Moskvaya dron hücumu:
müharibənin coğrafiyası genişlənir
Artıq dördüncü ili tamam olan Rusiya-Ukrayna
müharibəsində gərginlik durmadan artır. Qeyd edilir
ki, ötən gün Ukrayna Rusiyanın paytaxtı Moskva şəhərinə
dronlarla hücum edib.
Rusiya Müdafiə Nazirliyinin hava hücumundan
müdafiə qüvvələri Moskvaya yönələn
növbəti pilotsuz uçuş aparatını (PUA) vurub.
Həmçinin Moskva yaxınlığındakı
Vnukovo və Yaroslavl hava limanlarında hava nəqliyyatına məhdudiyyətlər
tətbiq edilib.
Proseslə bağlı politoloqlar fikirlərini “Xalq Cəbhəsi”
ilə bölüşüb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Qarayeva bildirib ki, Ukraynanın Moskvaya
yönəlik dron hücumları müharibənin
coğrafiyasının və psixoloji
ölçüsünün genişləndiyini göstərir:
“Bu tip hücumlar hərbi baxımdan böyük strateji
dönüş yaratmasa da, siyasi və simvolik təsiri
yüksəkdir. Moskva ətrafında hava məkanının məhdudlaşdırılması
və hava limanlarında tətbiq edilən restriksiyalar Kremlin təhlükəsizlik
sisteminə yönəlmiş mesaj xarakteri daşıyır:
“Bu cür hücumların davam etməsi Rusiyanın hava
hücumundan müdafiə sistemlərini paytaxt və iri sənaye
mərkəzləri ətrafında daha da gücləndirməsinə,
eyni zamanda daxili təhlükəsizlik tədbirlərini sərtləşdirməsinə
səbəb ola bilər”.
Qarşılıqlı eskalasiya mərhələsi
Onun sözlərinə görə, digər tərəfdən,
proseslərin ardı qarşılıqlı eskalasiya mərhələsinə
keçə bilər: “Rusiya cavab olaraq Ukraynanın enerji və
hərbi-logistika infrastrukturuna daha intensiv zərbələr
endirə bilər. Bununla paralel olaraq, informasiya müharibəsi
və psixoloji təzyiq elementləri də güclənə
bilər. Lakin genişmiqyaslı strateji dəyişiklik
ehtimalı tərəflərin resurs balansı və beynəlxalq
reaksiyalardan asılı olacaq. Əgər hücumlar sistemli
xarakter alarsa, münaqişə daha dərin və uzunmüddətli
aşınma fazasına daxil ola bilər”.
“Qarşıdurma yeni mərhələyə
keçir”
Politoloq Yeganə Hacıyeva söyləyib ki, Moskva
istiqamətində növbəti pilotsuz uçuş
aparatının zərərsizləşdirilməsi və bir
sıra hava limanlarında məhdudiyyətlərin tətbiqini
Rusiya–Ukrayna qarşıdurmasının yeni mərhələyə
keçdiyini göstərən siqnal kimi qiymətləndirmək
lazımdır: “Belə faktlar bir daha sübut edir ki,
münaqişənin çoxdan yalnız cəbhə xətti
ilə məhdudlaşmaması və mülki infrastruktur və
böyük şəhərlər də risk zonasına daxil
olması ilə paralel artıq strateji infrastrukturlar hədəfdədir.
Moskva yaxınlığındakı Vnukovo və Yaroslavl hava
limanlarında uçuşlara məhdudiyyətlər tətbiq
olunması təhlükəsizlik baxımından operativ qərar
sayılsa da, mülki aviasiya və logistika üçün əlavə
çətinliklər yaradır. Pilotsuz aparatların istifadəsi
müasir müharibənin əsas elementlərindən birinə
çevrilib. Nisbətən aşağı maliyyəli, lakin
yüksək manevr imkanına malik bu vasitələr həm hərbi,
həm də psixoloji təsir baxımından daha effektiv
sayılır. Böyük şəhərlərə yönələn
belə hücum cəhdləri əhalidə ciddi narahatlıq
yaradır, təhlükəsizlik sistemlərini maksimum səviyyədə
səfərbər etməyə məcbur edir və dövlət
resurslarının yenidən bölüşdürülməsinə
səbəb olur”.
Eskalasiya riskini artıran əsas faktorlar
Onun fikrincə hazırkı vəziyyətdə
inkişaf ssenarisi haqqında danışırıqsa, Moskva və
ətraf bölgələrdə hava hücumundan müdafiə
sistemlərinin daha da gücləndirilməsi, radioelektron
mübarizə vasitələrinin geniş tətbiqi gözlənilir:
“Bu isə hava məkanında müvəqqəti, lakin təkrarlanan
məhdudiyyətlərin davam etməsinə gətirib
çıxara bilər. Qarşılıqlı cavab
addımlarının intensivləşməsi fonunda belə
insidentlər zərbələrin coğrafiyasının
genişlənməsinə və texnoloji vasitələrin daha
aktiv istifadəsinə səbəb olacaq. Bu isə eskalasiya
riskini artıran əsas faktorlardan biridir”.
“Genişmiqyaslı danışıqların
başlanması ehtimalı zəif görünür”
Y.Hacıyeva eləcə də qeyd edib ki, paralel olaraq
diplomatik müstəvidə qarşılıqlı
ritorikaların sərtləşməsi ilə tərəflər
beynəlxalq platformalarda mövqelərini daha kəskin şəkildə
ifadə edəcək, qarşılıqlı ittihamlar
gücləndirəcək: “Yaxın perspektivdə
genişmiqyaslı danışıqların başlanması
ehtimalı zəif görünür. Çünki hər iki
tərəfi qane edən şərtlər mövcud deyil. Bir
sözlə, Moskva istiqamətində PUA insidenti təkcə
lokal təhlükəsizlik hadisəsi deyil, həm də
münaqişənin xarakterində davam edən
transformasiyanın göstəricisidir. Proseslərin gələcək
inkişafına, hərbi-texniki imkanlardan, siyasi qərarlardan və
beynəlxalq reaksiyanın səviyyəsindən asılı
olaraq mövcud dinamika daha da intensivləşəcək.
Bütün bunların yaratdığı risklər və cəmiyyətlərdə
yaratdığı narazılıqlar hər iki ölkənin
hökümətlərini cəmiyyətlərinə qarşə
sərtləşməyə məcbur edəcək”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.11.