Mətbuatda süni intellekt: dəstək,
yoxsa əsas oyunçu?
Süni intellektin həyatımıza daxil olması
artıq sadəcə texnologiya sahəsini deyil, informasiya və
media mühitini də əhatə edir. Xüsusilə
jurnalistika və telejurnalistika sahəsində bu
texnologiyanın tətbiqi sürətlə genişlənir və
xəbərin hazırlanmasından tutmuş efirə
çıxmasına qədər bir çox mərhələdə
istifadə olunur. Ekspertlər bildirirlər ki, süni intellekt
müxbirlərin və redaktorların işini
asanlaşdıra, məlumatların toplanması və montaj
proseslərini sürətləndirə, studiya dekorasiyaları
və vizual təqdimatı optimallaşdıra bilər. Lakin
bütün bu imkanlara baxmayaraq, insan faktoru, peşəkar qələm
və canlı ünsiyyətin əhəmiyyəti hələ
də əvəzolunmaz olaraq qalır. Süni intellekt
yalnız jurnalist üçün tamamlayıcı vasitə
rolunu oynayır; araşdırma yazıları, publisistika və
hadisə yerindən hazırlanan canlı reportajlarda insanın
duyğu və məsuliyyəti olmadan keyfiyyətli və
inandırıcı nəticə əldə etmək
mümkün deyil. Bu baxımdan, media sahəsində süni
intellektin tətbiqi həm üstünlükləri, həm də
müəyyən riskləri özündə ehtiva edir və
texnologiyanın məhdudiyyətləri ilə tanış
olmaq jurnalistlərin və redaktorların gələcək fəaliyyətində
əsas şərtlərdən biridir.
“Süni intellekt jurnalisti əvəz etmir”
Azərbaycan Mətbuat Şurasının sədri,
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki,
Süni intellekt artıq həyatımızın
bütün sahələrinə ciddi şəkildə təsir
göstərir və bu proses mətbuat sahəsindən də
yan keçmir.
Onun sözlərinə görə, yeni
texnologiyaların ortaya çıxması hər zaman
olduğu kimi həm üstünlüklər, həm də
müəyyən risklər yaradır: “Süni intellekt bir
sıra peşə sahələrinin tədricən sıradan
çıxmasına səbəb olur. Artıq bəzi ölkələrdə
mətbuat və sənədləşmə sahəsində tərcüməçilərə
ehtiyac xeyli azalıb. Vaxtilə kompüterlərin meydana
çıxması ilə nəhəng yığım sexlərinin
bağlanması necə qaçılmaz olmuşdusa, bu gün
jurnalistikada da oxşar proseslər baş verir. Hazırda bəzi
jurnalistlərin yazılarında süni intellektin təsiri
açıq-aşkar hiss olunur. Bir müddət əvvəl
Türkiyədə keçirilən tədbirlərdən
birində maraqlı fakt səsləndirildi. Bildirildi ki, bəzi
jurnalistlər süni intellektin hazırladığı mətni
dəyişmədən o qədər yayımlayır ki, hətta
sonunda növbəti sual üçün nəzərdə
tutulmuş texniki cümlə də olduğu kimi sayta yerləşdirilir.
Bu, süni intellektə həddindən artıq aludəliyin təhlükəli
həddə çatdığını göstərir”.
Bununla yanaşı, Mətbuat Şurasının sədri
hesab edir ki, süni intellekt nə qədər inkişaf etsə
də, peşəkar jurnalisti, xüsusilə araşdırma və
publisistika sahəsində çalışan istedadlı qələm
adamlarını əvəz edə bilməz: “Bu günlərdə
sosial şəbəkələrdə Azərbaycan dilində
çox təsirli bir mətn oxudum və öz-özümə
dedim ki, min süni intellekt birləşsə belə, bu
cür kövrək və duyğulu cümlələr yarada
bilməz”.
Onun fikrincə, istedadlı insanın yazısında
duyğu, həyat təcrübəsi və daxili məsuliyyət
var: “Məhz buna görə də əminəm ki, əsl
peşəkar və istedadlı jurnalistlərə cəmiyyətin
hər zaman ehtiyacı olacaq.”
Süni intellekt jurnalistikada yardımçı rolunda
Baku.TV-nin baş redaktoru Elmar Əbilov diqqətə
çatdırıb ki,
süni intellekt telejurnalistikada hazırda əsasən
dörd sahədə geniş istifadə olunur.
Onun sözlərinə görə birinci mərhələdə
müxbirlər reportaj və xəbərləri hazırlayarkən
mövzuya uyğun faktların və statistik məlumatların
toplanmasında süni intellektdən yararlanırlar. İkinci
mərhələdə montaj prosesi gəlir – televiziya məhsulunun
əsasını görüntü təşkil etdiyindən,
mövzuya uyğun arxiv görüntü olmadıqda
montajçılar süni intellektin yaratdığı
videolardan istifadə edirlər”.
Baş redaktorun sözlərinə görə,
üçüncü mərhələdə studiyalarda
dekorasiyaların hazırlanmasında süni intellekt
mühüm rol oynayır: “Əvvəllər bu proses eskizlər
vasitəsilə həyata keçirilirdisə, indi verilişin
məzmununa uyğun tapşırıq verildikdə süni
intellekt dekorasiyanın ilkin görünüşünü, hətta
işıqlandırmanı da təqdim edir ki, bu da işi xeyli
asanlaşdırır.Dördüncü sahə isə efirdə
məlumatların yayımıdır. Xüsusilə informasiya
verilişləri və xəbər kanallarında süni
intellektdən bu mərhələdə də geniş istifadə
olunur”.
Eyni zamanda, baş redaktor bildirib ki, süni intellekt
heç vaxt jurnalisti tam əvəz edə bilməz, yalnız
tamamlayan alət rolunu oynayır: “Hadisə yerindən canlı
yayımların təşkili insan amilini tələb edir. Eyni
zamanda müsahibələrin hazırlanmasında jurnalistin
iştirakı vacibdir. Burada söhbət canlı ünsiyyət
və insani duyğuların ötürülməsindən
gedir ki, süni intellekt bunu heç vaxt əvəz edə bilməz".
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.13.