Neftin dəyişkən qiymətləri
və dövlət büdcəmiz
Dünya bazarında
Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin
bir barelinin qiyməti 1,11 dollar və ya 1,5 faiz artaraq 73,31 dollar
olub. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında
“Brent” markalı neftin bir barelinin qiyməti 0,68 dollar artaraq
72,17 dollara yüksəlib. Nyu-Yorkun NYMEX (“New York Mercantile
Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti
isə 0,63 dollar artaraq 66,94 dollar təşkil edib.
Qeyd edək ki,
"Azeri Light" neftinin ən aşağı qiyməti
2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti
isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə
alınıb.
2026-cı ilin dövlət
büdcəsi hesablanarkən neftin qiyməti 65 dollardan
hesablanıb. Bu, 2025-ci illə müqayisədə 5 ABŞ
dolları azdır. Hazırda dünya bazarında qiymətlərin
70 dollardan yüksək olması ölkəmizin xeyrinədir,
proqnozlar hələlik özünü doğruldur. Neftin 1
dollar bahalaşması belə Azərbaycanın ixrac gəlirlərinin
təxminən 300 milyon dollar, büdcə gəlirlərinin isə
150 milyon dollar artması deməkdir. İlin əvvəlindən
neftin qiymətləri dəyişkən olsa da, hər halda
orta qiymət 65 dollar ətrafında dəyişir. Bu isə
Azərbaycanın maliyyə dayanıqlığını
gücləndirir. Təsadüfü deyil ki, 2026-cı ilin
dövlət büdcəsinin gəlirlərinin və xərclərinin
idarə olunmasında da hər hansı problem yoxdur. Hətta
büdcə gəlirlərində proqnozlardan artıq artım
olub, xərclərdə isə azalma var...
Belə ki, Maliyyə
Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar
ayında dövlət büdcəsinin icrasında müsbət
dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq
orqanları tərəfindən 37 mindən çox ödəniş
tapşırığı icra edilib və dövlət
büdcəsinin gəlirlərinin icrasında yüksək
göstəricilər qeydə alınıb. Bu ilin yanvar
ayı ərzində dövlət büdcəsinin gəlirləri
3,707 milyard manat təşkil edib ki, bu da aylıq proqnozu 32,0
milyon manat və ya 0,9 faiz üstələyib.
Dövlət büdcəsinin
gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin xətti ilə daxilolmalar 2050,3 milyon manat təşkil
edərək proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz, Dövlət
Gömrük Komitəsi üzrə daxilolmalar 487,0 milyon manat təşkil
edərək proqnozdan 2,0 milyon manat və ya 0,4 faiz,
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil
edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair
daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1
milyon manat və ya 11,2 faiz çox, Dövlət Neft Fondundan
transfert isə 1 070,0 milyon manat təşkil edərək
proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət
büdcəsindən maliyyələşən təşkilatların
ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon
manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra
olunub. Yanvar ayında dövlət büdcəsinin xərcləri
1500,0 milyon manat proqnoza qarşı 1437,6 milyon manat məbləğində
icra edilib ki, bu da 95,8 faiz təşkil edir.
2026-cı il dövlət
büdcəsinin gəlirləri 38,609 milyard manat, xərcləri
41,704 milyard manat nəzərdə tutulur. Bu il Dövlət
Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət
büdcəsi gəlirlərinin 43,8 faizini və ya 16 milyard 821
milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq
olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və
ya 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə
müqayisədə isə 1 milyard 13 milyon manat və ya 6,4
faiz çoxdur.
Bununla yanaşı,
dövlət büdcəsi gəlirlərinin 12 milyard 750 milyon
manatı və ya 33,2 faizi Azərbaycan Respublikasının
Dövlət Neft Fondundan transfertin, 6 milyard 850 milyon manatı və
ya 17,8 faizi Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1
milyard 21 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının
büdcədənkənar daxilolmalarının, 981 milyon
manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına
düşəcək. 2026-cı il üzrə dövlət
büdcəsinə proqnozlaşdırılan Dövlət
Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6 faizi və
ya 13 milyard 221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 faizi və
ya 3 milyard 600 milyon manatı neft-qaz sektorunun payına
düşür.
Dövlət
Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1
faizi həcmində olmaqla 6 milyard 850 milyon manat nəzərdə
tutulur ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi
ilə müqayisədə 250 milyon manat və ya 3,8 faiz,
2024-cü ilin faktı ilə müqayisədə 201,3 milyon
manat və ya 3 faiz çoxdur.
2026-cı il
üçün 41 milyard 548,6 milyon manat (ÜDM-in 31 faizi) həcmində
proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin
24 milyard 771,7 milyon manatı və ya 59,6 faizi cari xərclərə,
14 milyard 319,3 milyon manatı və ya 34,5 faizi əsaslı xərclərə,
2 milyard 457,6 milyon manatı və ya 5,9 faizi dövlət
borcuna və öhdəliklərinə xidmətlə
bağlı xərclərə yönələcəyi
proqnozlaşdırılmışdır.
