrət və qorxu
içində bir-birlərinin üzünə baxdılar.
Mən də yaranmış vəziyyətdən qorxu
hissi keçirtdim. Ürəyim həyacandan əsim-əsim əsirdi.
Özümə gələndə isə anladım ki,
bu bənövşəyi rəngli bir parça bulud, Səidənin
vətən torpağına qovuşan narahat və nigaran
ruhudur…”
“Narahat” və “nigaran” ruhun ədəbi və əbədi
heykəlini ucaldan ustad. Briliyant hərflərlə
yazılmış İnsan, Xalqının layiqli
ziyalısı, dövlətinə ürəkdən
bağlı vətəndaş!... Əminəm ki, nə vaxtsa
Milli ruhlu bədii təfəkkürlü bir heykəltaraş,
bədii qəhrəmanın Səidə ilə sənin
qoşa monumentini yaradıb əsrlərin və nəsillərin
yaddaşına ərmağan edəcəkdir!..
Sonda:
Müəllifin Vətənpərvərliyinə,
uzaqgörənliyinə heyrət etməyə bilmirsən. Qələbədən
11 il öncə yazdığı “Əsir qadın”
romanının epiqrafı:
“… Ey, Soydaşım!.. Ey, Həmvətənim!.. Nə
qədər çətin də olsa etiraf etməliyik ki, biz
savaşda təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi
də itirmişik. Düşmən əsirliyində neçə-neçə
qız və gəlinlərimiz, ana və bacılarımız
olmazın işgəncələr çəkiblər.
Onların acı fəryadları vətən
oğullarını intiqama səsləyir. Bizi qarşıda
ağır, ağır olduğu qədər də şərəfli
bir döyüş gözləyir. Yalnız bu
döyüş alnımıza vurulan damğanı,
vicdanımızın ləkəsini silib təmizləyə
bilər.
Öldürsək, - namusumuzu, öləriksə,
özümüzü gələcək nəsillərin
qınağından və xəcalətindən xilas edə bilərik!...”
Budur yazıçı gücü, yazıçı
böyüklüyü, yazıçı uzaqgörənliyi
və yazıçı inamı...
P.S. Bu gün artıq torpaqlarımızı
işğaldan azad etmişik, suverenliyimizi tam bərpa
etmişik, qisasımızı döyüş meydanında
almışıq.
Ədəbiyyatımızda “Əsir qadın” kimi
möhtəşəm bir əsərin müəllifi
Meyxoş Abdullaha İlahi bir hörmətlə!
Qənbər Ağayev,
Əməkdar Jurnalist
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.14;15.