Funksional təsnifat
üzrə 2026-cı ildə ümumi dövlət xidmətləri
üzrə xərclərinə 5 milyard 776.5 milyon manat
(xüsusi çəkisi 13,9 faiz), müdafiə və milli təhlükəsizlik
üzrə xərclərə 8 milyard 714,8 milyon manat
(xüsusi çəkisi 21 faiz), məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə
3 milyard 553,6 milyon manat (xüsusi çəkisi 8,6 faiz), təhsil
xərclərinə 4 milyard 985.8 milyon manat (xüsusi çəkisi
12 faiz), səhiyyə xərclərinə 2 milyard 52.4 milyon
manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və
sosial təminat üzrə xərclərinə 4 milyard 873
milyon manat (xüsusi çəkisi 11,7 faiz), mədəniyyət,
incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər
siyasəti və bu qəbildən olan digər fəaliyyət
xərclərinə 568,6 milyon manat (xüsusi çəkisi
1,4 faiz), mənzil və kommunal təsərrüfatı
üzrə xərclərinə 298,2 milyon manat (xüsusi
çəkisi 0,7 faiz), kənd təsərrüfatı
üzrə xərclərinə 1092,1 milyon manat (xüsusi
çəkisi 2,6 faiz), ətraf mühitin mühafizəsi
üzrə xərclərinə 357,2 milyon manat (xüsusi
çəkisi 0,9 faiz), iqtisadi fəaliyyət xərclərinə
7630,7 milyon manat (xüsusi çəkisi 18,4 faiz), əsas
bölmələrə aid edilməyən xidmətlər
üzrə xərclərinə isə 1 milyard 645.7 milyon manat
(xüsusi çəkisi 4 faiz) vəsait yönəldilməsi
proqnozlaşdırılır.
2026-cı ildə
dövlət büdcəsinin kəsiri 3 milyard 125.6 milyon manat
proqnozlaşdırılır ki, bunun da 2 milyard 600.6 milyon
manatının (83,2 faiz) borclanma, 400 milyon manatının (12,8
faiz) vahid xəzinə hesabının qalığı və
125 milyon manatının (4,0 faiz) özəlləşmədən
daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə
tutulur.
Dünya bazarında
neftin qiymətlərinin 65 dollardan yüksək olması
dövlət büdcəsinin icrası ilə bağlı
optimist olmağa imkan verir. Çünki iqtisadiyyatı daha
çox neft amilinə bağlı olan ölkəinin gəlirləri
xərcləri bağlamağa imkan verəcək. Ancaq qiymətlərin
gövrək olduğunu nəzərə alsaq risklər də
var. Çünki 2026-cı ilin fevral ayı sonu üzrə
dünya bazarında neft qiymətləri qarışıq,
amma yüksəlmə meyli nümayiş etdirir, əsasən
geosiyasi risklər və bazar gözləntiləri ilə əlaqədardır.
Bu qiymətlər əvvəlki dövrlərə nisbətən
daha yüksək risk xarakteri daşıyır, çünki
bazarda faktiki təchizat pozulmasa da, geosiyasi narahatlıqlar qiymətləri
dəstəkləyir.
Qlobal neft bazarında
təklif artımı və “haqqı çatmayan yüksək
ehtiyatlar” qiymət üzərində təzyiq yaradır, yəni
təklif tələbdən sürətlə çoxalır.
Bu ciddi aşağı təzyiq amilidir. Əksinə, iqtisadi
aktivlik yüksəldikcə neftə tələbat artsa, qiymətlər
yüksələ də bilər. Yaxın Şərqdə,
xüsusən ABŞ-İran münasibətlərində gərginlik,
qiymətləri yüksəldən amilidir. Potensial hərbi
qarşıdurma və Yaxın Şərqdən neft
axınının kəsilməsi qorxusu bazar
iştirakçıları tərəfindən qiymətlərə
sanki əlavə edilir. OPEC+ ölkələrinin hasilat səviyyəsini
artırıb-azaltması qiymətləri bilavasitə
formalaşdırır. Məhsuldarlığın
azaldılması qiymətləri dəstəkləyir,
artırılması isə aşağı təzyiq yarada bilər.
Dünya
iqtisadiyyatındakı artım və ya zəifləmə neftə
olan tələbatı dəyişdirir. Məsələn,
böyük iqtisadiyyatlarda soyuma neftə tələbatın zəifləməsinə
və qiymətlərin düşməsinə səbəb ola
bilər. Neft dollarla qiymətləndiyindən ABŞ
dollarının güclənməsi və ya zəifləməsi
də qiymətləri təsir edir. Neft ehtiyatlarının səviyyəsi
və ixracın dinamikası da qiymətlərə təsir
edir. Yüksək inventar qlobal təklifi gücləndirərək
qiymətləri aşağı sala bilər. Bir sözlə,
qısa müddətdə geosiyasi qeyri-müəyyənlik və
risklərin artması qiymətləri qaldırır. Orta-uzun
müddətdə isə struktur olaraq təklif tələbdən
daha sürətlə artdığı üçün qiymətlər
üzərində aşağı təzyiq yarana bilər.
Dünya neft bazarında qiymətlər hazırda orta hesabla
$66–$73 barel səviyyəsindədir, lakin bu rəqəm qlobal
iqtisadi göstəricilər, geosiyasi risklər, OPEC+ siyasəti
və valyuta dinamikası kimi faktorlardan daimi olaraq təsirlənir
ki, onun nəticələri birbaşa Azərbaycana da təsir
edir...
M.Həmzəoğlu
Xalq Cəbhəsi .-
2026.-26 fevral (¹8).- S.12.